Məhkəmə qərarları › İş №1(005)-123/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-123/2021

17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-123/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgəyə məxsus əmlakı gizli olaraq talamaq məqsədi ilə 22 sentyabr 2020-ci tarixdə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən dəmir yol keçidinin alt hissəsindən Zərərçəkmiş şəxs məxsus 1500 manat dəyərində «Mondial 100 SFC» markalı, mühərrik həcmi 97m3 olan mopedi gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 22 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvana gedən zaman M.Arif küçəsində yerləşən dəmir yolu keçidinin alt hissəsində tünd göy rəngli moped görmüşdür. Həmin mopedi oğurlamaq qərarına gəlmiş və mopedə yaxınlaşıb naqillərini biri-birinə toxundurub mühərriki işə salmışdır. Mühərrik işə düşdükdən sonra idarə edərək, yaşadığı Nərimanov rayonu, A.Qərib küçəsi, ev 1 ünvanına gəlmişdir. Mopedi həyətdə saxlayıb, həmin gün səhər qara rəngli boya ilə boyamış və 2 gün boya quruduqdan sonra mopedi təxminən 1 ay idarə etmişdir. 2020-ci ilin oktyabr ayının ortalarında həmin mopedi satmaq qərarına gəlmiş və bu məqsədlə Nizami rayonu, Keşlə qəsəbəsinə getmişdir. Orada mopedi adını və əlaqə vasitələrini bilmədiyi şəxsə 480 manata satmışdır. Əldə etdiyi 480 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 01.11.2020-ci il tarixdə saat 17 radələrində Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən «Zəfəran» aptekin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyini bildirmişlər. Üzərində sənədi olmadığı üçün şəxsiyyətini müəyyən etmək məqsədi ilə onu 18-ci PŞ-nə dəvət etmişlər. Şöbədə şəxsiyyəti müəyyən olunduqdan sonra, sorğu zamanı 22.09.2020-ci il tarixdə Nərimanov rayonu, M.Arif küçəsidə yerləşən dəmiryolu keçidinin alt hissəsində tünd göy rəngli moped oğurladığını etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs və şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilmədiyini və heç bir tələbinin olmadığının nəzərə alınması bildirmişdir. Cinayət işinin 63-65-ci vərəqələrində olan Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 22.09.2020-ci il tarixdə saat təxminən 01 radələrində qardaşı İlkin ona məxsus olan «Mondeal 100 SFC» markalı nömrə nişansız motoskleti yaşadıqları Nərimanov rayonu, M.Arif küçəsində yerləşən dəmir yol keçidinin alt hissəsində saxlayaraq oradan çıxıb getmişdir. Qardaşı İlkin səhəri gün 23.09.2020-ci il tarixdə saat 11 radələrində motoskleti saxladığı yerə qaytdıqda motoskletin yerində olmadığını aşkar etmişdir. Həmin vaxt məlum olmuşdur ki, motosklet naməmul şəxs tərəfindən oğurlanmışdır. Buna görə də qardaşı İlkin DİN-nin 102 xidmətinə zəng edib məlumat verib Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. 01 noyabr 2020-ci il tarixdə polis bölməsindən ona məlumat verilmişdir ki, oğurlanmış motosklet və əməli törətmiş şəxs müəyyən edilmişdir. Daha sonra məlum oldu ki, motoskleti oğurlayan şəxs Təqsirləndirilən şəxsdur, motoskletin rəngini dəyişərək başqa bir şəxsə satmışdır. Cinayət işinin 41-42-ci vərəqələrində olan Şahid istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 12 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində işlədiyi Bakı şəhər, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən «Dadlı Kabab» kafesində olan zaman əvəllər tanımadığı bir nəfər oğlan gəlib qara rəngli «Mondial» markalı mopet satdğını bildirmişdir. Mopedlə maraqlanıb qiymətini soruşmuş, həmin şəxs mopedi 700 manata satdığını bildirmişdir. O, mopedin baha satılmasını və ucuz qiymətə verməsini demişdir. Həmin şəxs razılaşmayıb getmiş və 15 dəqiqə sonra qayıdaraq mopedi 500 manata satmasını demişdir. Həmin şəxsə üzərində 480 manat olduğunu bildirmiş və həmin şəxs mopedi 480 manata satmasına razılıq vermişdir. Mopedi almamışdan əvvəl oğurluq olub-olmamasını soruşmuşdur. Mopedi satan şəxs mopedin oğurluq olmadığını, özünə məxsus olduğunu, uşağı xəstə olduğundan pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. 480 manatı həmin şəxsə verib mopedi istifadə etməsi üçün almışdır. Təxminən 15 gün idarə etdikdən sonra mopedin rəngini dəyişib albalı rənglə boyayaraq idarə etməyə başlamışdır. 01.11.2020-ci il tarixdə saat 18 radələrində işlədiyi «Dadlı Kabab» kafesində olduğu zaman polis əməkdaşları gəlib idarə etdiyi mopedə baxmalarını görmüşdür. Polis əməkdaşlarına yaxınlaşıb mopedin özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları həmin mopedin 22.09.2020-ci il tarixdə Bakı şəhər, Nərimanov rayonu ərazisindən oğurlandığını bildirmiş və dəvət olunmuş hal-şahidlərinin iştirakı ilə protokol tərtib edib mopedi götürmüşlər. Mopedi alarkən oğurluq yolu ilə əldə olunmasını bilməmiş, mopedi satan şəxs mopedin özünə məxsus olduğunu, uşağının xəstə olduğu üçün pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 22.09.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X1 Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrini rəhbər tutub X8 oğlunun və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış keçirilən yer Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşir. Baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yerinin yaxınlığında dəmir yolu, yerüstü piyada keçidi və fərdi yaşayış evləri vardır. Ətrafda müşahidə kameraları müəyyən edilməmişdir. İ.Nəsirov yerüstü keçidin alt hissəsini göstərib, idarə etdiyi «Mondeal» markalı mopedin oradan oğurlandığını təsdiq etmişdir. Cinayət işinin 11-14-cü vərəqələrində olan “Maddi sübutun götürülməsi barədə” 01 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞnin təhqiqatçısı X1 iki hal şahidi və Şahid iştirakı ilə Bakı şəhər, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən «Dadlı Kabab» restoranın yaxınlığında «Mondial» markalı, qırmızı rəngli moped aşkar etmişdir. Baxış zamanı mobil telefondan istifadə olunmuşdur. Hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyətli «Mondial» markalı moped götürülmüşdür. Baxış saat 13:00-da başlanılmış, saat 13:30-da başa çatmışdır. Cinayət işinin 28-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 01 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-70-ci vərəqələrində olan “Şəxsin tanınması haqqında” 02 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid tanınma üçün təqdim edilmiş və Şahid tanınma istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs tanıyaraq mopedin ona satan şəxs olmasını təsdiq etmişdir. Cinayət işinin 84-cü vərəqində olan “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 02 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 06.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 96-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2020-ci il tarixli, 9/4876 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda gösrətilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd «Mondial 100 SFC» markalı, mühərrik həcmi 97m3 olan mopedin istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayında olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1500,0 manat müəyyən edilir. Cinayət işinin 102-ci vərəqində olan AZE seriyalı, 12849311 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənov Sərxan 24.05.2003-cü ildə Bakıda; AZE seriyalı, 12849315 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənov Murad 15.06.2011-ci il tarixdə Bakıda anadan olmuşlar. Həmin vəsiqələrdə atası qrafalarında Təqsirləndirilən şəxs, anası qrafalarında Allahverdiyeva Bəyimxanım qeyd olunmuşdur. Cinayət işinin 105-109-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 01.12.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə «Mondial 100 SFC» markalı, mühərrik həcmi 97m3 olan mopedin maddi sübut kimi tanınması və zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulmasına dair” 09.04.2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan X4 09.04.2021-ci il tarixdə tutularaq 18-ci polis şöbəsinə gətirilmiş və araşdırılması üçün Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamami ilə ödənilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar (cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (01-02 noyabr 2021-ci il) 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - «Mondial 100 SFC» markalı, mühərrik həcmi 97m3 olan mopedin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan - «Mondial 100 SFC» markalı, mühərrik həcmi 97m3 olan mopedin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar