Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-117/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi ev 97, mənzil 38-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs mərhum anası X1 miras qalmış mənzilin bölgüsü ilə bağlı aralarında əvvəlcədən mövcud olmuş narazılıqla əlaqədar, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 97 saylı evin, 38 saylı mənzilində qardaşı Zərərçəkmiş şəxs həmin ünvana gəlməsindən hiddətlənib, Zərərçəkmiş şəxs həmin mənzildə mərhum anası Rakiya Alimovaya aid ev və məişət əşyalarından əlavə pay istəməsi ilə razılaşmayaraq, sonuncunun da həmin evdə daimi qeydiyyatda olmasını nəzərə almadan, ona təkidlə evi tərk etməsini bidirib, onun şəxsi əşyalarının qarışdırılmasını bəhanə edib qisas almaq məqsədilə mənzildən götürdüyü dəmir parçası ilə qəsdən Zərərçəkmiş şəxs sol dirsək nahiyəsinə, əlləri ilə başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək, ona sol dirsək sümüyünün ikili yerdəyişən qapalı sınıqları, alının, sifətin sıyrıqları, sağ saidin, döş qəfəsinin qançırları kimi, insan həyatı üçün təhlükəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətə pozulması ilə müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xuliqanlıq niyyəti ilə az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır və faktiki olaraq ayrı yaşayır, lakin Boris hal-hazırda onun yaşadığı, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 97 saylı evin 38 saylı mənzilində qeydiyyatdadır. Həmin mənzil plana düşdüyündən söküntü işlərinə başlanılmışdır. Mənzildə yaşamış rəhmətlik anası payını vəsiyyətnamə üzrə ona vermiş və ümumilikdə mənzildə olan payın 70%-i ona aiddir, yerdə qalan 30% isə 3 qardaşı arasında bölüşdürülmüşdür. Lakin, qardaşı Boris uzun illər həmin mənzildə yaşamamasına baxmayaraq mənzildən ona çatacaq payla razılaşmır və son zamanlar gəlib həmin mənzildə yaşayaraq onunla münaqişə yaradaraq hədələmişdir ki, “səni tutdurub mənzildə sənə çatacaq payı əlindən alacam”. xx.xx.2020-ci il tarixdə təxminən saat 13 radələrində mənzilin qapısını açıb bayıra çıxmaq istəyəndə qardaşı Borisin blokda olduğunu görüb tez içəri daxil olub qapını bağlamışdır. Boris nə qədər qapını döysə də, o qapını açmamışdır. Sonra mənzilin qazı, işığı sönmüş, həmçinin giriş qapısının gözlüyünün bağlı olduğunu görmüşdür. O, qulaq asıb görmüşdür ki, heç bir səs gəlmir və fikirləşmişdir ki, qaz işıq kəsilib. Buna görə də şirkətə zəng vurub qazı və işığı bərpa etmələrini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra iki nəfər gəlib qapını döyüb usta olduqlarını bildirmişlər və qazı işığı bərpa emişlər. Bu zaman onun icazəsi olmadan Boris özbaşına mənzilə daxil olmuş və onu mənzildən çıxara bilməmişdir. Mənzilin içərisində Boris onu bütün gecəni yatmağa qoymayaraq onunla mübahisə edib, 70% ev payı tələb etmişdir. Boris həmin gün mənzildən çıxmamış və bütün gecəni onula qalmışdır. Ona, səhərə kimi hədə-qorxu gələrək əgər bütün payın 70%-ni ona verməsə şərləyib tutduracağını və türmədə başına oyun açdıracağını demişdir. Belə deyən zaman Boris telefonun diktofonunu onun ağzına tutmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 14 radələrinə Boris ona aid olan əşyaları qəsdən sındırdığı üçün ondan mənzilini tərk etməyi dəflərlə tələb və xahiş etmişdir. Ounla mülki problemi varsa, həmin problemi məhkəmə yolu ilə həll etməyini demişdir. Nəyə görə onu evində döyüb əşyalarını qırmasının səbəbini soruşmuşdur. Lakin Boris onu yenə də təhqir etdiyi üçün aralarında münaqişə yaranmış və onlar əlbəyaxa olmuşlar. Münaqişə zamanı Boris ona əlləri və ayaqları ilə zərbələr endirmişdir. O isə özünü müdafiə etmişdir. Bundan sonra Boris mənzildən çıxıb getmişdir. O, çıxıb gedən zaman Borisdə heç bir xəsarət və ya xəsarət izləri olmamışdır. Onların arasında Borisin təşəbbüsü ilə yalnız əlbəyaxa münaqişə olmuş, lakin bu zaman onun əlində armatur parçası olmamışdır. O, Borisi kənar heç bir əşya ilə vurmamışdır. Boris özü-özünə qəsdən xəsarət yetirib ki, sonradan onu şərləyib şantaj edərək mənzildəki ümumi payın 90%-nə sahib olsun. xx.xx.2020-ci il tarixdə Borislə mübahisə etdiyi zaman mənzilin içərisində ondan başqa heç kim olmamış və aralarında olan mübahisə və münaqişəni heç kim görməmiş və eşitməmişdir. Sonda Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 saylı mənzili anası Rakiyya Alimovaya məxsusdur. 2020-ci ildə anası dünyasını dəyişmişdir. Həmin mənzildə o və qardaşı Anatoliy qeydiyyatdadır. O, 2012-ci ilədək həmin mənzildə yaşamış, lakin 2012-ci ildə qardaşı Anatoliy onu mənzilə buraxmadığından məcbur olub arvadının anasının mənzilində yaşamışdır. Anasına məxsus olan həmin mənzil plana düşdüyündən halhazırda söküntü işləri aparılır və mənzildə yaşayış yoxdur. 2020-ci ilin təxminən aprel-may aylarında ona məlum olmuşdur ki, qardaşı Anatoliy anasına məxsus olan həmin mənzilin 70%-ni öz adına rəsmiləşdirmiş, yerdə qalan 30% isə ona, qardaşı Viktor və Vitaliyə məxsusdur. Lakin, o, bu şərtlərlə razılaşmadığından mənzildə söküntü işləri aparıb yerində bina inşa etməli olan şirkətin tərtib etdiyi müqaviləyə imza atmaqdan imtina etmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində o, həmin mənzilə getmiş və həmin vaxt qardaşı Anatoliy mənzildə olmuşdur.O, həmin gecəni orada qalmış, lakin qardaşı Anatoliylə danışmadığı üçün aralarında hər hansı bir mübahisə olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Anatoliy onun mənzildən çıxmağını bir daha tələb etmiş və mənzildən çıxmadığı üçün Anatoliy əlinə armatur parçası götürərək üzərinə hücum çəkmişdir. O, Anatolinin əlində olan armatur parçasının baş nahiyəsinə dəyəcəyindən qorxaraq sol əlini yuxarı qaldırmış və armatur parçası onun sol qoluna dəymişdir. Bundan sonra Anatoliy onu yerə yıxaraq taxtadan olan stulla onu vurmaq istəmişdir. Lakin, sonra nəsə başa düşüb sakitləşmişdir. Baş vermiş hadisədən sonra o, tanışı Vasiliyə zəng vurmuşdur. Vasiliy evə gələrək onun qolunun, üzünün və əynində olan paltarların qan içərisində olduğunu görərək onu həyətə düşürüb yoldan arvadınıda götürərək Travmatologiya Xəstəxanasına aparmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və qardaşı Anatoliyi 40 ildir ki, tanıyır, Boris ilə yaxşı münasibətləri var. xx.xx.2020-ci il tarixdə saat 14:30 radələrində Boris onun mobil telefonuna zəng vurub harada olduğunu soruşmuş və onu Təbriz küçəsində yerləşən evlərinə çağırmışdır. O, təxminən 15 dəqiqədən sonra onların yaşadığı evə gəlmişdir. 5-ci mərtəbəyə qalxanda mənzilin qapısı açıq vəziyyətdə olmuşdur. Mənzilə daxil olmuş və görmüşdür ki, Borisin sol qolu, üzü, əynində olan paltarları qan içərisindədir. Anatoliy isə evdə oturmuşdur. O, Borisdən nə baş verdiyini soruşanda Boris qardaşı Anatoliyin onu armatur parçası ilə qoluna vuraraq döyməsini demişdir. O, dərhal Borisə köməklik edərək həyətə düşürmüş və avtomaşınına əyləşdirib yolda Borisin arvadını da götürərək Travmotologiya İnstitutuna aparıb düşürüb çıxıb getmişdir. O, Boris və Anatoliyin yaşadığı mənzilə daxil olanda orada onlardan başqa heç kim olmamışdır. Mənzildə hər hansı bir davanın şahidi olmamış və onların dava etmələrini görməmişdir. Cinayət işinin 14-19-cu vərəqələrində olan xx.xx.2020-ci il tarixli “Hadisə yerinə baxış protokolu”nda görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Mirsoltan Sarıyev vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsini rəhbər tutub hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu: Həmin bina beş mərtəbədən ibarətdir. X7 şirkəti tərəfindən sökülür və demək olar ki, binada yaşayış yoxdur. Hadisə yeri binanın beşinci mərtəbəsinin 38-ci mənzilidir. X6 bildirdi ki, həmin ünvanda qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə, saat 14:00-da qardaşı Anatoliy həmin ünvanda dəmir parçası ilə qoluna vuraraq xəsarət yetirmişdir. Cinayət işinin 23-26-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Nərimanov rayon Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 657 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sol dirsək sümüyünün ikili yerdəyişən qapalı sınıqları, alnın, sifətin sıyrıqları, sağ saidin, döş qəfəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Cinayət işinin 31-ci vərəqində olan Bakı şəhəri Nərimanov rayon MKTB-nin 20 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 55-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin 92-93-cü vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 111-112-ci vərəqələrində olan “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin 114-121-ci vərəqələrində olan “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işinin 141-142-ci vərəqələrində olan “Polisin nəzarəti altına qətimkan tədbirinin seçlməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olsa da, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl düzgün tövsif edilməmişdir. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma (CM-in 127.2.3-cü maddəsi) təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına xəsarət yetirmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi şəxsə xəsarət yetirmək üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyətilə sağlamlığa az ağır zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə adam öldürmə kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Beləliklə, təqsirkarın əməlinin zərərçəkmiş şəxsə qəsdən az ağır bədən xəsarətinin xuliqanlıq niyyəti ilə yetirilməsi üçün xuliqanlıq niyyəti motivinin mövcudluğu mütləqdir. Məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 97 saylı evin 38 saylı mənzilində qardaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı mənzildən götürdüyü dəmir parçası ilə qəsdən Zərərçəkmiş şəxs sol dirsək nahiyəsinə, əlləri ilə başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək, ona sol dirsək sümüyünün ikili yerdəyişən qapalı sınıqları, alının, sifətin sıyrıqları, sağ saidin, döş qəfəsinin qançırları kimi, insan həyatı üçün təhlükəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətə pozulması ilə müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Hazırki cinayət işi üzrə hadisənin baş verdiyi ünvanda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə az ağır bədən xəsarəti yetirilməsi ilə nəticələnmişdir. Məhkəmə ilk əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında mübahisə heç də səbəbsiz başlamamış, Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs yaşadığı mənzilə gələrək anasına məxsus evdən miras payı istəməsindən qaynaqlanmış və Təqsirləndirilən şəxs ona az ağır zərər yetirməsi ilə nəticələnmişdir. Həmçinin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında verilmiş ifadədələrdə hadisə baş verən ünvanda onlardan başqa kimsənin olmadığı bildirilmiş, Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, əxlaq normalarını kobud surətdə pozan nalayiq ifadələr işlədilməsi göstərilməmişdir. Bütün qeyd olunanlar isə Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyətinin mövcudluğunu istisna edir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsi göstərilsə də, xuliqanlıq niyyətinin nədə ifadə olunması açıqlanmamışdır. Bununla da Azərbaycan Respublikasının CM-in 127.2.3-cü maddəsi ilə verilmiş ittiham, işin konkret, faktiki hallarına deyil, daha çox ehtimal və mülahizələrə əsaslanmışdır. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Təsvir olunan qərarlardan və Qanunun tələblərinə istinad edərək məhkəmə hesab edir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyib və mötəbər sübutalar əldə edilib, qiymətləndirilməyibsə, əməl CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilə bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi vacib sayır ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nın 127.2.3-cü maddəsinin tövsifedici əlaməti zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətin məhz xuliqanlıq niyyəti ilə yetirilməsidir. Yəni, təqsirləndirilən şəxsin bu niyyəti həmin cinayətin motivini təşkil etməklə, zərərçəkmiş şəxsə xəsarət yetirərkən, bunu xuliqanlıq niyyəti ilə etməsi nəzərə alınmalıdır. Lakin, toplanmış sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əməl səbəbli olaraq Zərərçəkmiş şəxslə aralarında baş vermiş və ictimai qaydanın pozulmasına, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə olunmasına yönəlməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli törədərkən, bunu xuliqanlıq niyyəti ilə deyil, baş vermiş mübahisə zəminində etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, «ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur». Odur ki, məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin deyil, həmin Məcəllənin 127.1-ci maddəsinin tərkibi vardır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 318.1-ci maddəsinə əsasən «məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.». Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmasını müəyyən etmədi. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-117/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-117/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver