Məhkəmə qərarları › İş №1(005)-118/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-118/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-118/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitəyə olan tələbatını ödəmək məqsədi ilə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olmuş təmiz çəkisi 0,311 qram olan şəxsi miqdarından artıq miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından az miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə təmiz çəkisi 0.028 qram metamfetamini tanışı Şahid3 06 oktyabr 2022-ci il tarixdə saat 13:45-də ünvan 3 ünvanında 25 manat pul müqabilində qanunsuz olaraq əldə edib əlindəki cib dəsmalında saxlayaraq daşımış və həmin gün saat 13:55-də Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən qeyd olunan ünvanın qarşısında saxlanılaraq, ünvan 5erləşən Nərimanov RPİ-nin binasına gətirilmiş və orada xidməti otaqların birində saat 15:00-da onun üzərinə video-çəkilişlə şəxsi axtarış keçirilən zaman sağ əlində göy rəngli cib dəsmalının içərisində 01 ədəd ağ rəngli kağıza bükülmüş içərisindəki kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,311 qram çəkidə narkotik vasitə heroin və bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində şəxsi istehlak miqdarından az miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə 0,028 qram çəkidə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə kokos adlanan heroini inyeksiya yolu ilə bədəninə qəbul edir. İstifadə etdiyi narkotik vasitələri bir il bundan əvvəl tanıdığı Şahid3 almışdır. 06 oktyabr 2022-ci il tarixdə narkotik vasitə almaq məqsədilə saat 12-18-də istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək şəxsi istifadəsi üçün ondan narkotik vasitə və psixotrop maddə metamfetamin, hərəsindən bir bükümdə almaq istədiyini bildirmişdir. O da onun istədiyi narkotik vasitəni və metamfetamini 25 manat pul müqabilində satacağını ona demişdir. Onlar bu barədə danışarkən təxminən saat 13:45 radələrində ünvan 3 ünvanının yaxınlığında görüşmək üçün razılaşmışlar. O, razılaşdığı vaxtda həmin ünvanda olmuş, eyni zamanda Şahid3 da ora gəlmişdir. O, Əvəzağa ilə görüşərək 25 manat pulu Şahid3 vermiş, o da bunun qarşılığında ona 02 ədəd adi ağ rəngli kağız parçalarına bükülmüş bükülüləri ona vermişdir. O, Şahid3 ona verdiyi 02 ədəd bükülünü sağ əlində olan göy rəngli cib dəsmalının içərisinə qoyub əlində saxlamışdır. Eyni zamanda Şahid3 da ondan aldığı 25 manat pulu əynində olan şalvarının cibinə qoymuşdur. Həmin vaxt 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirib onlardan adlarını, soyadlarını, harada yaşadıqlarını soruşmuşlar. O, onlara öz adını və soyadını demək istəmədiyini bildirmişdir. Onların narkotik maddə istifadə etdiklərindən şübhələndiklərini bildirmişlər və onlarla Nərimanov RPİ-yə getmələrini təklif etmişlər. Onlarla birlikdə Nərimanov RPİ-yə getmiş, idarədə ona üzərində narkotik maddə olmasında şübhələndiklərinə görə axtarış və götürmə aparacaqlarını demişlər. Şəxsi axtarış zamanı o, üzərində olan iki ədəd içərisində narkotik vasitə olan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Onkoloji xəstədir, eyni zamanda ikinci qrup əlildir. Xəstəliyinə görə mütəmadi olaraq müalicə alır və bədənində olan ağrılarına görə narkotik və psixotrop maddə qəbul edir. Sonda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı X5 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 13:55 radələrində xidməti zərurətlə əlaqədar olaraq Bakı şəhəri Nərimanov rayonu, X6 125A saylı ünvanın yaxınlığında olan zaman, təsadüfən əvvəllər tanımadığı iki nəfər şəxsin şübhəli və gizli formada alış-veriş etmələri diqqətlərini cəlb etmişdir və onların hərəkətlərini müşayiət etməyə başlamışlar. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, onlardan da özlərini təqdim etmələrini təklif edən zaman həmin şəxslərin davranış və hərəkətləri, eləcədə verilən suallara qeyri müəyyən cavab verməsi ilə şübhələrinin daha da artıraraq oradan uzaqlaşmağa cəhd göstərdiklərinə görə onları saxlayaraq Nərimanov RPİ-nə getmələrini təklif etmişlər. Onlar təklifi qəbul etdikdən sonra, birlikdə Nərimanov RPİ-nə gəlmiş və həmin şəxsləri növbətçi hissəyə təqdim etmişlər. Araşdırma zamanı həmin şəxslərin - Şahid3 və Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra həmin şəxslər barəsində araşdırma aparılması üçün Nərimanov RPİ-nin rəhbərliyinə məruzə edilmişdir. Araşdırmanın Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədova həvalə edildikdən sonra, onun tərəfindən həmin şəxslər şübhəli şəxs qismində tutulmalarına dair qərar yazılmış, sonra onların hüquqlarının müdafiəsi ilə bağlı müvafiq vəkil qurumlarından iki nəfər vəkil təyin edilmişdir. Təhqiqatçı tərəfindən həmin şəxslərə hüquq və vəzifələri izah edilmiş və onların üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərarla tanış edilmişlər. Bundan sonra təhqiqatçı onların və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməsinə başlamışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində saxladığı göy rəngli cib dəsmalının içərisindən 01 ədəd adı ağ rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni və 01 ədəd adı ağ rəngli kağıza bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddəni təqdim edib həmin maddələrin heroin və metamfetamin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli mobil telefon cihazını çıxardaraq könüllü təqdim etmiş, daha sonra şəxsi axtarış zamanı onun üzərindən sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi, göy rəngli cib dəsmalının içərisindən 01 ədəd adı ağ rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni və 01 ədəd adı ağ rəngli kağıza bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddəni xx.xx.2022-ci il tarixdə, təxminən saat 13:55 radələrində ünvan 8 ünvanının yaxınlığında əvvəldən tanıdığı Şahid3 25 manat pul qarşılığında aldığını bildirmişdir. Onun könüllü təqdim etdiyi üzərində göy rəngli cib dəsmalının içərisindən 01 ədəd adı ağ rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni və 01 ədəd adı ağ rəngli kağıza bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddələrin götürülərək boş zərfə qoyularaq qablaşdırılmış və "Zərflər üçün" 44 nömrəli möhür ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmənin başa çatmış, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır və bu barədə protokolda qeyd edilmişdir. Tərtib edilmiş protokol iştirakçılara oxunulmuş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 və X2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid2 və X2 ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 06 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 06 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs özünü təqdim edərək, sağ əlində saxladığı göy rəngli cib dəsmalının içərisindən 01 ədəd ağ rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni və 01 ədəd ağ rəngli kağıza bükülmüş, içərisində ağ rəngli, spesifik qoxuya malik maddəni təqdim edərək bildirmişdir ki, həmin maddələr heroin və metamfetamindir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli “EXPLAY TV 240” markalı mobil telefonu cihazını könüllü olaraq təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri xx.xx.2022-ci il tarixdə, saat 13:55 radələrində ünvan 3 ünvanının yaxınlığında əvvəldən tanıdığı Şahid3 25 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və 44 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli, 6/5767 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,311 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,028 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması barədə” 08 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Mobil telefona baxış keçirilməsi haqqında” 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı, ***-***-**-** nömrəli mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda telefon yazışması və sms-lərin olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən Şahid3 Eldar oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mütəmadi olaraq zənglər edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, birlikdə vaxt keçirmək üçün mütəmadi olaraq Şahid3 Eldar oğlu ilə əlaqə saxlamışdır. “DVD diskinə baxış keçirilməsinə dair” 09 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs özünü təqdim edərək, sağ əlində saxladığı göy rəngli cib dəsmalının içərisindən 01 ədəd ağ rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni və 01 ədəd ağ rəngli kağıza bükülmüş, içərisində ağ rəngli, spesifik qoxuya malik maddəni təqdim edərək bildirmişdir ki, həmin maddələr heroin və metamfetamindir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli “EXPLAY TV 240” markalı mobil telefonu cihazını könüllü olaraq təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri xx.xx.2022-ci il tarixdə, saat 13:55 radələrində ünvan 3 ünvanının yaxınlığında əvvəldən tanıdığı Şahid3 25 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və 44 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Cəzasını tam olaraq çəkib qurtarmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 18 oktyabr 2022-ci il tarixli, 6126 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi barədə” 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilmiş narkotik vasitə ilə bağlı və telefon məlumatlarına baxış keçirilməsinə dair videolentə alınmış görüntülərin əks edildiyi 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 0,261 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,018 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, onkoloji xəstə olmasını və ikinci qrup əlil olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,261 qram çəkidə olan narkotik vasitə heroin və 0,018 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,261 qram narkotik vasitə heroin və 0,018 qram psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar