Məhkəmə qərarları › İş №1(005)-112/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-112/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-112/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1981-cı il tarixdə Sabirabad rayonu, Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay və iki azyaşlı övladı olan, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və İsmayıllı rayonu, Lahıc kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun tanışı X4 məxsus Rusiya Federasiyasında bakalavr təhsili aldığı X12 universiteti tərəfindən verilmiş 100505 ******* nömrəli diplomu Azərbaycan Respublikası Elmi və Təhsil Nazirliyində nostrifikasiya etdirəcəyinə, yəni həmin ali təhsil sahəsində ixtisasını Azərbaycan Respublikası ərazisində tanınmasına dair təsdiqləyici şəhadətnamənin alınmasına dair yalandan vəd verib, 12 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən istirahət parkında Zərərçəkmiş şəxs1 məxsus 8.000 manat pulu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 8000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, Almaniya Respublikasından 12.500 manat dəyərində «Kia Rio» markalı avtomobil gətirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 14 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ş.Şıxəliyev küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən «Araz» marketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-nə məxsus plastik kart hesabına köçürülmə yolu ilə 1500 manat pulu əldə edib, 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs2 İsmayıllı rayonunda yerləşən “Dəniz” oteldə işləməsinə görə sonuncuya verməli olduğu bir aylıq əmək haqqı olan 500 manat pulu verməyərək, 16 iyun 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən «Rəngarəng» gözəllik salonunun qarşısında 2000 manat, 18 iyun 2021-ci il tarixdə həmin ünvanda yenidən 2000 manat pul alıb, vahid niyyətlə əhatə olunan qəsdlə 6000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 6000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, sonuncunun oğlu Şahid2 barəsində Bakı Apellyasiya Məhkəməsində məhkəmə baxışında olan işə bəraət alacağına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, əmisi Şahid3 adına olan "xxxx" tərəfindən verilmiş “4169 7385 7936 4146” nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs3 tərəfindən 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 1965-də yerləşən «Bravo» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə 2000 manat, 01 fevral 2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocəsən şossesində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə 1000 manat və 02 fevral 2022-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayon filialında yerləşən ödəmə terminalı vasitəsi ilə 1000 manat pul göndərilməsinə nail olaraq,vahid niyətlə əhatə olunan qəsdlə ümumilikdə 4000 manat pulu şəxsən ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Daməd qızına Almaniya Respublikasından ucuz qiymətə 12500 manat məbləğində pulun qarşılığında “Kia Rio” markalı avtomobili gətizdirə biləcəyini demişdir. İlahə də ona 12500 manat məbləğində pulunun olmadığını demişdir. İlahə 6000 manat məbləğində pulu ilkin olaraq ödəməsini qalan 6500 manat məbləğində pulu isə banka sala biləcəyini və İlahənin qalan 6500 manat məbləğində pulu bankla ödəyəcəyini bildirmişdir. İlahə də ona 6000 manat məbləğində pulu hissə-hissə verə biləcəyini demiş və onlar razılaşmışlar. 14 aprel 2021-ci il tarixdə İlahə ona məxsus “Uni” banka aid hesab kartına 1500 manat məbləğində pul göndərmişdir. Beləliklə İlahənin onda olan 2000 manat məbləğində pulunu da Almaniya Respublikasından avtomobil gətirməyi üçün İlahənin ona verməli olduğu 4000 manat məbləğində pulun üzərinə qoyub avtomobilin ilkin ödənişini edəcəkmiş. İlahə də həmin vaxt onun təklifi ilə razılaşmış və işdən çıxaraq Bakı şəhərinə qayıtmışdır. 2021-ci ilin iyun ayında İlahə ilə əlaqə saxlayaraq “Kia Rio” markalı avtomobilin Azərbaycan Respublikasına gətirilməsi üçün verməli olduğu 4000 manat məbləğində pulu istəmişdir. 2021-ci ilin iyun ayının ortalarında o, İlahə ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində iki dəfə görüşərək hər dəfə 2000 manat olmaqla ümumilikdə sonuncudan 4000 manat pul almışdır. Lakin sonradan pandemiya ilə əlaqədar olaraq o, Almaniya Respublikasından avtomobili gətirə bilməmiş və İlahədən almış olduğu 6000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs2 aldığı bütün pulları qaytarmış və onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs1 isə 2021-ci ilin sentyabr ayında Ülvinin tanışı X3 Rusiya Federasiyasında təhsil aldığını və oradan almış olduğu diplomu Azərbaycan Respublikasında tanınması üçün diplomu təsdiqlətmək lazım olduğunu bildirmişdir. O, da pula ehtiyacı olduğu üçün Ülviyə Təhsil Nazirliyində tanışı olduğunu və tanışları vasitəsi ilə Nərgizə məxsus diplomu təsdiqlədə biləcəyini bildirmişdir. O, düşünmüşdür ki, Ülvidən Nərgizə məxsus diplomu təsdiqlətmək adı ilə pul alaraq digər borclarına versin, diplomu isə maraqlanıb tanış taparaq təsdiq etdirər. Buna görə də, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən istirahət parkında Ülvi ilə görüşmüş və orada Ülvidən 8000 manat pulu almışdır. Həmçinin həmin vaxt o, Nərgizə məxsus şəxsiyyət vəsiqəsinin və diplomun surətini Ülvidən götürmüşdür. Ülvidən almış olduğu 8000 manat pulu şəxsi işlərinə xərclədiyi üçün pulu qaytara bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs1 aldığı bütün məbləği qaytarmışdır və aralarında barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, onun oğlu Şahid2 Xanməmməd oğlu barəsində apellyasiya məhkəməsində olan cinayət işi həll etmək məqsədilə pul almışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində Polad ilə söhbət əsnasında Polad ona məhkəmədə olan işini həll etmək istədiyini bildirən zaman o, sonuncudan pul almaq məqsədi ilə əmisinin tanışlarının olduğunu və əmisi vasitəsi ilə 4.000 manat məbləğində pulun qarşılığında məhkəmədə olan cinayət işinə köməklik edə biləcəyini və işi bəraətverici əsaslarla xitam elətdirə biləcəyini demişdir. Bundan sonra əmisi Mirqasımla əlaqə saxlayaraq sonuncuya bir nəfər tanışının ona borcu olduğunu, həmin şəxsin kənarda olduğu üçün pulu göndərmək üçün plastik kart hesabı istədiyini, plastik kart hesabı olmadığı üçün pulu kartına göndərilməsini istədiyini bildirmişdir. Mirqasım da ona inanaraq özünə məxsus "xxxx" tərəfindən verilmiş “4169 7385 7936 4146” nömrəli plastik kartı ona vermişdir. O, da həmin plastik kart hesabının nömrəsini Polada göndərmişdir ki, pulu həmin kart hesabına göndərsin. Bundan sonra Polad xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat olmaqla ümumilikdə 4000 manat pulu Mirqasıma məxsus kart hesabına göndərmişdir. O, Mirqasımın kart hesabından 4000 manat pulu çıxarıb kartı sonuncuya geri qaytarmışdır. Polad və atası onunla əlaqə saxlayıb iş barədə maraqlanan zaman o, vaxt qazanmaq məqsədi ilə işlərin yaxşı getdiyini və pulu əmisinə verdiyini, bu işləri əmisinin tanışları vasitəsi ilə həll edəcəyini demişdir. Hazırda zərərçəkmiş şəxsdən aldığı bütün pulları qaytardığını bildirərək, Şahid2 ilə barışdığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 Bamraməli oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında xaricdə təhsil almış tanışı X7 ona müraciət edərək Rusiya Federasiyasında təhsil aldığını və oradan almış olduğu diplomunun Azərbaycan Respublikasında tanınması üçün diplomunu təsdiqlətmək lazım olduğunu bildirmişdir. O da Nərgizə həmin işlərdə onlara kömək də biləcək tanışının olduğunu demiş və Elmir ilə əlaqə saxlamışdır. O, Elmirə tanışı Nərgizin Rusiya Federasiyasında aldığı diplomu Təhsil Nazirliyində təsdiqləmək lazım olduğunu bildirmişdir. Elmir də ona diplomun təsdiqlənməsini 8000 manat pulun müqabilində tanışları vasitəsi ilə həll edə biləcəyini bildirmişdir. Elmirlə görüşmüş və ona 8000 manat pulu vermişdir. Həmçinin həmin vaxt o, Nərgizə məxsus şəxsiyyət vəsiqəsinin və diplomun surətini Elmirə vermişdir. Elmir ona diplomu 3 ay müddətinə təsdiqlətdirəcəyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, tərəfindən vurulmuş maddi ziyanı tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr-dekabr aylarından etibarən tanımışdır. Elmir ona Almaniya Respublikasından ucuz qiymətə “Kia Rio” markalı avtomobil gətizdirə biləcəyini demişdir. 14 aprel 2021-ci il tarixdə o, Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən “Araz” super marketdə olan “milliön” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus “Uni” banka aid hesab kartına 1500 manat məbləğində pul göndərmişdir. 2021-ci ilin aprel ayının sonlarından etibarən o, ümumilikdə olan 2000 manat məbləğində pulu da onun verməli olduğu 4000 manat məbləğində pulun üzərinə qoyub avtomobilin ilkin ödənişini edəcəyini demişdir. O, da Elmirlə razılaşmışdır. 15 iyun 2021-ci il tarixdə Elmir onunla əlaqə saxlayaraq “Kia Rio” markalı avtomobilin Azərbaycan Respublikasına gəldiyini demiş və ondan 4000 manat məbləğində pulu istəmişdir. O, Elmirin sabahı gün, yəni 16 iyun 2021-ci il tarixdə ünvan 4 ünvanına dəvət etdim. 16 iyun 2021-ci il tarixdə Ə.Ağaoğlu küçəsi 7 ünvanında yerləşən “Rəngarəng” gözəllik salonunun qarşısında Elmirə 2000 manat məbləğində pulu vermiş və qalan 2000 manat məbləğində pulu 18 iyun 2021-ci il tarixdə verəcəyini bildirmişdir. 18 iyun 2021-ci il tarixdə Elmir ünvan 4 ünvanında yerləşən “Rəngarəng” gözəllik salonunun qarşısına gəlmiş və o, qalan 2000 manat məbləğində pul da Elmirə vermişdir. Bundan sonra o, Elmirdən avtomobili tələb etdikdə sonuncu hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanı tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, oğlu Poladın apellyasiya məhkəməsində işi olmuşdur. Polad dostu Təqsirləndirilən şəxs onun işinə köməklik edə biləcəyini və işi bəraətverici əsaslarla xitam elətdirə biləcəyini demişdir. Elmir bu işin müqabilində 4.000 manat pul verməli olduqlarını və işi apellyasiya məhkəməsində xitam elətdirəcəyini demişdir. O da Elmirlə danışdıqdan sonra, sonuncuya inanmışdır. Elmir əmisi Mirqasımın Apelyasiya məhkəməsinin sədri ilə danışdığını və pulu göndərmələrini istəmişdir. O, da xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, X13 yerləşən “Bravo Super marketdə” olan “E-manat” vasitəsilə 2.000 manat Elmirin onlara göndərdiyi əmisi Mirqasımın adına olan "xxxx" kartına göndərmişdir. Elmir Poladdan pulun qalan hissəsini tələb etdiyi üçün o, xx.xx.2022-ci il tarixdə “E-manat” vasitəsilə 1.000 manat, xx.xx.2022-ci il tarixdə isə Nərimanov rayonunda yerləşən "xxxx" filialından 1.000 manat pulu Mirqasımın adına olan "xxxx" kartına göndərmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 2016-cı ildən etibarən tanımışdır. 2021-ci ilin aprel ayında o, və İlahə ailəsi ilə birlikdə Elmirə məxsus olan İsmayıllı rayonunda “Dəniz” otel ailəvi istirahət mərkəzinə getmişlər. O, həmin vaxt İlahə ilə Elmiri tanış etmişdir. Onlar orada olan zaman söhbət əsnasında Elmir İlahəyə özünə məxsus olan İsmayıllı rayonunda yerləşən “Dəniz” otel ailəvi istirahət mərkəzində 500 manat maaş qarşılığında administrator vəzifəsində işləməsin təklif etmişdir. İlahə bir müddət orada işləmiş, lakin ailə vəziyyəti ilə əlaqədar olaraq istirahət mərkəzində işdən çıxaraq Bakı şəhərinə qayıtmışdır. 2021-ci ilin avqust ayının sonlarında İlahə onunla əlaqə saxlayaraq Elmirin ona Almaniya Respublikasında “Kia Rio” markalı avtomobil gətirmək adı ilə onun etibarından sui-istifadə edərək 6000 manat məbləğində pulunu mənimsədiyini bildirmişdir. O, da İlahəyə Elmir ilə heç bir əlaqəsinin olmadığını demiş və sonuncuya hüquq mühafizə orqanlarına şikayət etməsini məsləhət bilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid2 və Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmədə tədqiq edilən “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs1 müraciəti əsasında fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddsi ilə cinayət işi başlanılmışdır. Məhkəmədə tədqiq edilən “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 may 2022-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs2 müraciəti əsasında fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddsi ilə cinayət işi başlanılmışdır. Məhkəmədə tədqiq edilən 17 iyun 2022-ci il tarixli “Materialın cinayət işinə birləşdirilməsinə dair” qərara əsasən X1 şikayəti əsasında araşdırma materialı ********* saylı cinayət işinə birləşdirilərək istintaqı davam etdirilmişdir. Məhkəmədə tədqiq edilən 16 sentyabr 2022-ci il tarixli “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” qərara əsasən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş və eyni icraatda bilrəşdirilmiş cinayət işi ********* nömrəsi altında Azərbaycan Respublikasının CM-nin 187.2.2 və178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-345/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respulikasının Ədliyyə Nazirıiyi İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 28 fevral 2023-cü il tarixli sorğuya əsasən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1 (011)-345/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü il 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə İsmayıllı rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmış, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında “ Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının tətbiq edilməsi ilə bağlı ismayıllı Rayon Məhkəməsinin 7(037)-11/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə cəza müddəti bitdiyi üçün İsmayıllı rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmədə tədqiq edilən təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair 30 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli qərradan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 təqdim etdiyi xx.xx.2021-ci il tarixli qəbzlərin və “Whatsapp” yazışmalarının surəti əks olunmuş 04 ədəd kağız üzərində olan sənədlərin surəti, iş üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi 31 yanvar 2022-ci il 01 və 02 fevral 2022-ci il tarixli qəbzlərin surəti əks olunmuş 01 ədəd kağız üzərində olan sənədin surəti sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilsin. Məhkəmədə tədqiq edilən zərərçəkmiş şəxs X9 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacağı bildirilmişdir. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış 09 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış 01 avqust 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş çıxarışdan aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü Ayan Həşimova və xx.xx.2009-cu il təvəllüdlü Mirhaşım Həşimov adlı 02 azyaşlı övladı vardır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qızına məxsus Rusiya Federasiyasıyasında bakalavr təhsili aldığı X12 universiteti tərəfindən verilmiş 100505 ******* nömrəli diplomu Azərbaycan Respublikası Elmi və Təhsil Nazirliyində nostrifikasiya etdirəcəyinə yalandan vəd verərək 8000 manat məbləğində pulun alnmasına, digər Zərərçəkmiş şəxs2 Almaniya Respublikasından 12.500 manat dəyərində «Kia Rio» markalı avtomobil gətirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 6000 manat almasına və digər zərərçəkmiş şəxs Şahid2 barəsində məhkəmə baxışında olan işə bəraət alacağına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq ondan 4000 manat pulun müqabilində köməklik edəcəyinə dair vəd verməsi ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ittiham olunan məbləğdə pulu tələb edərkən vəd verdiyi işi görmədiyi və işin görülməsi ilə bağlı öhdəliyi üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul almasına baxmayaraq həmin işləri görmək niyyətində olmadığı istintaq materialları ilə yanaşı həmçinin, təqsirləndirilən şəxsin özünü etirafı, müdafiə tərəfindən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzləri və digər sübutlarla müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməsini, onlarla barışıq əldə etməsini, həmçinin himayəsidə 02 (iki) azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər eyni məzmunlu cinayət əməli törətməklə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, cəzadan xx.xx.2022-ci ildə azad olunmasına baxmayaq Təqsirləndirilən şəxs yenidən eyni xarakterli cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (28-30 iyul 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, və iş üzrə ödəniş qəbzləri sübut əhəmiyyəti kəsb etdiyindən iş materialarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (28-30 iyul 2022-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs2 təqdim etdiyi xx.xx.2021-ci il tarixli qəbzlərin və “Whatsapp” yazışmalarının surəti əks olunmuş 04 ədəd kağız üzərində olan sənədlərin surəti, iş üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi 31 yanvar 2022-ci il 01 və 02 fevral 2022-ci il tarixli qəbzlərin surəti əks olunmuş 01 ədəd kağız üzərində olan sənədin surəti cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar