Məhkəmə qərarları › İş №1(005)-116/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-116/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-116/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, natamam orta ixtisas təhsilli, işsiz, Şəmkir rayonu, Kür qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə marixuananı əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının əvvəllərində «İnstaqram» sosial şəbəkədən tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran Respublikasının vətəndaşı «Fərdin» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq 10 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə etmiş və həmin marixuananın bir hissəsini özü qəbul etməklə, qalan 6,080 qram hissəsini üzərində saxlayaraq ünvan 2 ünvanın qarşısına daşımış, 15 may 2024-cü il tarixdə, saat 02.45-də həmin ünvanda tanışı Şahid1 borclu olduğu 40 manat pulun əvəzində satmış, 15 may 2024-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı həmin ünvanda hər ikisi Nərimanov rayon Polis İdarəsinin 16-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən 16-cı PŞ-nin inzibati binasına gətirilib inzibati binadakı xidməti otaqda saat 06:00da Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncuya satılmış, həmin 01 ədəd kağız bükümdə 6,080 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana Şahid1 əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saat gecə 1-2 ərəfələrində Kamran ona aldığı telefona görə pul vermək lazım olduğunu yazmışdır. Görüşdükləri zaman pulu verərkən məhləyə 2-3 maşın girmişdir. Bu zaman Kamranla sağolllaşıb evə getmişdir. Həyətdə səs-küy eşitdiyindən çölə çıxmış, Kamranla birlikdə onu da 16-cı Polis Bölməsinə aparmışlar. Bölməyə aparılarkən üstündə narkotik olmamışdır. Polis əməkdaşlarına bildirib ki, Kamrana aldığı telefona görə 40 manat pul vermişdir. Təzyiq altında qalaraq narkotik əvəzində 40 manat verdiyini etiraf etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2-3 aya yaxındır ki, marixuana istifadə edir. Online qaydada almamış, tanış olduğu uşaqlardan 5-10 manat verərək götürmüşdür. Kamranla ailəvi dostluq münasibəti var. Telefonu Kamrandan tutulandan 15- 20 gün qabaq almışdır. Alarkən 40 manat ödəniş etmiş, 40 manat borcu qalmışdır. 15 may gecə saat 1-2 arası onunla telefonda danışmışdır. Telefonu aldıqdan sonrakı müddət ərzində görüşməmiş, yalnız telefonda danışmışlar. Kamran ona qonaq gedəcəyini bildirərək pul lazım olduğunu bildirmişdir. Bir-iki gün öncə də istəmiş, pulu olmadığına görə verə bilməmişdir. Kamran onun yaşadığı ünvana – Papaninə gələrək pulu götürmüşdür. İndiyə kimi Kamranla birlikdə marixuana çəkməmişdir. Onun marixuana istifadə etdiyini bilməmişdir. Hadisə günü Kamranla küçədə siqaret çəkmişlər. Daha sonra evə girmiş, qapının ağzında səs-küy olduğunu eşidərək çölə çıxmış, bu zaman onu da Kamranla birlikdə Polis Şöbəsinə aparmışlar. İkisinin üstünə ayrı-ayrı baxmışlar. Onu 3 polis əməkdaşı maşında döyərək aparmışlar. Üzərində telefondan başqa heç nə çıxmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilməklə göstərmişdir ki, təxminən 2 ay müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə edir və həmin müddətdə narkotik vasitəni «İnstaqram» sosial şəbəkəsi vasitə ilə tanıdığı İran Respublikasının vətəndaşı Fərdin adlı şəxsdən «VhatsApp» sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq alır. Belə ki, həmin şəxsin hazırda xatırlamadığı İran Respublikasına aid olan nömrəsinə öz istifadəsində olan nömrəsindən yazıb ona narkotik vasitə marixuananın lazım olduğunu bildirir. Həmin şəxs ona narkotik vasitəni yerləşdirdiyi yeri göndərdikdən sonra həmin yerə gedib istədiyi narkotik vasitəni həmin yerdən götürür və narkotik vasitənin pulunu əvvəlcədən onlayn qaydada göndərilən hesaba ödəyir. Sonuncu dəfə həmin şəxsdən 2024-cü ilin may ayının əvvəli dəqiq xatırlamadığı tarixdə qeyd etdiyi qaydada 10 qram çəkidə narkotik vasitə marixuana almış, həmin narkotik vasitədən bir qismini tək özü çəkmə yolu ilə istifadə etmiş, qalananı isə xətli dəftər vərəqinə bükülmüş vəziyyətdə özündə saxlamışdır. Həmin narkotik vasitəni almağı və üzərində saxlamağı barədə ailə üzvlərinə və ya kiməsə bildirməmişdir. Şahid1 uzun müddətdir tanıyır, belə ki, onunla ailəvi dostluq münasibəti vardır. Təxminən 10 gün əvvəl tanışı Kamrandan 80 manata «Samsunq» markalı mobil telefon aparatını almış, telefon aparatını alarkən pulu olmadığı üçün razılaşmışdır ki, pulunu Kamrana bir neçə günə verəcəkdir. 14 may 2024-cü il tarixdə Kamran ona zəng vurub pulunu istədikdə ona təklif etmişdir ki, borclu olduğu 80 manatın 40 manatını ona nəğd versin və qalan 40 manat pulun əvəzində çəkmək üçün həmin dəyərdə ona nəşə verər. Kamranın nəşə çəkdiyini bildiyi üçün ona həmin təklifi etmiş, Kamran onun təklifinə razı olmuş və sonra xx.xx.2024-cü il tarixdə gecə saatlarında Kamranla yaşadığı ünvan 2 ünvanın qarşısında görüşmüş, görüş zamanı Kamrana 40 manat pul vermiş, qalan 40 manat borcun qarşılığında isə razılaşdığı kimi xətli dəftər kağızına bükülmüş 01 ədəd bükümdə narkotik vasitə olan marixuana vermişdir. Həmin vaxt aldığı marixuananın qalan hissəsini Kamrana vermiş və onda marixuana qalmamışdır. Kamran ondan içərisində narkotik vasitə olan kağız bükümünü alıb sonra əynindəki şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün saat 02:45 radələrində ünvan 2 ünvanın qarşısında Kamranla dayanıb söhbət etdiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib hərəkətlərindən şübhələndiklərini bildirib onları 16-cı PŞ-nə gətirmişlər. Polis Şöbəsinə gəldikdən sonra polis əməkdaşları onun və Kamranın üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş və bunun üçün video çəkilişdən istifadə edəcəklərini demişlər. O və Kamran buna etiraz etməmiş, sonra polis əməkdaşları dövlət hesabına hüquqlarını müdafiə edilməsi üçün müdafiəçilər dəvət etmişlər. Əvvəl Kamranın üzərinə baxış keçirilmiş və polis əməkdaşları Kamranın üzərindən ona borclu olduğu pulun yerinə ona verdiyi narkotik vasitə marixuananı aşkar elmiş və bu barədə protokol tərtib elmişlər. Bundan sonra polislər tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynimdəki şalvarın sağ yan cibindən 01 ədəd «Samsunq Note 10» markalı mobil telefon aparatı müəyyən olunmuşdur. Axtarış zamanı üzərindən başqa saxlanılması qadağan edilmiş hər hansı əşya və yaxud predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları bu barədə protokol tərtib etmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün iştirakçılarla birlikdə o da protokolu imzalamışdır. Göstərmişdir ki, Kamrandan aşkar olunmuş narkotik vasitəni 15 may 2024-cü il tarixdə borclu olduğu puldan 40 manatın əvəzinə Kamrana vermiş, həmin narkotik vasitəni qeyd etdiyi qaydada İran Respublikasının vətəndaşı olan Fərdin adlı şəxsdən almış, həmin şəxslə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamış, şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. O, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə günü Vaqifə zəng edib ki, aldığı telefona görə ona qalan bocunu verməyi xahiş etmişdir. Daha əvvəl də borcla bağlı ona zəng etmişdir. Vaqif ona telefonda danışarkən bildirib ki, e-manat bağlıdır, buna görə də pulu göndərə bilmir. O da əlbəəl götürəcəyini deyib onun yaşadığı ünvana gəlmişdir. Onunla məhəllədə görüşdükləri zaman polis əməkdaşları gəlib onları tutub aparmışlar. Onun üstündən marixuana çıxıb. Bölmədə olarkən bildirib ki, Vaqifdən narkotiki yox, sadəcə pul götürüb. Polis əməkaşları ona Vaqifin həqiqəti etiraf etdiyini dedikdən sonra, o da məcbur olub Vaqifdən aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Vaqifə saat təxminən gecə 1-ə qalmış zəng edib. Ondan qabaq da onunla pul barədə danışmış, Vaqif üstündə pul olmadığını bildirmişdir. Tutulduqları zaman aldığı pul 16-cı Bölmədə olub. Sonra özünə qaytarmışlar. X7 adası tərəfdə yaşayır, Vaqif isə Papanin ərazisində. Vaqifə zəng etdiyi zaman Yasamalda yaşayan dostugildən qonaq gəlmişdir. 2-3 gün qabaq da Vaqifdən pulu istəmişdir. Həmin gün saat 9-10 arası Vaqif ona pulun olacağını bildirib. Gecə vaxtı da aparatın işləmədiyni bildirib. O da həmin ərazidən keçəcəyini bildirərək pulunu götürmək üçün Vaqifin yaşadığı əraziyə gəlib. Marixuananı “Elşad” adlı şəxsdən alıb. Həmin şəxs də İmişlidə tutulub. 10 gün olardı ki, marixuana üstündə idi. Daimi istifadəçisi deyil. Vaqiflə münasibətləri 1 ilə yaxındır yaranıb. Vaqifin əmisi onun dostudur. Polis əməkdaşlarının maşının görəndə qaçmağa cəhd etmişdir. Vaqifin narkotik vasitə istifadə etdiyini bilməyib. Vaqif “Samsung” markalı telefonu tutulmazdan 10 gün əvvəl ondan alıb. Telefonun pulundan 40 manat vermiş, 40 manat borcu qalmışdır. Baş idarəyə gətirildikdə Vaqiflə ayrı otaqlarda olmuşlar. Polis əməkdaşları ona deyib ki, “Vaqifi niyə qoruyursan, Vaqif həqiqəti dedi.” Bu zaman Vaqifin etiraf etdiyini düşünüb o da məcburən bu ifadəni vermiş, marixuananı Vaqifdən aldığını bildirmişdir. Onu Bölmədə döyməyiblər, Baş idarədə olarkən ona polis əməkdaşları tərəfindən təzyiq göstərilmişdir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, onun ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid1 göstərmişdir ki, o, təxminən 5-6 ay müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə edir. Təqsirləndirilən şəxs xeyli müddətdir tanıyır, onunla ailəvi dostluq münasibəti vardır. Təxminən 10 gün əvvəl dəqiq xatırlamadığı tarixdə istifadəsində olan mobil telefonu tanışı Vaqifə 80 manata satmış, aralarında olan razılığa görə sonuncu telefon aparatının pulunu bir neçə günə ona verməli olmuşdur. xx.xx.2024-cü il tarixdə Vaqiflə danışıb ondan borclu olduğu pulu verməyi dedikdə, Vaqif ona təklif etmişdir ki, gecə onların yaşadığı evin yaxınlığında görüşsünlər və orada Vaqif ona borclu olduğu pulun 40 manatını nəğd verəcək, qalan 40 manatının əvəzində isə həmin dəyərdə narkotik vasitə marixuana verəcəkdir. O, Vaqifin təklifi ilə razı olmuş və xx.xx.2024-cü il tarixdə gecə saatlarında Vaqiflə onun yaşadığı ünvan 2 ünvanın qarşısında görüşmüşlər. Görüş zamanı Vaqif ona 40 manat pul vermiş, qalan 40 manat borcun qarşılığında isə razılaşdığı kimi xətli dəftər kağızına bükülmüş 01 ədəd bükümdə narkotik vasitə olan marixuana vermişdir. Həmin gün saat 02:45 radələrində ünvan 2 ünvanın qarşısında Vaqiflə dayanıb söhbət eldiyi zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib hərəkətlərindən şübhələndiklərini bildirib onları 16-cı PŞ-nə gətirmişlər. Polis Şöbəsinə gəldikdən sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş və bunun üçün video çəkilişdən istifadə edəcəklərini demişlər. O, buna etiraz etməmiş, sonra polis əməkdaşları dövlət hesabına hüquqlarını müdafiə edilməsi üçün müdafiəçi dəvət etmişlər. Üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmış, şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ondan soruşmuşlar ki, üstündə narkotik vasitə və yaxud dövriyyəsi qanunla qadağan olunmuş əşya vardırsa təqdim etsin. O, da polis əmkdaşlarına üstündə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra əynində olan krem rəngli şalvarın sağ yan cibində olan istifadə etdiyi 01 ədəd «Honor X 8» markalı mobil telefon aparatını və şalvarın sol yan cibində olan xətli dəftər kağızına bükülmüş 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı cibindən çıxarıb təqdim etmiş, içərisində narkotik vasitə olan bükümü təqdim edərkən bidilmişdir ki, bükümün içərisindəki narkotik vasitəni özünün şəxsi istifadəsi üçün polis əməkdaşları tərəfindən saxlanılarkən onun yanında olmuş Vaqifdən ona borclu olduğu pulun yerinə aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa saxlanılması qadağan edilmiş hər hansı əşya və yaxud predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ondan aşkar olunmuş həmin narkotik vasitəni zərfə qoyub möhürləmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün iştirakçılarla birlikdə o da protokolu imzalamışdır. Göstərmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsusdur, şəxsi istifadəsi üçün üstündə saxlamış, həmin narkotik vasitəni qeyd etdiyi kimi, 15 may 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən yanında olmuş Vaqifdən almış. Vaqif həmin narkotik vasitəni ona borclu olduğu puldan 40 manatın əvəzinə vermiş, həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək niyyəti olmamışdır. Tanışı Vaqifin ona verdiyi qeyd olunan narkotik vasitəni kimdən alıb əldə etməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 15 iyun 2024-cü il tarixdə saat 02:45 radələrində xidməti zərurətlə əlaqədar olaraq 16-cı PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə xidmətdə olduğu zamanı ünvan 5 ünvanın qarşısında olduğu zaman iki nəfər şəxsin hərəkəti və davranışı ilə özlərini şübhəli aparmalarını müşahidə etmişər. Həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, həmin şəxslərdən özlərini təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxslər davranışları və hərəkətləri, eləcədə şifahişi suallara qeyri-müəyyən cavab vermələri onlarda həmin şəxslərin narkotik vasitə və ya psixotrop maddə təsiri altında olmaları ilə bağlı şübhə yaratdığından onlarla birlikdə Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gəlməsini xahiş elmiş və onları PŞ-nə gətirmişlər. Bundan sonra həmin şəxslər barəsində qanuni müvafiq tədbir görülməsi barədə raportla məruzə etmişlər. Polis Şöbəsində həmin şəxslərin şəxsiyyəti müəyyən edilmişdir. Bundan sonra Şahid1 və X2 üzərində şəxsi axtarış aparılmağa başlanılmış, əvvəlcə Şahid1 üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmış, ilk öncə Şahid1 təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Bu təklifdən sonra Şahid1 üstündə narkotik vasitə olduğunu bildirmiş, sonra əynində olan krem rəngli şalvarın sağ yan cibində olan istifadə etdiyi 01 ədəd «Honor X 8» markalı mobil telefon aparatını və şalvarın sol yan cibində olan xətli dəflər kağızına bükülmüş 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı cibindən çıxarıb təqdim etmiş, içərisində narkotik vasitə olan bükümü təqdim edərkən bidirmişdir ki, bükümün içərisindəki narkotik vasitəni özünün şəxsi istifadəsi üçün saxlanılarkən onun yanında olmuş Vaqifdən ona borclu olduğu pulun yerinə almışdır. Bundan sonra tərəflərindən Şahid1 üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa saxlanılması qadağan edilmiş hər hansı əşya və yaxud predmeı aşkar edilməmişdir. Bundan sonra ondan aşkar olunmuş həmin narkotik vasitə zərfə qoyulub möhürləmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün protokolu imzalamışdır. Bundan sonra X2 üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş. Polis şöbəsinin xidməti otağında videoçəkilişlə əvvəlcə X2 üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmış, X2 üzərində şəxsi axtarış keçirildikdə əynindəki şalvarın sağ yan cibindən 01 ədəd «Samsunq Note 10» markalı mobil telefon aparatı müəyyən olunmuşdur. Axtarış zamanı üzərindən başqa saxlanılması qadağan edilmiş hər hansı əşya və yaxud predmet aşkar edilməmiş, bundan sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 15 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 15 may 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung Note 10” markalı mobil telefonu təqdim etmişdir. Lakin üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16-2-7/759 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Şahid1....» yazılar və imzalar qeyd edilmiş kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 6,08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aparılmış ekpsertiza tədqiqatının dəyəri 78 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin Ambulator X1 17 may 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 16 may 2024-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Hüseyn Nuriyevin AR CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan, vəsatətin müdafiə edilməsindən imtina olunması və onun dərhal saxlanıldığı yerdən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 16 may 2024cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 6,08 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 6,03 qram çəkidə narkotik vasitə marixuana saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. “Şübhəli şəxs Şahid1 15 may 2024-cü il tarixdə üzərində şəxsi axtarış və götürmə aparılması barədə” diskə məhkəmə iclasında baxış keçirilərkən müyyən edilmişdir ki, Şahid1 üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Şahid1 əynindəki krem rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Honor X8” markalı mobil telefonu, şalvarının sol yan cibindən isə xəttli dəftər kağızına bükülmüş içərisində spesifik qoxuya malik, yaşıl rəngli, ot şəkilli vasitə olan 01 ədəd bükümü təqdim etdi. Şahid1 bildirdi ki, aşkar olunan bükümün içərisindəki kütlə narkotik vasitə olan “nəşə” adı ilə tanınan marixuanadır. Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə olan bükümü xx.xx.2024-cü il tarixdə tanışı olan və birlikdə saxlanıldığı Vaqif adlı şəxsdən borc qarşılığında aldığını bildirmişdir. “Şübhəli şəxs Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə üzərində şəxsi axtarış və götürmə aparılması barədə” diskə məhkəmə iclasında baxış keçirilərkən müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd «Samsunq Note 10» markalı mobil telefonu çıxararaq masanın üzərinə qoydu. Onun üzərindən başqa qeyri-qanuni əşya aşkar edilmədi. Bundan başqa Təqsirləndirilən şəxs bildirdi ki, Kamranın üzərindən çıxan narkotik vasitəni o vermişdir. Kamrandan 80 manata telefon almış, 40 manatını vermiş, qalan 40 manat borcun əvəzində isə ona marixuana vermişdir. Narkotik vasitəni “Fardin” adlı İran vətəndaşından təmassız olaraq 130 manata almışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdiyi xüsusatlara gəldikdə isə məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı şahid arasında olan dostluq münasibətlərini əsas götürərək təqsirləndirilən şəxsə qarşı onu ifşa edən ifadələr verməyərək bu yolla onu cinayət məsuliyyətindən qurtarmağa çalışmışdır. Onun məhkəmə istintaqı zamanı verdiyi ifadə təqsirləndirilən şəxsi müdafiə etməyə yönəldiyindən, məhkəmə həmin ifadəni həqiqəti əks etdirən və obyektiv şəkildə verilmiş ifadə kimi qəbul etmir və şahidin ibtidai istintaq zamanı heç bir təzyiq qarşısında qalmadan, sərbəst şəkildə verdiyi ifadələri (həm üzərində şəxsi axtarış və götürmə aparılması zamanı verdiyi izahatını, həm də şahid qismində dindirilərkən verdiyi ifadə) həqiqi ifadə kimi qəbul edərək təqsirləndirilən şəxsə qarşı elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Şahid1 ibtidai istintaq zamanı verdiyi, digər şahidlər Şahid2 və Şahid3 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadəni özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan vaxt törətməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası sanksiyanın aşağı həddində təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırılma növündə cəzanın müddətinə bir gününə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən 15 may 2024-cü il tarixdən 16 may 2024-cü il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli – 21 fevral 2025-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının ümumi dəyəri 78 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 6,03 qram marixuana məhv edilməli və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdən 16 may 2024-cü il tarixədək tutma altında saxlanıldığı cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 fevral 2025-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı - 6,03 qram çəkidə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 78 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar