Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-114/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orla təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam şəhəri, Füzuli küçəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə saat 10:30 radələrində “B” kateqoriyalı BB 456186 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz" markalı, AZ 77-BJ-İ64 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi ilə həmin küçənin X12 küçəsi ilə kəsişməsi istiqamətindən, həmin küçənin Ziya Bünyadov prospekti ilə kəsişmə istiqamətinə tərəf hərəkətdə olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, o, keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmayaraq, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoyaraq nəqliyyat vasitəsini dayandırmamış və piyadaya yol verməmiş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd olunan tələblərə əməl etməyib avtomobilin qarşısından yolu keçən piyada Zərərçəkmiş şəxs vurub qeyd olunan yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan sonuncunun oma sümüyünün İ fəqərə cisminin ətrafında sümük iliyin ödemi olan kompresion xətti sınığı, sağ qasıq sümüyün cisminin xətti sınığı, sirkə kasası oynağının ucunun ön divarının və damının, sağ oturacaq sümüyün aşağı şaxəsinin lokal xətti sınığı kimi, dərəcəsinə görə sağlamlığının uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarətəri yetirilməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində o, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Mercedes Benz” markalı 2000-ci il buraxılışlı 77- BJ-İ64 dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə üzü Ziya Bünyadov prospekti istiqamətində 50 km saat sürətlə 1-ci zolaqla hərəkətdə idi. Bu zaman qarşıda piyada zolağanın təxminən 1 metrliyində bir nəfər piyadaçı qadının anidən zolağa daxil olmasını görməmiş və avtomobilin ön sağ hisəsi ilə həmin xanımı vurmuş və həmin qadın zərbədən yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayıb həmin şəxsi öz avtomobilinə əyləşdirib Travmalologiya xəstəxanasına aparmışdır. Xəstəxanada həmin qadını ilkin müayinə etdikdə məlum olub ki, həmin qadın hadisə nəticəsində çanaq sümüyündə sınıq xəsarəti almışdır. Həmin qadının həyat yoldaşı ona bildirmişdir ki, şikayət etməyəcəkdir. Bu səbəbdən də, xəstəxanaya yıxılması barədə məlumat veriblər. O, hadisə baş verən gündən həmin qadının bütün xəstəxana xərclərini ödəmişdir. Belə ki, Travmatologiya xəstəxanasından sonra onlar bildiriblər ki, öz həkimləri vardır və onun yanına getsinlər. Bundan sonra o, sonradan adının Vüsalə olduğunu bildiyi qadını Yeni klinikaya aparmışdır. Ordada yoxlanmalarının hamısın xərcini o, çəkmişdir. Ordan isə Nəsrəddin Tusi adına xəstəxanaya aparıblar. Orda da Vüsalə xanımı həkim yoxlamış və bütün müayinələrdən keçiriblər. Yenə də bütün bu işlərin xərcini özü çəkmişdir. Bundan sonra o, həmin xanımı yaşadığı evə gətirmişdir. Bir neçə gün ərzində Əlibala həmin qadının ehtiyyacı olan dərmanları, mazları və əlavə istədikləri hər bir şeyi almış və Vüsalə xanımın yasadığı evə çatdırmışdır. Qeyd edir ki, o ümumilikdə Vüsalə xanımın müalicə və müayinəsinə 700 manat pul xərcləmişdir. Bundan sonra həmin qadının həyat yoldaşı ona yaxınlaşıb və ondan maddi kömək istəmiş və Əlibala ona 500 manat pul verə biləcəyini bildirdikdə, həmin şəxs ondan 2.000 manat pul tələb etmişdir, Lakin onun buna imkanı yox idi. O, həmin xanıma 1.500 manat öz cibindən, və 1500 manat isə siğortadan pul almağı təklif etmişdir. Yəni ümumilikdə 3.000 manat pul alacaqdı. Lakin onlar bununlada razı olmayıblar. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 10:30 radələrində Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən "Diamond” otelin qarşısında piyada zolağından yolu keçmək isdəyən zaman Mersedes markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onu sağ tərəfindən vurmuş və o yerə yıxılmışdır. Bundan sonra bəmin avtomobilin sürücüsü ona yaxınlaşmış, onu öz avtomobilinə mindirib onun yaşadığı mənzilə, daha sonra isə travmatologiya xəstəxanasına, daha sonra Yeni Həyat klinikasına, daha sonra isə onu Tusi xəstəxanasına aparmışdır. Xəstəxanalarda yoxlamadan sonra məlum olmuşdur ki, onun çanaq sümüyü qırılmışdır. Qeyd edir ki, hadisə zamanı o ağır bədən xəsarəti almışdır. O, yataq xəstəsi olmuşdur. Hadisə nəticəsində onun sağ çiyni, sağ dirsəyi, sağ topuğu və sağ biləyi çıxmışdır. Qevd edir ki, avtomobilin sürücüsü onun bədənində olan sümük çıxmalarını yerinə salması üçün evə həkim gətirmişdir. Həmin həkim onu müalicə etmişdir və həmin çiynində, topuğunda, biləyində və dirsəyində olan çıxmaları bəmin həkim yerinə salmışdır. Lakin daha sonra sürücü onunla maraqlanmamışdır. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia ərizəsi verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 2.600 manat qismən müalicəsi üçün xərc, 8800 manat itirilmiş gəlir və 6.000 manat mənəvi ziyan və 142.20 manat dövlət rüsumu olmaqla ümumilikdə 17.542,20 manat ziyan dəymişdir. Həmin məbləğin onların xeyrinə tutulmasını xahiş etmişdir. İşdə olan 11 fevral 2025-ciü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxışı keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi yaxınlığında baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 12 iyul 2024-cü il tarixli 175-M saylı rəyindən müəyyən edilmişdir ki, X1 almış olduğu xəsarətlər sağ göz yuvasının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşaviət olunan oma sümüyünün İ fəqərə cisminin ətrafında sümük iliyin ödemi olan kompresion xətti sınığı, sağ qasıq sümüyün cisminin xətti sınığı, sirkə kasası oynağının ucunun ön divarının və damının, sağ oturacaq sümüyün aşağı şaxəsinin lokal xətti sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ hilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən 12 avqust 2024-cü il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yolnəqliyyat hadisələri”nin ekspertizasının 10 sentyabr 2024-cü il tarixli 8/2333 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən 77-BJ-İ64 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-ci maddəsinin l-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. İşdə olan X11 İdarəsi tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus BB-456186 saylı B kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixə kimi etibarlıdır və hal-hazırda aktivdir və hən hansi bir məhdudiyyət yoxdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə dogulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X4r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2004-cü il tarixdə dogulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X4r. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cı maddəsinin 1-ci hissəsinə əsasən Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-in 263.1-1, 263.1-1-1, 263.1-1, 263.3, 263.1-1, 263.1-2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin qohumu və ya yaxın qohumu olmadıqda CPM-nin 106.1 maddəsində göstərilən digər şəxs zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87-ci və 106-cı maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-nin tələblərinə müvafiq olaraq mülki iddia vermişsə mülki iddiaçı qismində tanına bilər. CM-in: 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə cəzanı yüngülləşdirən hallar aşagıdakılardır: İlk dəfə cinayət törətməsi; himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olması; əməlindən peşman olması; hadisədən sonra zərərçəkmişə dəymiş zərərdən qismən ödəniş etməsi (700 manat) İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs oma sümüyünün İ fəqərə cisminin ətrafında sümük iliyin ödemi olan kompresion xətti sınığı, sağ qasıq sümüyün cisminin xətti sınığı, sirkə kasası oynağının ucunun ön divarının və damının, sağ oturacaq sümüyün aşağı şaxəsinin lokal xətti sınığı kimi, dərəcəsinə görə sağlamlığının uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarətəri yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın maddi ziyan hissəsi işdə olan ödəniş qəbzləri nəzərə alınmaqla təmin edilməli, təqsirləndirilən şəxsdən vurulmuş maddi zərərə görə 700 (yeddi yüz) maddi ziyan zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qızına oma sümüyünün İ fəqərə cisminin ətrafında sümük iliyin ödemi olan kompresion xətti sınığı, sağ qasıq sümüyün cisminin xətti sınığı, sirkə kasası oynağının ucunun ön divarının və damının, sağ oturacaq sümüyün aşağı şaxəsinin lokal xətti sınığı kimi, dərəcəsinə görə sağlamlığının uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarətəri yetirilmə ilə bağlı ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən (təqsirləndirilən şəxsdən) pul tutulması tələbi əsaslıdır. Lakin, məhkəmə, mülki cavabdehin də əmlak vəziyyəti nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərərin məbləgini 500 (beş yüz) manat müəyyən edir və hesab edir ki, həmin məbləg təqsirləndirilən şəxsdən tutulub zərərçəkənə ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə hesaba keçirilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 700 (yeddiyüz) manat maddi, 500 (beş yüz) manat mənəvi zərər, cəmi 1.200 (min iki yüz) manat və ödənilmiş 142.20 manat dövlət rüsumu tutulub Zərərçəkmiş şəxs ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-114/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-114/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver