Məhkəmə qərarları › İş №1(005)-111/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-111/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-111/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Siyəzən şəhəri, C.Cabbarlı küçəsi ev 7 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olan psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:30 radələrində ölkə ərazisində elan olunmuş “Hərbi vəziyyət”lə bağlı təyin edilmiş “Komendant saatı” ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə Y.V.Çəmənzəmənli küçələrinin kəsişməsində quraşdırılmış stasionar postda xidmət aparan Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada onun idarə etdiyi “Ravon Nexia R3” minik markalı, **-PL-*** nömrə nişanlı avtomobildə axtarış aparılan zaman avtomobilin solonunun ön panelində olan külqabının içərisində “ROTHMANS” markalı siqaret qutusunda iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,520 qram və 0,070 qram olan, ümumi təmiz çəkisi 0,590 qram çəkidə olan psixotrop maddə metamfetamin və iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram və 1,730 qram olan, ümumi təmiz çəkisi 1,756 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin hökmü ilə oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Təxminən bir il olar ki, psixotrop maddə metamfetamindən və narkotik vasitə heroindən istifadə edir. xx xxxxxxx 2020-ci il tarixdə günorta vaxtlarında bədənində ağrılar olduğundan öz istifadəsi üçün narkotik vasitə almaq istəmişdir. Ona görə də sosial şəbəkə olan “İnstagram” vasitəsi ilə hazırda xatırlamadığı nömrə ilə əlaqə saxlayıb psixotrop maddə metamfetamin və narkotik vasitə heroin sifariş etmişdir. İstədiyi metamfetamin və heroin ona 100 manata təklif edilmiş və bildirilmişdir ki, pul hesaba köçürüldükdən sonra yeri deyiləcəkdir. O, razılaşaraq hazırda xatırlamadığı bank hesabına “20 yanvar” metrostansiyası yaxınlığında yerləşən mağazaların birindən “Milliön” vasitəsilə ona deyilmiş hesab nömrəsinə 100 manat ödəniş etmişdir. Həmin gün təxminən 1 saat sonra ona bildirilmişdir ki, psixotrop maddə metamfetamin və narkotik vasitə heroin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyası yaxınlığında dayanacaq yanında olan ağacın dibinə qoyulacaqdır. Bundan sonra o, həmin gün saat 18:00 radələrində ona deyilmiş ünvana gedərək oradan ağacın dibindən sellofana bükülü olan 2 ədəd bükümlərdə narkotik vasitə heroini və digər iki bükümdə olan psixotrop maddə metamfetamini götürmüşdür. Həmin gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə axşam saatlarında psixotrop maddə olan metamfetamin bülkülüsündən açaraq istifadəsi üçün elektron tərəzidə çəkdikdən sonra kiçik bir qismindən istifadə etmiş və bükülünü bağlayaraq siqaret qutusunun içərisinə qoyub, həmin siqaret qutusunu isə idarə etdiyi “Ravon Nexia R3” minik markalı, **-PL-*** nömrə nişanlı avtomobilinin ön panelində olan külqabı yerinə qoymuşdur ki, sonrakı günlərdə istifadə edər. xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:30 radələrində o, idarə etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə Y.V.Çəmənzəmənli küçəsinin kəsişməsində hərəkətdə olarkən Bakı şəhəri üzrə təyin edilmiş “Komendant saatı” ilə əlaqədar olaraq quraşdırılmış postdan keçərkən polis əməkdaşları onu saxlamış, icazəsinin olub-olmaması səbəbindən onu sorğu-sual etmişlər. O isə avtomobilində narkotik vasitə və psixotrop maddə olduğundan həyəcanlanmış, polis əməkdaşları onun hərəkətlərindən şübhələnərək onlarla birlikdə polis şöbəsinə getməyini bildirmişlər. O da etiraz etməyib onlarla birlikdə 17-ci Polis Şöbəsinə gəlmişdir. Orada xidməti otaqda vəkil dəvət edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. O da üzərində olan açıq yaşıl rəngli gödəkçənin sol cibindən bir ədəd elektron tərəzini, özünə məxsus şəxsiyyət vəsiqəsini, gödəkçənin sağ cibindən isə digər elektron tərəzini, qara rəngli “XİAOMİ” markalı mobil telefonunu, bundan başqa əynində olan qara rəngli idman şalvarının sağ cibindən isə 153 manat pulu təqdim etmişdir. Bundan sonra isə polis əməkdaşları tərəfindən avtomobilinə baxış keçirilməsi təklif edildikdə o, etiraz etməyib onlarla birlikdə şöbənin inzibati binasının həyətində saxlamış olduğu avtomobilə yaxınlaşıb qapısını açıb avtomobilin salonunda saxlanc yerindən avtomobilin texniki şəhadətnaməsini, surətlər qutusu yanında olan qara rəngli bıçağı, avtomobilin ön panelində olan külqabıdan isə “Rothmans” markalı siqaret qutusuna qoymuş olduğu 2 ədəd bükümlərdə olan metamfetamini və 2 ədəd digər bükümlərdə olan narkotik vasitə heroini təqdim etmişdir. Təqdim etmiş olduğu bükümlər və bir ədəd bıçaq polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, onun və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra onun üzərindən aşkarlanmış metamfetamin və heroin ekspertizaya göndərilmişdir. O, narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə və ya psixotrop maddə alarkən onları elektron tərəzi vasitəsi ilə çəkidə aldanmaması səbəbindən çəkərək alır və həmin elektron tərəzi ilə narkotik vasitədən və psixotrop maddədən istifadə edərkən istifadə edəcəyi miqdardan artıq istifadə etməmək üçün istifadə edir. Üzərindən aşkar olunmuş elektron tərəzilərdən biri işlək vəziyyətdə olmamışdır. Üzərindən aşkar olunmuş bıçaqdan isə çörək və meyvə doğramaq üçün istifadə edir. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:30 radələrində Azərbaycan Respublikası ərazisində elan olunmuş “Hərbi vəziyyət”lə əlaqədar təyin edilmiş “Komendant saatı” ilə bağlı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə Y.V.Çəmənzəmənli küçələrinin kəsişməsində quraşdırılmış stasionar posta “Ravon Nexia R3” minik, markalı **- PL-*** nömrə nişanlı avtomobili idarə edən, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Bu zaman o, post yoldaşı Şahid2lə birlikdə xidmət aparmışdır. Təqsirləndirilən şəxs icazəsinin olub olmaması tərəflərindən yoxlanılan zaman o, həyəcanlanaraq verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını onlarda yaratmışdır. Ona görə də Təqsirləndirilən şəxs Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında idarə etdiyi avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 17-cı PŞ-yə gəlmişdir. Polis Şöbəsində bununla bağlı müvafiq raport yazandan sonra, araşdırmanın aparılması şöbənin baş təhqiqatçısı Asif Qubadova həvalə edilmişdir. Daha sonra təhqiqatçının dəvəti ilə həmin şəxsə vəkil gələndən sonra, onun hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, o, əynindəki yaşıl rəngli gödəkçəsinin sol cibindən bir ədəd elektron tərəzini, şəxsiyyət vəsiqəsini, gödəkçənin digər cibindən başqa bir ədəd elektron tərəzini və “Xiaomi” markalı mobil telefonu təqdim etmişdir. Həmin elektron tərəzinin batareyası olmamış və üzərində düyməcik də işləməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs şalvarının cibindən 153 manat pulu da təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia R3” minik markalı, **-PL-*** nömrə nişanlı avtomobilə təhqiqatçı tərəfindən baxış keçirilməsi təklif olunduqda o, avtomobilə yaxınlaşıb, avtomobilin qapısını açaraq avtomobilin saxlanc yerindən avtomobilin texniki şəhadətnaməsini, sürətlər qutusunun yanından bir ədəd qara rəngli bıçağı və bundan başqa avtomobilin ön panelində olan külqabının içərisindən isə bir ədəd “ROTHMANS” markalı siqaret qutusunu təqdim etmişdir. Baxış vaxtı məlum olmuşdur ki, həmin siqaret qutusunun içərisində iki ədəd siqaretin kağızına bükülü və bundan başqa isə adi sellofana bükülü olan iki ədəd digər bükümlər vardır. Təqsirləndirilən şəxs həmin bükülülərin nə olduğu soruşulduqda o, bildirmişdir ki, həmin maddələr narkotik vasitədir və həmin narkotik vasitələri tanımadığı şəxsdən onlayn qaydada almışdır. Bundan sonra təhqiqatçı həmin narkotik vasitələri və bıçağı ekspertizaya göndərmək məqsədi ilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilindən psixotrop maddəyə oxşar kütlənin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 iş üzrə digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxx 2020-ci tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X2, Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları Şahid2 və Tofiq Abbasovun, Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, xx.xx.1988-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş, ünvan 2 ünvanda qeydiyyatda olan və ünvan 3da yaşayan Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4, Nərimanov RPİ-nin KTQ-nin inspektor-kriminalisti, polis kapitanı Emil Yusubovun iştirakları ilə xx.xx.2020-ci il tarixdə, saat 23:30-da xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl təklif olundu ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində açıq yaşıl rəngli gödəkçəsinin sol cibindən 1 ədəd elektron tərəzini, özünə məxsus şəxsiyyət vəsiqəsini, həmin gödəkçənin sağ cibindən digər elektron tərəzini, qara rəngli “XİOMİ” markalı mobil telefonunu, əynində olan qara rəngli idman şalvarının sağ cibindən isə 153 manat pulu təqdim etdi. Müəyyən edildi ki, həmin elektron tərəzinin bir ədədi işlək vəziyyətdə deyildir, üzərində düyməcik yoxdur. Vət.Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya və ya maddə aşkar edilmədi. Vət.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması Nərimanov RPİ-nin inspektor-kriminalisti, polis kapitanı Emil Yusubov tərəfindən “PANASONİC” markalı video kamera vasitəsilə qeydə alındı. Vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış xx.xx.2020-ci il tarixdə, saat 23:30-da başladı və saat 23:55-də qurtardı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, heç bir əlavələr olmadığından imzalarla təsdiq olundu; “Nəqliyyat vasitəsində axtarış və götürmə aparılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X2, Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları Şahid2 və Tofiq Abbasovun, Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, xx.xx.1988-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş, ünvan 2 ünvanda qeydiyyatda olan və ünvan 3da yaşayan Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4, Nərimanov RPİ-nin KTQ-nin inspektor-kriminalisti, polis kapitanı Emil Yusubovun iştirakları ilə xx.xx.2020-ci il tarixdə, saat 00:05-də Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia R3” modelli, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilində Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasının həyətində axtarış və götürmə aparmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol tərəfdən ön qapılarını açan zaman avtomobilin saxlanc yerindən avtomobilə məxsus texniki qeydiyyat şəhadətnaməsini, avtomobilin sürətlər qutusunun yanından 1 ədəd üzərində “COLUMBİA QUN CHENG CUTLERY” sözü yazılmış qara rəngli bıçağı və avtomobilin ön panelində olan külqabının içərisindən isə 1 ədəd göy rəngli ROTHMAN markalı siqaret qutusunu təqdim edərək həmin siqaret qutusundan 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü və iki ədəd adi sellefona bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü və 2 ədəd adi sellofana bükülmüş bükümü (deməsinə görə narkotik maddə olan metanfetamini və heroini) xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində tanımadığı və hər hansı anket məlumatını bilmədiyi şəxsdən milli ön vasitəsi ilə 100 manat ona deyilən hesab nömrəsinə ödəyərək Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında dayanacağın yanında olan ağacın dibindən götürməsini qeyd etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd siqaretin gümüşü kağızına və 2 ədəd adi sellofana bükülmüş bükümlər və 01 ədəd bıçaq özünün və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürləndi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması Nərimanov RPİ-nin KTQ-nin inspektorkriminalisti, polis kapitanı Emil Yusubov tərəfindən “PANASONİC” markalı video kamera vasitəsilə qeydə alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/2271 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və s. qeydlər olan zərfdəki 2 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,520 qram və 0,070 qram, ümumi təmiz çəkisi 0,590 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr, tərkibinə görə psixotrop maddə - metamfetamindir; 2 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram və 1,730 qram, ümumi təmiz çəkisi 1,756 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manatdır; “Diskə baxış keçirilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video çəkilişi özündə əks etdirən diskə baxış keçirərək protokol tərtib etmişdir. Video çəkilişə baxılarkən aydın oldu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində olan əşyaları təqdim etməsi xahiş olunur. Təqsirləndirilən şəxs bundan sonra əynindəki qısaqol yaşıl rəngli gödəkçəsinin sol cibindən bir ədəd elektron tərəzini, şəxsiyyət vəsiqəsini, digər sağ cibindən başqa bir elektron tərəzini, qara rəngli “Xiomi” markalı mobil telefonu, şalvarının sağ cibindən isə 153 manat pulunu təqdim edir. Daha sonra isə onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs avtomobilin texniki şəhadətnaməsini, bir ədəd bıçağı və bir ədəd siqaret qutusu içərisində olan bükümləri təqdim edir. Təqsirləndirilən şəxs üzərində və avtomobilində şəxsi axtarış aparılan zaman digər əşya və ya şübhəli maddə aşkarlanmır; “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1218/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/2323 nömrəli rəyindən görünür ki, tədqiqata məhkəmə ekspertizası mərkəzinə aid maddi sübutlar üçün nəzərdə tutulmuş kağız paketdə təqdim edilmiş, üzərində: “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və s. qeydləri olan zərfdəki 2 ədəd bükümlərdə narkotik vasitə olan heroinlər öz aralarında və 2 ədəd bükümlərdəki psixotrop maddə metamfetaminlər öz aralarında tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar aşkarlanmış 02 ədəd elektron tərəzi” qeydləri olan zərfədki iki ədəd elektron tərəzilərin üzərində narkotik və psixotrop maddələrə məxsus izlər yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manatdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxxxx 2020-ci il tarixli, 3167 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3/1687 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatdır; “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,520 qram və 0,070 qram olan, ümumi təmiz çəkisi 0,590 qram çəkidə olan psixotrop maddə metamfetamin və iki ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,026 qram və 1,730 qram olan, ümumi təmiz çəkisi 1,756 qram çəkidə narkotik vasitə heroin cinayət işi uzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Aparılmış tədqiqatlardan sonra qalıq qalmış 1,606 qram heroin və 0,440 qram metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin və İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,756 qram, psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,590 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2461 nömrəli xasiyyətnamə) İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-in 198.1) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X4 iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 1,606 qram narkotik vasitə heroin və 0,440 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 280,92 (iki yüz səksən manat doxsan iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. X6 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar