Məhkəmə qərarları › İş №1(005)-122/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-122/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-122/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 saylı ünvanda yerləşən plastik istehsalı sexinin müdiri işləyən və həmin sexə rəhbərlik edən, ünvan 2 saylı ünvanda qeydiyyatda olmaqla yaşayan və hazırda barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət etməyərək pozması nəticəsində ehtiyyatsızılıqdan insan sağlamlığına ağır zərər vurulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə fiziki şəxs olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyində sahibkar kimi qeydiyyata alındıqdan sonra xx.xx.2019cu il tarixli 24 nömrəli icarə müqaviləsi əsasında həmin tarixdən icarəyə götürüb işlətdiyi ünvan 3 saylı ünvanda yerləşən plastik qabların istehsalı sexinin müdiri vəzifəsində işləyən zaman aparılan işlərə rəhbərlik edərkən “İstehsalat prosesləri” 12.2.003-91 DÜSTnin (Dövlət Standartının) 1.1, 2.7.1, 2.8.4, 2.9.1 bəndlərinin, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2, 1.4, 2.15 bəndlərinin, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-79 DÜST-nin (Dövlət Standartının) 3.10 bəndində olan texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət etməyərək, həmin qaydaların qorunması üçün üzərinə düşən vəzifələri lazımınca icra etməyib “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan “Müəssisə direktorunun əmək funksiyasının tələblərini pozub, plastik kütlələrin hazırlanması üçün istifadə olunan qurğunun quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilmədən həmin qurğunun istismarına yol verərək, qurğunun mühafizə vasitələri ilə təchiz edilməsini təmin etməmiş və texniki təhlükəsizlik qaydaları ilə tanış etməyərək, bilikləri yoxlanılmamış işçi heyətini müstəqil olaraq işin icrasına buraxması nəticəsində xx.xx.2020-ci il tarixdən şifahi razılıq əsasında, xx.xx.2020-ci il tarixdən isə, bağlanmış əmək müqaviləsi əsasırda operator vəzifəsində işləyən Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov 6 ünvanında yerləşən plastik qabların istehsalı sexində öz vəzifəsini icra edən zaman sol əlini qurğuya salıb plastik kütləni götürən zaman qurğunun presləyici hissəsi işə düşdükdən sonra sol əli həmin hissədə qalaraq sol əlin 1-2-3-4-5-ci barmaqlarının amputasiyasından ibarət olan, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 33%-dən çox daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarət almışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə fərdi sahibkar kimi onunla və “xxxx” ASC arasında 24 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xx xxxxxx 2020-ci il tarixdən ünvan 1 saylı ünvanda yerləşən plastik qabların istehsalı sexini icarə əsasında işlədir. Sex çörək, meyvə, tərəvəz və digər malların qoyulması üçün istifadə olunan plastik qabları istehsal edir. İstehsal olunan mallar əvvəl sexdə saxlanılır, sonra isə ölkə daxilində olan məişət əşyaları satılan mağazalara və marketlərə satılır. İş rejimi həftənin 5 günü olmaqla hər gün saat 09:00-dan 17:00-a qədər, şənbə günü isə 09:00-dan 15:00-dəkdir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsi olur. O, hər gün bütün işçilərə texnikitəhlükəsizlik qaydalarına riayət edilməsi barədə işqabağı şifahi təlimat verir. Bundan başqa ayda bir dəfə işçilərə təlimat keçir və işçilər bu barədə müvafiq jurnalı imzalayırlar. Həmçinin, işçilərin texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət edir. xx xxxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında əmək müqaviləsi bağlanaraq onu həmin sexdə rəsmi olaraq operator vəzifəsinə işə qəbul etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində sexdə çalışan işçisi Şahid1 ona zəng vuraraq operator Zərərçəkmiş şəxs sol əlinin plastik kütlələrin hazırlanması üçün istifadə olunan qurğunun presləyici hissəsində qalaraq xəsarət aldığını, X12 Stansiyasının həkimləri tərəfindən Nəsimi rayonunda yerləşən Travmatologiya İnstitutuna aparıldığını bildirmişdir. Dərhal avtomobilinə əyləşərək Travmatologiya İnstitutuna getmişdir. Orada Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmiş, əməliyyat edilərək sol əlinin dörd barmağı amputasiya edilərək sol əlinə tikişlər qoyulmuş və iki gündən sonra isə evə buraxılmışdır. Əməliyyat xərcləri və əməliyyatdan sonra müalicə üçün tələb olunan vəsait tərəfindən ödənilmiş və Zərərçəkmiş şəxs maddi yardım göstərilmişdir. Hazırda zərər çəkmiş şəxsə vurulmuş zərər ödənilmiş, sonuncu ilə barışıq əldə olunmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00-da səhər saatlarında sexə gələrək iş fəaliyyətinə başlamazdan əvvəl sex müdiri Təqsirləndirilən şəxs tərəfindən şifahi olaraq təlimatlandırılmış, daha sonra işə başlamışdır. Təxminən saat 10:30 radələrində sexin müdiri Təqsirləndirilən şəxs şəxsi işləri ilə əlaqədar sexdən ayrılmışdır. Həmin gün saat 11 radələrində qurğunun həmin dayandırma düyməsini basmaq yadından çıxmış, plastik kütləni götürən zaman qurğunun presləyici hissəsi işə düşmüş və sol əli həmin hissədə qalaraq xəsarət almışdır. Bu zaman “kömək edin” deyə qışqırmağa başlamış və yanında olan, hadisəni görən iş yoldaşı operator Şahid1 ona yardım edərək sol əlini qurğunun presləyici hissəsindən çıxarmışdır. Ondan bir qədər kənarda olan Şahid2 da kömək etmək üçün yanına gəlmiş, lakin Fətalı gəldikdə, artıq əli qurğunun presləyici hissəsindən çıxmışdır. Şahid1 dərhal X12 Stansiyasına zəng vurub hadisə barədə məlumat vermiş, sonra Füzuli sexin müdiri Təqsirləndirilən şəxs da zəng vuraraq hadisə barədə məlumat vermişdir. Təxminən 15 dəqiqə sonra TTYS-nın həkimləri gələrək onu avtomobilə əyləşdirərək Nəsimi rayonunda yerləşən Travmatologiya İnstitutuna aparmışlar. Travmatologiya İnstitutuna çatdıqdan təxminən 10 dəqiqə sonra sexin müdiri Təqsirləndirilən şəxs oraya gəlmiş, həmin xəstəxənada ilkin tibbi yardım göstərilmiş və əməliyyat edilərək sol əlinin dörd barmağı amputasiya edilərək sol əlinə tikişlər qoyulmuşdur, iki gündən sonra isə evə buraxılmışdır. Əməliyyat xərclər və əməliyyatdan sonra müalicə üçün tələb olunan vəsait sexin müdiri Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və ona maddi yardım göstərilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00-da səhər saatlarında sexə gələrək iş fəaliyyətinə başlamazdan əvvəl sex müdiri Təqsirləndirilən şəxs tərəfindən şifahi olaraq təlimatlandırılmış və işə başlamışdır. Həmin gün Zərərçəkmiş şəxs və Şahid2 işdə olmuş, Şahid3 isə icazə aldığı üçün işə gəlməmişdir. Təxminən saat 10:30 radələrində sexin müdiri Təqsirləndirilən şəxs şəxsi işləri ilə əlaqədar sexdən ayrılmışdır. Həmin gün saat 11 radələrində iş yoldaşı operator Zərərçəkmiş şəxs “kömək edin” deyə qışqırdığını eşitmişdir. Dərhal ona tərəf yaxınlaşdıqda Zərərçəkmiş şəxs sol əlinin plastik kütlələrin hazırlanması üçün istifadə olunan qurğunun presləyici hissəsində qalaraq xəsarət aldığını görmüşdür. Bu zaman Natəvana kömək edərək onun sol əlini qurğunun presləyici hissəsindən çıxartmışdır. Bir neçə saniyə sonra Şahid2 da kömək etmək üçün yanlarına gəlmiş, lakin Fətalı gəldikdə artıq Natəvanın əli qurğunun presləyici hissəsindən çıxmışdır. Dərhal X12 Stansiyasına zəng vurub hadisə barədə məlumat verdikdən sonra sexin müdiri Təqsirləndirilən şəxs da zəng vuraraq hadisə barədə məlumatlandırmışdır. Təxminən 15 dəqiqə sonra TTYS-nın həkimləri gələrək Zərərçəkmiş şəxs avtomobilə əyləşdirərək Nəsimi rayonunda yerləşən Travmatologiya İnstitutuna aparmışlar. O isə, Fətalı ilə birlikdə iş yerində qalmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarıxxxxvə məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs plastik istehsalı sexində xəsarət alması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X8” X11 xx.xx.2020-ci il tarixli, 761 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol əlin 1-2-3-4-5-ci barmaqlarının amputasiyası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə sol əl barmaqlarının işlək vəziyyətdə olan yüksək təzyiq altında dəzgahın arasında qalması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 33%-dən çox daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2926 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar "İstehsalat prosesləri” 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.1, 2.7.1, 2.8.4, 2.9.1 bəndlərinin, "İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2, 1.4, 2.15 bəndlərinin, "İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-79 DÜST”-nin (Dövlət Standartının) 3.10 bəndinin və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”xxxx“Müəssisə direktorunun əmək funksiyası”nın tələbləri pozulmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 6 ünvanında yerləşən sexdə plastik kütlələrin hazırlanması üçün istifadə olunan qurğunun quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilmədən həmin qurğunun istismarına yol verdiyinə, qurğunun mühafizə vasitələri ilə təchiz edilməsini təmin etmədiyinə və texniki təhlükəsizlik qaydaları ilə tanış edilməmiş, biliyi yoxlanılmamış işçi heyəti, o cümlədən Zərərçəkmiş şəxs müstəqil olaraq işin icrasına buraxdığına görə, "İstehsalat prosesləri” 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.1, 2.7.1, 2.8.4, 2.9.1 bəndlərinin, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2, 1.4, 2.15 bəndlərinin, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-79 DÜST”-nin (Dövlət Standartının) 3.10 bəndinin və "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”xxxx“Müəssisə direktorunun əmək funksiyasfnın tələbləri hadisə baş vermiş sexin müdiri Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş şəxs tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Zərər çəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 162.1-ci madəsi ilə istintaqı edilən ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında ” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs həm ibtidai istintaq dövründə həm də məhkəmə iclasında təqdim etdiyi ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarıxxxxifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa-iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı,aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş müdafiəçiyə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia, maddi sübut və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar