Məhkəmə qərarları › İş №1(005)-124/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-124/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-124/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 avqust 2001-ci ildə Biləsuvar şəhərində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olmayan, işləməyən, Biləsuvar şəhəri, X11 küçəsi, nömrəsiz yaşayış ev ünvanında qeydiyyatda olan və yaşayan, barəsində ‘‘həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,421 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanına daşımış və xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində həmin ünvanda olan zaman davranışları şübhə doğurduğu üçün ərazidə xidmət aparan Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov 1 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilərək, həmin polis şöbəsində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,421 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5- 6 aydır ki, narkotik vasitə olan və “kokos” adı ilə tanınan heroindən istifadə edir. 14 avqust 2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə ad günü olması ilə bağlı şəxsi istifadə üçün tanımadığı İran İslam Respublikası vətandaşı kimi bildiyi bir şəxsdən Bakı şəhəri, Sabunçu rayonunda tanımadığı bir ərazidə əvvəlcədən qoyulmuş yerdən 60 manat müqabilində bir büküm heroin almışdı. Həmin yeri ona “Whatsapp”a göndərilən məkan ilə gedib götürmüş və istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu Z.Bünyadov prospektində olduğu zaman saat təxminən 05:00 radələrində ətrafa baxdığı zaman ona PPXB-nin əməkdaşları yəni polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər, ondan özü barədə məlumat verməyini xahiş etmişlər. Həmin vaxt onlara özünü təqdim etmiş və həmin əməkdaşlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək araşdırma aparılması üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O da razılaşaraq onlarla birlikdə həmin PŞ-nə getmişdir. Daha sonra polis şöbəsinə dəvət edilmiş vəkilin iştirakı ilə o tutulmuş, ona hüquq və vəzifələrim izah edilmiş, sonra isə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əldə edərək üzərində saxladığı içərisində heroin olan bükümü cibində olan mavi rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmiş, sonra isə üzərində şəxsi axtarış aparılmış və ona məxsus bir ədəd “İPhone 7” markalı mobil telefon üzərindən aşkar olunaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi narkotik vasitə ona məxsusdur. Bundan başqa üzərində qanunsuz heç nə yox idi. Üzərindən aşkar edilmiş maddəni polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, qablaşmanın üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü tərəfindən imzalanmışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Bundan sonra ona təqdim olunmuş “sms”lərlə tanış olmuşdur. Həmin mobil nömrələri tanımır və həmin şəxslərə heç nə verməmişdir. Sadəcə təxminən 5 il müddət olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “sms” mətnlərində onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olduğunu göstərməsinə dair verilən verilmiş suala isə cavab olaraq göstərmişdir ki, ona “sms”ləri göndərmiş şəxslər ondan narkotik vasitə və psixotrop maddələr istəmişlər. Lakin onların heç birinə narkotik vasitə və psixotrop maddələr satmamışdır, həmin şəxslərin anket məlumatlarını bilmir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, heç zaman narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, ümumiyyətlə belə bir niyyəti də olmamışdır. Narkotik və psixtrop maddələri yalnız şəxsi istifadəsi üçün əldə etmiş və bu əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, 15 avqust 2024-cü il tarixdə, saat 05 radələrində Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid3, Şahid4 və Şahid5 xidmətdə olan zaman ünvan 2 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında bir nəfər şəxsin bədən quruluşundan gözlərinin rənginin formasından və hərəkətlərindən həmin şəxsin narkotik vasitə istifadəçisi və daşıya bilməsində şübhələnərək dərhal həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini ona göstərərək özlərini təqdim etmişlər. Onlar həmin şəxsdən özünü təqdim etməsini istədikdə o özünü dahada şübhəli aparmağa başlayaraq onların suallarından yayınaraq ordan uzaqlaşmağa çalışmışdır. Bu səbəbdən həmin şəxsi Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov 1 ünvanında yerləşən Nərimanov RPİnin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. PŞ-də olarkən müəyyən olmuşdur ki, həmin şəxs 15 avqust 2001-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Təqsirləndirilən şəxsdur. Şübhəli şəxsi təhvil verdikdən sonra onlar xidmətlərini davam etdirmək üçün təhkim olunmuş xidməti ərazilərinə geri dönmüşlər. Təqsirləndirilən şəxs polis şöbəsində olarkən özünü şübhəli apararaq davranışı və qeyri adi hərəkətləri ilə həmçinin gözlərinin forması və davranışları ilə rabitəsiz danışdığından narkotik vasitənin təsiri altında olmasından və bundan əlavə üzərində narkotik vasitə daşımasından şübhələnib ondan narkotik vasitə audəçisi olub-olmaması barədə sual verdikdə o, səmimi olaraq etiraf edərək narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Elnur Məcidov, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ cibindən 01 ədəd şəffaf rəngli bükümün içərisində sarımtıl rəngli maddə olan bükümü təqdim etmişdir. Bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün içərisində narkotik vasitə olan “kakos” adı ilə tanınan heroin olduğunu və həmin bükümün ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin 01 ədəd büküm olan narkotik vasitəni 14 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazidən anket məlumatlarını bilmədiyi X4 vətəndaşı kimi özünü ona təqdim etmiş şəxsi yönləndirməsi ilə 60 manat pul ödəyərək aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır.Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid4 ifadəsində bildirmişdir ki, 15 avqust 2024-cü il tarixdə, saat 05 radələrində Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 və Şahid5 ilə xidmətdə olan zaman ünvan 2 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında bir nəfər şəxsin bədən quruluşundan gözlərinin rənginin formasından və hərəkətlərindən həmin şəxsin narkotik vasitə istifadəçisi və daşıya bilməsində şübhələnərək dərhal həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini ona göstərərək özlərini təqdim etmişlər. Onlar həmin şəxsdən özünü təqdim etməsini istədikdə o özünü dahada şübhəli aparmağa başlayaraq onların suallarından yayınaraq ordan uzaqlaşmağa çalışmışdır. Bu səbəbdən həmin şəxsi Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov 1 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin inzibati binasına aparmışlar. PŞ-də olarkən müəyyən olunmuşdur ki, həmin şəxs 15 avqust 2001-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Biləsuvar şəhəri, X11 küçəsi, nömrəsiz yaşayış ev ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxsdur. Bundan sonra onlar xidmətilərini davam etdirmək üçün təhkim olunmuş xidməti ərazilərinə geri döndüklərini bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2, Şahid3 və Şahid5 oglunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə saat 05:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs – xx.xx.2001-ci ildə anadan olmuş, Təqsirləndirilən şəxs, Bakı şəhəri “20 saylı” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə tərtib edirəm həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə saat 05:00 radələrində Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov pr 56\8 ünvanda Nərimanov RPİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində mavi rəngli cins şalvarının sağ cibindən bir ədəd şəffaf rəngli bükümü, çıxarıb masanın üzərinə qoydu. Həmin şəffaf rəngli büküm açıldıqda içərisində sarımtıl rəngli maddə aşkar olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi və əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd “İPhone 7” markalı mobil telefon,aşkar edildi. Daha sonra S.Ağazədənin üzərindən aşkar edilmiş 1 ədəd büküm, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 219 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçılar və tərəfindən imzalandı. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd “İPhone 7” markalı mobil telefon özünə qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümdə olan maddəni şəxsi istifadəsi üçün tapdığı yerdən götürdüyünü, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı psixi və ya fiziki zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində təbii işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı «Redmi» markalı mobil telefonun video kamerasından istifadə etməklə Nərimanov RPİ-nin 17-ci PŞ-nin məsul növbətçi köməkçisi polis serjantı X2 tərəfindən video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka yaddaşında videoçəkiliş olduğu 1(bir) ədəd disk əlavə edilmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4168 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..(imza) Ağazadə...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,421 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir.Qeyd: Heroinin təmiz çəkisi - 0,421 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,371 qram. Ekspertiza tədqiqatının dəyəri 80 manatdır. 07 yanvar 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,421 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,371 qram çəkidə narkotik vasitə heroin saxlanması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış video görüntünün olduğu CD diskə 16 avqust 2024-cü il tarixdə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin 01 ədəd ağ rəngli CD diskdə olan görüntülərə baxış keçirilməsi üçün komputerin prosessoruna qoyuldu və ekranda açılmış fayla baxış keçirilən zaman müəyyən olundu ki, fayldakı görüntülərdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan mavi rəngli cins şalvarının sağ cibindən bir ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim edir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan heroini, 14 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazidən anket məlumatlarını bilmədiyi X4 vətəndaşı kimi özünü mənə təqdim etmiş şəxsi yönləndirməsi ilə 60 manat pul ödəyib alaraq mavi rəngli cins şalvarının sağ cibinə qoyaraq öz istifadəsi üçün saxladığını bildirir. Aşkar edilmiş bükümün içindəkilə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırlaraq imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilmədi. Bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokolun doğruluğu imzalarla təsdiq edilir. CD diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə üzərində olan 01 ədəd bükümün aşkar edilən şəxsin özünün olduğunu qeyd etmiş və həmin bükümdə olan narkotik vasitə heroin olmasını bildirmişdir. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması” haqqında 15 avqust 2024-cü il tarixli istintaq hərkətinin video çəkilişi əks etdirilmiş 1 ədəd “CD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 15 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 dair 17 avqust 2024-cü il tarixli 5662 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş və Nərimanov RPİ-nə təhvil verilmişdir. 15 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saxlanılıb istintaqa təqdim edildiyindən istintaq hərəkətlərinin keçirilməsi zərurəti yarandığından cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir; İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı aşkar edilib götürülmüş “iPhone 7” markalı mobil telefon üzərində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarının, sms mətnlərinin, anten dairələrinə dair məlumatların əks olunduğu 01 ədəd CD disk "xxxx" MMC-dən alınaraq maddi sübut kimi tanınmaqla və cinayət işinin materiallarına əlavə olunmuşdur. 09 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir Bakı şəhəri Nərimanov Rayon Məhəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 17 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin 09 dekabr 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 07 yanvar 2025-ci il tarixli 5 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 04 gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspert tədqiqatından sonra qalan təmiz çəkisi 0,371 qram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri A.İ.M Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq 0,371 qram çəkidə narkotik maddə heroin məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri A.İ.M Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar