Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-119/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Kamil qızının, müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonunda müxtəlif ünvanlarda kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə vahid niyyətlə xx.xx.2021-ci il tarixdə səhər saatlarında ünvan 3 ünvanında Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində “Redmi Note 7” markalı mobil telefonu gizli yolla talayaraq, həmin gün “Redmi Note 7” markalı mobil telefonunun içərisindəki proqram vasitəsi ilə informasiya texnologiyasından istifadə etməklə Zərərçəkmiş şəxs məxsus “Belnəlxalq Bank”a aid 5167 5141 0355 5833 saylı hesabdan cəmi 1030.50 manat pulu gizli yolla talayaraq özünə məxsus “Kapitalbank”a aid 4169-7413-6773-2821 saylı hesaba göndərməklə, Zərərçəkmiş şəxs ümumilikdə 1330.50 manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tanışları vasitəsi ilə Türkiyədən müxtəlif məhsulların karqo ilə Bakıya gətirilməsi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs ilə də bu iş səbəbilə tanış olmuşdur. Qəmərxanım onun köməkliyi ilə müxtəlif məhsulları sifariş verib Bakı şəhərinə gətizdirmiş və həmin məhsulları müxtəlif şəxslərə satmışdır. Bir müddət sonra Qəmərxanımla aralarında yaxın münasibət yaranmışdır. O, bir neçə dəfə də Qəmərxanımın yaşadığı evdə onunla birlikdə qalmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə o, Qəmərxanımın yaşadığı evə getmişdir. Həmin gün onun evində qalmışdır. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında o, Qəmərxanıma məxsus “Redmi Note 7” markalı mobil telefonu götürüb onun bank hesabından özünə pul köçürmək qərarına gəlmişdir. Bu səbəblə o, Qəmərxanımdan çay istəmiş, Qəmmərxanım çay gətirmək üçün mətbəxə keçmiş, həmin vaxt mobil telefonunu isə qonaq otağında olan masanın üzərinə qoymuşdur. O, Qəmərxanıma məxsus “Redmi Note 7” markalı mobil telefonu götürüb qapıya yaxınlaşaraq Qəmərxanıma işinin olduğunu ve getməli olduğunu demişdir. Qəmərxanım onu yola salmış və o, çıxıb getmişdir. O, evdən biraz uzaqlaşdıqdan sonra çantasının Qəmərxanım evində qaldığını xatırlamış və evə geri qayıtmışdır. O, evə çatdıqda Qəmərxanıma çantasının yadından çıxıb evdə qaldığı üçün geri gəldiyini demiş, Qəmərxanım da ona telefonunu tapmadığını demişdir. O, öz mobil telefonu vasitəsi ilə Qəmərxanımın mobil nömrəsinə zəng etmiş, lakin həmin vaxt Qəmərxanımın telefonu onda olmuş və səssiz rejimdə olmuşdur. O, Qəmərxanıma bildirmişdir ki, telefona cavab verən yoxdur. O, görmüşdür ki, Qəmərxanım telefonu onun götürməsindən şübhələnir, bu zaman o, Qəmərxanıma bildirmişdir ki, onun telefonuna ehtiyyacı yoxdur, daha sonra gün ərzində əlaqə saxlayaraq güya telefonu tapıb tapmaması ilə maraqlanması üçün onun ev nömrəsini götürmüşdür. Sonra çantasını götürüb çıxıb getmişdir. Gün ərzində bir neçə dəfə Qəmərxanıma zəng edib telefonu tapıb tapmadığını soruşmuş və evi yaxşı axtarmasını bildirmişdir. Lakin Qəmərxanım ona bildirmişdir ki, telefonu tapa bilmir. O, Qəmərxanıma məxsus onun evindən götürdüyü “Redmi Note 7” markalı mobil telefonunun giriş kodunu bildiyi üçün kodu açmış və onun içərisində olan “Beynəlxalq Banka” məxsus bank hesab proqramı vasitəsi ilə özünə məxsus “Kapitalbank”a aid hesabına cəmi, 1030.50 manat pul köçürmüşdür. Həmin gün Qəmərxanım ona bir neçə dəfə zəng etsə də onun telefon zənglərinə cavab verməmişdir. Daha sonra isə telefonunu söndürüb daha o nömrəni istifadə etməmişdir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Kamil qızı ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin sentyabr ayında Türkiyədən müxtəlif məhsullar sifariş verib Bakı şəhərində satmaq qərarına gəlmişdir. Bunun üçün tanışlarından həmin işdə ona köməklik etməsi üçün karqo şirkətindən tanış axtardığını bildirmişdir. Tanışlarından biri X3 məsləhət görmüşdür. O, həmin şəxslə əlaqə saxlamış və Elvin ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, Elvinin köməkliyi ilə müxtəlif məhsulları sifariş verib Bakı şəhərinə gətizdirmiş və həmin məhsulları müxtəlif şəxslərə satmışdır. Daha sonra Elvin ilə aralarında yaxın münasibət yaranmış. Həmçinin Elvin bir neçə dəfə də onun yaşadığı evə gəlmiş və gecə orada qalmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Elvin onun yaşadığı evə gəlmişdir. Həmin gün Elvin onun evində qalmışdır. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında o, özünə məxsus “Redmi Note 7” markalı mobil telefonu ilə oyun oynamışdır. Elvin yuxudan oyandıqdan sonra ona çay gətirmək üçün mətbəxə keçmiş, mobil telefonunu isə qonaq otağında olan masanın üzərinə qoymuşdur. Bir neçə dəqiqədən sonra o, geri qayıdan zaman Elvin qapıya yaxınlaşıb getdiyini və onu yola salmasını demişdir. O da çayı masanın üzərinə qoymuş və Elvini yola salmış, daha sonra qonaq otağına getmişdir. Mobil telefonunu götürmək istədikdə telefonunun arxa hissəsinin masanın üzərində olduğunu, lakin mobil telefonunun orada olmadığını görmüşdür. O, ətrafı axtarsa da mobil telefonunu tapa bilməmişdir. O, düşünmüşdür ki, yəqin mobil telefonu Elvin səhvən götürüb. Bir neçə dəqiqədən sonra Elvin geri qayıtmış və bildirmişdir ki, çantası yadından çıxıb evdə qalıb. O, Elvinə bildirmişdir ki, mobil telefonu yoxdur. Elvin özünə məxsus mobil telefonu ilə onun mobil nömrəsinə zəng etmiş, lakin zəngə cavab verən olmamışdır. Elvin ona bildirmişdir ki, onun mobil telefonuna ehtiyacı yoxdur. Elvin onun ev telefonunun nömrəsini öz mobil telefonuna qeyd etmiş və bildirmişdir ki, gün ərzində tez-tez əlaqə saxlayıb soruşacaq, evi yaxşı axtarsın. Daha sonra Elvin çantasını götürüb getmişdir. Elvin getdikdən sonra o, özünə məxsus “Tam kartın” mobil tətbiqinin mobil telefonunda olduğunu və Elvinin həmin kartdan pul çıxarda biləcəyini düşünmüşdür. Bunun üçün həmin kartı götürüb “Beynəlxalq Banka” məxsus bankomata getmişdir. Əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə o, “Beynəlxalq bankdan” 2000 manat məbləğində kredit götürümüşdür. Həmin vaxt ona içərisində 300 manat olan “Tam kart” kartı da hədiyyə verilmişdir. Hər iki hesab bir kartın içərisində olmuşdur. O, kartı bankomata daxil edib kredit hissəsinin balansını yoxlamaq üçün kartdan 5 manat pul çıxartmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, kartın içərisində olan 1035 manat puldan 1030.50 manatı çıxarılmışdır. Daha sonra o, kartı yenidən daxil edib debet hissəsində olan pulunu yoxladıqda ona məlum olmuşdur ki, kartın içərisində olan 52 manat puldan 37.45 manatı çıxarılmışdır. O, Elvinin oğurluq etdiyinə əmin olub banka yaxınlaşmış və kartından nə zaman və nə qədər pulun çıxarılmasını dəqiq bilmək üçün çıxarış istəmişdir. Bank tərəfindən ona verilən çıxarışdan məlum olmuşdur ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə pulu çıxarılmışdır. Bundan sonra o, dəfələrlə öz mobil telefonuna və Elvinin mobil telefonuna zəng etsə də telefonların hər ikisinə zəng çatmamışdır. O, bir müddət gözləmişdir ki, bəlkə Elvin peşman olub mobil telefonunu və pulu geri qaytarar, lakin Elvindən heç bir xəbər çıxmamışdır. O da polisə müraciət edib baş vermiş hadisə barədə məlumat vermişdir. Sonda zərərçəkmiş şəxs X2 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi zayanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 6-cı vərəqində olan “Baxış keçirilməsi haqqında” 02 avqust 2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə tanışı olan Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 3 ünvanında ona məxsus “Redmi 7” markalı mobil telefonu gizli yolla götürərək evdən çıxıb getmişdir. Cinayət işinin 42-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 48-ci vərəqində olan Azərbaycan Beynəlxalq Bankının xx.xx.2021-ci il tarixli, 41-12581/2021 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Kamil qızına məxsus 5167-5141-0355-5833 saylı plastik kartdan xx.xx.2021-ci il tarixdə 904,50 manat və 126 manat olmaqla, ümumilikdə 1030.50 manat məbləğində vəsait "xxxx" ASC tərəfindən verilmiş 4169-7413-6773-2821 saylı plastik kart köçürülmüşdür. Cinayət işinin 63-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 85-ci vərəqində olan “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 30 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə fakta görə başlanmış ********* nömrəli cinayət işi üzrə əməlin həmin Məcəllənin 177.2.3-1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin 105-107-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-1117/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal buraxılması qərara alınmışdır. Cinayət işinin 108-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 31 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 1(005)-119/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 081-10699-1222 saylı məktubundan və həmin məktuba əlavə edilmiş “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-5287 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş zərər tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zayanın tam ödənildiyini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) ay 10 (on) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) ay 10 (on) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (02 ay 20 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-119/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-119/2022
05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver