Məhkəmə qərarları › İş №1(005)-124/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-124/2022

06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-124/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Mirbaba oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Mirbaba oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Mirbaba oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs Mirbaba oğlu şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış və 21 sentyabr 2021-ci il tarixdə saat 12:00-da Bakı Metropoliteni QSC-nin "Gənclik" stansiyasında tibbi maskasını, gəzməklə pandemiya ilə əlaqədar karantin qaydalarını pozduğuna görə Bakı Metropoliteni Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin portal sistemində yoxlanılarkən Bakı şəhəri Suraxanı RPİ-si tərəfindən borclu fiziki şəxs kimi axtarışda olduğu müəyyən edildiyindən Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə gətirilmiş, həmin gün saat 13:40 radələrində Bakı Metropolitenin Polis Şöbəsinin inzibati binasında xidməti otaqda üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaretin gümüşü kağızı kəsiyinə bükülmüş ümumi çəkisi 0.263 qram narkotik vasitə olan heroin və ağ rəngli kağız kəsiyinə bükülmüş içərisində narkotik vasitələrin izi olan 02 ədəd baş hissəsi sınmış ampulalar aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Mirbaba oğlunun CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: - uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; - cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsi “Layıcov Azərbaycana qarşı” məhkəmə işi üzrə 10 aprel 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Buna görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Daxili İşlər Nazirliyinin Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları tərəfindən 21 sentyabr 2021-ci il tarixdə xidməti vəzifələrini icra edən zaman Bakı Metropoliteni QSC-nin Gənclik stansiyasında Təqsirləndirilən şəxs Mirbaba oğlu tibbi maskasız gəzdiyi üçün saxlanılmış, daha sonra portal sistemində yoxlanılarkən Bakı şəhəri Suraxanı RPİ-si tərəfindən borclu fiziki şəxs kimi axtarışda olduğu müəyyən edildiyindən Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Mirbaba oğlunun üzərinə şəxsi axtarış və baxış hərəkəti Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasında xidməti otaqda aparılmışdır. Məhkəmə “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası CM-in 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası CM-in 27-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci madəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci tarixli qərarında formalaşmış hüquqi mövqeyindən yanaşaraq belə qənaətə gəlir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Mirbaba oğlu tərəfindən güman olunan cinayət hadisəsi onun Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasında (Bakı şəhəri, Zərgər palan 135) xidməti otaqda üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə və narkotik izləri olan 2 ədəd ampula aşkar olunduğu zaman başa çatmışdır. Beləliklə məhkəmə qeyd edir ki, ittihamda qeyd olunan əməl Təqsirləndirilən şəxs Mirbaba oğlu tərəfindən Yasamal rayonunun ərazisində törədildiyindən, hazırki cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası CPM-nin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Yuxarıda göstərilənləri və cinayət prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mirbaba oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Mirbaba oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yusifbəyli və Partnyorları Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, cinayət işinin aidiyyəti məhkəməyə göndərilməsi barədə məsələ CPM-nin 300.1.4-cü maddəsinin müddəalarına uyğun tənzimləndiyindən və CPMnin 300.5-ci maddəsinin təsiri altına düşmədiyindən hazırkı qərardan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Mirbaba oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Mirbaba oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yusifbəyli və Partnyorları Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar