Məhkəmə qərarları › İş №1(005)-12/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-12/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-12/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüş və bu barədə cinayət işi məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 vəsatət verərək məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni CM-in 178.2.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona həmin maddə ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, arvadı X1 Sabunçu rayon, Zabrat-1 qəsəbəsində yerləşən 81 saylı orta məktəbə ibtidai sinif müəlliməsi kimi işə düzəltmək üçün dost-tanışa müraciət etmişdir. Qonşuluqda yaşayan Şahid4 tanışı olduğunu, danışıb həll edəcəyini bildirmişdir. Həmçinin qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 də arvadının işini bir neçə gün öncə danışdığını və onuda həll edəcəyini demişdir. Əli ilə görüşmüş və Anarın həqiqətən onun işini həll edəcəyini öyrənmiş və onun 7.000 min manat pul aldığını bilmişdir. Öz növbəsində Anarla əlaqə saxlmış və ondan onun da işini həll etməyini, arvadını 81 saylı orta məktəbə ibtidai sinif müəlliməsi kimi müqaviləsiz işə düzəltməsini xahiş etmişdir. Anar isə öz növbəsində işi düzəldəcək olan Təqsirləndirilən şəxs adlı şəxslə danışdıqdan sonra ona işin 13.000 min manata həll olacağını bildirmişdir. Bir neçə saatdan sonra Anar onunla əlaqə saxlamış və bir gün içində pulu gətirəcəyi təqdirdə işinin alınacağını bildirmişdir. O, evdə olan qızıl əşyalarını satıb, borc alıb həmin məbləği düzəltmiş, lakin Anara pulu notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən verəcəyini bildirmişdir. Göstərilən müqavilə Asan xidmətdə bağlanandan sonra Anar işin 15 günə həll ediləcəyini bildirmişdir. Lakin iş baş tutmadığı üçün Əli ilə birlikdə Anarla görüşmüş, Anar onların yanında Elçini telefonla yığıb səsi selektora qoymuşdur. Elçin Təhsil Nazirliyində yoxlama aparıldığından işin uzanacağını demişdir. Sonradan Anarla əlaqə saxlayarkən hər dəfə fərqli bəhanələrlə söhbətdən qaçmışdır. Belə ki, Anar gah danışa bilmədiyini, gah yeyib-içməkdə olduğunu bildirərək söhbətdən yayınmış və ya zənglərə cavab verməmişdir. Ona qarşı dələduzluq əməlini Təqsirləndirilən şəxs və Şahid4 Əhməd oğlu ilə birlikdə etsələr də, sonuncu cinayət məsuliyyətinə cəlb olunmamışdır. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, arvadı X2 Şabran rayonunda olan iş yerinin Bakı şəhəri, Zabrat-1 qəsəbəsi 81 nömrəli məktəbə dəyişmək üçün dost-tanışa, qohumlarına müraciət etmişdir. Qonşuluqda yaşayan Şahid4 belə bir tanışı olduğunu bildirmişdir. Anar Elçin adlı şəxslə daşıdıqdan sonra bu işin qarşılığında 7.000 manat pul istəmişdir. Razılaşıb həmin pulu 1 saylı Asan xidmətdə notariat qaydasında bağlanmış müqaviləyə əsasən Anara vermişdir. Anar pulu aldıqdan sonra üstündən 2.000 manatı götürmüşdür. O. bu barədə Anardan soruşanda, Anar Elçinin tapşırığı ilə 2.000 manatı Elşən adlı şəxsə, 5.000 manatı isə Elçinə verəcəyini bildirmişdir. Sonra o, Anarla birlikdə Asan xidmətdən çıxıb Elçinlə görüşməyə getmiş, Bakı şəhəri Baş Təhsil İdarəsinin qarşısında Elçinlə görüşmüşlər. Görüş zaanı Elçinin sol qolu sarğıda olmuşdur. Anar Elçindən qoluna nə olması barədə soruşduqda, Elçin avtoqəzaya düşdüyünü bildirmişdir. Sonra Anar 5.000 manatı Elçinə vermiş, Təqsirləndirilən şəxs 5.000 manatı aldıqdan sonra bu işi bir həftəyə həll edəcəyini demişdir. Bundan sonra Elçin verdiyi sözü yerinə yetirməmişdir. Ona qarşı dələduzluq əməlini Təqsirləndirilən şəxs və Şahid4 Əhməd oğlu birlikdə törətmişlər. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəsatətin təmin edilməsinə etiraz etdilər. Belə ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 qarşı edilən dələduzluq cinayətində günahsız olduğunu bildirərək vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı zərərçəkmiş şəxslər tərəfindən verilmiş vəsatətlərin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, vəsatətləri və ona dair proses iştirakçılarının fikrini dinləyib hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlinin törədilməsi epizodlarında təqsirli bilməyərək ifadəsində həmin zərərçəkmişlərlə onun arasında heç bir danışığın olmamasını və Şahid4 tərəfindən onlardan pul alınmasından xəbəri olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini törətməsi ilə bağlı verilmiş ittihamdan və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi, hər iki zərərçəkmiş şəxslər arvadlarının işə düzəlməsi üçün Şahid4 ilə danışıq aparmış, sonuncu onlara tanışı olduğunu, onların arvadlarını orta məktəbə müəllim düzəldəcəyini bildirmiş və zərərçəkmiş şəxslərdən pulu alaraq onlarla notarial qaydada təsdiq edilmiş müqavilə bağlamışdır. Belə ki, cinayət işinin materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs1 Şahid4 Nurəddin oğluna xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərtilə 7000 manat məbləğində borc vermişdir. Məhkəmə qeyd edir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun (Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarının 27-ci bəndi) Göründüyü kimi, məhkəmə istintaqında araşdırılmış sübutlar zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 qarşı törədilməsi ehtimal olunan dələduzluq əməllərinin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərin Şahid4 tərəfindən də edilməsinə dəlalət edir. Göstərilənlər isə törədilməsi ehtimal olunan dələduzluq cinayətinin məhz Təqsirləndirilən şəxs və Şahid4 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir; 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər; 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin (178.2.1- dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) mövcudluğu müəyyən olunur, buna görə də Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən və CPM-in 318-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, şikayət verilə bilməz. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar