Məhkəmə qərarları › İş №1(005)-108/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-108/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-108/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Abitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 oktyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 118 ünvanında “Hyundai Service” qarşısında yerləşən tikinti materialları bazarında “Dam örtükləri” satışı mağazasının qarşısına gəlib, mağazanın 150 manat dəyərində plastik materialdan hazırlanmış giriş qapısını sındıraraq qapını yerindən çıxarmış, qanunsuz olaraq içəri daxil olub mağazanın içərisində olan 150 manat dəyərində 01 ədəd televizoru, hər birinin dəyəri 10 manat olan 03 ədəd oturacaq stulunu, 30 manat dəyərində olan 01 ədəd dəri kreslo, 50 manat dəyərində olan bir ədəd DVD video maqnitafonu, 300 manat dəyərində olan 01 ədəd kondisoner mühərrikini, 100 manat dəyərində 01 ədəd mağazanın qarşısında yerləşən kanalizasiya quyusunun dəmir qapağını, 50 manat dəyərində mağazanın qarşısında olan arabasına yığaraq yaşadığı evə aparmaqla özgənin əmlakını gizli yolla talayıb Zərərçəkmiş şəxs 860 (səkkiz yüz altmış) manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə, saat təxminən 21:00 radələrində Ziya Bünyadov prospektində tikinti materialları bazarında yerləşən “Dam örtükləri” satışı ilə məşğul olan mağazanın sahibsiz olduğunu, mağazanın qapısının açıq olduğunu görmüşdür. Bundan sonra mağazaya daxil olaraq mağazadan 01 ədəd markasını bilmədiyi televizor, 03 ədəd oturacaq stulu, 01 ədəd dəri kreslo, və 01 ədəd markasını bilmədiyi DVD video maqnitafonu götürərək mağazadan götürdüyü əşyaları mağazanın qarşısında olan köhnə arabaya yığıb yaşadığı evə aparmışdır. Evə gedərkən küçələrində yolun kənarında yerləşən zibil qablarının yanında dayanıb televizoru sındıraraq içərisindən mis olan naqilləri çıxarıb televizorun parçalarını zibil yeşiyinə atmış, arabanı isə zibil yeşiklərinin yanında qoyaraq yerdə qalan əşyaları – 03 ədəd oturacaq stulunu, 01 ədəd dəri kreslonu və 01 ədəd DVD maqnitafonu yaşadığı evə aparmışdır. Əlavə olaraq bildirmişdir ki, o, mağazadan yuxarıda qeyd olunan əşyalardan başaq heç nə oğurlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 118 ünvanında “Hyundai Service”-in qarşısında yerləşən tikinti materialları bazarında “Dam örtükləri”nin satışı ilə məşğuldur. xx.xx.2021-ci il tarixdə ona məlumat verərək bildirmişlər ki, ona məxsus mağazadan xx.xx.2021-ci il tarixdə axşam saatlarında oğurluq olmuşdur. Daha sonra o, mağazaya gəlmiş və mağazanın qapısının yerində olmadığını, ümumiyyətlə mağazanın dağınıq vəziyyətdə olduğunu görmüşdür. Mağazanın içərisində olmuş yararsız televizorun, üç ədəd oturacaq stulun, bir ədəd köhnə vəziyyətdə olan dəri kreslonun, bir ədəd yararsız vəziyyətdə olan DVD video maqnitofonun və bir ədəd yararsız kondisionerin mühərrikinin olmadığını görmüşdür. Mağazasından oğurlanmış üç ədəd oturacaq stul, bir ədəd dəri kreslo və bir ədəd DVD video maqnitofon ona qaytarılmışdır. Mağazanın qarşısında yerləşən kanalizasiya quyusunun dəmir qapağı isə ona məxsus olmamışdır. Mağazanın qarşısında yerləşən kanalizasiya quyusunun dəmir qapağının oğurlanmasının təqsirləndirilən şəxsə ümumiyyətlə aidiyyəti yoxdur. Belə ki, kanalizasiya quyusunun dəmir qapağı hadisədən 3-4 gün əvvəldən yerində olmamışdır. Rafiq tərəfindən aparılmış arabası ona məxsus olmamışdır. Kimə məxsus olmasından isə xəbəri yoxdur. Həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsində guya mağazasından oğurlanmış bir ədəd televizorun dəyərinin 150 manat olması, stulların hər birinin dəyərinin 10 manat olması, bir ədəd dəri kreslonun dəyərinin 30 manat olması, bir ədəd DVD video maqnitofonun dəyərinin 50 manat olması, bir ədəd kondisioner mühərrikinin 300 manat olması, bir ədəd mağazanın qarşısından oğurlanmış arabasının 50 manat olması və bir ədəd mağazanın qarşısında yerləşən kanalizasiya quyusunun qapağının 100 manat olması, ümumilikdə baş vermiş oğurluq hadisəsi zamanı 860 manat maddi ziyan dəyməsi barədə göstərilənlərin düzgün olmamış, belə bir ifadə verməmiş, həmin əşyaların dəyərinin polis idarəsində ərizəsi və ifadəsi alınarkən qeyd edilmiş, tərtib olunmuş ərizə və ifadəni isə oxumadan imza etmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, mağazasından oğurlanmış televizor 1996-cı il istehsalı olan “Orion” markalı, 32 diaqonallı istifadəyə yararsız olmuşdur. Mağazasından oğurlanmış kondisioner isə 1998-ci il istehsallı “Grand” markalı kondisioner olmuşdur. Həmin kondisioner də yararsız vəziyyətdə olmuşdur. Mağazasının qarşısından oğurlanmış arabanın kimə məxsus olmasından ümumiyyətlə xəbəri olmamışdır. Kanalizasiya quyusunun qapağının ona heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Qarabağ müharibəsi qazisidir. Qazi olduqları üçün təxminən 3 ildir ki, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 118 ünvanında “Hyundai Service”in qarşısında yerləşən, tikinti materialları bazarında “Dam örtükləri” mağazasında satıcı işləyir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında mağazaya gəldikdə mağazanın qapısının yeridə olmadığını görüb içəri daxil olmuşdur. İçəri daxil olduqda mağazanın dağınıq halda olmasını və mağazadan plastik materialdan hazırlanmış giriş qapısının sındırılaraq qapının yerindən çıxarıldığını, mağazanın içərisində olan yararsız vəziyyətdə olan bir ədəd televizorun, üç ədəd oturacaq stulunun, köhnə dəri kreslonun, işlək vəziyyətdə olmayan DVD video maqnitafonun, yararsız vəziyyətdə olan bir ədəd kondisonerin mühərrikinin, mağazanın qarşısında yerləşən kanalizasiya quyusunun dəmir qapağının və mağazanın qarşısında olan arabanın oğurlandığını görmüşdür. Dərhal baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 zəng xidmətinə zəng edib hadisəsi ilə bağlı məlumat vermişdir. Bundan sonra mağazanın sahibi Qarabağ qazisi Zərərçəkmiş şəxs zəng edərək mağazadan oğurluq olması ilə bağlı məlumat vermişdir. Zərərçəkmiş şəxs də dərhal mağazaya gələrək mağazanın dağınıq halda olmasını və mağazadan oğurluq edilməsini görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Könüllü təqdim edilən əşyanın götürülməsi haqqında” 09 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, baş vermiş hadisə ilə bağlı həmin cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın qarşısında oğurluq cinayət əməlini etiraf edərək oğurladığı əşyaları könüllü olaraq təqdim etmək istədiyini bildirdi. Yaşadığı evin həyətində 01 ədəd qəhvəyi rəngli dəri kreslonu, 01 ədəd oturacaq hissəsi qəhvəyi rəngli parçadan olan stulu, evin içərisində olan 02 ədəd parça örtüklü taxta stulu, 01 ədəd üzərinə “Hans Man” sözləri yazılmış DVD video maqnitofonu təqdim etdi. Təqsirləndirilən şəxs yaşadığı evdən 100 metr kənarda yerləşən zibil yeşiklərinin yanında yerdə olan sındırılmış, içərisindən mis hissəsi çıxarılmış 01 ədəd televizorun hissələrini könüllü olaraq təqdim etdi. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 09 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1033/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 09 oktyabr 2021-ci il tarixdən hesablanması, qərarın icrasının Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 10 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 13 avqust 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207-ci maddəsinin 2-ci hissəsi, 189-1-ci maddəsinin 2-ci hissəsi, 38; 23-1-ci maddələri ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 03 il müddətinə azadlıqdan şərti məhrum olunmuş; Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 12 dekabr 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207-ci maddəsinin 3-cü hissəsi və 39-cu maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 dekabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66, 149.1, 62, 207-ci maddənin 2-ci hissəsi, 67-ci maddələri ilə təqsirli bilinərək 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 24 sentyabr 2004-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 oktyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 66.3, 69.3 və 67-ci maddələri tətbiq edilməklə 09 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 05 may 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 9/7488 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 32.00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 01 ədəd qəhvəyi rəngli kreslonun üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları, kəsiklər və s.) olmaqla istifadəyə yararsız vəziyyətdə olduğu üçün qiymətləndirmə aparılmadı. Digər tədqiqata təqdim edilməyən 04 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti, ölçüləri, materialı və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,0 manat təşkil edir. “Sübutların qiymətləndirilməsi haqqında” 25 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra ondan aşkar edilib götürülmüş 03 ədəd oturacaq stulu, 01 ədəd dəri kreslo, 01 ədəd DVD video maqnitofon iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilməsi və Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Zərərçəkmiş şəxs 01 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçi deyildir. Ona dəymiş zərər tam ödənilib. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4638 nömrəli, 25 iyul 2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən malların ehtiyat hissəsi kimi 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 25.00 manat müəyyən olunur. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Məhkəmədə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığını bildirib ona qarşı irəli sürülmüş ittihamın müdafiəsindən imtina edərək barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının mövqeyi ilə razı olduqlarını bildirdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsi və başlanmış cinayət təqibində əməldə cinayət tərkibi olmaması əsası ilə xitam verilməsini, həmçinin təqsirləndirilən şəxsin və onun müdafiəçisinin buna etiraz etmədiklərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etsə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanılmış cinayət təqibindən dövlət ittihamçısı bəraətverici əsaslarla imtina etdiyindən həmin cinayət təqibinə əməldə cinayət tərkibi olmaması əsası ilə bəraətverici əsaslarla xitam verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 118 ünvanında “Hyundai Service”-in qarşısında yerləşən tikinti materialları bazarında “Dam örtükləri” satışı mağazasının qarşısına gəlib mağazanın plastik materialdan hazırlanmış giriş qapısını sındıraraq qapını yerindən çıxarmış, qanunsuz olaraq içəri daxil olub mağazanın içərisində olan bir ədəd işlək vəziyyətdə olmayan televizoru, üç ədəd oturacaq stulunu, bir ədəd dəri kreslonu, bir ədəd DVD video maqnitofonu və bir ədəd işlək vəziyyətdə olmayan kondisionerin mühərrikini arabaya yığaraq yaşadığı evə aparmaqla özgənin əmlakını gizli yolla talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.; Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qanunvericiliyin tələbindən göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə bir yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu halda yaranır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 noyabr 2021-ci il tarixli, 9/7488 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 3 adda malların – 1) 02 ədəd taxta stul – hər biri 03 manat olmaqla cəmi 06 manat 2) 01 ədəd dəmir ayaqlı stul – 06 manat 3) 01 ədəd üzərində “Hansmann 15W” yazısı olan DVD video maqnitofon 20 manat olmaqla 3 əşyaya münasibətdə cəmi 32 manat qiymət müəyyən olunmuşdur. Əlavə olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4638 nömrəli, 25 iyul 2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 02 adda malların – 1) 01 ədəd 1996-cı ilin “Orion” markalı, 32 diaqonallı işlək vəziyyətdə olmayan televizor(ehtiyat hissəsi kimi) –cəmi 10 manat 2) 01 ədəd 1998-ci ilə aid işlək vəziyyətdə olmayan “Grand” markalı kondisioner (ehtiyat hissəsi kimi) – cəmi 15 manat olmaqla 02 əşyaya münasibətdə cəmi 25 manat qiymət müəyyən olunmuşdur. Beləliklə iş üzrə Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə 57 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə talanmış əmlakın faktiki dəyəri məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 noyabr 2021-ci il tarixli, 9/7488 nömrəli rəyi ilə 32 manat, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4638 nömrəli, 25 iyul 2022-ci il tarixli rəyi ilə 02 məhsulun dəyəri 25 manat, cəmi 32+25=57 manat olaraq müəyyən edilmişdir. İbtidai istintaq zamanı elan olunmuş ittihamda Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində 860 manat ziyan dəyməsi göstərilsə də, oğurlanan əmlakların faktiki dəyəri 57 manat təşkil etmişdir. Belə ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərindən göründüyü kimi, ekspert tədqiqatı zamanı əmlaklar qiymətləndirilərkən qeyd olunan məhsulların orta bazar qiyməti müəyyənləşdirilmişdir, həmçinin qeyd olunan əşyaların işlək vəziyyətdə olub-olmaması da nəzərə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə cinayət təqibindən bəraətverici əsaslarla imtinası qəbul edilməli və cinayət təqibinə əməldə cinayət tərkibi olmaması əsası ilə bəraətverici əsaslarla xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.8-ci maddəsinə müvafiq olaraq dövlət ittihamçısı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 314.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Eyni zamanda həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut 03 ədəd oturacaq stulu, 01 ədəd dəri kreslo və 01 ədəd DVD maqnitofonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraət verici əsaslarla xitam verildiyindən iş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanılmış cinayət təqibindən dövlət ittihamçısı bəraətverici əsaslarla imtina etdiyindən həmin cinayət təqibinə əməldə cinayət tərkibi olmaması əsası ilə bəraətverici əsaslarla xitam verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilməli, məhkəmə ekspertizasının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iş üzrə maddi sübut 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, işi üzrə maddi sübut - 03 ədəd oturacaq stulu, 01 ədəd dəri kreslo və 01 ədəd DVD video maqnitofonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 iş saatına görə 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321, 344- 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanılmış cinayət təqibindən dövlət ittihamçısı imtina etdiyindən həmin cinayət təqibinə əməldə cinayət tərkibi olmaması əsası ilə bəraətverici əsaslarla xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Cinayət işi üzrə maddi sübut - 03 ədəd oturacaq stulu, 01 ədəd dəri kreslo və 01 ədəd DVD video maqnitofonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan ekspertizanın keçirilməsinə çəkilmiş 150 manat məhkəmə xərci dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar