Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-125/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:16-da etibarnaməsi olmadan idarə etdiyi AC № 869770 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə “xxxx” ASC-nin mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Gentra” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə hərəkət edib həmin küçənin Ə.B.Ağaoğlu küçəsi ilə kəsişdiyi yolayrıcına saatda 20 kilometr sürətlə daxil olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və həmin Qanunun 65-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuş, yəni etibarnaməsi olmadan avtomobil idarə etmiş və qeyd olunan küçələrin kəsişdiyi yolayrıcında 4.1.4, yəni “düzünə və ya sağa hərəkət” məcburi hərəkət istiqaməti yol nişanı olmasına baxmayaraq, həmin yol nişanının tələblərinə riayət etməyib yolayrıcına daxil olduqdan sonra sola doğru dönmə əməliyyatı apararaq ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön hissəsini əks istiqamətindən hərəkətdə olub həmin küçələrin kəsişdiyi yolayrıcına daxil olan Zərərçəkmiş şəxs idarə etdiyi “Zontes ZT-150-3A” markalı 10-B-670 dövlət qeydiyyat nişanlı motosiklla toqquşdurmuş, nəticədə Zərərçəkmiş şəxs sağ ayağının V daraq sümüyünün qapalı yerdəyişməyən sınığı, hər iki pəncənin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına və “Zontes ZT-150-3A” markalı 10-B-670 dövlət qeydiyyat nişanlı motosiklin zədələnməsindən sahibinə 1183 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, **-PJ-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” minik markalı avtomobili lizinq yolu ilə “xxxx” ASC-dən almışdır və hər ay avtomobilin aylıq lizinq ödənişini etdikdən sonra ona həmin avtomobilin sürülməsi ilə əlaqədar şirkət tərəfindən etibarnamə verilirmiş. Lakin son aylar avtomobilin aylıq lizinq ödənişini etmək üçün maddi imkanı olmadığından ona avtomobili sürmək üçün lizinq şirkəti tərəfindən etibarnamə verilməmişdir. xx.xx.2020-ci il tarixdə saat 23:20 radələrində idarə etdiyi həmin avtomobil ilə metronun “Nərimanov” stansiyası istiqamətindən Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsi istiqamətinə hərəkət edərək həmin küçələrinin kəsişməsində olan yolayrıcına daxil olmuşdur. Həmin küçələrin kəsişməsində olan yolayrıcında sola dönməyin qadağan olunmasına baxmayaraq o, getdiyi yolu qısaltmaq məqsədilə sola dönmə manevri etmşdir. Bu zaman idarə etdiyi avtomobilin qabaq hissəsi onun hərəkət istiqamətinin əksi ilə, yəni Təbriz küçəsi ilə metronun “Nərimanov” stansiyası istiqamətinə hərəkətdə olan motosiklla toqquşmuşdur. Bundan sonra motosikli idarə edən adını sonradan bildiyi Fədail adlı şəxs motosiklın idarə etməsini itirmiş və Fədail motosiklin üzərindən yıxılaraq asfalt örtüyün üzərinə düşmüş, motosikl isə sürüşərək yol kənarında olan bordürə dəyib dayanmışdır. O, bundan sonra idarə etdiyi avtomobili yolun sağında saxlamış və avtomobildən düşərək Fədailə yaxınlaşmışdır. Fədail xəsarət aldığı üçün o, dərhal onu hadisə yerinə toplaşmış şəxslərin köməkliyi ilə idarə etdiyi avtomobilə minidirib “City Hospital” Xəstəxanasına aparmışdır. Orada Fədailə ilkin tibbi yardım göstərilmişdir. Həmçinin Fədail “City Hospital” Xəstəxanasının qəbul şöbəsində olarkən bədənində olan xəsarətləri yaşadığı evin həyətində futbol oynayarkən yıxılıb aldığını bildirmişdir. Fədailə ilkin tibbi yardım göstərildikdən sonra o, idarə etdiyi avtomobil ilə Fədaili yaşadığı evə aparmışdır. O, həmçinin Fədailə öz şəxsiyyəti barədə məlumat vermiş və Fədailin onunla əlaqə saxlaması üçün istifadəsində olan mobil nömrəsini vermişdir. xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Orxan Məmmədov onun istifadəsində olan mobil telefonuna zəng etmiş və onu baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Nərimanov RPİ-nə dəvət etmişdir. Onun bir neçə gün işi olduğu üçün Nərimanov RPİ-nə gedə bilməmişdir. Daha sonra sonra o, polisə gedərək olanlar barədə izahat vermişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10-B-670 dövlət qeydiyyat nişanlı “Zontes ZT150-3A” markalı motosikl ona məxsusdur. Belə ki, o, həmin motosiklı 3400 manata almışdır. Lakin o, həmin motosikli öz adına qeydiyyata saldırmamış, formal olaraq dostu X1 adına qeydiyyata saldırmışdır. xx.xx.2020-ci il tarixdə saat 23:20 radələrində idarə etdiyi motosiklla Nərimanov rayonu, Təbriz küçəsi ilə metronun “Nərimanov” stansiyası istiqamətinə saatda 60 kilomet sürətlə hərəkətdə olub Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsinə daxil olarkən hərəkət istiqamətinin üzbə üzü ilə, yəni Təbriz küçəsi ilə hərəkətdə olan hadisədən sonra şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Gentra” minik markalı avtomobili ilə anidən sola dönmə manevri edib Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsinə daxil olmuşdur. O, həmin avtomobili onun hərəkət yoluna daxil olduqdan sonra gördüyü üçün idarə etdiyi motosikli sağa çəkə bilməmiş və idarə etdiyi motosikl Rövşənin idarə etdiyi avtomobilin qabaq hissəsinə dəymişdir. Bundan sonra o, motosiklin idarə etməsini itirmiş və motosikldan asfalt örtüyün üzərinə yıxılmış, idarə etdiyi motosikl isə sürüşərək yol kənarında olan bordürə dəyib dayanmışdır. Hadisə zamanı o, ayaqlarından xəsarət almışdır. Bundan sonra Rövşən hadisə yerinə toplaşmış şəxslərin köməkliyi ilə onu idarə etdiyi “Daewoo Gentra” minik markalı avtomobilə mindirib “City Hospital” Xəstəxanasına aparmışdır. “City Hospital” Xəstəxanasında ona ilkin tibbi yardım göstərilmişdir. “City Hospital” Xəstəxanasının qəbul şöbəsində olarkən o, bildirmişdir ki, bədənində olan xəsarətləri yaşadığı evin həyətində futbol oynayarkən yıxılıb almışdır. Onun xəsarət almağıyla bağlı belə deməkdə məqsədi o olmuşdur ki, xəstəxanadan polisə məlumat verməsinlər və digər avtomobilin sürücüsü üçün problem yaranmasın. “City Hospital” Xəstəxanasında ona ilkin tibbi yardım göstərildikdən sonra Rövşən idarə etdiyi avtomobillə onu yaşadığı evə düşürtmüşdür. Rövşən onu xəstəxanadan evə aparıb düşürdərkən öz mobil nömrəsini ona vermişdir ki, müalicəsilə əlaqədar o, Rövşənlə əlaqə saxlaya bilsin. xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Orxan Məmmədov onun istifadəsində olan mobil telefonuna zəng etmiş və onu baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar Nərimanov RPİ-nə dəvət etmişdir. O, polisə gedərək olanlar barədə izahat vermişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini qeyd edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. Cinayət işinin 7-11-cü vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı X3, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə müvafiq olaraq həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi: yol nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsidir. Yolun işlək hissəsi düzdür. Yol örtüyü asfalt-betondur. Yol örtüyünün vəziyyəti qurudur. Yol örtüyünün hər iki istiqamət üçün eni 21.80 metr, işlək hissəsinin eni 18 metr, ehtiyyat hissəsinin eni 3,80 metr, ayırıcı zolağın eni 0,80 metr, hərəkət zolaqlarının sayı 4-dür. Ehtiyat hissədən sağda və solda binalar yerləşir. Hadisə yerinin sxemi çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 23-24-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 xx xxxxxx 2020-ci il tarixli, 151 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sağ ayağın V daraq sümüyünün qapalı yerdəyişməyən sınığı, hər iki pəncənin sıyrıqları küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Cinayət işinin 43-45-ci vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X4, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə riayət etməklə nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, “Daewoo Gentra” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, “Daewoo Gentra” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı bir zədə izi yoxdur. Baxış zamanı “Sony” markalı fotoaparatdan istifadə edilməklə fotoçəkiliş aparılmışdır. Cinayət işinin 46-50-ci vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X4, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə riayət etməklə nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, “Zontes ZT150-3A” markalı, 10-B-670 dövlət qeydiyyat nişanlı motosiklə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, “Zontes ZT150-3A” markalı, 10-B-670 dövlət qeydiyyat nişanlı motosiklin canacaq çəni, oturacağı, arxa qanadı, arxa stopu, dönmə işıqları, mufta dəstəyi və digər detallar zədələnmişdir. Baxış zamanı “Sony” markalı fotoaparatdan istifadə edilməklə fotoçəkiliş aparılmışdır. Cinayət işinin 51-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 73-cü vərəqində olan “Təhlükəsiz Şəhər Xidmətinin Nərimanov rayonu, Ə.B.Ağaoğlu və Təbriz küçələrinin kəsişməsi, metronun “Nərimanov” stansiyası istiqamətindəki “Qırmızı işıq” Sistemi kamerasının xx.xx.2020-ci il tarixdə saat 23:16-dan 23:22-dək olan müddət ərzində qeydə aldığı görüntünün olduğu “DVD” diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X4 Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən xx.xx.2020-ci il tarixli məktubla daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin Nərimanov rayonu, Ə.B.Ağaoğlu və Təbriz küçələrinin kəsişməsi, metronun “Nərimanov” stansiyası istiqamətindəki “Qırmızı işıq” Sistemi kamerasının xx.xx.2020-ci il tarixdə saat 23:16-dan 23:22-dək olan müddət ərzində qeydə aldığı görüntünün olduğu “DVD” diskə baxış keçirmişdir. Baxış zamanı müəyyən edildi ki, görüntünün sağ küncündə qeyd olunan tarixdə, yəni xx.xx.2020-ci il tarixdə saat 23:16:57-də Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Gentra” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə metronun “Nərimanov” stansiyası istiqamətindən Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsi istiqamətindəki yolayrıcına daxil olaraq dayanmadan sola dönmə manevri edir və bu zaman “Daewoo Gentra” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi Təbriz küçəsi ilə metronun “Nərimanov” stansiyası istiqamətinə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Zontes ZT150-3A” markalı, 10-B-670 dövlət qeydiyyat nişanlı motosikl ilə toqquşur, nəticədə Zərərçəkmiş şəxs motosiklin üzərindən yıxılaraq asfalt örtüyün üzərinə düşür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Gentra” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun sağına doğru hərəkət etdirərək saxlayır. Bundan başqa görüntülərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilmədi. Cinayət işinin 84-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 8/2193 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə “Daewoo Gentra” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin 3-cü hissəsinin (4.1.4 “Düzünə və ya sağa hərəkət” məcburi hərəkət istiqaməti yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Daewoo Gentra” markalı avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: - hərəkət üçün təhlükə yaranan anda “Zontes ZT-150-3A” markalı 10-B-670 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən 41,2 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır; - hərəkət üçün təhlükə yaranan anda “Zontes ZT-150-3A” markalı 10-B-670 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən 41,2 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəni qarşısım almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs “Zontes ZT- 150-3A” markalı motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatını dəyəri 100 manat təşkil edir. Cinayət işinin 123-133-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİNnin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən xx.xx.2020-ci il tarixli, 003-11872-1220 nömrəli məktubla daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin Nərimanov rayonu, Ə.B.Ağaoğlu və Təbriz küçələrinin kəsişməsi, metronun “Nərimanov” stansiyası istiqamətindəki “Qırmızı işıq” Sistemi kamerasının xx.xx.2020-ci il tarixdə saat 23:16-dan 23:22-dək olan müddət ərzində qeydə aldığı görüntünün olduğu “DVD” diskin, Zərərçəkmiş şəxs idarə etdiyi “Zontes ZT-150-3A” markalı 10-B-670 dövlət qeydiyyat nişanlı motosiklin və Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Gentra” minik markalı **- PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması, “Zontes ZT-150- 3A” markalı 10-B-670 dövlət qeydiyyat nişanlı motosiklin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin 20 saylı cərimə meydançasında saxlanılması, “Daewoo Gentra” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs olmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 154-155-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Həmin Qanunun 65-ci maddəsinin İİİ hissəsinin tələbinə əsasən, 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri (mopedlər) və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri CMnin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti hesab edilmir. Belə nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həmin şəxsin CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər. Həmin Qərarın 22-ci bəndinin üçüncü abzasında qeyd edilir ki, CM-nin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Məhkəmə göstərilən əlavə cəzanı yalnız CM-nin 62-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən xx.xx.2020-ci il tarixli, 003-11872-1220 nömrəli məktubla daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin Nərimanov rayonu, Ə.B.Ağaoğlu və Təbriz küçələrinin kəsişməsi, metronun “Nərimanov” stansiyası istiqamətindəki “Qırmızı işıq” Sistemi kamerasının xx.xx.2020-ci il tarixdə saat 23:16-dan 23:22-dək olan müddət ərzində qeydə aldığı görüntünün olduğu 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin 20 saylı cərimə meydançasında saxlanılan “Zontes ZT-150-3A” markalı 10-B-670 dövlət qeydiyyat nişanlı motosikl sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, “Daewoo Gentra” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən xx.xx.2020-ci il tarixli, 003-11872-1220 nömrəli məktubla daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin Nərimanov rayonu, Ə.B.Ağaoğlu və Təbriz küçələrinin kəsişməsi, metronun “Nərimanov” stansiyası istiqamətindəki “Qırmızı işıq” Sistemi kamerasının xx.xx.2020-ci il tarixdə saat 23:16-dan 23:22-dək olan müddət ərzində qeydə aldığı görüntünün olduğu 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin 20 saylı cərimə meydançasında saxlanılan “Zontes ZT-150-3A” markalı 10-B-670 dövlət qeydiyyat nişanlı motosikl sahibi Zərərçəkmiş şəxs qaytarılsın, “Daewoo Gentra” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs olması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-125/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-125/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver