Məhkəmə qərarları › İş №1(005)-118/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-118/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-118/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:50 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə və vəkili “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X6, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, 22 avqust 1970-ci ildə Azərbaycan Respublikası, Biləsuvar rayonu Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MTK-da briqadir işləyən, Biləsuvar rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 222.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 12 dekabr 2020-ci il tarixdən etibarən "xxxx" mənzil tikinti kooperativində məsuliyyətli cəmiyyətində briqadir vəzifəsində işləyərkən 03 mart 2024-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında, "xxxx" MTK tərəfindən hündürmərtəbəli binanın tikintisi işlərinin icrası zamanı məsul şəxs kimi təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etməli olduğu halda, texniki istehsalat şöbəsi üzrə vəzifə təlimatının 2.7-ci bəndində göstərilən “tikinti sahəsində görülən işlərin aparılmasını təhlükəsizliyini təmin etmək” və əməyin mühafizəsi üzrə təlimatın 3.10-cu bəndində göstərilən “kənar şəxslərin öz iş yerlərinə buraxılmasına yol verməmək” barədə üzərinə düşən vəzifələri lazımınca icra etməyib “Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının 1.16 və 2.27-ci bəndlərinin tələblərini pozaraq əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyərək cinayətkarcasına etinasızlıq göstərərək tikinti sahəsinə kənar şəxslərin daxil olmasının qarşısını alan tədbirlər görməyərək və lift şaxtasının qapı boşluğunun bütöv olan təbəqə ilə örtülməsi təmin etməyərək tikinti işlərinin təhlükəli halda aparılmasına yol verməsi səbəbindən xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs tikinti sahəsinə daxil olmaqla tikilməkdə olan binanın blokuna girib açıq vəziyyətdə olan şaxtaya düşüb yıxılaraq bərk yer səthinə dəyməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sağ dirsək və diz nahiyəsinin, hər iki galca, hər iki bud-çanaq oynaqlarının və hər iki budun səthi travması, qarının sol yarısının ön və bayır səthinin piqmentasiya sahəsi (sıyrığın izi) xəsarətləri alması ilə insanların həyat və sağlamlığı üçün real təhlükə yaranmasına səbəb olan tikinti işlərinin planlaşdırılması və ona rəhbərlik edilməsi zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmuşdur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamla özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 2020-ci ildən "xxxx" MTK-da briqadir işləyir. MTK tərəfindən Bakı şəhəri Nərimanov rayonu ərazisində yeni hündürmərtəbəli yaşayış binaları tikintisini həyata keçirir. ünvan 3 ünvanında 4 bina "xxxx" MTK tərəfindən tikilib istifadəyə verilmiş, sonuncu binanın tikintisi etdirilirdi. Həmin binaların bir ümumi həvəti olduğundan ilkin olaraq çəpər olunmamış, Qanuni nümayəndə müraciəti ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib baxış keçirdikdən sonra 2024-cü ilin may ayında çəpərlənməni etmişdirlər. 2024-cü ilin mart ayında "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ev 25 ünvanında tikinti aparılan binada liftlərin quraşdırılması işləri gedib Həmin vaxt liftlərin və hava şaxtaları yuxarı mərtəbələrdə hörülmüş, yalnız aşağı mərtəbədə, yəni birinci mərtəbədən mənfi ikiyə qədər işlər getdiyi üçün qeyd olunan müddətə açıq olmuşdur. İşlər yekunlaşdıqdan sonra həmin şaxtalar da bağlanmışdır. "xxxx" MTK tərəfindən hazırda tikinti aparılan ərazi mühafizə olunur və kənar şəxslərin girişinə icazə verilməmişdir. 2024-cü ilin mart ayında adının sonradan Qanuni nümayəndə olduğunu bildiyi şəxs yaxınlaşıb övladının tikintisi həyata keçirilən binanın blokunda şaxtaya yıxılaraq xəsarət aldığını bildirmişdir. Qanuni nümayəndə qeyd etdiyi gün bazar, yəni qeyri-iş günü olduğundan o və ya işçilər hadisəni görə bilməmişdir. Bundan başqa həmin gün orada mühafizəçi olmuşdur, lakin onun da hadisədən məlumatı olmamışdır. Buna görə düşünülür ki, ümumiyyətlə belə bir hadisə olmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, hər zaman işinə qarşı məsuliyyətlə yanaşmışdır. Hadisə qeyri-iş gününə təsadüf etmişdir və baş vermiş hadisədən təxminən bir ay sonra prokurorluq orqanının əməkdaşları vasitəsilə məlumat alımışlar. Əgər belə bir hadisə olmuşdursa nəyə görə dərhal şirkətin rəhbərliyinə və ya məsul şəxsinə məumat verilməmişdir. Şirkətdə biriqadir kimi işləmişdir, işçilərin əmək fəaliyyətinə və texniki təhlükəsizliyə cavabdeh olmuşdur. Əmək müqaviləsi və vəzifə təlimatını özü imzalamışdır. Hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə olunmuşdur. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İlk dəfədir belə bir hadisə ilə qarşılaşdığını, həmçinin himayəsində iki övladının və ailəsinin olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə dindirilərkən bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə nənəsigilin yaşadığı ünvana qonaq getmişdir. Həmin gün anasından icazə alıb binanın həyətinə düşərək qardaşı və məhəllədə yaşayan uşaqlarla gizlənpaç oynamağa başlamışdır. Nənəsigilin yaşadığı binanın həyətində bina tikintisi aparılırdı. O da oynayan zaman qaçıb yeni tikilən binanın içərisində gizlənmək istəmişdir. Binanın blokuna daxil olmuş, bir neçə addım atıb sağa tərəf dönmək istəyərkən qaranlıq olduğundan görə bilməmiş və anidən aşağı yıxılmışdır. Orada bir neçə dəqiqə hərəkətsiz qalmışdır. Daha sonra bir nəfər şəxs gəlib onu oradan götürüb yuxarı qaldırmış və anasına təhvil vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin bloka girmək üçün heç bir qapı və ya maneə yox idi. Açıq ərazi idi. İşıqları yanmırdı, qaranlıq olduğundan adım atarkən boşluğu görməmişdir. Baş vermiş hadisə bədən xəsarətləri almışdır. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında övladlarını və arvadını götürüb ünvan 4 ünvanında yaşayan qaynatası Mürşüd İbişovun evinə aparıb qoyduqdan sonra şəxsi işləri ilə bağlı oradan çıxıb getmişdir. Həmin gün saat 16 radələrində Gülsurə ona zəng edib, övladı Ömərin yıxıldığını deyərək, təcili tibbi yardım çağırmağını istəmişdir. O, dərhal təcili tibbi yardıma zəng edib məlumat vermişdir. Təcili tibbi yardım əməkdaşları gəlib oğlunu götürərək Xətai rayonu, Babək prospektində yerləşən "X12”-ya aparmışdır. O da həmin klinikaya getmişdir. Orada ilkin müayinə olunduqdan sonra, yer olmadığından Nizami rayonu ərazisində yerləşən “Bona Dea” klinikasına aparmışdırlar. "Bona Dea” klinikasında Öməri müayinə etdikdən sonra, bir gün həmin klinikada qalmışdır. xx.xx.2024-cü il tarixdə klinikadan çıxıb evə gətirmişdir. Övladına ”bud-çanaq oynağı nahiyəsinin və budun səthi travması” diaqnozu qoyulmuşdur. Hadisədən sonra ona məlum olmuşdur ki, övladı Ömər ünvan 5 ünvanının "xxxx" MTK tərəfindən tikinti işlərinin aparıldığı ərazinin yanında digər uşaqlarla oynayarkən tikinti ərazisinə girmiş və yeni tikilən binanın birinci mərtəbəsində liftin şaxtasına yıxılmışdır. Övladının səhətinə başı qarşıdığı üçün hadisədən bir müddət sonra tikinti aparan şirkətə, nümayəndələrinə bildirsə də, heç bir tədbir görülmədiyi üçün məcbur qalıb şikayət ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda övladı sağlamlığı və psixoloji travma ilə bağlı həkim nəzarətindədir. Qanuni nümayəndə əlavə olaraq göstərmişdir ki, həmin vaxt tikintisi davam etdirilən binanın arasında qoruyucu sədd və ya arakəsmə olmamış, tikinti aparılan əraziyə sərbəst şəkildə daxil olunmuşdur. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə özü müraciət etdikdən sonra tədbir görülmüş və yaşayış sahəsi ilə tikinti sahəsinin arası arakəsmə ilə bağlanmışdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Barışıq əldə etmişlər. Məhkəməyə təqdim edilən mülki iddiadan da imtina etmişlər. Məhkəmə iclasında iştirak etmiş Şahid1 çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayan atası Mürşüd İbişovun evinə getmişdir. Əri İntiqam onları aparıb atasıgilə qoyduqdan sonra oradan çıxıb getmişdir. Həmin gün saat 16 radələrində övladları Ömər, Məhəmməd və Əli ondan icazə alıb həyət oynamaq üçün aşağı düşmüşdür. Bir müddət sonra oğlu Məhəmməd evə qalxmış və Ömərin binanın həyətində yıxıldığını bildirmişdir. Dərhal aşağı düşmüş və Məhəmmədin göstərdiyi yerə tərəf getmişdir. Həmin yer yeni tikilən binanın birinci mərtəbəsinin bloku olmuşdur. Həmin yer qaranlıq olmuş və Ömərin səsi gəlmişdir. Bu zaman uşaqlar binanın həyətində kömək istəmiş və bir nəfər adının sonradan Məhəmməd olduğunu bildiyi şəxs binanın pilləkənləri ilə aşağı enərək Öməri binanın şaxtasından çıxardaraq liftlə mənzilə qaldırmışdır. Əri İntiqama bu barədə məlumat verdikdən sonra təcili tibbi yardım əməkdaşları gəlib oğlunu götürərək Xətai rayonu, Babək prospektində yerləşən “X12”:-ya aparmışdır. O da həmin klinikaya getmişdir. Orada ilkin müayinə olunduqdan sonra, yer olmadığından Nizami rayonu ərazisində yerləşən “Bona Dea” klinikasına aparmışdırlar. “Bona Dea” klinikasında Öməri müayinə etdikdən sonra, bir gün həmin klinikada qalmışdır. Hal-hazırda övladı sağlamlığı və psixoloji travma ilə bağlı həkim nəzarətindədir. Məhkəmə iclasında iştirak etmiş Şahid2 çıxış edərək bildirmişdir ki, uzun illərdir ki, fərdi qaydada kondisionerlərin təmiri işlərinin icrası ilə bağlı usta kimi fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə sifarişlə əlaqədar kondisionerə baxmaq üçün Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ev 25 ünvanına getmişdir. Binanın blokunun girişində olan zaman bir neçə azyaşlı uşaq qışqıraraq yanına gəlmiş və bir uşağın yıxıldığını deyib köməklik etməyini istəmişdirlər. O da uşaqların göstərdiyi bir qədər irəlidə olan yerə getmişdir. Həmin yerdə yeni hündürmərtəbəli binanın tikintisi gedirdi. Adının sonradan Ömər olduğunu bildiyi uşağın binanın şaxtasına yıxıldığını demişdirlər. Tikilməkdə olan binanın birinci mərtəbəsindən şaxtaya telefonundan işıq tutub baxdıqda bir nəfərin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Arxa tərəfdən pilləkənlə binanın şaxtasına düşmüşdür. Ömər sağ çiyni üstə qıvrılmış vəziyyətdə qaranlıq yerdə dayanmışdır. Öməri oradan götürüb işıq gələn tərəfə doğru getmişdir. Qarşısına lift çıxmış və liftə minib 1-ci mərtəbəyə qalxmışdır. Həmin vaxtadək Ömərin anası və qohumları da oraya toplaşmışdır. Öməri qaldırıb evlərinə qoymuş və oradan çıxıb işi ilə bağlı getmişdir. Bundan başqa hadisə ilə bağlı məlumatı olmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, tikinti aparılan əraziyə sərbəst şəkildə daxil olmuş, orada hər hansı qoruyucu sədd və ya arakəsmə olmamışdır. Həmin gün bazar günü olmuş, orada hər hansı əməkdaşların olduğunu görməmişdir. Məhkəmə iclasında iştirak etmiş Şahid3 bildirmişdir ki, babasıgildə olarkən anasından icazə alıb binanın həyətinə düşərək qardaşı və məhəllədə yaşayan uşaqlarla gizlənpaç oynamağa başlamışdır. Nənəsigilin yaşadığı binanın həyətinə çıxdıqda, sol tərəfdə bina tikilirdi. Qardaşı Ömərlə gizlənmək üçün tikilən binanın blokuna daxil olmuşdurlar. Binanın blokuna daxil olduqdan sonra Ömərin qışqırıq səsini eşitmiş və orada görə bilməmişdir. Yaxınlaşıb baxdıqda qaranlıq quyu olduğunu görmüşdür. Tez babasıgilin evinə qalxıb anasına məlumat vermişdir. Anasıda onunla birlikdə aşağı düşüb baxmışdır. Həmin vaxt həyətdə onlarla oynayan uşaqlar da qışqırıb kömək istəmişdir. Bu zaman bir nəfər kişi gəlmiş və pilləkənlərlə aşağı enib Öməri yıxıldığı yerdən çıxararaq mənzilə qaldırmışdır. Tikintinin blokuna girərkən qapı və ya hər hansı başqa maneə olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 çıxış edərək bildirmişdir ki, 2020-ci ilin may ayında "xxxx" MTK-nın əvvəlcə direktoru, daha sonra sədr müavini, hazırda isə, yenidən 2024-cü ilin oktyabr ayından sədri vəzifəsində işləyir. MTK-nın fəaliyyəti Bakı şəhəri Nərimanov rayonu ərazisində yeni hündürmərtəbəli yaşayış binalarının tikintisini təşkil etməkdən ibarətdir. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, Əliəşrəf Əlizadə, Əliağa Vahid və Təbriz küçələrinin kəsişməsində yerləşən ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MTK-yə torpaq sahəsi ayrılmışdır. Bununla bağlı ümumilikdə, 5 yaşayış binasından 04 bina tikilib təhvil verilmiş, sonuncu binanın tikintisi hazırda davam etdirilir və qısa müddət ərzində təhvil veriləcəkdir. "xxxx" MTK tərəfindən hazırda tikinti aparılan ərazi mühafizə olunur və kənar şəxslərin girişinə icazə verilmir. Tikintisi həyata keçirilən binada 2024-cü ilin əvvəllərindən başlayaraq liftlərin qoyulması işləri icra olunur. 2024-cü ilin mart ayında adının sonradan Qanuni nümayəndə olduğunu bildiyi şəxs yaxınlaşıb övladının tikintisi həyata keçirilən binanın blokunda şaxtaya yıxılaraq xəsarət aldığını bildirmişdir, Qanuni nümayəndə qeyd etdiyi gün bazar, yəni qeyri-iş günü olduğundan özü və ya işçilər hadisəni görə bilməmişdirlər. Həmin hadisənin dəqiq olaraq necə baş verməsi barədə məlumatı olmamışdır. "xxxx" MTK-da tikintidə təhlükəsizlik nəzarəti, tikinti sahəsində görülən işlərin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən tikinti sahəsinə kənar şəxslərin daxil olmasının qarşısını alan tədbirlər görülməsi və lift şaxtasının qapı boşluğunun qoruyucularla çəpərlənməsi vəzifələrinin icrası əmrlə "xxxx" MTK-da briqadir vəzifəsində işləyən Təqsirləndirilən şəxs həvalə edilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” 12 iyun 2024-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, hadisə ünvan 2 ünvanında, "xxxx" MTK-ya məxsus binada baş vermişdir. Məhkəmə istintaqında tədqiq edilmiş “Diskə baxış keçirilməsi haqqında” 20 iyun 2024cü il tarixli protokoldan görünür ki, diskə baxış keçirdikdə içərisində “VİDEO-2024-07-20- 11-35-12” adlı faylın olması müəyyən edildi. Həmin fayla baxış keçirildikdə müəyyən olundu ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ev 25 ünvanında "xxxx" MTK tərəfindən tikinti işlərinin aparıldığı ərazidə yeni tikilməkdə olan bina vardır. Həmin binaya kənardan maneəsiz birbaşa daxil olmaq mümkündür. Lift şaxtaları açıq vəziyyətdədir, hava şaxtası isə, kərpiclə hörülmüşdür. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X9 xx.xx.2024-cü il tarixli, 591 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- sağ dirsək və diz nahiyəsinin, hər iki galca, hər iki bud-çanaq oynaqlarının və hər iki budun səthi travması, qarının sol yarısının ön və bayır səthinin piqmentasiya sahəsi (sıyrığın izi)-küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4211 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ev 25 ünvanında tikinti sahəsinə kənar şəxslərin daxil olmasının qarşısını alan tədbirlər görülmədiyinə və lift şaxtasının qapı boşluğunun qoruyucularla çəpərlənməsi təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının 1.16 və 2.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ev 25 ünvanında tikinti sahəsinə kənar şəxslərin daxil olmasının qarşısını alan tədbirlər görülmədiyinə və lift şaxtasının qapı boşluğunun bütöv olan təbəqə ilə örtülməsi təmin edilmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. “Tikintidə təhlükəsizlik texnikası qaydaları’”nın 1.16 və 2.27-ci bəndlərinin tələbləri hadisə baş vermiş binanın inşasını həyata keçirən "xxxx" MMC-nin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaş(lar)ı tərəfindən pozulmuşdur. Hadisənin texniki tərkibli tədbirlərin görülməməsi nəticəsində baş verməsini nəzərə alaraq, zərərçəkmiş tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MTK tərəfindən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna ünvanlanmış 20 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MTK-nın Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində inşası davam edən binada Tikintidə Texniki Təhlükəsizlik nəzarəti əmrlə Təqsirləndirilən şəxs həvalə edilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də müddətsiz olaraq usta briqadir vəzifəsinə işə götürülmüşdür. Məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-ni direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Əmrdən görünür ki, "xxxx" MMC-də tikinti-quraşdırma işlərinin təsdiq edilmiş sahəyə, tikinti normalarına və dövlət standartlarına uyğunluğun təmin edilməsi və "xxxx" MMC-də daxili əməliyyata nəzarətinin təmin edilməsi MMC-nin briqadiri Təqsirləndirilən şəxs həvalə edilməsi əmr edilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin sədri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Texniki istehsakat şöbəsi üzrə briqadirin vəzifə təlimatı”nın 1-ci bəndində və 2.9-cu bəndində briqadirin vəzifə öhdəliyi kimi daxili nizam-intizam qaydalarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarını yerinə yetirir. Məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-ni sədri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Əmrdən görünür ki, "xxxx" MTK-nın ştat vahidləri üzrə briqadirin vəzifə təlimatı təsdiq edilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli X3 X2 görünür ki, Təqsirləndirilən şəxs kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X7” Publik Biləsuvar RİHB-nın ərazi idarəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışda Təqsirləndirilən şəxs himayəsində xx.xx.1997-ci il təvəllüdlü Aytən Məhərrəmova və xx.xx.2025-ci il təvəllüdlü Emin Məmmədli adlı iki övladı, valideynləri və həyat yoldaşı olması qeyd edilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə tərəfindən məhkəməyə təqdim edilən mülki idida ərizəsindən aydın olur ki, "xxxx" MTK-dan və Təqsirləndirilən şəxs müştərək qaydada 25000 (iyirmi beş min) manat məbləğində maddi ziyan, 25000 (iyirmi beş min) manat məbləğində mənəvi ziyan, vəkilə ödənilmiş 500 (beş yüz) manatpulun və tərəfindən ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, mülki iddiadan imtina edir, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və ümumiyyətlə belə bir hadisənin olmaması barədə ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də təsdiq etmişdir ki, “ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən hündür mərtəbəli yaşayış binası tikilməkdədir. Həmin binaların bir ümumi həyəti olduğundan ilkin olaraq çəpər olunmamış, Qanuni nümayəndə müraciəti ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib baxış keçirdikdən sonra 2024-cü ilin may ayında çəpərlənməni etmişdirlər. 2024-cü ilin mart ayında "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ev 25 ünvanında tikinti aparılan binada liftlərin quraşdırılması işləri gedib. Həmin vaxt liftlərin və hava şaxtaları yuxarı mərtəbələrdə hörülmüş, yalnız aşağı mərtəbədə, yəni birinci mərtəbədən mənfi ikiyə qədər işlər getdiyi üçün qeyd olunan müddətə açıq olmuşdur. Hadisə günü isə iş günü olmadığından işçilər olmamışdır.” Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində tikinti təhlükəsizliyi qaydalarına əməl olunmadığı öz təsdiqini tapır. Bundan başqa “Ümumiyyətlə belə bir hadisənin olmaması” barədə ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin, qanuni nümayəndəsinin, şahidlərin ifadələrindən, ekspertiza rəylərindən və iş üzrə zəruri sayılan digər protokollardan aydın olur ki, Zərərçəkmiş şəxs sağ dirsək və diz nahiyəsinin, hər iki qalca, hər iki bud-çanaq oynaqlarının və hər iki budun səthi travması, qarının sol yarısının ön və bayır səthinin piqmentasiya sahəsi (sıyrığın izi) küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Həmçinin məhkəməyə təqdim edilmiş “Bakı Medical Plaza” və “Bona Dea” klinikalarından çıxarışlarda Zərərçəkmiş şəxs hadisə olan vaxtda - xx.xx.2024-cü il tarixdə klinikada müayinələrdən keçdiyi öz təsdiqini tapır. Qeyd olunan məqamlar təqsirləndirilən Təqsirləndirilən şəxs belə bir hadisənin olmaması barədə ifadəsini tam olaraq təkzib edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlində özünü təqsirli bilməməsinə münasibətdə hesab edir ki, xx.xx.2020-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-də müddətsiz olaraq usta briqadir vəzifəsinə işə götürülmüşdür, "xxxx" MMC-ni direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Əmrə əsasən "xxxx" MMC-də tikinti-quraşdırma işlərinin təsdiq edilmiş sahəyə, tikinti normalarına və dövlət standartlarına uyğunluğunun təmin edilməsi və "xxxx" MMC-də daxili əməliyyata nəzarətinin təmin edilməsi məsul şəxs kimi MMC-nin briqadiri Təqsirləndirilən şəxs həvalə edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli “Texniki istehsalat şöbəsi üzrə briqadirin vəzifə təlimatı”nın 1-ci bəndində və 2.9-cu bəndində briqadirin vəzifə öhdəliyində nizam-intizam qaydalarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarını yerinə yetirməsi öz əksini tapmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən də qeyd olunan sənədlər imzalanmışdır. Həmçinin məhkəmə istintaqında verdiyi ifadəsində də şirkətdə biriqadir kimi işlədiyini, işçilərin əmək fəaliyyətinə və texniki təhlükəsizliyə cavabdeh olduğunu, əmək müqaviləsi və vəzifə təlimatını özü imzaladığını bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, eləcə də hadisənin olmaması barədə verdiyi ifadəsi məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin, qanuni nümayəndəsinin, şahidlərin ifadəsi, iş üzrə zəruri sayılan ekspertiza rəyləri, eləcə də digər protokollarla təkzib edilir və məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda - bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, qanuni nümayəndəsinin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 222.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etməsini, himayəsində ailəsinin və övladlarının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin qnuni nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər, maddi məsul vəzifə tutma və tikinti sahəsində fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalıdır. Həmçinin təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə tərəfindən mülki iddiadan imtina etməsi ilə bağlı ərizəsi qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-in 102.8.4-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsinə verilmiş etibarnamədə nəzərdə tutulmuş halda nümayəndə, habelə vəzifəsinə görə mülki iddiaçının və ya mülki cavabdehin qanuni mənafeyini təmsil edən müvafiq hüquqi şəxsin rəhbəri mülki iddiadan imtina etmək hüququna malikdir. CPM-in 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə ərizəsini araşdıraraq hesab edir ki, onun iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmçinin müvafiq hərəkətin nəticələri tərəfə aydın olduğundan həmin imtina məhkəmə tərəfindən qəbul edilməli və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə mülki cavabdehlər "xxxx" MTK-ya və Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 222.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - hadisə yerinin görüntüsünü əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat və qanunvericiliyə edilmiş dəyişiklikdən sonrakı müddətdə hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat, ümümilikdə 600 (altı yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci maddəsindən nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza qismində 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər, maddi məsul vəzifə tutma və tikinti sahəsində fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İddiaçı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə oğlu tərəfindən verilmiş mülki iddiadan imtina barədə ərizəsi qəbul edilsin və mülkiiddia üzrə icraata xitam verilsin. X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat və qanunvericiliyə edilmiş dəyişiklikdən sonrakı müddətdə hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat, ümümilikdə 600 (altı yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar