Məhkəmə qərarları › İş №1(005)-119/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-119/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-119/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1993-ciı ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 iyul 2023-cü il tarixdə, saat 12:00 radələrində Zərərçəkmiş şəxs özünə məxsus «Mercedes ML» markalı, ** HL *** dövlət qediyyat nişanlı avtomobili ünvan 3 ünvanda yerləşən «Niaqara» restoranının qarşısında saxlayıb sükanın arxasında yatmasından və avtomobilin sağ qabaq qapısının şüşəsinin açıq vəziyyətdə olmasından istifadə edərək avtomobilin salonunda qoltuqaltının üstünə qoyulmuş sonuncuya məxsus 1.400 manat dəyərində «Samsung S22 Ultra» markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1.400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Niaqara» restoranın qarşısından keçərkən “Mercedes ML” markalı avtomobilin sürücüsünün sükanı arxasında yatdığını və sağ qabaq qapının pəncərəsi açıq vəziyyətdə olduğunu görüb, sağ tərəfdən avtomobilə yaxınlaşmış, sürücünün yatdığını və ətrafda şəxslərin olmadığının müşahidə edərək avtomobilin qoltuq hissəsinin üzərində olan «Samsung S22» markalı, qara rəngli mobil telefonu götürmüşdür. Daha sonra mobil telefonda olan sim kartı çıxardaraq atmışdır. Bundan sonra «20 yanvar» metrostansiyasına tərəf gedib velotrekin yanında əvvəllər tanıdığı bir nəfər şəxsə telefon satdığını demiş, həmin şəxs barter edə biləcəyini bildirmişdir. Həmin şəxs ona 150 manat pul və «Samsung S4» markalı telefon vermişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə saat 08 radələrində idarə etdiyi, özünə məxsus «Mercedes ML» markalı, **-HL-*** dövlət qediyyat nişanlı avtomobillə qohumunu Nərimanov rayonu, S.Vurğun küçəsində yerləşən Onkologiya Xəstəxanasına gətirib, xəstəxananın qarşısında yer olmadığı üçün avtomobili S.Vurğun küçəsi 134 ünvanda «Niaqara» restoranının qarısında saxlamışdır. Saat 10:30 radələrində avtomobilin sol qabaq qapısını açıq vəziyyətdə və sağ qabaq qapının şüşələrini açıq vəziyyətdə qoyaraq yatmışdır. Saat 12:30 radələrində avtomobildə yuxudan oyananda qoltuqaltının üzərinə qoyduğu özünə məxsus 1.400 manat dəyərində olan «Samsung S22 Ultra» markalı mobil telefonunun yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Ondan sonra 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvandır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Video görüntüyə baxış keçirilməsi barədə” 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı bir nəfər arıq bədən quruluşlu təxminən 28-30 yaşlarında əynində qısaqol köynək olan kişinin saat 12:03 dəqiqədə oğurluq cinayət hadisəsinin törədildiyi istiqamətdə əlində “Samsung S22” markalı mobil telefona bənzər mobil telefona baxaraq hərəkət etdiyi müşahidə edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, ifadəsində göstərdiyi halları hadisə yerində dəqiq göstərə bilər. 07 iyul 2023-cü il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Niaqara» restoranın qarşısından keçərkən “Mercedes ML” markalı avtomobilin sürücüsünün sükanı arxasında yatdığını və sağ qabaq qapının pəncərəsi açıq vəziyyətdə olduğunu görüb, sağ tərəfdən avtomobilə yaxınlaşmış, sürücünün yatdığını və ətrafda şəxslərin olmadığının müşahidə edərək avtomobilin qoltuq hissəsinin üzərində olan «Samsung S22» markalı, qara rəngli mobil telefonu götürərək Həsən Əliyev küçəsi istiqamətində, piyada «İST petrol» yanacaqdoldurma stansiyasına tərəf piyada gedərkən yolda mobil telefonun üzərində olan mobil nömrəni cırıb atmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 26 oktyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza qismən toplanılaraq onun üzərində qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-9/7905/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, analoji malların markasına, modelinə və digər texniki göstəricilərinə görə 01 ədəd “Samsung S22 Ultra” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuaların olmaması nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1300 manat müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-491/2023 nömrəli, 13 oktyabr 2023cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 09 ay 03 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 10 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə qismən toplanılaraq üzərində qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi hazırki cinayət əməli CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət sayıldığından, həmçinin hazırki cinayət əməlini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-87/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə törətdiyindən onun əməlində residiv mövcud deyil. Azərbaycan Respublikası CM-nin 18.4.1 və 18.4.4-cü maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər talama cinayəti törədərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və yenidən analoji cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-491/2023 nömrəli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 08 avqust 2023-cü il tarixdən hesablanmalı və barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-491/2023 hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Həmçinin ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir., Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar