Məhkəmə qərarları › İş №1(005)-120/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-120/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-120/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 19 mənzil 6-da qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayon PYUA küçəsi 38/10, mənzil 12-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanda futbol oynayarkən topun qonşusu Zərərçəkmiş şəxs evinin damının şiferinə dəyməsindən Zərərçəkmiş şəxs iradına barışmazlıq nümayiş etdirib onunla məişət zəminində mübahisəyə başlamış və mübahisə zamanı Zərərçəkmiş şəxs onu süpürgə ilə vurduğundan qəsdən sol əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruqla zərbə endirərək ona sağ əng sümüyünün üst divarının çökmə sınığı, sağ əngin anterior divarında palçalı yerdəyişmiş sınığı və lateral divarında yerdəyişmiş sınığı, sağ əngin daxilində qan yığıntısı, hər iki göz ətrafının və sağ alt çənənin şişkinli hematomaları, sağ gözün konyuktiva qişası altına qansızma, sol dirsək oynağının sıyrığı ilə müşayiət olunan xəsarətlər yetirib dərəcəsinə görə Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş CM-in 127.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır və əvvəllər onunla arabir sözlə mübahisələri olsa da heç vaxt aralarında dava-dalaş olmamışdır. Belə ki, 08 sentyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs küçədə məhəllədə yaşayan azyaşlı uşaqlarla futbol oynayarkən, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən küçəyə çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs əlində süpürgə olmuşdur. Zərərçəkmiş şəxs onların oynadıqları topu götürdükdə o, Zərərçəkmiş şəxs demişdir ki, uşaların topunu niyə götürürsən? Qurbanova orada oynamamağı dedikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısı olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əlində olan süpürgə ilə onu vurduğundan Təqsirləndirilən şəxs sol əli ilə onun sinə nahiyyəsindən geriyə itələdikdə Zərərçəkmiş şəxs geriyə çevrilərək özünü yerə yıxmışdır. Təqsirləndirilən şəxs isə bundan sonra yaşadığı evə getmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, barəsində şikayət etmiş, polis əməkdaşları hadisə yerinə gəlmiş və o da sonradan 17-ci PŞ-də izahat yazmışdır. Özünü təqsirli bilməməsini isə Zərərçəkmiş şəxs vurmadığını, lakin əli ilə geriyə itələdyini, nəticədə Zərərçəkmiş şəxs isə yıxılmışdır.Ailəlidir, himayəsində 3 azyaşlı qız övladı var. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və ailəsi ilə qonşuluğda yaşayır və əvvəllər münasibəti yaxşı olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda qonşusu Təqsirləndirilən şəxs onun qapısının qarşısında azyaşlı uşaqlarla futbol oynayarkən topun evinin damına düşməyindən narahat olduğu üçün çıxıb ona iradını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əsəbləşib onunla mübahisə etməyə başlamışdır. Nəticədə Təqsirləndirilən şəxs onun üz nahiyəsindən əli ilə zərbə vuraraq ona xəsarət yetirmişdir. Həmin zərbənin təsirindən o yerə yıxılmış və yıxılarkən də sol qol nahiyyəsindən də xəsarət almışdır. Daha sonra o, DİN-in 102 xidmətinə müraciət etmiş və müraciəti əsasında polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onu vurarkən o da süpürgə ilə Təqsirləndirilən şəxs vurmuş və sonuncu süpürgəni onun əlindən alaraq qırmışdır. Təqsirləndirilən şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X1" X4 Nərimanov rayon Şöbəsindən təqdim edilmiş 14 sentyabr 2022-ci il tarixli, 957 saylı ekspert rəyindən görünür ki; -Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ əng sümüyünün üst divarının çökmə sınığı, sağ əngin anterior divarında palçalı yerdəyişmiş sınığı və lateral divarında yerdəyişmiş sınığı, sağ əngin daxilində qan yığıntısı, hər iki göz ətrafının və sağ alt çənənin şişkinli hematomaları, sağ gözün konyuktiva qişası altına qansızma, sol dirsək oynağının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, göstərilən şəraitdə əmələ gələ bilər, müddəti 08 sentyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir.vət Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakterinə və yerləşdiyi nahiyələrə əsaslanaraq demək olar ki, həmin xəsarətləri şəxsin özü- özünə yetirə bilməsi inandırıcı deyildir. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda isə Zərərçəkmiş şəxs evi yerləşir ki, həmin evin qarşısında mübahisə baş vermişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün 12:30-da tutulmuşdur. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)- 1274/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. “Qətimkan tədbiri seçilməsi barədə” 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. FİN 8J15769, AA1317662 nömrəli və FİN 8RGRL7J, AA1317666 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı övladları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməlinin törədilməsi zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 -ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 -ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, həbsdə saxlanıldığı 02 (iki) gün (26-28 noyabr 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1 -ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1 -ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar