Məhkəmə qərarları › İş №1(005)-121/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-121/2020

24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-121/2020 24.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynov Elçin Rövşən oğlunun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İtiihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 4, mənzil 21də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə ABŞ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, ABFA628 nömrəli, 9x19 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən, «Glock-19» modelli 01 ədəd tapançanı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, Glock-19 modelli tapançadan və həmin kalibrli digər tapança-pulemyotlardan və sair silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yaralı, döyüş sursatı hesab edilən 38 ədəd 9x19 mm kalibrli Parabellum patronlarını və zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz olan, bircərgəli və 9x19 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Glock-19 modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 02 ədəd darağı qanunsuz olaraq əldə edib üzərində və etibarnamə əsasında idarə etdiyi «BMW650» markalı, 90OK202 dövlət qeydiyyat nişanlı avtomobilində saxlayaraq daşımaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17.45 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Şahid1 küçəsi 7 ünvanda yerləşən “Premier Palace” otelinin qarşısında dayanmış vəziyyətdə olan idarə etdiyi «BMW650» markalı, 90OK202 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında dayanarkən saxlanılaraq nəqliyyat vasitəsi ilə birlikdə Baş X1 İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli qış gödəkcəsinin sağ iç cibindən 3 ədəd 9x19 mm kalibrli Parabellum patronları və həmin tarixdə Baş İdarənin inzibati binasının həyətində onun özünün iştirakı ilə «BMW650» markalı, 90OK202 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən nəqliyyat vasitəsinin arxa oturacağın üstündən çıxarıb təqdim etdiyi bir ədəd dəri əl çantasının içərisində olan “Glock-19” modelli 01 ədəd odlu silah tapança, 35 ədəd 9x19 mm kalibrli Parabellum patronları və “Glock-19” modelli silahların komplekt hissəsi olan 02 ədəd daraq aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2014-cü ildən 2016-cı ilədək Azərbaycan Hüquq Mühafizə Orqanlarına silah və digər avadanlıqların təchizatı ilə məşğul olan “Polladium” X2 müdir müavini vəzifəsində işləmiş, həmin şirkətin müdiri Samir Ələkbərzadə olmuşdur. Onunla həm işçi kimi həm də yaxın dost münasibətləri olmuşdur. Şəxsi istəyi ilə həmin şirkətdən işdən azad olunub 2019-cu ilin noyabr ayınadək “xxxxxxxx” ASC-də aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Faktiki olaraq özünə məxsus olan «BMW 650» markalı, 90OK202 dövlət nömrə nişanlı avtomobili idarə etmişdir. “Polladium” şirkətində müdir müavini olan zaman işdə yaxşı nailiyyətlər əldə etdiyinə görə müdir Samir Ələkbərov ona “Glock-19” markalı tapancanı, iki ədəd darağı və 45 ədəd həmin silahın patronlarını hədiyyə etmişdir. Həmin silahı əldə etdikdən sonra darağ və patronları ilə birlikdə idarə etdiyi «BMW 650» markalı, 90OK202 dövlət nömrə nişanlı avtomobildə saxlamışdır. Silahın saxlamağı barədə heç kimə bildirməmişdir. Silah ona hədiyyə olunduqdan sonra həmin silahı yoxlamaq məqsədi ilə dəqiq yerini xatırlamadığı Qaraheybət atış poliqonun yaxınlığında 7 atəş açmışdır. Qalan 38 patronu isə silahla birlikdə avtomobildə dəri materialdan olan əl çantasının içərisində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 17:45-də Bakı şəhəri, Nəsimi rayonu, Şahid1 küçəsi 7 ünvanda yerləşən “Premier Palace” otelinin qarşısında idarə etdiyi avtomobilin yanında olarkən ona bir neçə nəfər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib onun qanunsuz olaraq odlu silah əldə edib, saxlamaq və daşımağı barədə onlara məlumat daxil olduğunu və bununla bağlı Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə gedərək orada üzərinə və avtomobilinə baxış keçirilməli olduğunu bildirmişlər. O, razılıq verib polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarədə hüquq və vəzifələri izah edilib, vəkillə təmin olunduqdan sonra video çəkilişlə üzərinə axtarış aparılmışdır. Axtarış zamanı o, polislərin təklifindən sonra əynindəki gödəkçənin sağ yan cibində saxladığı üç ədəd “Glock-19” markalı tapancaya aid patronları çıxarıb təqdim etmişdir. Həmçinin digər patronların və tapancanın avtomobildə saxladığını bildirmişdir. Təqdim etdiyi patronlar bir ədəd zərfdə qoyulub möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunduqdan sonra o, həmin protokolun doğruluğunu imza ilə təsdiq etmişdir. Daha sonra video çəkiliş vasitəsi ilə idarə etdiyi “BMV 650” markalı 90OK202 nömrəli avtomaşına baxış keçirilmişdir. Baxış zamanı o, polis əməkdaşlarını təklifi ilə avtomaşının arxa oturacağında üzərində olan özünə məxsus içərisində silah və patronları saxladığı dəri əl çantasını təqdim etmişdir. Həmin çantaya baxış keçirilən zaman orada bir ədəd ona məxsus olan “Glock-19” markalı tapanca, iki ədəd həmin silahın darağı və 35 ədəd patronun olması müəyyən edilmişdir. Daha sonra silah, darağı və patronları ilə birlikdə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Baxış başa çatdıqdan sonra polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilmiş ucadan oxunmuş, məzmunu ilə tanış olduqdan sonra doğruluğunu imza ilə təsdiq etmişdir. Həmçinin bildirdi ki, həmin silahı əldə etməkdə hər hansı bir başqa cinayət törətmək məqsədi olmamışdır. Sadəcə cavanlıq etmiş və silahı çox bəyəndiyindən, avtomobilində saxlamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşiman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-cu il tarixdə DİN-in Baş X1 İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqla daşıması bildirilmişdir. Alınmış məlumat barədə raportla Baş X1 İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirinin keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 17:45-də tərəflərindən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu, Şahid1 küçəsi 7-də yerləşən “Premier Palace” otelinin qarşısında dayanmış vəziyyətdə olan idarə etdiyi “BMW 650” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış və nəqliyyat vasitəsi ilə birlikdə Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona vəkil təqdim olunaraq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Baş İdarənin xidməti otaqların birində video çəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qəbul edilmiş qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, döyüş sursatını, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli qış gödəkçəsinin sağ yan cibindən 3 ədəd tamlığı pozulmamış patron təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi patronların özünə məxsus olduğunu, həmin patronların özünə məxsus “Glock” markalı silaha aid olduğunu, silahı isə idarə etdiyi “BMW 650” markalı 90OK202 dövlət qeydiyyat nişanlı avtomobildə saxladığını, avtomobildə həmçinin patronlar da olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 manat pul, avtomobilinin açarı, siqareti və alışqanı özünə qaytarılmış, lakin 3 ədəd tamlığı pozulmamamış patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək şəxsiyyət vəsiqəsi və iki ədəd mobil telefonu ilə birlikdə götürülmüşdür. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair müvafiq protokol tərtib olunmuş, ucadan oxunmuş, təklif, ərizə və şikayət daxil olmadığı üçün protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Götürülmüş əşyalar protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs yazılı və şifahi razılığına əsasən idarə etdiyi “BMW 650” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Baş İdarənin inzibati binasının həyətində “Samsung A50” markalı mobil telefon aparatı vasitəsilə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə odlu silah, yaxud qanunla dövriyyəsi qadağan edilmiş digər əşya, predmetin olub-olmadığı soruşulmuş və müsbət halda həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin arxa oturacaq hissəsinin üzərində olan bir ədəd qara rəngli dəri materiallı çantanın içərisindən bir ədəd tapança tipli silahı, bir ədəd sandıqcanı və ağ rəngli sellofan torbanı təqdim etmişdir. Tapança tipli silaha baxış zamanı üzərində “Glock//9x19” yazısı, ABFA628 nömrəli, X4 istehsallı olması müəyyən edilmişdir. Tapançanın sandıq yuvasından içərisində 8 ədəd patron olan sandıqcası aşkar edilib çıxarılmışdır. Tapançanın patron yuvası yoxlanılarkən içəridə patron olması müəyyən edilməmişdir. Digər sandıqcada 2 ədəd, ağ rəngli sellofan torbanın içərisində isə 25 ədəd tamlığı pozulmamış patron aşkar edilmişdir. Avtomobildən aşkar edilmiş bir ədəd tapança tipli silah, 2 ədəd sandıqca və ümumilikdə 35 ədəd patron bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 2014-2016-cı illərdə “Palladium” şirkətində müdir vəzifəsində işlədiyini, silahın və patronların həmin müddətdə şirkətin müdiri Samir adlı şəxs tərəfindən ona hədiyyə edildiyini, həmin vaxtdan özündə saxladığını, bir dəfə poliqonda yoxlamaq məqsədilə istifadə etdiyini bildirmişdir. Bundan sonra baxış və götürmə aparılması barədə protkol tərtib edilərərk iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğu iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin digər əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, ibtidai istintaqa Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Şəxsi axtarış və götürmə” və “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17.45 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Şahid1 küçəsi 7 ünvanda yerləşən “Premier Palace” otelinin qarşısında dayanmış vəziyyətdə olan idarə etdiyi «BMW650» markalı, 90OK202 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında dayanarkən saxlanılaraq nəqliyyat vasitəsi ilə birlikdə Baş X1 İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli qış gödəkcəsinin sağ iç cibindən 3 ədəd 9x19 mm kalibrli Parabellum patronları və həmin tarixdə Baş İdarənin inzibati binasının həyətində onun özünün iştirakı ilə «BMW650» markalı, 90OK202 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən nəqliyyat vasitəsinin arxa oturacağın üstündən çıxarıb təqdim etdiyi bir ədəd dəri əl çantasının içərisində olan “Glock-19” modelli 01 ədəd odlu silah tapança, 35 ədəd 9x19 mm kalibrli Parabellum patronları və “Glock-19” modelli silahların komplekt hissəsi olan 02 ədəd daraq aşkar edilmişdir. (iş vər.: 28-29) Təqsirləndirilən şəxs üzərinə və icarə əsasında idarə etdiyi «BMW650» markalı, **- OK-*** nömrə nişanlı avtomobildə axtarış və götürmə zamanı “Samsung A50” markalı mobil telefon ilə çəkilmiş videogörüntünün olduğu 02 ədəd ”CD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 20/77R №li rəyinin nəticəsi hissəsində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 01 ədəd ABFA628 nömrəli silah, zavod üsulu ilə ABŞ dövlətində istehsal olunmuş, 9x19 mm kalibrli, «Glock-19» modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır.Tədqiqata təqdim edilmiş 38 ədəd patronlar, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9x19 mm kalibrli Parabellum patronları olmaqla Glock-19 modelli tapançadan və həmin kalibrli digər tapança-pulemyotlardan və sair silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yaralı döyüş sursatıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, Glock-19 modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 9x19 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdurlar. Qeyd: təqdim edilmiş 38 ədəd 9x19 mm kalibrli patronlardan 05 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. (iş vər.: 43-47) Məhkəmədə ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyi işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. xx xxxxxx 2020-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından odlu silahın onun komplekt hissələri və döyüş sursatlarının mənbəyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayırılmışdır. (iş vər: 164-164) Sübut əhəmiyyəti kəsb etdiyindən müstəntiqin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iş üzrə maddi sübut kimi tanınmış bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 9mm kalibrli “Glock- 19” modelli tapança, eksperimental atəşlərdən sonra qalıq qalan 33 ədəd 9x19mm kalibrli patronlar və 02 ədəd həmin silahın darağı məhkəmə baxışına qədər saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. (iş vər.: 82-83) Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən qanunsuz olaraq zavod üsulu ilə ABŞ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, ABFA628 nömrəli, 9x19 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən, «Glock-19» modelli 01 ədəd tapançanı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, Glock-19 modelli tapançadan və həmin kalibrli digər tapança-pulemyotlardan və sair silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yaralı, döyüş sursatı hesab edilən 38 ədəd 9x19 mm kalibrli Parabellum patronlarını və zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz olan, bircərgəli və 9x19 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Glock-19 modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 02 ədəd darağı qanunsuz olaraq əldə edib üzərində və etibarnamə əsasında idarə etdiyi «BMW650» markalı, 90OK202 dövlət qeydiyyat nişanlı avtomobilində saxlayıb, daşıyaraq gəzdirməklə saxlamaqda təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyi, xx xxxxxx 2020-ci tarixli axtarış və götürmə protokolları və iş üzrə maddi sübutlarla tam subuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu X3 Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza təyin edərkən aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər.: 133-134). Təqsirləndirilən şəxs Palladium Defence and Security Solutions MMC-də işlədiyi müddətdə həmin MMC-nin rəhbərliyi tərəfindən xx xxxxx 2016-cıil tarixli 03/k saylı əmrlə xəbərdarlıq, xx xxxxx 2016-cı il 05/k saylı əmrlə şiddətli töhmət verilmiş, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən və xx xxxxx 2016-cı il tarixli 6/K saylı əmrdən görünür ki, icraçı direktor vəzifəsindən azad edilmişdir. (iş vər.: 98- 103). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli 1021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. (iş vər.: 116). Azərbaycan Respublikasınının Bakı şəhəri Kommunal Təsərrüfat Departamenti Nizami Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 50 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx xxxxxx 2020-ci il tarixli 80 və 82 nömrəli arayışlardandan görünür ki Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qohumları ilə birgə qeydiyyatda olsada həmin ünvanda yaşamır. (iş vər.:154,155). Azərbaycan Respublikasınının Bakı şəhəri Kommunal Təsərrüfat Departamenti Nizami Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 50 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx xxxxxx 2020-ci il tarixli 81 nömrəli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qeydiyyatda olduğu ünvan üzrə barəsində heç bir şikayət daxil olmamışdır. (iş vər.:156). Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib səmimi peşiman olmasını, ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, ailə vəziyyətinə, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır (iş vər.: 79-82). Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 9mm kalibrli “Glock-19” modelli tapança, eksperimental atəşlərdən sonra qalıq qalan 33 ədəd 9x19mm kalibrli patronlar və 02 ədəd həmin silahın darağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərinə axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs götürülüb saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 9mm kalibrli “Glock-19” modelli tapança, eksperimental atəşlərdən sonra qalıq qalan 33 ədəd 9x19mm kalibrli patronlar və 02 ədəd həmin silahın darağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərinə axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhər Nərimanov Rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar