Məhkəmə qərarları › İş №1(005)-107/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-107/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-107/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Cəbrayıl rayonu ərazisindən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 6,55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı əldə edərək daha sonra istifadə etmək üçün əldə etdiyi narkotik vasitə marixuanam hər birinin çəkisi 0,71 qram və 5,84 qram olan iki bükümə ayıraraq üzərində saxlamaqla daşımış, 15 sentyabr 2024-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhər Baş Polis idarəsinin nəznində olan X11 inspektorları tərəfindən Bakı şəhəri Nərimanov rayonu H.Əliyev 131 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 16-ci PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə 0,71 qram və 5,84 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o təxminən 15 ildir ki narkotik vasitə marixuanadan istifadə edir. Təxminən 1 ildir ki Cəbrayıl rayonunda qardaşı Vüqar Kərimovla birlikdə usta işləyir. 05 sentyabr 2024-cü il tarixdə səhər saatlarında işdə olan zaman məktəbin həyətindən narkotik vasitəyə bənzər maddə tapmış və uzun müddətdir marixuanadan istifadə etdiyindən gələn spesifik qoxudan ona məlum olmuşdur ki, bu maddə narkotik vasitə mariuxuanadır. Daha sonra bir neçə gündən bir istifadə etmək üçün narkotik vasitəni üzərində saxlamışdır. 15 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində birlikdə işlədiyi qardaşı Vüqar, qohumu Azər Vəliyev, Bahəddin Mikayılov və Araz onun idarə etdiyi “Hundai Santafe" markalı avtomobillə Bakı şəhərinə gəlmişlər. 15 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində ilk öncə Arazı Nizami rayonu Qara Qarayev metrostansiyasının yaxınlığında düşürtmüşdür. Araz avtomobildən düşdükdən sonra avtomobildə əyləşən şəxslər qohumu olduğundan həmin şəxslərdən ehtiyat etməmiş və üzərində saxladığı narkotik vasitə marixuananı cibindən çıxararaq çəkmək üçün hazırlamışdır. Daha sonra isə yorğun olduğundan üzərində saxladığı narkotik vasitədən bir dəfə istifadə etmək üçün az miqdarda ayırmış və avtomobildə əyləşən şəxsləri ünvanlarına düşürtdükdən sonra evə qalxmamışdan əvvəl istifadə üçün üzərində saxlamışdır. Evə getdikdən sonra yorğun olduğu üçün tez yatacağını düşünmüş və övladlarının əlinə keçməsin deyə narkotik vasitəni idarə etdiyi avtomobildə saxlayacaqmış. Həmin tarixdə saat 02:30 radələrində Nərimanov rayonu Həsən Əliyev 131 ünvanında olarkən dönmə işığından istifadə etmədiyi üçün YPX avtomobili ilə hərəkətdə olan inspektorlar onu avtomobili saxlamağı üçün işarə etmişlər. Daha sonra isə inspektor avtomobilə yaxınlaşan zaman avtomobildən gələn spesifik qoxudan şübhələndiyi üçün ona avtomobildən yerə düşməyimi bildirmişlər. O polis əməkdaşlarım gördükdə üzərində olan narkotik vasitənin aşkar ediləcəyini düşünərək həyəcanlanmış və bu hərəkəti polis əməkdaşlarında şübhə yaratdığı üçün onları avtomobillə birlikdə Nərimanov RPİ-nin 16-cı Pş- nə gətirmişlər. Şöbənin xidməti otaqlarının birində ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Bu zaman o əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı iki ədəd sellofan bükümdə içərisində olan narkotik vasitə marixuananaya bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə narkotik vasitə marixuananadır, ona məxsusdur. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki,o, Bakı şəhər Baş Polis idarəsinin nəznində olan X11 inspektoru vəzifəsində işləyir. 15 sentyabr 2024-cü il tarixdə saat 02:30 radələrində tağım komandiri X1 və inspektor Şahid1 ilə birlikdə xidmətdə olan zaman Nərimanov rayonu Həsən Əliyev prospekti 131 ünvanında hərəkətdə olan **-EY-*** dövlət qeydiyyat nişanlı Hundai markalı avtomobil dönmə işığından istifadə etmədiyindən tərəflərindən saxlanılmışdır. Sürücüyə yaxınlaşaraq ilk öncə özlərini təqdim etmişlər. Etdiyi qayda pozuntusunu izah edən zaman sürücünün sənədlərini təqdim etməsini bildirdikdə sürücü özünü şübhəli apardığından, hərəkətləri şübhəli göründüyündən tərəfindən Nərimanov RPİ-nin 16-cı Pş-nə dəvət edilmişdir. Polis şöbəsində məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxsdur. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində «nəşə» kimi tanıdığı narkotik vasitə marixuana olmasını, həmin narkotik vasitəni 10 gün əvvəl Cəbrayıl rayonunda işləyən zaman tapdığım, özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə marixuanaya bənzər maddə olan 02 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi üzrə Şahid1 da Şahid2 ifadəsinə analoji ifadə vermişdir. Şahidlər Şahid1 və Şahid2 məhkəməyə ərizə verərək məhkəmə iclasında iştirak edə bilməmələrini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03:30-da şübhəli şəxs qismində tutulmuşdur; xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov RPi-nin 16-ci Pş-nin təhqiqatçısı, polis kapitanı Novruz Novruzov tərəfindən tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, təhqiqatçı Novruz Novruzov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt X13 oğlu əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə marixuana olan iki ədəd bükümü çıxarıb masanın üzərinə qoydu.Sorğu zamanı bükülünün içərisindəki maddənin “nəşə" kimi tanıdığı narkotik vasitə marixuana olduğunu bildirdi və ondan aşkar edilərək götürülmüş narkotik vasitəni təxminən 10 gün əvvəl Cəbrayıl rayonunda işdə olan zaman dağılmış evdən tapdığını,şəxsi istifadəsi üçün üzərində saxladığım bildirdi.Bundan sonra təhqiqatçı tərəfindən X5 üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Məmmədov imran Ramiz oğlunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuana zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16/16/2-7/1535 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,71 qram və 5,84 qram, ümumi çəkisi 6.55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-6,55 qram, tədqiqata sərf edildi -0,04 qram, qalıq 6,51 qram. Ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2024-cü il tarixli 6281 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı X6 Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 6,55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanmmış, tədqiqatdan sonra qalıq qalmış 6,51 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana ibtidai istintaq yekunlaşdıqdan sonra saxlanılması üçün Nərimanov RPl-nin saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin ilkin mərhələsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulandan sonra, üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD fotmatlı diskə tərəfimdən baxış keçirilmiş, maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X7 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,55 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1- 1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsini, peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (15.09-xx.xx.2024-cü il, 1 sutkadan çox olmuşdur) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 6,51 qram olan narkotik vasitə-marixuananın qalıq çəkisi məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri ilə olan 01 ədəd CD disk və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər İcra İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 6,51 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri ilə olan 01 ədəd CD disk və Baksell MMC-dən alınmış 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar