Məhkəmə qərarları › İş №1(005)-110/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-110/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-110/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə heroini əldə edib, saxlayaraq daşımış, xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,052 qram psixotrop maddə metamfetamin və digər bükümdə təmiz çəkisi 0,246 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müdətdir narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. İstifadə etdiyi narkotik maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. xx.xx.2020-ci il tarixdə bədənində ağrılar olduğu üçün narkotik maddə almaq qərarına gəlmişdir. Həmin gün saat 10:00 radələrində Nərimanov rayonu, “Çerment” qəsəbəsi adlanan ərazidə olarkən əvvəllər tanımadığı bir şəxslə görüşmüş, söhbət əsnasında həmin şəxsdə narkotik olduğunu bilmiş və ondan 25 manat müqabilində narkotik vasitə heroin əldə etmişdir. Həmin şəxs əlavə olaraq ona 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə metamfetamin də vermişdir. O, həmin bükümləri əynində olan qara rəngli cins şalvarın sağ cibinə qoymuşdur. Bir müddət ətrafda gəzmiş, bundan sonra həmin narkotik maddələri qəbul etmək üçün yaşadığı ünvana gedərkən təxminən saat 15 radələrində 2 mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olmalarını bildirərək özlərini təqdim etmiş və onu Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə qeyd olunan idarəyə, Polis İdarəsinin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra ora tanımadığı 2 mülki geyimli şəxs gələrək özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxslərin vəkil və tərcüməçi olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edəndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ cibindən 1 ədəd ağ rəngli “Samsung” markalı mobil telefonu, sol cibindən yaşadığı evin açarlarını və göy rəngli “Vinçester” markalı siqaret qutusunu, ağ rəngli alışqanı və şalvarının sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd siqaretin gümüşü kağızında olan bükümü və 1 ədəd şəffaf sellofandakı bükümü təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd siqaretin gümüşü kağızındakı bükümün psixotrop maddə metamfetamin və 1 ədəd sellofandakı bükümün isə narkotik vasitə heroin olmasını və həmin bükümlərin özünə məxsus olmasını bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik maddəni nə zaman və hansı məqsədlə əldə etdiyini soruşduqda, o, həmin maddələri xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Çerment” qəsəbəsinin yaxınlığından anket məlumatlarını bilmədiyi naməlum şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, baxış zamanı polis əməkdaşları onun təqdim etdiyi 02 ədəd bükümü ekspertizaya göndərmək məqsədi ilə ağ zərfə qoyaraq ağzını bağlayıb möhürləmiş və orada olan şəxslərlə yanaşı özü də protokolun düzgünlüyünü və zərfin üstünü imzalamışdır. Həmin prosesdə video çəkilişdən istifadə edilmişdir. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞnin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə Dmitriy adlı şəxsin narkotik vasitə əldə edib saxlaması barədə məlumat daxil olmuşdur. Bu barədə şöbə rəisinə məruzə edilərək əməliyyat-axtarış qrupu yaradılması barədə əmr verilmişdir. Həmin gün saat 15:30 radələrində Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı X8 ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı Nərimanov rayonu, A.Nemətulla küçəsi 18 ünvanın yaxınlığında özünü şübhəli aparan Təqsirləndirilən şəxs saxlamış və ona özlərini polis əməkdaşı kimi təqdim edib birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə getməsini təklif etmişlər. Polis Şöbəsində olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olması öz təsdiqini tapmışdır. Bu barədə şöbə rəhbərliyinə məruzə etmiş və prosessual hərəkətlərin keçirilməsi şöbənin təhqiqatçısı Çingiz Səfərova həvalə edilmişdir. Təhqiqatçı, polis mayoru Çingiz Səfərovun qərarı ilə tərcüməçi və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X13 dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq onun narkotik vasitə əldə edib saxlamasında şübhəli olması bildirilmiş və üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən, 01 ədəd gümüşü rəngli siqaret kağızında ağ rəngli kristallik maddə olan bükümü və 01 ədəd adi sellofana bükülmüş, içərisində toz halında, qəhvəyi rəngli maddə olan bükümü çıxardıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin şalvarın sol yan cibindən, üzərində “Vinçester” yazısı olan 01 ədəd göy rəngli siqaret qutusunu və alışqanı, 02 ədəd açarı və gödəkçəsinin cibindən “Samsung” markalı telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 (bir) ədəd gümüşü rəngli bükümün içərisində olan kütlə psixotrop maddə metamfetamin və digər bükümdə olan maddə isə narkotik vasitə heroindir. O, bükümləri həmin gün səhər saatlarında “Çerment” qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək təhqiqatçı tərəfindən qablaşdırılmış və DİN-nin 219 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs, tərcüməçi C.Bədəlovun, müdafiəçi K.Əliyevin və onların iştirakı ilə protokol tərtib edilərək imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin və metamfetaminin aşkar olunması prosesində video çəkilişdən istifadə edilmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunub götürülmüş maddələr təhqiqatçı tərəfindən məhkəmə-kimyəvi ekspertizasına təqdim olunmuş və müəyyən edilmişdir ki, 1 ədəd bükümdə olan maddə narkotik vasitə heroindir, digər bükümdə olan maddə isə psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs narkotik vasitələrin alqısatqısı ilə məşğul olması barədə məlumat əldə etməmişdir. Onun həmin maddələri konkret haradan, kimdən əldə etməsi haqqında hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 iş üzrə digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxx 2020-ci tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X4, əməliyyat müvəkkilləri Şahid1 və Bəkir Bəkirovun, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, onun tərcüməçisi X2, onun müdafiəçisi X9 və Nərimanov RPİ-nin inspektor-kriminalisti Emil Yusubovun iştirakları ilə xx.xx.2020-ci il tarixdə, saat 17:35-də xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində səxsi axtarış və götürmə aparmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl təklif olundu ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sağ cibindən 1 ədəd ağ rəngli Samsung markalı mobil telefonu, sol cibindən deməsinə görə yaşadığı evin açarlarını, əynində olan qara rəngli cins şalvarın sol cibindən göy rəngli Vinçester markalı siqaret qutusunu, 1 ədəd ağ rəngli alışqanı və həmin şalvarın sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd siqaretin gümüşü kağıza bükülmüş bükümü və 1 ədəd adi sellofana bükülmüş bükümü təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün narkotik maddə olan metamfetamin və 1 ədəd adi sellofana bükülmüş bükümün narkotik vasitə olan heroin olmasını və həmin bükümlərin ona məxsus olmasını bildirdi. Vət.Təqsirləndirilən şəxs 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik maddə olan metamfetamini və 1 ədəd adi sellofana bükülmüş narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Çerment” qəsəbəsinin yaxınlığında hər hansı anket məlumatını bilmədiyi naməlum şəxsdən 25 manata şəxsi istifadəsi üçün almasını bildirdi. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm və 1 ədəd adi sellofana bükülmüş büküm özünün, tərcüməçisinin, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyularaq 219 №-li möhürlə möhürləndi. Vət.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması inspektor-kriminalist Emil Yusubov tərəfindən “Panasonic” markalı video kamera vasitəsilə qeydə alındı; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2115 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbacan Respublikası DİN zərflər üçün № 219” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 ədəd büküm” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,052 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,246 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,246 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,196 qram. Metamfetaminin təmiz çəkisi - 0,052 qram, sərf edildi: 0,04 qram, qalıq - 0,012 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1181/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir; “Diskin baxışının aparılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X5, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs, müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9 iştirakı ilə xx xxxxxxx 2020-ci ildə, saat 09:50-də cinayət işinin ilkin mərhələsində şübhəli şəxs qismində tutularaq xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkilişin köçürüldüyü 1 ədəd diskə baxış keçirmişdir. Baxış zamanı aydın oldu ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynindəki qara rəngli qolsuz gödəkçənin sağ cibindən 1 ədəd ağ rəngli “Samsung” markalı mobil telefonu, sol cibindən qapı açarlarını, əynində olan qara rəngli cins şalvarın sol cibindən göy rəngli “Vinçester” markalı siqaret qutusunu, 1 ədəd alışqanı və şalvarın sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü, 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb təqdim edir. Həmin vaxt bükümlərin içərisində nəyin olduğu soruşulanda, o, gümüşü rəngdə olan bükümdə psixotrop maddə metamfetamin və adi sellofan bükümdə olan maddənin heroin olduğunu, həmin maddələri həmin gün saat 10 radələrində “Çerment” qəsəbəsinin yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirir. Bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib edir, bükümləri zərfə qoyaraq bağlanır, möhürlənir və orada olan şəxslər, həmçinin Təqsirləndirilən şəxs protokolu və zərfin üstünü imzalayırlar. Diskin baxışı gündüz vaxtı, otaq şəraitində, “HP LE1901W” markalı stolüstü kompyuterdə aparılmaqla saat 10:22 dəqiqədə başa çatdı. Protokol ucadan oxundu, baxışın aparılması qaydası və protokolun məzmununa dair əlavələr, düzəlişlər, etirazlar və ya qeydlər daxil olmadı; “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,052 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,246 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Ekspertiza tədqiqatı zamanı 0,012 qram çəkidə psixotrop maddə metamfetaminin və 0,05 qram heroinin sərf edildiyi nəzərə alınmış, maddi sübut kimi tanınmaqla zərfdə yerləşdirilmiş tədqiqatdan sonra qalıq qalmış 0,04 qram çəkidə psixotrop maddə metamfetamin və 0,196 qram heroin məhkəmənin yekun qərarınadək Nərimanov rayon Polis İdarəsində məsul saxlanışa verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinirək 02 il 05 ay 26 gün azadlığln məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-321/2019 nömrəli, xx xxxxxx 2019cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək tutma altında olduğu 02 gün – azadlıqdan məhrum etmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı ilə 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-877/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Nərimanov RPİ-nin 17-cı PŞ-nin rəisi İltimas Yusifli tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxxxx 2020-ci il tarixli, 3178 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulandan sonra, üzərində şəxsi axtarış çəkilmiş video görüntünün əks olunduğu və “Şəxsi axtarış və götürmənin haqqında” protokola əlavə olunan 1 ədəd DVD-R formatlı disk maddi sübut tanınaraq cinayət işinə əlavə edilmişdir; Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər Probasiya İdarəsinin 21-1/A.m-120 nömrəli, xx xxxxx 2021-ci il tarixli məktubundan görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış X7 barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-321/2019 saylı, xx.xx.2019cu il tarixli hökmü üzrə məhkum tərəfindən cəzanın heç bir hissəsi çəkilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,246 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhəri Nərimanov RİHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamə); İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 321/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası CMin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün) CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-321/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün) CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-321/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və qəti olaraq ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,196 qram narkotik vasitə heroin və 0,012 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar