Məhkəmə qərarları › İş №1(005)-110/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-110/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-110/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, silah qismində istifadə olunan əşyadan istifadə edib zərərçəkmiş şəxsin sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 29 sentyabr 2024-cü il tarixdə saat 20:22 radələrində qardaşı Şahid2 ilə bir qrup şəxs halında ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaq və yumruqla Zərərçəkmiş şəxs sol bud və baş nahiyəsindən bir-neçə dəfə qəsdən vurduqdan sonra, Şahid2 də yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq ona təpə nahiyəsinin, sağ və sol gicgah nahiyəsinin, ənsə nahiyəsinin 6 (altı) ədəd kəsilmiş yaraları, sağ budun 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən, yəni zərərçəkmiş şəxsi vurmaqla xəsarət yetirməsi hissəsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında anadan olsa da, 2 saylı X2 məktəbində Azərbaycan bölməsi üzrə 9-cu sinifə kimi təhsil almışdır. Azərbaycan dilində sərbəst yazıb-oxumağı bacarır. Şahid2 onun doğma qardaşıdır. O, qardaşı Dəniz və anası Nübar ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs təxminən iki il olar ki, ortaq tanışları vasitəsi ilə tanımışdır. O, “Maşa” ləqəbli əsl adı Mariya olan xanımla tanış olmuş və aralarında sevgi münasibəti yaranmışdır. Yasamal rayon ərazisində günlük olaraq kirayə ev tutub Mariya ilə birlikdə qalmışdır. İlham da bir neçə dəfə aralarında dostluq münasibəti olduğu üçün hərdən bir gələrək onunla birlikdə qalmışdır. İlham tanışları ilə birlikdə onun günlük kirayə götürdüyü evdə olan zaman Mariyanın mobil telefonu oğurlandığı üçün Mariya ilə birlikdə bu barədə Yasamal RPİ-nin polis şöbəsinə gedib şikayət etmişlər. Şikayət əsasında aparılan araşdırma zamanı Mariyanın telefonunu satıldığı müəyyən edilmişdir. İlham və sonuncu ilə birlikdə gələn şəxslər telefonu oğurlayıb satdıqları üçün əvəzinə yeni telefon alaraq Mariyaya vermişlər. Bundan sonra İlham bir neçə tanışına ondan şikayət edərək polis bölməsində telefonu götürməsi barədə üzünə durduğunu demişdir. 28 sentyabr 2024-cü il tarixdə qardaşı Dəniz İlhamla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində görüşüb söhbət edən zaman İlham qardaşına həmin sözləri təkrar edərək polis bölməsində onun üzünə durduğunu bildirmişdir. Dəniz də İlhama görüşüb üz-üzə gələn zaman həmin sözləri onun üzünə bildirməyini demişdir. Dəniz bu barədə ona məlumat verdikdən sonra o, İlhamla görüşüb məsələyə aydınlıq gətirmək qərarına gəlmiş, bu səbəbdən 29 sentyabr 2024-cü il tarixdə qardaşı Dəniz “İnstogram” sosial şəbəkəsində İlhama mesaj yazaraq görüşməyi təklif etmişdir. İlham da cavab yazaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Okean Pub” restoranının qarşısında görüşməyi təklif etdiyinə görə həmin gün saat 20:20 radələrində Dənizlə birlikdə oraya gedərək İlhamla görüşmüşlər. Görüş zamanı o, İlhamdan qardaşı Dənizə polis bölməsində üzünə durmağı barədə söz deyib-demədiyini soruşmuş, İlham suala cavab vermədən kənara keçməyi təklif etmiş, o, da ətrafda şəxslərin çox olduğunu və onlara narahatlıq verə biləcəyini fikirləşərək sakit yerə keçməyə razılaşaraq birlikdə söhbət edə-edə oradan uzaqlaşıb ünvan 1 ünvanında yerləşən məhəlləyə, kimsənin olmadığı yerə getmişlər. Orada İlhamın yan tərəfində dayanaraq ondan bir daha onun haqqında işlətdiyi söz barədə soruşmuşdur. Həmin vaxt İlham qışqıraraq: “Ə, nəyə gəlmisiz?” - deyərək əlini belinə atıb çıxardığı bıçaqla gözləmədiyi anda onun sol kürək nahiyəsindən bir dəfə vurmuşdur. İlhamın əlində dəstəyi sarımtıl rəngli taxtadan olan mətbəx bıçağı var idi və həmin bıçaqla xəsarət yetirildikdən dərhal sonra o, İlhamı yumruqla vurub yerə yıxmış və üstündə oturub yumruq zərbəsi ilə sifət nahiyəsindən bir neçə dəfə, hətta İlhamın əlindən yerə düşmüş bıçağı götürərək bıçağın dəstəyinin arxa tərəfi ilə baş nahiyyəsindən də bir neçə dəfə vurmuşdur. Həmin vaxt qardaşı Dəniz də İlhamı bir dəfə baş nahiyəsindən yumruq zərbəsi vurmuşdur. O, Dənizə irad bildirib qarışmamasını tələb etmişdir. Daha sonra isə həmin bıçaqla bir dəfə İlhamın sağ bud nahiyəsindən bıçaqla vurub, bıçağı İlhamın yanına tullayıb Dənizlə birlikdə oradan uzaqlaşıb Montin parkına getmişlər. Orada olan zaman Dənizin tanışı olan Əli və Ariflə qarşılaşmışlar. Həmin vaxt onun kürəyindən qan axdığı üçün sonuncular ondan nə baş verdiyini soruşduqda İlhamın onu bıçaqla vurduğu üçün İlhamı bıçaqla vurması barədə məlumat vermişdir. Bundan sonra o, ayrılıb Binəqədi qəsəbəsinə gedərək yarasını təmizləyib bağlayaraq qanın axmasını dayandırmışdır. İlhamla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Hadisə zamanı ilk olaraq İlham özü ilə gəzdirdiyi bıçaqla onun sol kürək nahiyəsindən bir dəfə vurmuş, buna görə də o İlhama xəsarət yetirmişdir. Hadisə qısa müddət davam etmişdir, heç 3-4 dəqiqə çəkməmişdir, orada İlham, o və Dənizdən başqa heç kəs olmamış, ətrafdan kənar şəxslər oraya yaxınlaşmamış, hadisə vaxtı heç bir söyüş və ya nalayiq ifadə işlətməmişdir. şəxslərin olmasına fikir verməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şahid2 və qardaşı Təqsirləndirilən şəxs təxminən iki ildən çoxdur ki, ortaq tanışları vaitəsilə tanıyır. “Maşa” ləqəbli xanımla Eynur sevgili olmuşlar. Onlar Yasamal rayonu ərazisində kirayə ev tutub yaşamışlar. O da arada onlarla birlikdə həmin yerdə yaşamışdır. “Maşa”-nın mobil telefonu oğurlandığı üçün Eynur bu barədə Yasamal RPİ-nin 29-cu PB-nə şikayət etmişdir. Şikayət üzrə araşdırma aparılaraq günahının olmadığı müəyyən edilmişdir. 28 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində Dənizlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində görüşüb söhbət edərkən Dənizə qardaşı Eynurun “Maşa” adlı qızın telefonunun oğurlamasına görə durduq yerə ondan şikayət etdiyini demişdir. Dəniz də ona Eynurun qardaşı olduğunu, həmin sözün onun xətrinə dəydiyini bildirmişdir. O da Dənizə zarafat etdiyini bildirmişdir. Dəniz də ona bu məsələ barəsində görüşəcəklərini bildirmiş və o da etiraz etməmişdir. Bundan sonra o, Dənizdən ayrılıb yaşadığı ünvana getmişdir. Səhəri gün, yəni 29 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı ünvanda olan zaman Dəniz ona “İnstagram” sosial şəbəkəsində mesaj yazaraq harada olduğunu soruşmuşdur. O da Dənizə cavab yazaraq yaşadığı ünvanda olduğunu bildirmişdir. Həmin vaxt onunla görüşmək istədiyini bildirdiyinə görə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Okean Pub” restoranının qarşısına gəlməsini demişdir. Həmin gün saat 20:22-də yaşadığı ünvandan çıxaraq “Okean Pub” restoranının qarşısına gedərək Dəniz və Eynurla görüşmüşdür. Orada şəxslər çox olduğuna görə narahatlıq verməmək üçün təklifi əsasında söhbət edə-edə ünvan 2 ünvanında yerləşən məhəlləyə, heç kəsin olmadığı yerə getmişlər. Orada Dəniz və Eynurun onunla əsəbi formada söhbət edərək dava etmək istədiklərini görmüşdür. Söhbət zamanı Eynur ondan: “Sən mənə satqın deyirsən”- deyə soruşmuşdur. O da Eynura zarafat etdiyini, aralarında yoldaşlıq münasibəti olduğunu bildirmişdir. Lakin Eynur və Dənizin artıq onun üzərinə gələrək vurmaq istədiklərini hiss etmiş və Eynurun sinəsindən arxaya doğru itələmişdir. Həmin vaxt aralarında olan mübahisə dava-dalaşa çevrilmiş, Eynur onu yumruqla vurub yerə yıxmış və başından zərbələr vurulduğunu hiss etmiş, özünü müdafiə etmək üçün başını tutmağa və onları söyməyə başlamış, həmin vaxt ona konkret olaraq kimin və nə ilə zərbələr vurmasını görə bilməmişdir. Lakin Eynurun onun üzərində oturduğunu, yerdən qalxmağına imkan vermədiyini görmüş, Eynur onun üzərindən qalxan zaman əlində olan bıçaqla bir dəfə onun sağ bud nahiyəsindən bıçaqla vurmuşdur. Sonra Dəniz və Eynur onu elə hadisə yerində qoyub qaçaraq oradan uzaqlaşmışlar. Həmin dava-dalaş 3-5 dəqiqə ərzində baş vermiş, ətrafdan heç kəs onlara yaxınlaşmamış, səs-küy olmamış, yaşayış binasından da kiminsə çıxmasını görməmişdir. Özünə gəlib yerdən qalxaraq yaşadığı ünvana getmiş və hadisə barədə anası Aygünə demiş, anası da DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Dəniz və Eynurla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O Eynuru bıçaqla vurmamış və xəsarət yetirməmişdir. Eynurun bu barədə dedikləri yalandır. Hazırda Eynurla barışmışlar və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 2024-cü ilin sentyabr ayında Montində dostu və İlhamla birlikdə yol gedərkən İlham ona: “Xəbərin oldu, qardaşın mənim üzümə durdu” deye bildirdiyinə görə aralarında mübahisə yaranmışdır. Daha sonra səhəri gün o, İlhamla “Okean Pub” restoranın qarşısında məsələni aydınlaşdırmaq üçün qardaşı Eynurla birlikdə həmin ünvana getmişlər. İlham onlara: “Keçək kənara söhbət edək” demiş, onlar da bununla razılaşaraq söhbət edə-edə qaranlıq yerə keçmişlər. İlham söhbət əsnasında “Nəyə gəlmisiz?” - deyərək qəflətən qardaşı Elnuru bel nahiyəsindən bıçaqla vurmuşdur. Bu hadisə anidən olduğuna görə müdaxilə edə bilməmiş, bıçağı görəndə şok keçirmişdir. Qardaşı da onu yumruqla vurmuş, İlham yerə yıxılmışdır. İlhamın bıçağı yerə düşmüş, qardaşı onu yerdən götürərək bıçağın dəstəyinin arxası ilə İlhamı vurmuşdur. O da qardaşına bıçaq atdığına görə əsəbiləşərək İlhama başından yumruq zərbəsi vurmuş, qardaşı ona: “Sən qarışma” - dediyinə görə o, İlhama başqa bir zərbə vurmamışdır. İlham qardaşına təpik atdıqdan sonra o da İlhamın ayaq nayihəsindən bıçaqla bir dəfə də vurmuşdur. Dava-dalaş təxminən 3-4 dəqiqə çəkmişdir. Daha sonra qardaşı ilə oranı tərk etmişlər. O, İlhamı yalnız baş nahiyəsindən bir dəfə yumruqla vurmuş, digər xəsarətləri qardaşı Eynur İlhama yetirmişdir. Hadisə vaxtı həmin ərazidə ətrafda heç kim olmamış, hadisədən sonra da heç kim oraya gəlməmişdir. Söyüş söyülməmişdir. Hadisə sentyabrın 29-u, axşam tərəfi hava qaranlıq vaxtlarda baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Eynur və İlhamı Nərimanov rayonunun sakini kimi tanıyır, Eynurla dostluq münasibəti vardır. Aralarında baş verən hadisədən sonra Eynuru “Montin parkı”nın qarşısında yolda yaralı vəziyyətdə görmüşdür. Eynur ona və yanında olan Arifə İlhamla aralarında olan hadisə barədə danışmışaraq İlhamın onu bıçaqla vurduğunu, buna görə də onun da İlhamı bıçaqladığını demişdir. O, hadisədən 15-20 dəqiqə sonra Eynurun belinin qanadığını görmüşdür. Elnurun əynindəki qırmızı pencək cırılmış və qana bulaşmış vəziyyətdə idi. Hadisədən yarım saat sonra polis əməkdaşları onlardan şübhələndiyinə görə hadisə yerinə və polis şöbəsinə aparmışdır. Eynur üzərində bıçaq gəzdirən biri deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən məhəllədir. Hadisə yerində yaşayış binası, binanın qarşısında bağça, qarşı tərəfdə uşaq bağçası mövcuddur. (i.v. 12-14) İfadənin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunan fotocədvəllərdən görünür ki, hadisə yeri ünvan 4 ünvanında asfalt yoldan kənarda dəmir torla dörd tərəfdən hasarlanmış qapalı bir sahədir. (i.v. 110-114) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1180 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin, sağ və sol gicgah nahiyəsinin, ənsə nahiyəsinin 6 (altı) ədəd kəsilmiş yaraları, sağ budun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti kənarlı alətin, ola bilsin bıçağın tiyəsinin deşici-kəsici təsirindən, üst və alt dodağın əzilmiş yaraları, burun tağının, sağ və sol almacıq nahiyəsinin, sol saidin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 153-155) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol kürək nayihəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası iti kənarlı alətin, ola bilsin, bıçağın tiyəsinin deşici-kəsici təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətin xarakterinə və yerləşdiyi nayihəyə, ilk məlumata əsaslanaraq demək olar ki, həmin xəsarəti şəxsin özü-özünə yetirə bilməsi, yıxılma nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. (i.v. 156-158) Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3307 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlaməti müəyyən olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ittiham olunan əməl barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 159-160) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İŞ-də faktla bağlı Şahid2 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Dəniz və onun qardaşı tərəfindən döyülərək bıçaqla xəsarət yetirilməsi barədə məlumat verməklə barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. (i.v. 8) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə həmin gün saat 18:50-də tutulmuşdur. (i.v. 59-60) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. (i.v.76-77) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1259/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 97-101) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.139-140) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən cavabından görünür ki, Məmmədov X1 RPİ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. (i.v. 137-138) Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur. (i.v. 190-191) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Zərərçəkmiş şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərək o, həmin maddə ilə təqsirli bilinməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuş vəsatətdən görünür ki, o, özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilir və əməlinin Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, hazırki cinayət əməlinin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, törədilmiş əmələ düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanır və nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu əməl Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə deyil, bu Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 29 sentyabr 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyünə görə qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə təqsirsizlik prezumpsiyasına riayət edilməli və məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində baxılmalı olmasını nəzərə alaraq silah qismində istifadə olunan əşyadan istifadə edilməklə bir qrup şəxs halında xuliqanlıq edilməsinə dair ittiham üzrə qrupa aid edilən Şahid2 əməlinə hüquqi qiymət vermədən yalnız məhkəməyə verilmiş Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə tanışı olan Zərərçəkmiş şəxs onun haqqında “polis şöbəsində üzünə durması” barədə söz deməsinə görə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisəni həll etmək üçün xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Okean Pub” restoranının qarşısında görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs qardaşı Şahid2 də orada olmuş, ətrafda şəxslərin çox olması və onlara narahatlıq verilməməsi niyyəti ilə hər üç şəxs oradan uzaqlaşaraq Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 92 ünvanında kimsənin olmadığı yerdə hər tərəfi dəmir torla hasarlanmış yerdə mübahisəni həll edərkən aralarında dava başlamışdır. İbtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş Şahid2 ifadələrində ətrafdakı şəxslərin çoxluğunu nəzərə alıb mübahisəni həll etmək üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təklifi ilə heç kəsin olmadığı, kənar bir yerə keçdiklərini, oraya çatdıqda qəflətən Zərərçəkmiş şəxs bıçaqla Təqsirləndirilən şəxs kürək nahiyəsindən vurduğunu, davanın bundan sonra başladığını qeyd etmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs ümumiyyətlə Təqsirləndirilən şəxs xəsarət yetirmədiyini, sonuncunu əli ilə itələdiyini və döyülərkən onları söydüyünü bildirmişdir. Məhkəmə İ.Əliyevin bu hadisədə eyni zamanda digər iş üzrə təqsirləndirilən şəxs olmasını nəzərə alaraq onun hazırda zərərçəkmiş şəxs kimi həqiqəti əks etdirməyən bu məzmunlu ifadə verməsini təbii qəbul edir. Bununla belə qeyd edir ki, İ.Əliyev özü eyni hadisədə Təqsirləndirilən şəxs sağlamlığına bıçaqla yüngül zərər vurmaqla xuliqanlıq etməsi itithamı üzrə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi məhkəməyə verilmiş və qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli məhkəmə hökmü ilə əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif olunaraq ona cəza təyin edilmişdir. Məhkəmənin hökmündən müəyyən olunur ki, Zərərçəkmiş şəxs özünü təqsirli hesab etməsə də, onun Təqsirləndirilən şəxs bıçaqla yüngün bədən xəsarəti yetirməsi sübuta yetirilmişdir. Bütün bunlardan savayı bu xüsusatı həm də məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid3 da dolayı yolla təsdiq etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirməməsi barədə ifadəsini həqiqətə uyğun olmayan ifadə kimi qəbul edir və qənaətə gəlir ki, dava-dalaş məhz onun Təqsirləndirilən şəxs təşəbbüsü ilə, Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirdiyinə görə başlamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həm yumruq, həm də bıçaqla vuraraq sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli, hətta onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və mübahisənin həlli məqsədilə söhbət əsnasında bıçaqla xəsarət yetirilməsinə qarşı olan cavab hərəkəti kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Zərərçəkmiş şəxs barəsində xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü, tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs və digərləri hadisə günü “Okean Pub” restoranının qarşısında şəxslərin çox olmasını və onlara narahatlıq verə biləcəklərini güman edərək aralarında olan mübahisəni həll etmək üçün sakit və heç kəsin olmadığı yerə getməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını pozmaq, ictimai qaydaya laqeydlik, etinasızlıq göstərmək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etmək niyyətində olmadıqlarını nümayiş etdirmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. İş üzrə hadisə yeri ünvan 4 ünvanında 4 tərəfi dəmir torla hasarlanmış qapalı sahədir. Hadisə baş verən vaxt orada Təqsirləndirilən şəxs, Şahid2 və Zərərçəkmiş şəxs başqa heç kəs olmamış, onlara heç kəs yaxınlaşmamış, habelə yaxınlıqdakı binadan belə heç kəs səs-küy və ya dava-dalaşla bağlı narahatlığını ifadə etməmiş, hadisə qısa müddətdə baş vermişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. İşin hallarından müəyyən olunur ki, hadisə zamanı ətrafda əlavə heç kəs olmamışdır. Belə olan halda təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, müvafiq maddənin dispozisiyasında göstərilən əlamətləri formal olaraq sadalamış, onun hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkətlərdən deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəmnində baş verən mübahisə və dava-dalaş gedişində sağlamlığa zərər vurmadan ibarət olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə sadalananlara əsasən nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmaması nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona qarşı heç bir şikayət və tələb olmadığına görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə mülki iddianın olmadığını və vurulmuş ziyanın ödənilməsini, habelə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməli olan, xx.xx.2025-ci il tarixədək hər iş saatına görə 6 (altı) manat olmaqla 28 iş saatına görə 168 (yüz altmış səkkiz) manat, xx.xx.2025-ci il tarixdən sonra hər iş saatına görə 11 (on bir) manat olmaqla 20 iş saatına görə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 388 (üç yüz səksən səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 43.1.2, 175, 321, 344-347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməli olan, xx.xx.2025-ci il tarixədək hər iş saatına görə 6 (altı) manat olmaqla 28 iş saatına görə 168 (yüz altmış səkkiz) manat, xx.xx.2025-ci il tarixdən sonra hər iş saatına görə 11 (on bir) manat olmaqla 20 iş saatına görə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 388 (üç yüz səksən səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar