Məhkəmə qərarları › İş №1(005)-109/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-109/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-109/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(103)-4667/2009 saylı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(005)-1443/2009 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 49,500 (qırx doqquz min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini ödəniş günü Azərbaycan manatı ilə Zərərçəkmiş şəxs1 və 675,200 (altı yüz yetmiş beş min iki yüz) avro, həmçinin 20 (iyirmi) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(103)-4667/2009 saylı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(005)-1443/2009 saylı qanuni qüvvəyə minmiş qətnamələrini icra məmurunun qanuni tələblərini yerinə yetirmədən üzrsüz səbəbdən icra etmədiyindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(005)-560/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə, məhkəmə aktlarının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə xx xxxx 2019-cu il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə məhkəmə qərarlarını qərəzli olaraq icra etməmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünü təqsirli bilməməsinin bir sıra obyektiv səbəbləri var. Bəli, nəticə etibarı ilə zərərçəkmiş şəxslərə pul verilməyibdir. Lakin pulların hansı səbəbdən verilməməsi istintaq zamanı araşdırılmamışdır. Əslində burada başqa məbləğlər və başqa məsələlər var. O isə həqiqətin üzə çıxmasını istəyir. Biznesini əlindən alıblar. Buna baxmayaraq o ailəsinin asayişini qorumuşdur. Nəhayət 2016-cı ildə ona hədə-qorxu gələn adamlar həbs olunub və o indi-indi özünə gəlir. Ona görə də o məhkəmədən xahiş edir ki, ətraflı istintaq aparılmalı və zəruri hallarda müvafiq qərarlar prokurorluğa göndərilməlidir. İttiham aktında yazılmış həqiqətə uyğun olmayan yalan, uydurma faktlarının təkzibi ilə bağlı yazılı izahatını və sübutlarını təqdim etmişdir. Həmin yazılı izahatını ifadəsi kimi qəbul edilməsini xahiş edir. Belə ki, ittiham aktında göstərilən 675,200 avro və 49,500 ABŞ dollarının ödənilməsi üçün əmlak tələb olunur. Onun istehsal əmlakı olub. Bu biznes fəaliyyəti ilə bağlı ixtilaf münaqişə olub. O vaxtı o qanunvericiliyə uyğun olaraq apelyasiya şikayəti də vermişdi. Lakin məhkəmə heç bir addım atmayıb. Ondan sonra onun ölkə hüdudlarından giriş-çıxışına məhdudiyyət qoyulub və qeyd etdiyi əmlak açıq talançılıqla dağıdılıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərhi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən verilib. Belə ki, onun bu qədər tələb olunan vəsaiti yoxdur. Bunu istintaq müəyyən etməli idi. İstintaqın yeganə istinadı – onun fərdi əməklə məşğul olmasıdır. Zərərçəkmiş şəxslərin yalan ifadələrini müstəntiq fakt kimi ittiham aktına salıb. Bundan başqa müstəntiq qeyd edib ki, o, 16 oktyabrda axtarışda olmuşdur. Halbuki, o, axtarışda olmamışdır. Hesab edir ki, müstəntiq cəza təhdidi altında olan hərəkətlər edib. Buna qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərhində təkcə təqsirləndirilən şəxs üçün deyil, dövlət orqanları üçün hərəkətlər müəyyən olunub. Belə ki, mənim əmlakım 2012-ci ildə müsadirə olunub. Bu faktlar iş materiallarına əlavə olunub. Lakin onun əmlakı haradadır, heç kim demir. Orada isə brilyantlar olub. Hesab edir ki, təqdim etdiyi sübutlar kifayət edir ki, ittiham aktı uydurma hesab edilsin və barəsində bəraət hökmü çıxarılsın. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o yalnız bir epizod üzrə kasasiya şikayəti vermişdir. Çünki o vaxtı belə məsləhət olmuşdur. Qətnamələr 2009-2010-cu ildə çıxarılmışdır. Onun adına əmlakın olub-olmamasını istintaq müəyyən etməli idi. O, zərərçəkmiş şəxslərdən gedib borc götürməmişdir. O şirkətin 51% payını onlara vermişdi. Zərərçəkmiş şəxs1 isə ümumiyyətlə pul almamışdır. 2008-ci ildə ona terorizm və dələduzluq ilə əlaqədar cinayət işi açılmışdır. Həmin işə xitam verilib. Onun kimlə görüşüb-görüşməməsindən asılı olmayaraq ittiham aktına yalan ifadə yazmaq olmaz. 2012-ci ilin oktyabr ayının Konstitusiya Məhkəməsinin qərarı çıxıb. Orada yazılıb ki, şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə o vaxtı ittiahm olunur ki, onun əmlakı olsun. O, o vaxtı birinci instansiya məhkəmələrində iştirak etməmişdir. İstehsalat əmlakının dəyərinin hesablaması metodikası başqadır. O vaxtı həmin əmlak ******* manat civarında idi. Əmlakının dağıdılması ilə bağlı məhkəməyə şikayət etməmişdir, o vaxtı o, Baş prokurora və Bakı şəhər prokuroruna şikayət etmişdir. Onlar daş-qaşları Bakıya gətirib müəssisədə saxlamışlar. Daş-qaşlar Çikaqo və Rusiya laboratoriyalarında yoxlanılmışdır. Azərbaycanda saxlanca verildiyindən, burada yoxlanılmamışdır. O, bununla bağlı sənədləri icra şöbəsinə təqdim etmişdir. Hal-hazırda daş-qaşlar İsraildə saxlanılır. O, xammal gətirirdi. Onun müəssisəsinin 51% satılıb, 49% ona qalmışdır. Danışıq da belə olmuşdur. O dövrdə məhkəmə prosesləri yaranırdı. Daş-qaşlar Azərbaycana gəlməməli idi. Onlar dedilər ki, daş-qaş Azərbaycana gətir. O, pulu qaytarmaq istəyirdi, lakin özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilmir. Məhkəmənin qətnamələrini icra etməməsində səbəb – kifayət qədər əmlakının olmamasıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2005-ci ildə Təqsirləndirilən şəxs ondan 49,500 ABŞ dolları məbləğində pul vəsaiti qısa müddət ərzində qaytarılması məqsədi ilə borc almışdır. Bir müddət sonra sözünə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəblə də məhkəmədə ona qarşı iddia qaldıraraq pulunu tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(103)-4667/2009 saylı qətnaməsi ilə iddiası təmin edilərək Təqsirləndirilən şəxs həmin pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları məşğul olmuşlar. Bununla əlaqədar borcluya bildirişlər təqdim edilməsinə baxmayaraq o, məhkəmə aktını icra etməkdən birmənalı şəkildə imtina etmişdir. Belə olan halda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(005)-560/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bundan sonra da icra məmuru qətnamənin icrası ilə bağlı ona bildiriş və rəsmi xəbərdarlıq məktubları təqdim etməsinə baxmayaraq, o, məhkəmə aktını icra etməmişdir. Uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olduğundan kifayət qədər gəlir əldə etdiyinə baxmayaraq borcunu ödəməyəcəyini bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs pulu borc məqsədi ilə ondan almışdır. İş icra mərhələsində olan zaman o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamamışdır. İcra məmurları əlaqə saxlayıb. O, da icra məmurların bütün qərarlarından şikayət edirdi. Təqsirləndirilən şəxsin maddi imkanı var. O, Təqsirləndirilən şəxs pulu borc məqsədi ilə verəndə müqavilə bağlamamışdı. O, 30000 ABŞ dollar pul vermişdi. Lakin inflyasiyaya görə məhkəmə 49000 ABŞ dolları təmin edib. Məzəddin onun işlədiyi idarəyə gəlib-gedirdi. Məzəddinin zərgərlik ilə məşğul olan müəssisəsi olub. Son olaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək məhkəmədən təqsirləndirilən şəxs barəsində sərt cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2008-ci ildə Təqsirləndirilən şəxs ondan müxtəlif tarixlərdə cəmi 675,200 avro pul vəsaiti qısa müddət ərzində qaytarılması məqsədi ilə borc almışdır. Bir müddət sonra sözünə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırdığına görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində ona qarşı iddia qaldırılaraq pulunu tələb etmişdir. Həmin məhkəmənin xx xxxx 2009-cu il tarixli saylı qətnaməsi ilə iddia təmin edilərək Təqsirləndirilən şəxs 675,200, həmçinin 20 manat məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları məşğul olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs bildirişlər təqdim edilməsinə baxmayaraq o, məhkəmə aktını icra etməkdən birmənalı şəkildə imtina etmişdir. Bu zaman da Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(005)-560/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İcra məmuru qətnamənin icrası ilə bağlı ona bildiriş və rəsmi xəbərdarlıq məktubları təqdim etməsinə baxmayaraq, o, məhkəmə aktını icra etməmişdir. Həmçinin o, uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Onu Təqsirləndirilən şəxs ilə başqa bir adam tanış edib. Məzəddin ona demişdir ki, daş-qaş işi ilə məşğuldur. O, ona pulu avro ilə vermişdi. Məzəddinin Azərbaycan Respublikasının hüdudlarını tərk etməyə qadağa qoyanda, onlar onunla danışmaq istəyib. Lakin o, Məzəddinə təklif etmişdir ki, qızına etibarnamə versin və qızı xaricdə olan işlərini həll etsin. O, bilir ki, Təqsirləndirilən şəxs ona pulu verməyəcək. Çünki bu günə qədər ona heç bir ödəniş etməmişdir. Hesab edir ki, Məzəddinin kifayət qədər imkanı və daşınmaz əmlakı var. Son olaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək məhkəmədən təqsirləndirilən şəxs barəsində sərt cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 49.500 (qırx doqquz min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1, 675,200 (altı yüz yetmiş beş min iki yüz) avro, həmçinin 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(103)-4667/2009 saylı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(005)-1443/2009 saylı qanuni qüvvəyə minmiş qətnamələri icra edilməsi ilə əlaqədar Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğunu, icra sənədləri şöbə rəhbəri tərəfindən onun üzərinə yazılmışdır. Sənədləri icraata qəbul edərək xx xxxx 2010-cu il və xx xxxx 2010-cu il tarixlərdə icraata başlanma haqqında qərarlar qəbul etmiş və tələbin 05 (beş) gün müddətində könüllü təmin edilməsi ilə əlaqədar borcluya bildirişlər təqdim etmişdir. Məhkəmə qətnamələri könüllü icra müddətində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamışdır. Müxtəlif tarixlərdə o, Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatlar alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah olunmuşdur. Borclu izahatında fərdi əməklə məşğul olduğunu, lakin maddi imkanı kifayət qədər yüksək olmadığından məhkəmə aktlarını icra etmədiyini bildirsə də, üzərindən uzun müddət keçməsinə baxmayaraq qətnamələri qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınmışdır. Bu səbəblə də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019- cu il tarixli, 3(005)-560/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmiş və məhkəmə aktlarının icrasının təmin edilməsinə dair ona yenidən müddət təyin edilsə də o, hərəkətlərini davam etdirməklə qətnamələrin icrasından qərəzli yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin əlamətləri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. ( cild 1, i.v. 1); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 1(005)- 1443/2009 №-li qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 1955-ci il iyunun 18-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda doğulmuş, Bakı şəhəri Nərimanov rayonu K. Rəhimov küçəsi məhəllə 865 ev 2A, mənzil 37-də qeydiyyatda olan cavabdeh Təqsirləndirilən şəxs Bakı şəhəri 6-cı dövlət notariat kontorunda xx xxxxxx 2008-ci il tarixdə 1565 saylı reyestr qeydi ilə təsdiq edilmiş “Borcun etirafı haqqında müqavilə” –yə əsasən 320 000 avro əsas borc və 355200 avro cərimə olmaqla, cəmi 675.200 avro məbləğində pul və ödənilməmiş dövlət rüsumunun əvəzi olan 20 manat alınıb iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(103)-4667/2009 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 49,500 (qırx doqquz min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü Azərbaycan manatı ilə tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. ( cild , i.v. 15-23) Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(103)-1443/2009 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 675,200 (altı yüz yetmiş beş min iki yüz) avro, həmçinin 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. ( cild 1, i.v. 25-29) xx.xx.2009-cu il tarixli və xx.xx.2009-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin məhkəmə aktları icra olunması məqsədi ilə Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. ( cild 1, i.v. 24; 30) İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(103)-4667/2009 saylı Qətnaməsi üzrə verilmiş xx.xx.2009-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (cild 1, i.v. 55-56); İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(103)-1443/2009 saylı Qətnaməsi üzrə verilmiş xx.xx.2009-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (cild 1, i.v. 57-58); İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli və Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(005)-1443/2009 saylı icra vərəqələrində borclu Təqsirləndirilən şəxs olduğundan ica sənədləri ümumi icraatda birləşdirilmişdir. ( cild 1, i.v. 59) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(005)-1443/2009 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə tələb borclu Təqsirləndirilən şəxs mülkiyyətində olan “Nissan Sunny” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı və “M-2140” markalı R 47-18 AQ dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməsi və həmin avtomobillərin üzərinə həbs qoyulması, Təqsirləndirilən şəxs həmin icra vərəqəsi üzrə yaranmış borcu ödəməzsə, Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həmin avtomobillər hərrac yolu ilə satılaraq borcun ödənilməsi təmin olunması, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qərara alınmışdır. ( cild 1, i.v. 120-121) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 313-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 5 gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. ( cild 1, i.v. 172-173) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2010-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 313-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 5 gün müddətinə inzibati həbs edilməsi qərara alınmış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli qərarı ilə ona təyin edilmiş 5 gün inzibati həbs cəzasını artıq çəkdiyindən qərarın icraya yönəldilməməsi qərara alınmışdır. ( cild 1, i.v. 171-179) Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx xxxxxx 2010-cu il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.06. 2009-cu il tarixli icra vərəqəsinin icrası tam icra olunanadək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. ( cild 1, i.v. 183) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2011-ci il 8(005)-463/2011 nömrəli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)-4667/2009 saylı icra vərəqəsi üzrə tələb Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri K. Rəhimov küçəsində yerləşən məhəllə 865, 2A saylı evin 37 saylı mənzilinin üzərinə həbs qoyulmaqla tələbin həmin mənzilə yönəldilməsi qərara alınmışdır. ( cild 2 i.v. 18-19) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 3(005)- 1334/2011 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin məcəllənin 21-ci maddəsi tətbiq olunaraq xəbərdarlıq edilmişdir. ( cild 2, i.v. 133-135) Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2016-cı il tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, K. Rəhimov küçəsində yerləşən məhəllə 865, 2A nömrəli evin 37 saylı mənzilinin baxış keçirildiyi xx.xx.2016-cı il tarixə olan qiyməti 115000 manat təşkil edir. ( cild 3, i.v. 154-156) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(009)-147/2017 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, “xxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxxx 2016-cı il tarixli 16-001 saylı əmlakın qiymətləndirilməsi barədə hesabat etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, K. Rəhimov küçəsində yerləşən məhəllə 865, 2A nömrəli evin 37 saylı mənzilin bazar qiymətinin 165000 manat müəyyən edilməsi qət edilmişdir. ( cild 3 i.v.221-226) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 3(005)- 1034/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli nilinib 1000 manat məbləğində inzibati cərimə edilmişdir. ( cild 4, i.v. 28-29) Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il tarixli 3(103)-1244/2018 nömrəli qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 3(005)-1034/2018 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilmişdir. ( cild 4, i.v. 37-42) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 3(005)- 1688/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair inzibati iş üzrə icraata xitam verilmişdir. ( cild 4 i.v. 46-47) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(005)- 207/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli nilinib 1000 manat məbləğində inzibati cərimə edilmişdir. ( cild 4, i.v. 65-69) İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx xxxxxx 2019-cu il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(005)-207/2019 nömrəli qərarı üzrə verilmiş xx.xx.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (cild 4 i.v. 76-79); Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək beş yüz manat məbləğində inzibati qaydada cərimə edilməsinə barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün geri qaytarılmışdır. ( cild 4, i.v. 92-95) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(005)- 560/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli nilinib 500 manat məbləğində inzibati cərimə edilmişdir. ( cild 4, i.v. 106-108) İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx xxxx 2019-cu il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(005)-560/2019 nömrəli qərarı üzrə verilmiş xx.xx.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (cild 4 i.v. 110-112); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 4. i.v.199); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. (cild 4, i.v. 232-233) Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. ( cild 4 i.v. 236-238) Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Həmin qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM 158.2.1., 158.6.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar