Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-111/2023 06.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun vəkili Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X5 tərəfindən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Olay.az” xəbər portalının jurnalisti, ünvan 2ində pasport qeydiyyatında olmaqla ünvan 3 ünvanında yaşayan X3 24 oktyabr 2022-ci il tarixdə iş yerində olarkən onun xəstəlik adı ilə xalqını aldadaraq camaatdan pul yığıb həmin pulla oğlu Kazıma 2000 manata it almağı və Bakı şəhərinin ayrı-ayrı yerlərində mənzillərinin olması, habelə dəfələrlə xalqdan pul yığmağıyla bağlı yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu - Azərbaycan Respublikasının Xalq artistini nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən “Facebook” internet informasiya ehtiyatında yaymaqla ona böhtan atmışdır. Belə ki, Pərviz Hüseynli 24 oktyabr 2022-ci il tarixdə özünün aktiv istifadəsində olan və 7.000 nəfərdən artıq izləyicisi olan “Pərviz Hüseyn” adlı “Facebook” hesabında aşağıdakı məzmunda paylaşım etmişdir: “Könül Xasıyevanın neçə evi var, birini satsın əməliyyat olunsun. Hər dəfə camaatdan pul yığır. Keçən dəfə də xəstəlik adıyla pul yığıb, sonra oğlu Kazıma 2 minə it almışdı. Hələ yazıb ki, sənət yoldaşlarım bircə toyun pulunu kartıma köçürsəniz, sağalaram. Niyə də? Allah şəfa versin, o ayrı. Amma bu qədəri də ifratdır, hər şeyin təhəri var”. Həmçinin, Pərviz Hüseynlinin onun barəsində yaydığı bu böhtan xarakterli məlumatlar çoxlu sayda kütləvi informasiya vasitələrində dərc edilərək daha geniş kütləyə çatmışdır. Belə ki, Pərviz Hüseynlinin yalan olduğunu bilə-hilə barəsində yaydığı həmin böhtan xarakterli məlumatlar "Sonxəbər.az", "Demokrat.az", “Yenisabah.az", “Starxəbər.az” və digər saytlarda, həmçinin müxtəlif "instagram" hesablarında yayılmışdır (müvafiq çıxarışlar şikayətə əlavə olunur). Beləliklə, Pərviz Hüseynli yuxarıda qeyd edilən hərəkətləri ilə onun barəsində şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qeyd edilənlərə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun və “touretto” sindromundan əziyyət çəkən 15 yaşlı yeganə övladı X4 mənəvi sarsıntı və iztirab keçirməklərinə görə ondan 40.000 (qırx min) manat məbləğində vurulmuş mənəvi ziyanın əvəzi olaraq tutulub ona ödənilməsi və barəsində yayılmış yalan və böhtan xarakterli məlumatlar yaymış Pərviz Hüseynlinin üzərinə həmin məlumatların yayılma üsuluna uyğun olaraq təkzib verməsi və barəsində yayılmış məlumatlara görə ondan üzr istəməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 və onun müdafiəçisi Müdafiəçi1 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məlum olmuşdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin dəfələrlə yalan olduğunu biləbilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən “Facebook” internet informasiya ehtiyatında yaymaqla ona böhtan atdığını qeyd etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Facebook” internet informasiya ehtiyatının hüquqi ünvanı X2 Kaliforniya ştatında yerləşir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 iş materiallarında olan Bakı Şəhəri Baş Polis İdarəsinə verdiyi izahatından və məhkəmənin hazırlıq iclasındakı çıxışından aydın olur ki, onun axırıncı yaşayış yeri ünvan 3 ünvanıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-111/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-111/2023
06.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver