Məhkəmə qərarları › İş №1(005)-119/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-119/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-119/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya X1 şəhərində ailəvi istirahət təşkil edəcəyinə yalan vəd verib buna onu inandıraraq sonuncunun tanışı Şahid vasitəsi ilə xx xxxxxx 2019-cu il tarixdə 2550 manat, xx xxxxxx 2019-cu il tarixdə 2510 manat pulu işlədiyi ünvan 3 saylı ünvanda yerləşən “xxxx” şirkətinin ofisinin qarşısında, xx xxxx 2019-cu il tarixdə 540 manat pulunu isə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 12 ünvanın qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 5600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2017-ci il tarixdə “xxxx” şirkəti onun tərəfindən təsis edilmiş və həmin şirkətin rəhbəri olmuş və direktor vəzifəsində çalışmışdır. Şirkətin ofisi Nərimanov rayonu, Həsənoğlu 8 ünvanında yerləşmişdir. Zərərçəkmiş şəxs 2018-ci ildə direktoru olduğu travel şirkətinə müraciət edib istirahət üçün 5 nəfərlik bilet sifariş vermiş, ödənişini etdikdən sonra gedib istirahət edib qayıtmışdır. 2019-cu ilin fevral ayında Elçin şirkətin daimi müştərisi kimi yenidən onun şirkətinə müraciət etmiş və Elçin onunla telefon vasitəsi ilə əlaqə saxlayıb bildirmişdir ki, Türkiyənin Bodrum şəhərinə 5 nəfərlik tur paket istəyir və oda 5 nəfərlik tur paketin qiymətinin 5600 manat olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, tur paketə 5 ədəd təyyarə bileti, Bodrum şəhərində 5 ulduzlu oteldə qalmaq, gediş gəliş zamanı qarşılanma daxildir. Elçin də onunla razılaşmışdır. xx xxxxxx 2019-cu il tarixdə onun işlədiyi Nərimanov rayonu, Həsənoğlu küçəsi 8 saylı ünvanın qarşısında Elçinin sürücüsü ilə görüşüb ondan Elçinin göndərdiyi 2550 manat pul almış və ona pulu almağı ilə bağlı qəbz vermiş və bu barədə Elçinə mesaj vasitəsi ilə məlumat vermişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə də həmin yerdə Elçinin sürücüsü ilə görüşüb Elçinin göndərdiyi 2510 manat pul almış və ona pulu almağı ilə əlaqədar qəbz vermişdir. Sonuncu dəfə qalan 540 manat pulu isə İnqilab küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Elçinin sürücüsü ilə görüşüb ondan almış və həmin vaxt ona 5 ədəd bilet vermişdir. Bundan sonra o, Elçinin göndərdiyi ümumilikdə 5600 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Elçinə verməsi üçün onun sürücüsünə verdiyi 5 ədəd bileti isə ötən ildən kompyuterində qalan sənədlərin üzərində düzəliş edib Elçinə çatdırılması üçün sürücüsünə vermişdir. Lakin onun Elçinə verdiyi heç bir sənəd düzgün olmamışdır. X2 şəhərində istirahətləri üçün heç bir danışıq olunmamışdır. Elçin xx.xx.2019-cu il tarixdə getməli olduğu üçün xx.xx.2019-cu il tarixdə o, Elçinə zəng edib yalandan sistemdə problemlər olduğuna görə onların getməyinin alınmayacağını bildirmişdir. Lakin Elçinə dedikləri yalan olmuşdur. Zərərçəkmiş şəxs 5600 manat pulu alarkən onun şirkəti fəaliyyət göstərməmiş və onunda hər hansı vəzifəsi olmamışdır. Sadəcə Elçin onu tanımış və şirkətin fəaliyyətsiz olmasından xəbərsiz olmuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamadığını, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin 176-178-ci vərəqələrində olan Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadəsindən görünür ki, 2018-ci ildə ailəsi ilə birlikdə Türkiyə Cümhuriyyətində istirahətə getmək üçün ünvan 3 ünvanında yerləşən “xxxx” şirkətindən bilet almış, heç bir problem olmadan ailəsi ilə birlikdə gedib istirahət edib gəlmişdir. 2019-cu ildə də eynilə ailəsi ilə birlikdə Türkiyənin Bodrum şəhərində istirahət etmək üçün “xxxx” şirkətinə yenidən müraciət etmiş, həmin şirkətin işçisi olan Hüseyn ilə telefon vasitəsi ilə əlaqə saxlamış, Hüseyn bütün sənədləri onun üçün hazır etmişdir. Telefonla danışan zaman Hüseyn ona Bodrum şəhərinə 12 gün 11 gecəlik istirahət paketinin olması və həmin paketin 5600 manata olmasını qeyd etmişdir. Hüseyn bildirmişdir ki, həmin pula 5 nəfər ailə üzvləri, yəni özü, həyat yoldaşı Aynurə Bayramova, üç oğlu Rəvan Zeynalov, Emir Zeynalov və Ramal Zeynalovun gediş gəliş biletləri, oteldə qalma xərcləri, qarşılama və yola salma daxildir. Həmçinin bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Heydər Əliyev adına hava limanından yola düşüləcək, xx.xx.2019-cu il tarixdə də geri qayıdılacaqdır. O, Hüseynlə razılaşmışdır. O, işi ilə əlaqədar olaraq Ağcabədi rayonunda yaşadığına görə, taksi sürücüsü olan tanışı Vüqara xx.xx.2019-cu il tarixdə 2550 manat pul vermişdir ki, Bakı şəhərinə gedən zaman Hüseyn ilə görüşüb həmin pulu ona versin. Vüqar da həmin gün ünvan 4 ünvanında yerləşən “xxxx” şirkətinə gedib həmin pulu Hüseynə vermişdir. Hüseyn də həmin pulu qəbul etməsi ilə bağlı Vüqara ona verməsi üçün qəbz vermişdir və mesaj vasitəsi ilə pulu qəbul etdiyini bildirmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə də eyni ilə Hüseynə verməsi üçün Vüqara 2510 manat pul vermiş, Vüqar da həmin gün Hüseynin işlədiyi “xxxx” şirkətində Hüseyn ilə görüşüb ona 2510 manat pul vermişdir. Hüseyn pulu alması barədə ona verməsi üçün Vüqara qəbz vermişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə yenidən Hüseynə verməsi üçün Vüqara qalan 540 manatı da vermiş, Hüseyn 540 manat pulu qəbul edib onların sənədlərini Vüqara vermişdir. Lakin həmin pulu qəbul etməsi ilə bağlı heç bir qəbz verməmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə axşam saatlarında Hüseyn ona zəng edib sistemdə problem olmasını bildirirərək xx.xx.2019-cu il tarixdə uçuşun alınmayacağını bildirmişdir. Bundan sonra o, “Azal” şirkətinə zəng edib adlarına bilet alınıb alınmamasını soruşmuş, oradan onların adına heç bir bilet alınmaması bildirilmişdir. Daha sonra Hüseynin dediyi və ona verdiyi biletlərdə yazılan istirahət edəcəkləri Bodrum şəhərində yerləşən “X7” otelinin internetdən telefon nömrəsini tapıb həmin otel ilə də əlaqə saxlamış, oteldən ona adlarına heç bir qeydiyyat aparılmaması bildirilmişdir. Bundan sonra məlum olmuşdur ki, Hüseynin ona verdiyi sənədlər saxtadır. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Mado” restoranının qarşısında Hüseyn ilə görüşmüş, söhbət zamanı Hüseyn ona narahat olmamasını və tezliklə pulunu geri qaytaracağına söz vermişdir. Lakin Hüseyn sonradan onun zənglərinə cavab verməmiş, Hüseyn nə verdiyi vədə əməl etmiş nə də ki ona verilmiş 5600 manat pulunu geri qaytarmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 9-11-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx xxxx 2019cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı X3 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51 və 236-cı maddələrinin tələblərinə əsasən Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə yeri Nərimanov rayonu, Həsənoğlu küçəsi 8 ünvanında yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki “xxxx” şirkətinin ofisi təşkil edir. Hadisə yerini göstərən Zərərçəkmiş şəxs bildirdi ki, qeyd olunan ofisdə ailəsi ilə birlikdə Türkiyənin Bodrum şəhərinə getmək üçün 5 nəfərlik gediş-gəliş bileti, otel xərcləri üçün 2019-cu ilin fevral və iyun aylarında iki dəfəyə ümumilikdə 5600 manat pul ödəmişdir. Lakin qeyd olunan “xxxx” şirkəti ona qarşı dələduzluq edərək pulunu mənimsəmişdir. Həmçinin günahkar şəxslərin cəzalandırılmasını xahiş etmişdir. Cinayət işinin 36-cı vərəqində olan “xxxx” MMC tərəfindən verilmiş 382252 və 382236nömrəli qəbzlərin surətindən görünür ki, xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlərdə Zərərçəkmiş şəxs tərəfindən verilmiş müvafiq olaraq 2550 manat və 2510 manat pul kassaya mədaxil edilmişdir. Cinayət işinin 85-113-cü vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(004)-185/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 29, 178.2.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinə əsasən 1 (bir) müddətinə dövlət orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) müddətinə dövlət orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxxxx 2019cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından həbsə alınması hökm edilmişdir. Cinayət işinin 136-137-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3, 29, 178.2.3, 313, 66.2 və 66.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması və 1500 (min beş yüz) manat cərimə cəzaları təyin edilmişdir. Cinayət işinin 194-195-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxxxxx 2020-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 216-217-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad olunması və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 233-242-ci vərəqələrində olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-1401/2019 nömrəli qərarından görünür ki, apelyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2019-cu il tarixli hökmünün dəyişdirilməsi, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 29, 178.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təyin edilmiş 1 (bir) müddətinə dövlət orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) müddətinə azadlıqdan məhrum etmə cəzasının 1500 (min beş yüz) manat cərimə cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü ilə əvəzləşdirilməklə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlanıldığı müddətin 5 (beş) ay 18 (on səkkiz) gün hesabı ilə azadlığın məhdudlaşdırılması kimi nəzərə alınmaqla təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar tam toplanılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının və 1500 (min beş yüz) manat cərimə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının və cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Kapital Bank”ın xx.xx.2021-ci il tarixli, 21448 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmi 1400 (min dörd yüz) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.4-cü maddəsinə əsasən eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq olaraq istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil X5 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, müdafiəçi X5 xx xxxxxxx 2020-ci il - xx xxxxxx 2020-ci il tarixlərdə keçirilmiş istintaq hərəkətlərində iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Müdafiəçi xx xxxxxx 2021ci il - xx xxxx 2021-ci il tarixlərdə keçirilmiş 7 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 24 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 ibtidai istintaq zamanı iştirak etdiyi 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 iş saatına görə 144 (yüz qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 24 (iyirmi dörd) iş saatına görə 144 (yüz qırx dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar