Məhkəmə qərarları › İş №1(005)-121/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-121/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-121/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam şəhəri, Muradbəyli sahəsində qeydiyyatda olan, ünvan 1 ünvanda yerləşən nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə ilə 17 yanvar 2020-ci il tarixdə saat 03:00-da Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2 ünvanda yerləşən nömrəsiz evdə heç kimin olmamasından və qapının kilidli vəziyyətdə olmasından istifadə edərək evə qonşu olan, yaşayış olmayan, qapısı açıq evdən arada olan taxta divarı üzərində gəzdirdiyi bıçaqla kəsmək yolu ilə kəsdiyi hissədən 1 otaqlı Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub mənzildə çarpayının üzərində yerləşən yataq dəstində yastığın altında olan 290 manat dəyərində “Samsung Galaxy A10” markalı mobil telefonu qutusu ilə birlikdə, həmin yataq dəstində yorğanların arasında olan pul kisəsindən 200 manat pulu, çarpayının yanında olan mebel dəstinin üzərindən 50 manat dəyərində qadın ətrini və 25 manat dəyərində olan qadın qol saatını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 565 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər CM-in 177-ci maddəsi ilə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 17 yanvar 2020-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə gecə tək gəzən zaman pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Həmin küçədə 2 saylı ünvanda yerləşən nömrəsiz mənzildə heç kimin olmamasını, qapının kilidli vəziyyətdə olmasını görmüş və mənzil onun diqqətini çəkmişdir. Bu səbəbdən mənzilə qonşuda qapısı açıq mənzildən arada olan taxta divarı üzərində gəzdirdiyi bıçaqla kəsməklə 1 otaqdan ibarət olan mənzilə daxil olmuş və orada dəyərli əşyalar axtarmağa başlamışdır. Mənzildə çarpayının üzərində yerləşən yataq dəstində yastığın altında olan “Samsung Galaxy A10” markalı mobil telefonu qutusu ilə birlikdə və həmin yataq dəstində yorğanların arasında olan pul kisəsindən 200 manat pulu, yataq dəstinin yanında olan mebel dəstinin üzərində olan 25 manat dəyərində qadın qol saatını və qadın ətrini götürmüşdür. Başqa dəyərli əşyanın olmadığını görüb mənzildən çıxmışdır. Bundan sonra o, oğurluq yolu ilə əldə etdiyi mobil telefonu həmin gün səhər saatlarında 20 yanvar metrostansiyasının yanında olan telefon mağazasına 110 manata satmışdır. Mənzildən götürmüş olduğu pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı oğurladığı pulun dəyərinin 100 manat olması, qadın ətri və qol saatını oğurlamaması barədə ifadəni özünümüdafiə etmək və oğurluq nəticəsində dəyən ziyanan məbləğini azaltmaq məqsədi ilə vermişdir. Lakin sonradan törətdiyi əməli tam etiraf etmiş və hazırda da ona irəli sürülmüş ittihamı qəbul edir. Törətdiyi əməldən çox peşmandır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda Nərimanov RPİ-nin MSY-də saxlanılır. Belə ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. 2014cü ildən ünvan 2 ünvanda yerləşən nömrəsiz 1 otaqlı mənzildə tək kirayədə yaşamaışdır. Həmin həyətdə onun kirayə yaşadığı mənzil daxil olmaqla 6 bir otaqlı mənzil vardır. 16.01.2020-ci il tarixdə yaşadığı evdən saat 07:30 radələrində çıxaraq işə getmişdir. Təxminən saat 17:00 radələrində yaşadığı evin həyətinə gəlmiş və kirayədə yaşadığı mənzilin qapısının bağlı olduğunu görüb yaxınlıqda yaşayan bacısı Sevda İsmayılovanın mənzilinə getmişdir. 17.01.2020-ci il tarixdə səhər saatlarında bacısıgildən çıxıb işə gedərkən yenidən kirayədə yaşadığı mənzilin həyətinə gəlib qapının bağlı olduğunu görüb işə getmişdir. 17.01.2020-ci il tarixdə saat 17:00 radələrində işdən evə qayıdıb qapını açarkən qapının ağzında dəhlizdə stul görmüş, ikinci bağlı olmayan qapını açıb evin içərisinə daxil olduqda görmüşdür ki, ev dağınıq vəziyyətdədir və evdən oğurluq olmuşdur. Dərhal yataq dəstində yastığın altında olan, 290 manata aldığı “Samsung Galaxy A10” markalı mobil telefonun qutusu ilə birlikdə, həmin yataq dəstində yorğanların arasında olan pul kisəsindəki 200 manat pulun, yataq dəstinin yanında olan mebel dəstinin üzərində olan 25 manat dəyərində qadın qol saatının və 50 manat dəyərində olan qadın ətrinin oğurlandığını aşkar etmişdir. Oğurluq edən şəxs qonşuluqda boş olan otağın dəhlizindən taxta hasarı sındırmaq yolu ilə onun yaşadığı mənzilə daxil olmuşdur. Bundan sonra o, DİN-in 102 xidmətinə məlumat vermişdir. Təxminən 20 dəqiqədən sonra hadisə yerinə polislər gəlmiş və mənzilə baxış keçirmişlər. Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəmə ərizə təqdim etdi. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 04 may 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1991-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən nömrəsiz evdə kirayədə yaşayan Şahid yerini tapıb Nərimanov Rayon Məhkəməsinə təmin edilməsi mümkün olmamışdır. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla heç bir münasibəti olmamışdır. O, “Velotrek” ticarət mərkəzinin yaxınlığında olan Rövşən Cəfərov küçəsi 2 saylı ünvanda yerləşən “SONY” telefon mağazasında satıcı işləyir. 17 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs 20 yanvar metrostansiyasının yanındakı “Velotrek” ticarət mərkəzinin yaxınlığında olan Rövşən Cəfərov küçəsi 2 saylı ünvanda yerləşən “SONY” telefon mağazasına “Samsung Galaxy A10” markalı mobil telefonu gətirərək satmaq istədiyini bildirmişdir. O da, həmin mobil telefonu yoxlayaraq qarşılığında 110 manat pul verə biləcəyini bildirmiş və Təqsirləndirilən şəxs da onunla razılaşaraq həmin mobil telefonu 110 manat qarşılığında satmışdır. Bundan sonra o, həmin mobil telefonu təxminən 3-4 gün sonra tanımadığı bir xanıma satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İfadənin yerində yoxlanılması haqqında” 15 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı İlkin İmanov icraatında CM-in 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs iştirakı ilə onun istintaqa şahid qismində verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə həmin ifadəni onun iştirakı ilə yerində yoxlamışdır. İstintaq zamanı şahid qismində ifadə vermiş Təqsirləndirilən şəxs əvvəllər haqqında ifadə verdiyi və hazırda ifadə verə biləcəyi şəraiti, yerləri göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra onun istiqamətləndirməsi ilə Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2 ünvanda yerləşən nömrəsiz mənzilə qonşu olan, qapısı açıq mənzildən arada olan taxta divarı üzərində gəzdirdiyi bıçaqla kəsmək yolu ilə həmin 1 otaqlı mənzilə qanunsuz daxil olmasını və mənzildə çarpayının üzərində yerləşən yataq dəstində yastığın altında olan ‘‘Samsung Galaxy A10” markalı mobil telefonu qutusu ilə birlikdə, həmin yataq dəstində yorğanların arasında olan pul kisəsindən 100 manat pulu gizli yolla talamaqla oğurluq etdiyi hadisə yerini əyani olaraq göstərdi. İfadənin yerində yoxlanması istintaq hərəkəti gündüz vaxtı, təbii işıq şəraitində aparıldı və ifadənin yerində yoxlanılması zamanı “Samsung S10” markalı mobil telefondan istifadə edilməklə ifadənin yerində yoxlanılmasının fotoşəkilləri çəkildi. İfadənin yerində yoxlanılması istintaq hərəkəti başa çatdıqdan sonra tərtib edilmiş protokol iştirakçıya ucadan oxundu və iştirakçı tərəfindən protokola hər hansı qeyd, əlavə və ya düzəliş daxil olmadı. Protokol iştirakçı tərəfindən düzgün hesab edilərək imzalandı; “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 16 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi İlkin İmanovun 16.02.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən dərhal azad edilməsi qərara alınmışdır; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 16 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-230/2018 nömrəli, 06 avqust 2018ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Salyan Rayon Məhkəməsinin 7(057)-428/2019 nömrəli, 09 avqust 2019-cu il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 11 (on bir) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22.12.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmuşdur. Sonuncu dəfə o, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli hökmünə əsasən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və 20.07.2020-ci ildə cəza müddəti başa çatmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in: 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2018-ci tarixli hökmü ilə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 11 (on bir) günündən vaxtından əvvəl şərti azad edilmişdir (Salyan Rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli qərarı). Həmçinin, Təqsirləndirilən şəxs cəza müddəti 20.07.2020-ci il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini 17 yanvar 2020-ci tarixdə, yəni cəzadan vaxtından əvvəl şərti olaraq azad edildiyi dövrdə törətmişdir və həmin əməli törədərkən onun məhkumluğu ödənilməmişdir (CM-in 83.4-cü maddəsi). CM-in: 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-230/2018 nömrəli, 06 avqust 2018-ci tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən 11 (on bir) ay 11 (on bir) gün vaxtından əvvəl şərti olaraq azad edildiyi (Salyan Rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli qərarı) müddətdə törətmişdir. Bu səbəbdən, CM-in 76.6, 76.6.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-in 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün (15-16 dekabr 2020-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-230/2018 nömrəli, 06 avqust 2018-ci tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunma ləğv edilməli, həmin cəzanın çəkilməmiş 11 (on bir) ay 11 (on bir) günü hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli (CM-76.6.3, 67.1), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalında həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 01 iyun 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün (15-16 dekabr 2020-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6, 76.6.3-cü maddələrinə əsasən Salyan Rayon Məhkəməsinin 7(057)-428/2019 nömrəli, 09 avqust 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-230/2018 nömrəli, 06 avqust 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 11 (on bir) günündən vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-230/2018 nömrəli, 06 avqust 2018-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 11 (on bir) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar