Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-118/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsində yuyucu işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində, alkoqol sərxoşluğu vəziyyətində, vətəndaş Zərərçəkmiş şəxs məxsus, etibarnamə ilə “xxxx” MMCyə verilmiş və yuyulması üçün həmin MMC-nin işçisi Şahid3 tərəfindən ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsində saxlanılmış “Kia Sportage” minik markalı, **-TE-*** qeydiyyat nişanlı avtomobilin açarlarını həmin avtoyuma yerində olan masanın üstündən götürüb, avtomobili hərəkətə gətirərək, talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə idarə edərək həmin yerdən qaçırdıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsi istiqamətində avtomobil yolunda avtomobilini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 8-ci bəndinin tələblərini pozmaqla idarə edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələblərə riayət etməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə işıqforun qırmızı işığında dayanmış Şahid5 idarə etdiyi və onun mülkiyyətində olan “Kia Rio” markalı **-FF-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə toqquşaraq, ehtiyyatsızlıqdan Şahid5 sol dirsək oynağının sırıqları ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən xəsarət yetirilməsinə səbəb olmaqla, həmin avtomobilin əzilməsi nəticəsində mülkiyyətçisi Şahid5 3480,0 manat məbləğində maddi zərər vurmuş, hərəkətinə davam edərək, Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsində dayandıqdan sonra avtomobili geriyə hərəkət etdirərək, avtomobilin arxa hissəsi ilə Həsənoğlu küçəsi tərəfdən yolu keçməkdə olan Şahid6 məxsus və onun tərəfindən idarə edilən “Mercedes Benz E200 CDİ” markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin avtomobilin əzilməsi nəticəsində mülkiyyətçisi Şahid6 950, manat məbləğində maddi zərər vurmuş, eləcə də, Kia Sportage” minik markalı, **-TE-*** qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində mülkiyyətçisi Zərərçəkmiş şəxs 3215,0 manat məbləğində maddi zərər vurmaqla, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq avtomobili idarə edərək, yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, təxminən 3 ilə yaxın müddətdir ki, ünvan 1 ünvanda yerləşən Şahid2 işlətdiyi “Avtomobil yuma məntəqəsində” yuyucu kimi işləmişdir. xx.xx.2020-ci il tarixdə işə səhər saat 8 radələrində gəlmiş, nahar fasiləsinədək 2-3 avtomobil yumuşdur. Saat 13 radələrində iş yerinin yaxınlığında yerləşən sexdə Akif adlı iş yoldaşı ilə birlikdə nahar etmiş, nahar vaxtı 3 bakal NZS pivəsi və 100 qram araq içmiş və Akiflə birlikdə avtoyuma məntəqəsinə qayıtmışdır. Bir qədər sonra, yaxınlıqda yerləşən “xxxx” MMC-nin adını bilmədiyi işçisi, MMC-yə məxsus “Kia Sportage” markalı 90-TE- 148 qeydiyyat nişanlı avtomobili onun işlədiyi avtoyuma məntəqəsinə gətirib, avtomobilin açarını Akifə verərək, ondan avtomobili yumasını xahiş etmişdir. Özü isə avtomobil yuyulduqdan sonra qayıdıb avtomobili götürəcəyini bildirərək, getmişdir. Akif avtomobilin açarını təhvil aldıqdan sonra, avtomobili yuyulması üçün avtoyuma yerinə sürüb, saxlayıb, mühərrikin açarını avtoyuma yerinin içərisində yerləşən otaqda masanın üzərinə qoymuşdur. Avtomobili yuduqdan sonra o, həmin avtomobili idarə etmək qərarına gəlmişdir. Bu səbəbdən avtoyuma yerinin içərisində olan otağa daxil olaraq, həmin avtomobilin açarı masanın üzərindən götürüb, avtoyuma yerində dayanmış “Kia Sportage” markalı **-TE-*** qeydiyyat nişanlı avtomobilin qapısını açıb sükan arxasına oturmuşdur. Bundan sonra avtomobilin mühərrikini işə salıb bir qədər sürüb sonra yerinə qaytarmaq üçün hərəkətə başlamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindəki avtomobil yoluna daxil olub, hərəkətini “Nərimanov” metrostansiyası istiqamətində davam etdirmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü Həsənoğlu küçəsi istiqamətində sol zolaqda təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, Təbriz küçəsi ilə Həsənoğlu küçələrin kəsişməsinə çatdıqda içkili olduğu üçün qarşısında işıqforun qırmızı işığında dayanmış “Kia Rio” markalı 90- FF-823 qeydiyyat nişanlı avtomobili əvvəlcə görməmişdir, gördükdə isə avtomobil ilə aralarında məsafə az olduğundan idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsinə toqquşmuşdur. Zərbənin təsirindən toqquşduğu avtomobil irəli gedərək, yol kəsişməsinin ortasında dayanmışdır. O, isə hərəkətini davam etdirərək, ikinci dəfə idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsi ilə yenidən toqquşmuşdur. İçkili olmağı səbəbindən hadisə yerindən yayınmaq qərarına gəlmişdir. Lakin “Kia Rio” markalı avtomobil qarşında dayandığından irəli hərəkət edə bilməyib, arxaya hərəkətə başlamışdır. Bu zaman geriyə idarə etdiyi avtomobilin arxa hissəsi ilə yol kəsişməsinin Həsənoğlu istiqamətindən hərəkət edən “Mercedes” markalı avtomobilin sol hissəsi ilə toqquşmuşdur. Bundan sonra hərəkətini Təbriz küçəsi ilə üzü Ə.Rəcəbli küçəsi istiqamətində davam etdirib, hadisə yerindən qaçmışdır. Qarşıdakı döngədən sağa dönüb irəlidə, ünvanını xatırlamadığı binanın qarşısında avtomobili saxlayıb, qapıları bağlayaraq, piyada hərəkət edib işlədiyi avtoyuma yerinə geri qayıtmışdır. Avtoyuma yerinə qayıtdıqdan sonra “xxxx” MMC-yə gedib hadisə barədə məlumat vermək istədiyi zaman, MMC-nin müdirinin özünün avtoyuma yerinə tərəf gəldiyini görmüş və hadisə barədə ona xəbər vermişdir. Bir neçə dəqiqə sonra avtoyuma yerinə Nərimanov RPİ-nin əməkdaşları gələrək, onu Nərimanov RPİ-nə aparmışlar. Son olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi qismində çıxış etmiş X9 göstərmişdir ki, zərər çəkmiş şəxs onun atasıdır. Zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə edilmişdir. Zərər çəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmişdir. Hazırda zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda fəaliyyət göstərən adsız avtoyuma məntəqəsinin yerləşdiyi fərdi tikili ona məxsusdur. Həmin avtoyuma məntəqəsini 2018-ci ilin əvvəllərində hazır vəziyyətdə almışdır və həmin vaxtdan avtoyuma məntəqəsi kimi işlədir. Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxın müddətdir ki, ona məxsus avtoyuma məntəqəsində yuyucu vəzifəsində işləyib. Lakin nə onunla, nədə ki digər Akif adlı işçi ilə onun arasında əmək müqaviləsi bağlamamışdır. İlkinin alkoqol asıllılığı olduğundan onu xx.xx.2020-cil il tarixdə işdən azad etmişdir. Özünün əsas işi avtoyuma yerləri üçün dərman və sair ləvazimatların satışı olduğundan, həmin avtoyuma yerində iş rejiminə daimi nəzarət edə bilmir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində dostunun yeznəsinin yas mərasimində olduğu zaman Elnur adlı qonşusu onun mobil nömrəsinə zəng edərək, ona məxsus avtoyuma yerində işçi olan Təqsirləndirilən şəxs avtoyuma yerinə yuyulmaq üçün gətirilmiş nəqliyyat vasitəsini sərxoş halda qaçıraraq, yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Avtoyuma yerinə gedib, orada işləyən Akif adlı digər işçidən nə baş verdiyi barədə soruşduqda, Akif ona Təqsirləndirilən şəxs avtoyuma yerinə yuyulmaq üçün “xxxx” MMC-nin əməkdaşı tərəfindən gətirilmiş “Kia Sportage” markalı **-TE-*** qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə qaçıraraq, Bakı şəhərində idarə etdiyi zaman yol- nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs direktoru və sahibi olduğu Nərimanov rayonu, Xətai prospekti 2B ünvanında fəaliyyət göstərən “xxxx” MMC-də işləyir. xx.xx.2020-ci il tarixdə, saat 13:15-də “xxxx” MMC-nin direktoru Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 adına olan, əslində isə “xxxx” MMC-nin direktoru Zərərçəkmiş şəxs məxsus və etibarnamə əsasında “xxxx” MMCyə etibar olunmuş, 2014-cü il buraxılışlı “Kia Sportage” minik markalı **-TE-*** qeydiyyat nişanlı avtomobil yuyulması üçün yaxınlıqda-Bakı şəhəri, Nərimanov rayonu, N.Süleymanov küçəsinə yerləşən avtoyuma məntəqəsinə “xxxx” MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında sürərək aparmışdır. Avtomobilin mühərrikini işə salma açarını həmin avtoyuma məntəqəsində yuyucu işləyən Akif adlı şəxsə verib, avtomobili yumasını xahiş etmiş, bir qədər sonra avtomobili gəlib aparacağını bildirərək, piyada iş yerinə qayıtmışdır. Bir müddət sonra yuyulması üçün həmin avtoyuma məntəqəsinə verdiyi “Kia Sportage” minik markalı **-TE-*** qeydiyyat nişanlı avtomobilin həmin avtoyuma məntəqəsinin digər işçisi İlkin adlı şəxsin qaçırdığını və yol-nəqliyyat hadisəsi törətdiyini öyrənmişdir. Avtoyuma yerinə gedib avtomobilin açarını İlkindən götürmüşdür. Avtomobildə “GPS” qurğusu olduğundan o, avtomobilin dayandığı yeri aşkar edərək, həmin yerə getdikdə, avtomobilin qabaq hissəsinin əzildiyini görmüşdür. Ona görə də evakuator çağıraraq, avtomobili həmin evakuatora yükləyərək servizə aparmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış “Kia Sportage" minik markalı **-TE-*** qeydiyyat nişanlı avtomobil “xxxx” MMC-dədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15:15 radələrində özünə məxsus, texniki cəhətdən saz olan 2008-ci il buraxılışlı “Kia Rio” markalı **-FF-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü Həsənoğlu küçəsi istiqamətində yolun sol zolağında hərəkətdə olub, həmin küçələrin kəsişməsində yerləşən yol ayrıcına çatdıqda yolun hərəkət hissəsində quraşdırılmış işıqforun qırmızı işığında idarə etdiyi avtomobili “stop” xəttinin qarşısında saxlamışdır. Bu zaman onunla eyni istiqamətdə və eyni zolaqda, arxasında hərəkətdə olan “Kia Sportage” markalı **-TE-*** qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gəlib, ön hissəsi ilə onun dayanmış vəziyyətdə olan avtomobilinin arxa hissəsinə toqquşmuşdur. Toqquşma nəticəsində yaranmış zərbənin təsirindən onun avtomobili irəli hərəkət gedərək kəsişmənin ortasında dayanmışdır. Bu zaman həmin avtomobilin ön hissəsi ikinci dəfə onun dayanmış vəziyyətdə olan avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Bundan sonra həmin avtomobilin sürücüsü avtomobili arxaya hərəkət etdirməyə başlamış və yol kəsişməsinin Həsənoğlu küçəsi tərəfindən hərəkətdə olan “Mercedes’' markalı 90- PF-792 qeydiyyat nişanlı avtomobilin sol arxa qapısı ilə avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. O, avtomobildən yerə düşüb, avtomobildə yaranmış zərərə baxmaq üçün avtomobilin arxa hissəsinə keçdiyi zaman, “Kia Sportage” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətini Təbriz küçəsi ilə üzü Ə.Rəcəbli küçəsi istiqamətində davam etdirib, hadisə yerindən qaçmışdır. Hadisə zamanı o, qarın nahiyyəsindən xəsarət aldığından ətrafda olan şəxslərdən kimsə təcili tibbi yardıma zəng edərək həkim briqadası çağırmışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş həkimlər onu müayinə etmiş, lakin o, ciddi bir xəsarət almadığından xəstəxanaya getməkdən imtina etmişdir. Bir az sonra polis əməkdaşları hadisə yerinə gələrək, hadisə yerinə baxış keçirmişlər. Daha sonra sərxoşluq müayinəsindən keçirilmiş və hadisə ilə əlaqədar izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15:15 radələrində o, həmin vaxt etibarnamə əsasında idarə etdiyi “xxxx” MMC-yə məxsus “Mercedes Bcnz E200 GDİ” markalı 2012-ci il buraxılışlı **- PF-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə üzü Təbriz küçəsi istiqamətində hərəkətdə olarkən, həmin küçələrin kəsişməsində yerləşən yol ayrıcında quraşdırılmış işıqforun qırmızı işığında idarə etdiyi avtomobili saxlamışdır. İşıqforun yaşıl işığı yandıqdan sonra hərəkətə başlayıb kəsişməyə daxil olduğu zaman qarşısında Təbriz küçəsi ilə hərəkətdə olan “Kia Sportage” markalı **-TE-*** qeydiyyat nişanlı avtomobil öz qarşısında dayanmış vəziyyətdə olan “Kia Rio” markalı **- FF-*** qeydiyyat nişanlı avtomobillə toqquşduqlarını görmüşdür. Həmin avtomobillər yolun hərəkət hissəsində, kəsişmənin ortasında dayandıqları üçün o, yolda tıxacın yarandığını görüb, hərəkətinə davam etmək qərarına gəlmişdir. Bu səbəbdən dayanmış vəziyyətdə olan “Kia Sportage” markalı **-TE-*** qeydiyyat nişanlı avtomobil arxa hissəsinə keçib kəsişməni düzünə keçmək istədiyi zaman “Kia Sportage” markalı **-TE-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili arxaya hərəkət etdirdiyi üçün həmin avtomobilin arxa hissəsi onun avtomobilinin arxa sol qapısı ilə toqquşmuşdur. Bundan sonra o, avtomobili saxlayıb yerə enmək istədiyi zaman “Kia Sportage” markalı **-TE-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətini Təbriz küçəsi ilə üzü Ə.Rəcəbli küçəsi istiqamətində davam etdirib hadisə yerindən qaçmışdır. Hadisə zamanı “Kia Rio” markalı **-FF-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü özünü narahat hiss etdiyi üçün ətrafda olan şəxslərdən kimsə onun üçün TTYS-nin həkim briqadasını çağırmış, hadisə yerinə gəlmiş TTYS-nin həkimləri həmin sürücünü müayinə etmişlər. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerinə baxış keçirməklə onun və digər sürücünün izahatını almışlar və alkoqol yoxlamasından keçirilmişlər. Hadisə zamanı heç bir xəsarət almamış və tibb müəssisinə müraciət etməmişdir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid4 iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, həmçinin onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli 2/14978 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, hadisədən sonra “Kia Sportage” minik markalı **-TE-*** qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və onun alkoqol sərxoşluğunun olması müəyyən olunmuşdur. Zərər çəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X7 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4703 saylı ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində təqdim edilmiş “Tural-Ş” kiçik müəssisəsi avtoservis tərəfindən xx xxxxxxx 2020ci il tarixdə verilmiş 5 №li qiymətləndirmə aktında olan dəyişilməli ehtiyat hissələri və təmirbərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “Kia-sportage” minik markalı, **-TE-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, xx.xx.2020-ci il tarixdə nəzəri hesablama yolu ilə təxminən 3215,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 2615,00 manat, təmir-bərpa işlərinin qiyməti – 600,00 manat müəyyən edilir. Beləliklə, 2014-cü il buraxılışlı, həmin “Kia-sportage” minik markalı, **-TE-*** nömrə nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsindən zədələnməsindən zərər çəkmişə dəymiş maddi ziyanın məbləği hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 2647,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 2047,00 manat, təmir işlərinin qiyməti – 600,00 manat müəyyən edilir. Aparılmış ekspert tədqiqatı nəticəsində təqdim edilmiş “AutpoBox” avtoservis tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 145 №li qiymətləndirmə aktında olan dəyişilməli ehtiyat hissələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2008-ci il buraxılışlı “Kia Rio” markalı, **-FF-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, yəni xx.xx.2020-ci il tarixdə nəzəri hesablama yolu ilə təxminən 3480,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti -2380,00 manat, təmir-bərpa işlərinin qiyməti – 1100,00 manat müəyyən edilir. Beləliklə, 2008-ci il buraxılışlı, həmin “Kia Rio” markalı, **-FF-*** nömrə nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərər çəkmişə dəymiş maddi ziyanın məbləği, hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 2636,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 1536,00 manat, təmir işlərinin qiyməti – 1100,00 manat müəyyən edilir. Aparılmış ekspert tədqiqatı nəticəsində təqdim edilmiş “AutoColors” avtoservis tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş xərclər siyahısında olan dəyişilməli ehtiyat hissələri və təmirbərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2012-ci il buraxılışlı “Mercedes Benz E200 CDİ” minik markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, yəni xx.xx.2020-ci il tarixdə nəzəri hesablama yolu ilə təxminən 950,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 600,00 manat, təmir-bərpa işlərinin qiyməti – 350,00 manat müəyyən edilir. Beləliklə, 2012-ci il buraxılışlı, həmin “Mercedes Benz E200 CDİ” minik markalı **-PF- *** nömrə nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərər çəkmişə dəymiş maddi ziyanın məbləği, hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 783,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 433,00 manat, təmir işlərinin qiyməti – 350,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 8/1922 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Sportage markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Əliyev avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Əliyev avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Əliyev toqquşmadan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid5 hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 9,3 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid6 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 9,3 metrdən kiçik məsafədə olmasının istintaq metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid6 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə tövsif edilmiş, “Kia Sportage” markalı, **-TE-*** qeydiyyat nişanlı minik avtomobili cinayətin predmeti olduğundan iş üzrə maddi sübut olaraq tanınması və sahibi Zərərçəkmiş şəxs qaytarılması, işdə olan təhlükəsizlik şəhər xidmətinin kamerasının hadisəni qeydə aldığı 03 ədəd disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiklərindən iş üzrə maddi sübut olaraq qiymətləndirilməsi və cinayət işinə tikilməklə zərfdə saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi X5 məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlunun məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) — min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut “Kia Sportage” markalı **- TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut - 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 06 saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut “Kia Sportage” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 06 (altı) saat üçün cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-118/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-118/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver