Məhkəmə qərarları › İş №1(005)-124/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-124/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-124/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Lənkəran rayonu, Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə saat 07:40-da ictimai yer hesab edilən ünvan 1 ünvanında yerləşən «Bakı Sağlamlıq Mərkəzi»nin girişinin foyesində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib həmin xəstəxananın normal iş fəaliyyətini pozaraq həyat yoldaşı Zərərçəkmiş şəxs zor tətbiq edib, şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoyub sonuncunun saçından tutaraq qəsdən yerə yıxıb müqavimətini qıraraq, yumruq zərbələri ilə baş nahiyyəsindən bir neçə dəfə vurduqdan sonra saçlarından tutub sürüyərək sonuncuya təpə nahiyəsinin böyük sahədə tüklərin travmatik qopması və həmin səviyyədə tük diblərinə qansızma və sağ təpə nahiyəsində yumşaq toxumlarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan fluktasiya edən hematoma xarakterli sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xəstəxananın normal iş fəaliyyətini pozaraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə həmkəndlisi Rəmiyyə Abbasova ilə ailə həyatı qurmuşdur. Rəmiyyə ilə nikahdan sonra onlar kənddə anasının evində yaşayırmışlar, o, mütəmadi olaraq Rusiya Federasiyasına Sankt Peterburq və Moskva şəhərlərinə gedib orada işləyirmiş. Təxminən 4 il bundan qabaq Rəmiyyənin anası Şahnaz, arvadı Rəmiyyəni iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhərinə gətirmişdir. Həmin vaxtdan sonra Rəmiyyə anası və qardaşı Vahidlə birlikdə kirayədə qalırmışlar. Həmin vaxtdan 2023-cü ilin yay aylarınadək münasibətləri normal olmuşdur. 2022-ci ilin oktyabr ayında Azərbaycana gəldikdən sonra Rusiya Federasiyasına getməmiş, 2023-cü ilin fevral ayında Bakı şəhəri NZS qəsəbəsində Rəmiyyənin anasının qonşuluğunda ev tutub birlikdə yaşayırmışlar. 2023-cü ilin yay aylarından sonra münasibətləri pisləşmiş, Rəmiyyə öz adına kredit və faiz götürüb qardaşı üçün Mamastlı kəndində ev tikdiyindən sonra aralarında söz söhbət yaranmışdır. O, onun bu qədər borca girməsinə dəfələrlə irad bildirmiş, borca görə uşaqlara baxa bilmirmiş. O, Rəmiyyəyə rəsmi olaraq ayrılmağı təklif etmiş, lakin Rəmiyyə boşanmadan yayınırmış. 04 dekabr 2023-cü ildə saat 17 radələrində Rəmiyyənin iş yerinə gedib onun işləməyinə etiraz etdiyini, həmçinin bankdan anasına zəng gəldiyinə irad bildirmişdir. Lakin onu vurmamış, o oradan çıxıb getmişdir. 05 dekabr 2023-cü ildə saat 07:50-də o, Rəmiyyənin işlədiyi Bakı Sağlamlıq Mərkəzinin qarşısına getmiş. Rəmiyyənin işlədiyi hospitala gedib onun saçından tutmuşdur ki, kredit söhbətini bağlasın, onu yerə yıxmış, yerdə sürmüş lakin onu vurmamış, ətrafda olan şəxslər və mühafizəçilər onu üzü üstə yerə yıxıb vurmağa qoymamışlar, onları ayırmışlar, oradan onu polis əməkdaşları gəlib 16-cı PŞ-nə aparmışlar. Sonda Təqsirləndirilən şəxs, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildən etibarən evlidirlər. Nikahdan sonra 2 azyaşlı uşaqları olmuşdur. Elşən nikahdan sonra mütəmadi olaraq Rusiya Federasiyasına gedib gəlirimş. Son 1 il ərzində onunla münasibətləri kəskinləşmişdir. Aralarında bir çox problemlər olurmuş, Elşən onu döyürmüş sonra isə uzaqlaşaraq müvəqqəti Lənkəran şəhərinə gedirmiş, sonra yenə eyni qaydada müəyyən vaxtdan sonra gəlirmiş, aralarında problemlər yaranırmış, sonra yenə qayıdırmış. 04 dekabr 2023-cü il tarixdə o, işlədiyi yerdən axşam radələrində çıxan zaman Elşən onun qarşısını kəsərək onu ölümlə hədələmiş, bu zaman iş yoldaşları bunu gördüyü üçün o, uzaqlaşmışdır. 05 dekabr 2023-cü il tarixdə saat 07:40-da Elşən işlədiyi Bakı Sağlamlıq Mərkəzinə gəlmiş, onu gördüyü an yenə hücum çəkməyə başlamış, saçından tutaraq onu yerə yıxaraq sürütləməyə başlamışdır. Bunu görən klinikanın mühafizəçiləri dərhal onlara yaxınlaşmış və güclədə olsa onu Elşənin əlindən almağa çalışmışlar. Bundan sonra isə klinikanın işçiləri 102 qaynar xəttə zəng vuraraq hadisə ilə bağlı məlumat vermişlər. Daha sonra isə polis əməkdaşları gəlib onu aparmışlar. Elşənin bu hərəkətlərinin səbəbi ona tam aydın deyilmiş, dəfələrlə də ondan bunun səbəbini soruşurmuş, özü də ona deyirmiş ki, Elşən onun işdən çıxmağına qarşı deyilmiş. Dəfələrlə spirtli içki qəbul edib gəlirmiş və onu səbəbsiz yerə döyməyə başlayırmış, onu ölümlə hədələyirmiş, sonuncu hadisə baş verən zaman da onun ünvanına iş yoldaşlarının yanında nalayiq ifadələr işlətmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin xx.xx.2024-cü il tarixdə Şahid2 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi,107 ünvanında yerləşən «Bakı Sağlamlıq Mərkəzi»nin girişinin foyesidir. Cinayət işinin 35-36-cı vərəqələrində olan “İttiham elan edilməsi üçün şəxsin tutulması barədə” 05 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutullmuşdur. Cinayət işinin 49-50-ci vərəqələrində olan “Diskə baxış keçirilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Məhəmməd Tağıyev, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85-ci maddəsini rəhbər tutaraq həmin məcəllənin 51 və 236-cı maddələrinə əsasən və göstərilən maddələrin tələblərinə riayət etməklə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə cinayət işinə əlavə edilmiş videogörüntüyə baxış keçirimişdir. Baxış zamanı müəyyən edilmişdir ki, videogörüntüdə Təqsirləndirilən şəxs klinikanın giriş hissəsində arvadı Zərərçəkmiş şəxs gördüyü anda dərhal ona yaxınlaşaraq onun saçından tutub yerə yıxıb, onu dəfələrlə yumruqla baş nahiyəsindən qəsdən vurmağa başlayır. Həmin anda Zərərçəkmiş şəxs özünü müdafiə məqsədilə əlləri ilə başını tutsa da, Təqsirləndirilən şəxs qərəzli hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs zor tətbiq etməsini davam etdirir, həmin anda klinikanın əməkdaşlarının hadisə yerinə yaxınlaşaraq, hadisəni müşahidə etmələri, həmçinin bir neçə əməkdaşın Təqsirləndirilən şəxs qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədilə onu, tutaraq Rəmiyyə Fərzullayadan ayrımaq istəsələr də, o, zor göstərərək Zərərçəkmiş şəxs saçından dartaraq yenidən zərbələr vurmaq istəyir, həmin anda bunu görən klinikanın işçiləri, mühafizəçilər daxil onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs Rəmiyyə Fərzullayadan ayırırlar, həmin vaxtı klinikanın əməkdaşlarının işdən ayrılaraq hadisəni müşahidə etmələri və Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq hərəkətlərinin qarşısını almağa cəhd etmələri müşahidə olunur. Bununla da videogörüntü bitir. Hadisə yerində hərhansı əmlakın zədələnməsi və yaxud Təqsirləndirilən şəxs əlində cinayəti törədilməsində istifadə olunan əşya müşahidə edilmir. Cinayət işinin 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X1 07 dekabr 2023-cü il tarixli, 1574 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin böyük sahədə tüklərin travmatik qopması və həmin səviyyədə tük diblərinə qansızma və sağ təpə nahiyəsində yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan fluktasiya edən hematoma-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasma görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Cinayət işinin 73-74 A vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1673/2023 nömrəli qərarından görünür ki, təqdimatın təmin edilməməsi, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 75-ci vərəqində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 78-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 83-87-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd DVD diskin maddi sübut qismində tanınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanı tamamilə ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 221.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 08 yanvar 2024-cü il – 08 may 2024-cü il tarixlərdə keçirilmiş 8 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar