Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-106/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X3 şikayətini onunla əsaslandırmışdır ki, X4 ona və qeyrilərinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş daşınmaz əmlaka mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi barədə» iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İşə məhkəmə baxışı zamanı, o cümlədən 25 oktyabr 2023-cü il tarixdə məhkəmə baxışı iclasında iddiaçı və hazırda barəsində xüsusi ittiham qaydasında şikayət olunan X4 məhkəmədə çıxışını yazılı şəkildə təqdim edərək, həmçinin yazılı çıxışını məhkəmə iclasında səsləndirməklə çıxışının məzmununda onun barəsində həqiqətə uyğun olmayan və onun şərəf və ləyaqətini ləkələyən fikirlər ifadə etmişdir. Belə ki, S.Şirinova məhkəməyə yazılı şəkildə təqdim etdiyi və səsləndirdiyi yazılı çıxışında göstərmişdir ki, “Anamın tamahkar qızları Mətanət və Lətafət onun vəsiyyətinə bilə-bilə xəyanət edərək, saxtakarlıq və dələduzluq yolu ilə evi oğurlamışlar. Mətanət işlədiyi polis müstəntiqi səlahiyyətlərindən sui-istifadə edərək, hamımızı həmişə şər-böhtan, şantaj etmək və tutdurmaqla hədələyib. Mətanət ilk dəfə deyil bu hərəkəti edir. Anasını söyürdü, əl qaldırırdı. Həmin zamanlar anasının pensiyasını dondurdu, qoymadı anası alsın. Öləndən sonra neçə illər yığılmış pensiyanı özü alıb mənimsədi. Anası nəvələrini görəndə ağlayırdı və deyirdi: əlimdə heç nə yoxdu sizə verməyə, gavur pensiyamı almağa qoymur. DİN-də işlədiyi zaman özünü belə həyasız apardığına görə onu tutmuşdular. Dəlilik edəndə döyürdülər, çarpayıya bağlayır, paltarın üstündən ona dəlilik iynələri vururdular”. Psixiator onu dəlixanaya yerləşdirirdi, o, qoymamışdır, xahiş edib onu xilas etmişdir. S.Şirinova həmçinin 2019-cu ildə xidmət etdiyi Nəqliyyatda Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək, barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini ləkələyən məlumatları yaymışdır. Cavabdeh S.Şirinova onun böyük bacısı olduğundan, onun əvvəlki hərəkətlərinə məhəl qoymamışdır. Bununla da S.Şirinovanın hərəkətləri cəzasız qalmışdır. S.Şirinova hərəkətlərinin cəzasız qaldığını görərək qanunsuz hərəkətlərini daha ifrat dərəcədə davam etdirmişdir. S.Şirinova həmçinin həmin fikirləri məhkəmə iclasından kənar qaydada və qohumların yanında ifadə etmiş, onun barəsində də dəfələrlə əsassız olaraq yalan məlumatlar yayaraq şərəf və ləyaqətini ləkləyən məlumatlar yayılmışdır. Beləliklə yaydığı məlumatlar qeyri-müəyyən şəxslər dairəsini əhatə etmişdir. Beləliklə, S.Şirinovanın onun barəsində ifadə etdiyi fikirlər həqiqətə uyğun olmayan fikirlər olmaqla onun şərəf və ləyaqətini ləkələmək məqsədi ilə ifadə olunmuşdur. Belə ki, 28 ildən artıq X6 nümunəvi xidmət etmişdir. Hazırda pensiyaçıdır. Himayəsində uşağı vardır. Onu layiqli vətəndaş kimi tərbiyə edir. Cəmiyyətdə (qohum-qonşular, el arasında və məni tanıyanlar arasında) sakit və tərbiyəli şəxs kimi hörmətə malikdir. Mətanət, mərhum bacısı Kifayətə Bakıda ev alacağı vədini verərək onun Mingəçevirdəki evini satıb mənimsəmiş və aldadaraq ona ev almamışdır. Kifayət oğlu ilə birlikdə qardaşının evində yaşamış, Mətanət o evi də saxta sənədlərlə qardaşının əlindən alıb öz adına keçirtmiş və Kifayəti o evdə yumruq altında saxlamışdır» və sair fikirlər onun barəsində əxlaqi prinsiplər, cəmiyyət və ayrı-ayrı şəxslər arasında mənfi rəy yaradılmasına doğru yönəldilmiş fikirlərdir. Bununla da ona qarşı Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. S.Şirinovanın onun barəsində yalan olduğunu bilə-bilə yaydığı böhtan və təhqir xarakterli məlumatlar Əhməd bəy Ağaoğlu, 24-B (Bakı, Nərimanov, AZİ 110) ünvanında yayılmışdır. Həmin ünvan isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Həmçinin Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə aiddir. Odur ki, S.Şirinovanın ona qarşı törətdiyi Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli ərazi və məhkəmə aidiyyətinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə aiddir. 10 sentyabr 1954-cü il tarixdə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonu, bina 20, mənzil 59-da yaşayan, işləməyən, pensiyaçı, X2 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını xahiş edir. Xüsusi ittiham qaydasında şikayət vermiş X3 məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir Belə ki, şikayət ərizəsində onun tərtib edildiyi tarix göstərilsə də, tərtib edildiyi yer göstərilməli olduğu halda göstərilməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Bundan savayı, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hələ məhkəmənin hazırlıq iclası keçirilmədən, şikayət ərizəsi icraata qəbul edilməklə xüsusi ittihamçı statusu əldə etmədən verdiyi ərizəsində özünü xüsusi ittihamçı kimi göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə həmin şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs statusundadır. Habelə şikayətdə böhtan və təhqir xarakterli məlumatların hansı tarixlərdə yayılması göstərilməmişdir. Həmçinin məhkəmə xüsusilə qeyd edir ki, şikayətdə barəsində şikayət verilmiş şəxsin CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilsə də, məlumatın hansının və ya hansı hissəsinin şikayətdə göstərilən CM-nin 147.2 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Yəni yayılması iddia edilən məlumatlardan hansındakı konkret hansı əməlinin CM-nin 147.2 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı əsaslandırılmamışdır. Eyni bir əməlin həm CMnin 147.2, həm də 148-ci maddəsinin tərkibinin yaratmasının da əsaslılığı şikayətdə göstərilməmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-106/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-106/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver