Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-120/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonunun Əfəndilər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən Slavyan Universitetinin yataqxanasının 6 nömrəli otağında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, giriş-çıxışı sərbəst olan 9/55 saylı yaşayış binasının 1-ci girişinə daxil olub 22-ci mərtəbəyə qalxaraq həmin mərtəbədəki 72 saylı mənzilin giriş qapısının qarşısından Zərərçəkmiş şəxs məxsus 1500 manat dəyərində “CUDO STAR” markalı velosipedi gizli yolla talayaraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən Slavyan Universitetinin yataqxanasında anası Əsli Məmmədova və qardaşı İsa Məmmədov ilə birlikdə yaşayır. O, əvvəllər, yəni 2014-cü ildə oğurluq cinayəti törətdiyi üçün Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində 1 il müddətinə şərti sınaq müddəti təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində özü tək ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısında olarkən pula ehtiyacı olduğundan binaların birindən velosiped oğurlayıb satmaq qərarına gəlmişdir. Belə ki, elə həmin binanın giriş qapısı açıq olduğundan pilləkanla qalxıb mərtəbələri axtararaq 22-ci mərtəbəyə çatmışdır. Həmin mərtəbədə yerləşən mənzillərin birinin giriş qapısının yanında bir ədəd velosiped görmüşdür. O, bundan sonra ətrafa baxdıqda orada heç kəsin olmadığını görmüşdür. Daha sonra həmin velosipedi olduğu yerdən götürərək 22-ci mərtəbədəki liftin qarşısına gətirmiş və liftlə birinci mərtəbəyə düşürdüb oradan yaşayış binasının həyətinə çıxartmışdır. O, həyətdə velosipedə əyləşib qeyd olunan ünvandan velosipedi sürərək uzaqlaşmışdır. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə təxminən saat 19:30 radələrində velosipedi yaşadığı ünvana yaxın yerdə, yəni Dərnəgül qəsəbəsində yol kənarında tanımadığı şəxsə 40 manata satmışdır. Həmin şəxsə bildirmişdir ki, velosiped onun özünə məxsusdur və pula ehtiyacı olduğundan satır. Həmin şəxs də ona inanaraq velosipedi almışdır. Əməlindən peşmandır. Son olaraq məhkəmədən barəsində ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yaşadığı mənzil Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinskiy küçəsi 9/55 saylı evin, 1-ci girişinin 22-ci mərtəbəsində yerləşir. Həmin bina 22 mərtəbəlidir. Binanın giriş qapısına kodlaşdırılmış qapı quraşdırılmışdır ki, həmin qapının kodunu da orada yaşayan sakinlər və binaya girib çıxa biləcək şəxslər bilirlər. Kənar şəxslər isə qapı açıq olduqda sərbəst şəkildə bloka daxil ola bilirlər. Təxminən bir il bundan əvvəl o, Türkiyə Respublikasından idman üslublu olan “CUDO STAR” markalı velosiped alaraq həmin vaxtdan yaşadığı mənzilin qarşısında saxlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 11:00 radələrində evdən çıxan zaman görmüşdür ki, ona məxsus olan velosiped blokun dəhlizindədir və işlərinin ardınca gedib həmin gün saat təxminən 18:15 radələrində evinə qayıdarkən görmüşdür ki, velosiped orada yoxdur. Daha sonra isə o, DİN-in 102 xidmətinə məlumat vermiş, müraciəti əsasında polis əməkdaşları hadisə yerinə baxış keçirtmiş və həmin gün bu barədə 16-cı PB-də rəsmi ərizə ilə şikayət etmişdir. Oğurlanmış velosiped ona məxsus olmuş, onu bir il əvvəl 1500 manata Türkiyə Respublikasından sifariş əsasında təzə vəziyyətdə almış, bu vaxta kimi özü istifadə etmiş, istifadə etsə də yararsız olmamış və idman üslublu olduğundan digər velosipedlərə baxdıqda qiyməti bahadır. Həmin velosiped saz vəziyyədə olmuş və ona görə də hazırda da almış olduğu qiymətə, yəni 1500 manat dəyərində qiymətləndirir. Oğurlanmış velosiped göy rəngli olmuş, üzərində ağ rəngli “CUDO STAR” yazısı vardır. Binada olan video görüntüyə baxış keçirilərkən bir nəfər naməlum şəxsin onun velosipedinə oxşar velosipedi idarə edərək getdiyi məlum olmuşdur. Həmin şəxsi tanımır. Sonda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək məhkəmədən onun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X2 hal şahidlərinin iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən yer ünvan 3 ünvan 22 mərtəbəli yaşayış binasıdır. Hadisə yaşayış binasının sonuncu mərtəbəsi olan 22-ci mərtəbədə baş vermişdir. Yaşayış binasına baxış zamanı binanın giriş qapısının dəmir materialdan olan şifrəli qapıdan olması məlum olmuşdur. Binadan həm lift, həm də pilləkanlar vasitəsi ilə hərəkət etmək mümkündür. Yaşayış binasının hər mərtəbəsində 4 ədəd mənzil yerləşir. Oğurluq baş verən mərtəbəyə baxış zamanı müəyyən edilmişdir ki, 4 ədəd mənzilin giriş qapısından əlavə mərtəbədə ağ rəngli plastik materialdan hündür dolab vardır. Oğurlanmış velosiped plastik dolaba söykənmiş vəziyyətdə olmuşdur. Hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir; “Diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X2 tərəfindən protokol tərtib olunmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış HK-1-1161 saylı materiala əlavə edilməsi üçün 01 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmişdir. Həmin diskdə olan videogörüntüyə baxış zamanı xx.xx.2020-ci il tarixdə, saat 15:32 radələrində bir nəfər qara geyimli naməlum şəxs Zərərçəkmiş şəxs məxsus velosipedi idarə edərək ünvan 4 ünvanında yaşayış binasını tərk edərək oradan uzaqlaşması müşahidə olundu. Baxış keçirilən 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən protokola əlavə olunmuşdur; “CD diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X1 RPİ-nin 16-cı PB-dən daxil olmuş 01 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntüyə baxış keçirtmişdir. Diskin yaddaşında ümumilikdə 02 ədəd fayl vardır. Həmin fayllardan biri şəkil, digəri isə video formatındadır. “DVD” formatlı diskin içərisində olan video fayla baxış zamanı müəyyən edildi ki, xx.xx.2020-cı il tarixdə, saat 15:32-də, əynində qara rəngli dəri gödəkçə və qara rəngli şalvar olan bir nəfər kişi cinsindən olan şəxs ünvan 5 ünvanında yerləşən binanın önündən velosipedi idarə edərək uzaqlaşır. Diskə baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, naməlum şəxsin idarə edərək getdiyi velosiped ona məxsus olan “CUDO STAR” markalı velosipeddir, ona məxsusdur, lakin həmin velosipedi idarə edərək gedən şəxsi və “DVD” formatlı diskin içərisində olan şəkildəki şəxsi tanımır. Baxış keçirilən “01” ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, əlavə və qeyd daxil olmadığı üçün imzalanaraq təsdiq edilmişdir; “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nərimanov RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxsdir; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2014-cü il tarixdən xx xxx 2014-cü il tarixədək həbsdə olmasını nəzərə alaraq, onun üzərində yekun cəza olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza şərti olaraq tətbiq edilmiş və ona 1 (bir) il sınaq müddəti təyin edilmişdir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəşad Həsənov icraatında CM-in 177.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsini yerində yoxlamışdır. İfadənin yerində yoxlanması başlandıqdan sonra, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildi. xx xxxxxx 2020-ci il tarixdə “CUDO STAR” markalı velosipedi oğurladığı hadisə yerini göstərməsi təklif olundu. Bundan sonra Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədi ilə bilavasitə özünün göstərdiyi istiqamət üzrə ünvan 6 ünvanda yerləşən yaşayış binasının qarşısına gətirildi. Həmin yerdə Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 15:30 radələrində göstərdiyi yaşayış binasının 22-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısından velosipedi oğurlamışdır. İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini hadisə yerində təkrarlayaraq hadisə yerini və hadisənin baş vermə mexanizmini izah etmişdir. İfadənin yerində yoxlanılması zamanı “Sony” markalı fotoaparatdan istifadə edilərək fotoşəkillər çəkilmişdir. İfadənin yerində yoxlanılması gündüz vaxtı, təbii işıq şəraitində keçirilmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdikdən sonra düşdüyü müşahidə kameralarının qeydə aldığı videogörüntünün və fotoşəkilin olduğu DVD formatlı disk iş üçün əhəmiyyət kəst etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci maddəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 03 mart tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halı yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edərək peşman olmasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Qubadlı rayonu İHB-nin Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə). Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, tutma altında saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin məsrəflər qanunvericiliyin aşağıdakı normalarına uyğun həll edilməlidir. Belə ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra düşdüyü müşahidə kameralarının qeydə aldığı videogörüntünün və fotoşəkilin olduğu 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-120/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-120/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver