Məhkəmə qərarları › İş №1(005)-125/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-125/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-125/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadna olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi X4, blok 2, mənzil 7 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs yüksək vəzifəli tanışlarının olduğunu yalandan bildirərək güya onların vasitəsi ilə sonuncunun qohumu Şahid xəstəliklə bağlı əlillik təqaüdü düzəltdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq 2018-ci ilin dekabr ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinin yanında 8.000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda 8.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin mart ayından 2019-cu ilin aprel ayına kimi "xxxx" MMC-də mühafizəçi işləmişdir. Həmin şirkətdə işlədiyi ərəfədə Zərərçəkmiş şəxsla tanış olmuşdur. 2018-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ona müraciət edərək, onun Şahid adlı qohumunun əvvəllər hərbiçi olduğunu, sonradan xəstəliyi ilə əlaqədar hərbi xidmətini yarımçıq qoyduğunu, lakin hazırki vaxtadək təqaüd almadığın bildirmişdir. Həmin vaxt o, Ruslana bir nəfər tanışının olmasını, həmin tanışının bu kimi işlərlə məşğul olmasını və həmin şəxslə bu barədə danışıb ona məlumat verəcəyini demişdir. Belə ki, o, 2009-2011-ci illər ərzində «Trust Holding» şirkətində mühafizəçi işlədiyi zaman onunla birlikdə Vasif Həsənov adlı şəxsdə mühafizəçi işləmişdir. İşdən çıxdıqdan sonra əlaqələri olmamış, lakin 2014-cü ildə o, X5 Hallar Nazirliyində hərbiçi geyimində görmüş və Vasif ona orada işləməsini demişdir. Bundan sonra yenidən əlaqələri yaranmış və Vasif ona istənilən şəxsin təqaüd almasını təşkil edə biləcəyini bildirmişdir. Bu səbəbdən də Ruslan ona qohumunun təqaüd məsələsi ilə bağlı bildirdikdə, o da öz növbəsində Vasifə zəng edərək onunla bu barədə danışmışdır. Vasif ona bu işi 10.000 ABŞ dollarına həll edə biləcəyini demişdir. O, bu barədə Ruslana bildirmiş, Ruslan isə ona qohumu Ağakərimin maksimum 8.000 manat pula gücü çata biləcəyini bildirmişdir. O da yenidən Vasifə zəng edərək bu barədə məlumat vermiş və Vasif də onunla razılaşmışdır. Beləliklə 2018-ci ilin dekabr ayının əvvəllərində Ruslan ona, işlədikləri şirkətin, yəni Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3/8 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinin yanında, iki dəfəyə, birinci dəfə 6.000 manat, təxminən 2 gün sonra isə 2.000 manat olmaqla ümumilikdə 8000 manat pul vermişdir. O da öz növbəsində Ruslandan pulları aldıqdan sonra Avtovağzalın ərazisində Vasifə vermişdir. Vasif 8.000 manat pulu ondan alarkən “2019-cu ilin fevral ayında bu məsələ öz həllini tapacaqdır” demişdir. Lakin 2019-cu ilin yanvar ayının sonlarından etibarən Vasif mobil telefonunu söndürdüyü üçün onunla əlaqə saxlamaq mümkün olmamışdır. O, Vasifi tapa bilməməyini görüb onun yaşadığı evə getmiş və Vasifin bir neçə ay əvvəl yaşadığı evi sataraq naməlum istiqamətə köçdüyü ona məlum olmuşdur. Bundan sonra o, Vasifin Həsənovun anasının nömrəsini taparaq zəng etmiş, lakin Vasifin anası ona, oğlunun hərəkətlərinə cavabdeh olmadığını bildirmişdir. 2019-cu ilin fevral ayında Ruslan işin həll olunmadığını görüb ona verdiyi 8.000 manat pulu geri qaytarmağını tələb etmişdir. O, Vasifi tapa bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq öz vəsaiti hesabına həmin pulun 1.500 manatını Ruslana qaytarmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, "xxxx" MMC-də mühəndis işləyir və Təqsirləndirilən şəxs 2018-ci ilin mart ayından tanıyır. Təqsirləndirilən şəxs həmin vaxtdan başlayaraq onun işlədiyi şirkətdə gözətçi işləyir. 2018-ci ilin dekabr ayının əvvəllərində onun qohumu Şahid ona, əvvəllər hərbiçi olmasını, xidmət etdiyi dövrdə xəstəlik tapmasını, lakin təqaüd almamasını bildirmiş və bununla bağlı ona yol göstərməyini xahiş etmişdir. Həmin ərəfədə Namiq ona yüksək vəzifədə işləyən bir tanışı olduğunu və həmin tanışının vasitəsi ilə onun qohumu Şahid xəstəliyi ilə bağlı təqaüd almasını təşkil edə biləcəyini demişdir. Bir neçə gün sonra Namiq ona, tanışının 8000 manat pulun müqabilində qohumu Şahid xəstəliyi ilə bağlı aylıq təxminən 400 manat civarında təqaüd almasını həll edəcəyini demişdir. O da öz növbəsində bu barədə qohumu Şahid məlumat vermiş, Ağakərim bu təkliflə razılaşmışdır. 2018-ci ilin dekabr ayının əvvəllərində, hazırda tarixini dəqiq xatırlamadığı günün birində o, Şahidla birlikdə işlədiyi şirkətin ofisinin yanında Təqsirləndirilən şəxslə görüşmüşdür. Həmin görüş zamanı Namiq ona dediyi sözləri bir daha təsdiq etmiş və 2019-cu ilin fevral ayında Şahid xəstəliyi ilə əlaqədar təxminən 400 manat civarında təqaüd alacağını vəd etmişdir. Bundan sonra o, Şahid görüşə gələrkən qabaqcadan ona vermiş olduğu 8.000 manatı Namiqə vermişdir. Bundan başqa Namiq onlardan Şahid şəxsiyyət vəsiqəsinin və hərbi tibbi kitabçasının surətlərini də alaraq bu işin həll olunması üçün lazım olacağını bildirmişdir. Lakin 2019-cu ilin fevral ayından Namiq vədinə əməl etməyərək hər gün müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmağa başlamışdır. Qohumu Şahid işin həll olunmamasını görüb verdiyi pulun geri qaytarılmasını tələb etməyə başlamış və o da məcburiyyət qarşısında qalaraq həmin 8.000 manat pulu öz vəsaiti hesabına Ağakərimə qaytarmışdır. Beləliklə maddi ziyan ona dəydiyi üçün o, həmin pulu Namiqdən istəməyə davam etmişdir. 19 mart 2019-cu il tarixdə Namiq onunla görüşərək 8.000 manat pulu həmin ayın sonuna kimi qaytaracağını vəd etmiş, hətta şəxsiyyət vəsiqəsinin surətini çıxarıb həmin sənədin üzərində buna dair öz xətti ilə iltizam da yazaraq imzalayıb ona təqdim etmişdir. Lakin 2019-cu ilin mart ayı bitdikdən sonra Namiq yenə də onu aldadaraq heç bir pul qaytarmamışdır. Nəhayət 28 iyul 2019-cu il tarixdə Namiq ondan aldığı 8.000 manat pulun 1.500 manatını qaytarmış, növbəti ayın əvvəli yenə 1.000 manat qaytaracığını, sentyabr ayının 10-da isə qalan pulun hamısını tam ödəyəcəyini vəd etmişdir. Lakin həmin vaxtdan Namiq ondan aldığı 8.000 manat pulun qalan 6.500 manatını qaytarmamışdır. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs tərəfindən aldanılmağı barədə 01 oktyabr 2019-cu il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2010-cu ildə Azərbaycan Ali Hərbi məktəbini bitirərək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi işləmişdir. 2017-ci ilin noyabr ayında əməliyyat olunmuş və xəstəliyi ilə əlaqəlar işdən azad olunmuşdur. Lakin həmin vaxt işdən azad olunmağı barədə sənədlərdə xəstəliyi ilə əlaqədar azad olunmağı qeyd olunmamışdır. Sonradan ona xəstəliyi ilə əlaqədar hərbi xidmətdən azad olunmağı ilə bağlı aylıq təqaüd ala biləcəyi məlum olmuşdur. Bu səbəbdən o, müxtəlif tanışlarına müraciət edərək bunun üçün nə etməli olmağı ilə maraqlanmağa başlamışdır. 2018-ci ilin dekabr ayının əvvəllərində qohumu Zərərçəkmiş şəxs ona Namiq adlı iş yoldaşının ona, yüksək vəzifədə işləyən bir tanışının olmasını və həmin tanışının vasitəsi ilə onun xəstəliyi ilə bağlı təqaüd almağını təşkil edə biləcəyini vəd etdiyini bildirmişdir. Bir neçə gün sonra Ruslan Təqsirləndirilən şəxs bu işi görmək üçün 8.000 manat pul istədiyini, əgər həmin məbləğdə pulu versə onun işdən azad olunmağı ilə bağlı sənədlərdə xəstə olmağının qeyd olunmayacağını və aylıq 400 manat civarında təqaüd alacağını demiş, o da bu təkliflə razılaşmışdır. 2018-ci ilin dekabr ayının əvvəllərində, hazırda tarixini dəqiq xatırlamadığı günün birində o, Ruslanla birlikdə Ruslanın işlədiyi şirkətin ofisinin yanında Təqsirləndirilən şəxslə görüşmüşlər. Həmin görüş zamanı Təqsirləndirilən şəxs Ruslana dediyi sözləri bir daha təsdiq edərək, 2019-cu ilin fevral ayında onun xəstəliyi ilə əlaqədar təxminən 400 manat civarında təqaüd alacağını vəd etmişdir. O, həmin görüşə gedərkən qabaqcadan 8.000 manat pulu Ruslana vermişdir. Bundan sonra Ruslan ondan aldığı 8.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs onlardan onun şəxsiyyət vəsiqəsinin və hərbi tibbi kitabçasının surətlərini də alaraq bu işin həll olunması üçün lazım olacağını bildirmişdir. Lakin 2019-cu ilin fevral ayında Namiq vədinə əməl etməyərək hər gün müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmağa başlamışdır. O, əvvəllər Namiqi tanımadığı üçün və həmin şəxsə məhz qohumu Ruslana görə pul verdiyi üçün bu işlə bağlı verdiyi 8.000 manat pulu Ruslandan tələb elməyə başlamışdır. Ruslan da etiraz etməmiş, həmin 8.000 manat pulu öz vəsaiti hesabına ona qaytararaq, Ruslan özünün pulunu Namiqdən tələb edəcəyini bildirmişdir. Cinayət işinin 10-12-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 11 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PB-nin təhqiqatçısı X2, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsini rəhbər tutaraq vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında, hal şahidlərinin, Şahid iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. Vətəndaş Zərərçəkmiş şəxs öz qohumlarının pensiya çıxartmaq üçün Namiq adlı şəxsə 6500 manat pul verməsi ilə əlaqədar hadisə yerinə gəlmişdir. Hadisə yeri ünvan 5 ünvanın yanında "xxxx" MMC-nin qarşısıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adlı şəxsə 6500 manat pul vermiş, lakin bu günə qədər pullarını qaytarmamışdır. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 81-ci vərəqində olan 3 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı 572994 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X1 atası kimi Təqsirləndirilən şəxs, anası kimi X3 qeyd olunmuşdur. Cinayət işinin 92-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 94-ci vərəqində olan xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verməli olduğu 6500 (altı min beş yüz) manat pulu 15 noyabr 2021-ci il tarixdə qaytaracağına sonuncu dəfə öhdəlik götürmüşdür. Cinyət işinin 102-cü vərəqində olan 16 noyabr 2021-ci il tarixli “Tutulma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 128-ci vərəqində olan “Şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 17 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Kapital Bank”ın xx.xx.2022-ci il tarixli, 16041 nömrəli və xx.xx.2022-ci il tarixli, 31379 nömrəli qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 2004 (iki min dörd) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.4-cü maddəsinə əsasən eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia verərək, ona dəymiş 6500 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən yazılı ərizə təqdim edilməklə ona vurulmuş ziyanın ödənildiyini və iddia ərizəsini geri götürdüyünü bildirdiyindən mülki iddia baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar