Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-107/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi X2 cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə ibtidai istintaqı aparan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 hazırki işin nəticəsində marağı olmasına əsaslı şübhələri olduğundan ona etiraz etmiş və bu barədə yazılı vəsatəti Nərimanov rayon prokurorluğuna təqdim etmişdir. Lakin, həmin vəsatətə baxılaraq bugünədək ona rəsmi cavab verilməmişdir. İşin bu hallarını təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması kimi qiymətləndirir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı vəsatətin təmin edilməsinə etiraz etdi və bildirdi ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş etiraza Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə tərəfindən baxılaraq müvafiq qərar qəbul edilmiş və həmin qərar cinayət işinin materiallarına əlavə edilməsi üçün xx xxxxxx 2020-ci il tarixli məktubla müstəntiqə göndərilmişdir. Lakin, həmin sənəd cinayət işinin materiallarına əlavə edilməmişdir. Həmin məktubu təqdim edərək vəsatətin rədd edilməsini və cinayət işinin baxılması üçün məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatətin rədd edilməsini və cinayət işinin baxılması üçün məhkəmə baxışına təyin edilməsini xahiş etdilər. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirirərək və verilmiş vəsatətin dəlillərini araşdıraraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət təqibi üzrə kobud pozuntu hesab edilən nöqsana yol verilmişdir. Belə ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdyi sənədlərdən aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçisi X2 xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Nərimanov rayon prokurorluğuna müstəntiq Rahib Əliyevə etiraz olunması barədə vəsatətlər təqdim etmişdir. Lakin, cinayət işinin materiallarına göstərilən etiraz və ona baxılmasının nəticəsi barədə hər hansı sənəd əlavə edilməmişdir. CPM-in: 107.1-ci maddəsinə əsasən cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir; 107.3.1-ci maddəsinə əsasən prokurora, müstəntiqə, təhqiqatçıya, məhkəmə iclasının katibinə, tərcüməçiyə, mütəxəssisə, yaxud ekspertə - cinayət prosesinin hər hansı iştirakçısı tərəfindən cinayət prosesinin istənilən anında etiraz edilə bilər; 113.4-cü maddəsinə əsasən müstəntiqə və ya təhqiqatçıya etiraz məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilir. Sadalanan normalardan göründüyü kimi müstəntiqə cinayət prosesinin hər hansı iştirakçısı tərəfindən cinayət prosesinin istənilən anında etiraz edilə bilər və həmin məsələ ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilir. Təqsirləndirilən şəxs müdafiəçisi X2 2 dəfə (xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə) Nərimanov rayon prokurorluğuna müstəntiq Rahib Əliyevə etiraz olunması barədə vəsatətlər göndərsə də, həmin vəsatətlərə baxılmasının nəticəsi barədə müraciət müəllifinə məlumat verilməmiş, həmçinin bununla bağlı müvafiq qərar cinayət işinin materiallarına əlavə edilməmişdir. Halbuki, cinayət təqibi üzrə icraatın materiallarına cinayət prosesi tərəflərinin, habelə cinayət prosesində iştirak edən digər şəxslərin yazılı vəsatətlərini və xahişlərini əlavə etmək, bu Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmaq və nəticələri üzrə müvafiq qərar çıxarmaq (vəsatətin həll olunması cinayət prosesini həyata keçirən orqan tərəfindən vəsatət üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli hallar müəyyən edilənədək təxirə salına bilər; bu Məcəllədə nəzərdə tutulmuş hallarda vəsatətin vaxtında verilməməsi onun baxılmamış saxlanılmasına səbəb olur), vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə göndərmək cinayət prosesini həyata keçirən orqanın vəzifəsidir (CPM-in 121-ci maddəsi). Göründüyü kimi, hazırki iş üzrə ibtidai araşdırma orqanı tərəfindən CPM-in şərtləri pozulmuşdur ki, bu isə öz növbəsində cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Məhkəmə, dövlət ittihamçısının məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş etiraza Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsinə dair məhkəməyə təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli məktuba dair qeyd etməyi zəruri hesab edir ki, həmin sənədin cinayət işinin materiallarına əlavə olunmaması onun həqiqətən də mövcud olmasını şübhə altına almaqla yanaşı, həmçinin müdafiə tərəfindən cinayət təqibini həyata keçirən orqana növbəti prosessual sənədin təqdim edilməsinin də qarşısını almışdır. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi X2 tərəfindən iş üzrə ibtidai istintaqı aparan müstəntiqə verilən etiraz səlahiyyətli şəxs tərəfindən həll olunduqdan sonra müvafiq qərarın surəti cinayət işinin materiallarına əlavə edilməli və cinayət prosesi iştirakçıları həmin qərarla tanış edilməli idi. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələbləri yerinə yetirilməmiş və təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş etiraz vermək hüququ pozulmuşdur. Məhkəmə, göstərilən pozuntunu məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması kimi qiymətləndirir və hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti qanuni və əsaslıdır. CPM-in: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3 və 303.3.3-cü maddəsinə əsasan məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edir; 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına dair qərar çıxarır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparmış Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 məhkəməyədək icraat zamanı CPM-in 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntuya yol verdiyi üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, ibtidai istintaq zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X4 barəsində xüsusi qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 300 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi X1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, şikayət verilə bilməz. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-107/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-107/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver