Məhkəmə qərarları › İş №1(005)-107/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-107/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-107/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oglunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 aprel 2023cü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsinin Təbriz küçəsi ilə kəsişməsində yerləşən “Bakı Metropoliteni" QSC-nin “Nəriman Nərimanov” stansiyasının yeraltı piyada keçidində olan şirniyyat və un məmulatlarının satışı mağazasına pəncərənin yuxarı istiqamətdə sürüşdürmə qaydasında açıb keçmək yolu ilə mağazaya qanunsuz daxil olub, kassadan 160 (bir yüz altmış) manat nağd şəkildə pulu və bir ədəd 400 (dörd yüz) manat dəyərində “Xiaomi” markalı, 2006CLG modelli (Rcdnıi 9A) mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 560 (beş yüz altımış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 21 aprel 2023-cü il tarixdə yaşadığı evdə olarkən gəzmək qərarına gəlmiş və bu məqsədlə evdən çıxıb “Nəriman Nərimanov” metrosunun yaxınlığında olan “Nərimanov parkı” adlandırılan yerə gəlmişdir. Bir qədər gəzdikdən sonra saat 02 radələrində “Nəriman Nərimanov” metrosunun yeraltı piyada keçidinə düşmüş, keçiddə bir qədər piyada getdikdən sonra heç kimin olmadığını görmüşdür. O, bir qədər də irəlilədikdən sonra metro stansiyasının giriş qapısının yanında dəmirdən tikilmiş mağazanı görmüş və bundan sonra yaxınlaşıb mağazanın şüşədən olan pəncərəsindən içəri baxmış və müəyyən etmişdir ki, həmin mağaza un məmulatlarının satışı ilə məşğul olan mağazadır. Bu an düşünmüşdür ki, əgər burda nəsə satılırsa demək olar ki, kassasında da pul ola bilər. O oğurluq etmək qərarına gəlmiş, mağazanın pəncərəsinin digər hissəsinə yaxınlaşıb əli ilə yuxan sürüşmə yolu ilə açılan pəncərəni yuxarı sürüşdürməklə açmış və masanın üzərində mobil telefonun olduğunu kassanın isə bağlı olduğunu görmüşdür. O pəncərəni açdıqdan sonra pəncərədən içəri daxil olmuş və kassanı açıb orada olan 160 manat nağd şəkildə pulu ələ keçirib oğurlamaqla cibinə qoymuşdur. Daha sonra isə masanın üzərində olan mobil telefonu oğurlayıb digər cibinə qoyaraq mağazaya daxil olduğu pəncərədən çıxıb mağazadan uzaqlaşıb Keşlə qəsəbəsi istiqamətində piyada olaraq hərəkət etməyə başlamış, hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra oğurladığı telefonu cibindən çıxarıb “Redmi” markalı olduğunu, üzərində qoruyucu örtüyün, ekran qoruyucusunun və mobil nömrənin olmadığını müəyyən etmişdir. Daha sonra çıxıb yaşadığı evə getmişdir. Hadisədən bir neçə gün keçdikdən sonra, yəni 23 aprel 2023-cü il tarixdə “Nəriman Nərimanov” stansiyasının girişində olarkən bir nəfər şəxs ona yaxınlaşaraq özünü təqdim edərək polis əməkdaşı olduğunu və onu Bakı Metropolitenində Polis İdarəsinə dəvət etdiyini bildirmişdir. O da polis əməkdaşı ilə birlikdə Polis İdarəsinə gəlmiş və 21 aprel 2023-cü il tarixdə saat 02 radələrində törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. Hadisə zamanı o mağazanı tərk edərkən arxanızca heç kim qaçmamış, geri qayıtmaq üçün heç kim onu çağırmamışdır və mağazanı tərk edərkən orada hər hansı bir şəxs olmamışdır. Cinayət faktını tək törətmiş, ondan başqa ikinci şəxs olmamışdır. O mağazaya girməmişdən əvvəl ətrafa nəzər yetirib kənar şəxsin olmadığını görüb mağazaya daxil olduğundan onu hər hansı bir şəxs oğurluq edərkən görməmişdir. O, 8 saylı şəhər poliklinikasının göndərişi ilə 2 saylı X3 “Kəmağıllılıq” diaqnozu ilə müayinədə olmuş, lakin, buna baxmayaraq törətdiyi əməlin cinayət olduğunu bilir və etdiyi əmələ görə də səmimi peşmanlıq hissi keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Cinayət axtarış bölməsinin kiçik inspektoru vəzifəsində xidmət edir. Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun sabiq baş müstəniqi, polis mayoru Hüseyn Məmmədov tərəfindən verilmiş tapşırığa əsasən, naməlum şəxs və ya şəxslər tərəfindən 21 aprel 2023-cü il tarixdə saat 02:00 radələrində "xxxx" QSC-nin “Nəriman Nərimanov” stansiyasının yeraltı piyada keçidində olan un məmulatlarının satışı mağazasına pəncərəni açıb keçmək yolu ilə daxil olub, kassadan 160 (bir yüz altımış) manat nağd şəkildə pulu və bir ədəd 400 (dörd yüz) manat dəyərində “Redmi” markalı “9A” modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 560 (beş yüz altımış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq edilmişdir. 23 aprel 2023-cü il tarixdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətmiş şəxs, yəni Təqsirləndirilən şəxs "xxxx" QSC-nin “Nəriman Nərimanov” stansiyasının girişində müəyyən edilmişdir və Təqsirləndirilən şəxs həmin oğurluq cinayətini törətməsini etiraf etmişdir. Odur ki, Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmiş və raportla aidiyyəti üzrə təhvil vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hazırda "xxxx" QSC-nin “Nəriman Nərimanov” stansiyasının yeraltı piyada keçidində yerləşən şirniyyat satışı mağazasında işləyir. Bir müddət əvvəl "xxxx" QSC ilə müqavilə bağlayıb “Nəriman Nərimanov” stansiyasının yerlatı piyada keçidində yerləşən kiçik mağazanı kirayə əsasında götürüb un məmulatlarının satışı ilə məşğul olur. 20 aprel 2023-cü il tarixdə saat təxminən 23 radələrində işlədiyi mağazanı bağlayıb çıxıb evinə getmişdir. Onun işlədiyi mağaza metronun yeraltı piyada keçidində yerləşir və dəmir-şüşə konstruksiyada tikilmiş və bir ədəd qapısı və bir ədəd kiçik nəfəslik (satış üçün) pəncərəsi vardır. Həmin pəncərə isə yuxan sürüşdürmə qaydasında açıldıqdan sonra yuxarı hissədə olan dəmir keçici alət avtomatik olaraq həmin pəncərəni saxlayır və bağlamaq lazım gəldikdə əl ilə həmin dəmir aləti sıxaraq pəncərəni bağlamaq olur, eləcə də bağlandıqdan sonra aşağı hissəsində dəmir kilidlə kilidlənir. Hadisə baş verdiyi gün o evə getdikdə həmin pəncərənin kilidini bağlamağı unutmuş və yalnız qapını kilidləyərək mağazadan çıxmışdır. 21 aprel 2023-cü il tarixdə saat 07 radələrində yenidən iş yerinə gəlib mağazaya daxil olmaq üçün qapının kilidini açmış və içəri daxil olduqda, kassa aparatının açıq olduğunu, içərisində ona məxsus pulların olmadığını, həmçinin masanın üzərində olan mağazada satış üçün istifadə etdiyi “Redmi 9 A” markalı mobil telefonunun olmadığını və pəncərənin açıq olduğunu görmüşdür. Bu zaman onun işlədiyi mağazada oğurluq hadisəsi baş verdiyini anlamışdır. Bundan sonra metropolitenin stansiyasında xidmət aparan polis əməkdaşlarına məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində naməlum şəxs və ya şəxslər onun mağazasına daxil olmaqla ona məxsus 160 manat nağd şəkildə pulunu və 400 manat dəyərində **********82280 və **********82298 İMEİ nömrəli “Redmi 9 A” markalı mobil telefonu oğurlamış və nəticədə ümumilikdə 560 manat maddi ziyan vurmuşlar. Ona məxsus mobil telefonun üzərində heç bir aksessuar olmamışdır. Oğurlanmış mobil telefonunun üzərində mobil nömrə olmamışdır. Həmin telefon mağazada satışların həyata keçirilməsi üçün ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçmiş yalnız “Whatsapp” ani mesajlaşma proqramı ilə istifadə olunmuşdur. Telefonunun və nağd pulunun oğurlanması nəticəsində ona ümumlikdə 560 (beş yüz altımış) manat miqdarında maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ona dəyən zərərin ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı iddia və şikayətinin olmamasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru Samir Axundov tərəfindən 21 aprel 2023-cü il tarixdə hadisə yerinə, yəni Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yeraltı piyada keçidində yerləşən un məmulatlarının satışı mağazasına, yəni hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mağaza dəmir konstruksiyadan tikilmiş, un məmulatlarının satışı ilə məşğul olunmaq üçün nəzərdə tutulmuşdur. Mağaza metronun yeraltı piyada keçidində yerləşir və dəmirşüşə konstruksiyada tikilmişdir və bir ədəd qapısı və bir ədəd kiçik nəfəslik (satış üçün) pəncərəsi vardır. Məmin pəncərə isə yuxarı sürüşdürmə qaydasında açıldıqdan sonra yuxarı hissədə olan dəmir keçici alət avtomatik olaraq həmin pəncərəni saxlayır və bağlamaq lazım gəldikdə əl ilə həmin dəmir aləti sıxaraq pəncərəni bağlamaq olur, eləcə də bağlandıqdan sonra aşağı hissəsində dəmir kilidlə kilidlənir. Hadisə yerinə baxış keçirilməsi ilə əlaqədar müvafiq protokol və fotocədvəl tərtib edilərək materiala əlavə edilmişdir. “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə zərərçəkmiş şəxsdən cinayət hadisəsi zamanı ələ keçirilmiş və sonra Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd “Redmi 9 A” markalı mobil telefon Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaq orqanına təqdim edilməsi barədə 23 aprel 2023-cü il tarixdə Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun sabiq baş müstəntiqi, polis mayoru İlüseyn Məmmədov tərəfindən protokol tərtib edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bədəlov X1 şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.3 maddəsi ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Baxış keçirilməsi haqqında Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun sabiq baş müstəntiqi, polis mayoru Hüseyn Məmmədov tərəfindən tərtib edilmiş 11 may 2023-cü il tarixli protokola əsasən hadisə yerinin, yəni “Nəriman Nərimanov” metrostansiyasının yeraltı piyada keçidində quraşdırılmış nəzarət-müşahidə kamerasının 21 aprel 2023-cü il tarixdə qeydə alınmış video görüntünün götürülməsi əks olunmuşdur. Təqdim edilmiş DVD diskinə baxış protokolunda göstərilmişdir ki, bir nəfər şəxsin "xxxx" QSC-nin “Nəriman Nərimanov” metrostansiyasının yeraltı piyada keçidində heç kimin olmamasından istifadə edərək zərərçəkmiş şəxsə məxsus un məmulatlarının satışı mağazasının pəncərəsindən ilk əvvəl əllərini, sonra isə ayaqlarını qoyub təkan verməklə bədənini içəri salması, eləcə də qanunsuz olaraq içəri daxil olması müşahidə olunur. Təqsirləndirilən şəxs həmin görüntüdə olan şəxsin özü olduğunu qeyd etmişdir. İş üzrə təyin edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 22 may 2023-cü il tarixli 419 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (F70.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda bir qədər geri qalması, əqli gerilik və davranış pozuntuları ilə əlaqədar tam orta təhsil ala bilməməsi, yardımçı məktəbdə oxuması, hərbi xidmətə yararsız hesab edilməsi, ekspertizaya təqdim olunmuş arayışdan göründüyü kimi 2021-ci ildə 8 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən 2 nömrəli X2 müayinə olunduqdan sonra “kəmağıllıq” diaqnozunun müəyyən olunması, həmçinin hazırki müayinə zamanı mülahizələrinin səthiliyi, intellektin aşağı olması, bilik ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi və sair sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müayinə zamanı suallara mahiyyətinə uyğun cavablar verməsi, kifayət qədər məntiqli mühakimələr yürütməsi, kobud yaddaş pozuntuları aşkar etməməsi, cinayət əməlini etiraf etməsi belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə qeyd olunan əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəl il iyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs onda qeyd olunan “yüngül əqli gerilik” nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onda qeyd olunan davranış pozuntuları ilə əlaqədar hərəkətlərini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Qeyd olunan səbəbdən Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-ni 22.1 -ci maddəsinin təsiri altına düşür. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, yuxarıda göstərilən psixi patologiya qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əqli gerilik yüngül dərəcədə ifadə olunduğundan onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X6 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan əqli gerilik onu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onda qeyd olunan davranış pozuntuları öz hərəkətlərini tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik aşkar olunur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Xiaomi” maraklı (Redmi9A) mobil telefonun satış üçün komplekləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilim aprel ayına olan orta bazar qiyməti təxminən 110 manat müəyyən olunur. Ekspertiza xərci 50 manat təşkil edir. İş üzrə bir ədəd “Redmi” markalı “9A” modelli mobil telefon və bir ədəd DVD diskə köçürülərək istintaqa təqdim edilmiş hadisə yerinin video görüntüsü sübut əhəmiyyəti nəzərə alınaraq cinayət işi üzrə maddi sübut hesab edilməklə cinayət işinə əlavə edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü bir ədəd mobil telefon Zərərçəkmiş şəxs qəbz ilə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 2 gün şübhəli şəxs qismində saxlanıldığı həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut – 1 ədəd disk cinayən işinin materiallarında saxlanmalı,maddi sübut bir ədəd “Xiaomi” markalı, 2006CLG (Redmi 9A) modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı,(CPM-132) ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – bir ədəd “Xiaomi” markalı, 2006CLG (Redmi 9A) modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar