Məhkəmə qərarları › İş №1(005)-125/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-125/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-125/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Tərcüməçi X1 iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını gizlin talayıb oğurluq etmiş, həmçinin yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını açıq yolla təkrar talayaraq zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 iyul 2023-cü il tarixdə saat 16:10 radələrində Zərərçəkmiş şəxs1 Elburus oğlunun yaşadığı ünvan 3 ünvanındakı mənzilin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında yerləşən güzgülü dolabın çəkməcəsindən sonuncuya məxsus 1000 manat dəyərində, 750 əyyarlı ağ qızıl materialdan hazırlanmış, briliant qaşlı 01 ədəd qadın üzüyünü və 250 manat dəyərində, 585 əyyarlı ağ qızıl materialdan hazırlanmış 01 ədəd sadə qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 Elburus oğluna ümumilikdə 1250 (min iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını talama məqsədi ilə 05 avqust 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanındakı mənzilin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında yerləşən güzgülü dolabın çəkməcəsindən sonuncuya məxsus həmin dövrün məzənnəsi ilə 25500 manat təşkil edən 15000 X9 dolları və 6500 manat nağd pul vəsaiti, həmin dövrün məzənnəsi ilə 2210 manat təşkil edən 1300 X9 dolları dəyərində, ümümilikdə 6 qram çəkidə Rusiya istehsal olan 585 əyyarlı və İtaliya istehsalı olan 750 əyyarlı qızıl materiallardan hazırlanmış, üzərində 5 ədəd briliyant qaşları olan, 01 ədəd qadın üzüyü, həmin dövrün məzənnəsi ilə 850 manat təşkil edən 500 X9 dolları dəyərində, 12 qram çəkidə İtaliya istehsalı olan 750 əyyarlı ağ qızıl materialdan hazırlanmış, “zəncir” şəkilli, 01 ədəd qadın boyunbağısı, ümumilikdə 300 manat dəyərində, 2 qram çəkidə Rusiya istehsal olan 585 əyyarlı qızıl materialdan hazırlanmış, üzərində “Z” hərf formasında qızıl klonu olan “zəncir” şəkilli, 01 ədəd qadın boyunbağısı və 550 manat dəyərində, , ümümilikdə 6 qram çəkidə Rusiya istehsal olan 585 əyyarlı və İtaliya istehsalı olan 750 əyyarlı qızıl materiallardan hazırlanmış, 01 cüt qadın sırğasını gizli olaraq talayaraq mənzildən çıxmaq istədikdə Zərərçəkmiş şəxs2 anası Larisa Biryukuva ilə dəhlizdə rastlaşmaqla özgə əmlakının qanunsuz götürülməsindən ibarət hərəkətlərinin aşkar edildiyini dərk etməsinə baxmayaraq bu kimi hərəkətlərini davam etdirib sonuncunu itələməklə talamış olduğu əmlakları özündə saxlamağa nail olaraq götürüb qaçmaqla oradan uzaqlaşaraq açıq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 35910 (otuz beş min doqquz yüz on) manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyi üçün dəfələrlə məhkum olunmuşdur. Maddi vəziyyəti yaxşı olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu, Bəsti Bağırov küçəsi 6 saylı binanın qarşısında olan zaman oğurluq etmək üçün həmin binaya daxil olmuşdur. Binanın 5-ci mərtəbəsinə qalxmış və 5-ci mərtəbədə pilləkənlərin sağ tərəfində yerləşən 14 saylı mənzilin qapısının aralı olduğunu görmüşdür. Mənzilin qapısını bir az daha aralayıb mənzilin içərisində kiminsə olub-olmadığına baxmışdır. Mənzildə ortalıqda kiminsə olmadığını görmüşdür. Mənzilin qapısının açıq olmasından istifadə edərək sakitcə mənzilə daxil olmuşdur. Mənzildə həmin vaxtı kiminsə olduğunu bilməmişdir. Mənzilə daxil olan kimi mənzilin giriş qapısı ilə üzbəüz yerləşən yataq otağında olan güzgülü dolab diqqətini cəlb etmişdir. Həmin dolaba yaxınlaşaraq çəkməcəsini açmış və orada olan iki ədəd üzüyü götürmüşdür. Mənzildən çıxmaq istəyən zaman hamam otağından bir nəfər kişi çıxmış və onu evə niyə daxil olduğunu soruşmuşdur. O da həmin şəxsə Nərmin adlı şəxsi axtardığını həmin şəxsin bu mənzildə yaşayıb-yaşamadığını soruşmuşdur. Həmin şəxs mənzildə Nərmin adlı şəxsin yaşamadığını dedikdən sonra isə üzr istəyib evdən çıxıb getmişdir. Oğurluq edən zaman tək olmuşdur. Qızıl üzükləri götürən zaman həmin üzükləri götürməyini kimsə görməmişdir. Fəqan Zülfüqarova məxsus mənzildən iki ədəd qızıl üzükdən başqa nəsə götürməmişdir. Oğurladığı qızıl üzükləri Masallı rayonunda tanımadığı şəxsə ikisini birlikdə 150 manata satmışdır. Əldə etdiyi pulları öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa, 05 avqust 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi küçəsi ilə hərəkət edirmiş. Həmin vaxt oğurluq etmək qərarına gəlmişdir. Bu zaman ünvanı sonradan ona məlum olan ev 58 ünvanına daxil olmuşdur. Binada mənzil 22-nin giriş qapısının açıq olmasını görüb evə daxil olub oğurluq etmək istəmişdir. Qapıdan daxil olan kimi yataq otağına keçmişdir. Digər otaqdan səs gəldiyini eşitdiyindən otaqdan heç nə götürə bilməmişdir. Bu zaman hündür boylu və kök bir rus qadın o biri otaqdan çıxıb gəlmiş, bu zaman o da guya kimisə axtarırmış kimi başqa bir ad çəkərək evdən cəld çıxmaq istədikdə həmin xanım rus dilində ucadan nəsə deyərək kimisə çağırmağa başlamış və o da bu zaman evdən çıxaraq oradan uzaqlaşmışdır. Son olaraq əməlindən peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 1250 manat məbləğində ziyanı təsdiq edir. Maddi vəziyyəti pis olduğu üçün rastlaşdığı mənzillərdən oğurluq etmək qərarına gəlmişdir. Heç kim onu həmin mənzillərə istiqamətləndirməmişdir. O, ikinci mənzildən qaçandan sonra heç kəs onun arxası ilə qaçmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 16:10 radələrində işdə olduğu zaman həyat yoldaşı Şahid2 evin qapısını örtərək həyətdə mağazaya düşmüşdür. Həmin vaxtı o işdə olmuşdur. Anası xalasıgildə olmuş, azyaşlı oğlu da bağçada olmuşdur. Arvadı Şahid2 mağazaya gedərkən mənzilin qapısını örtsə də atası Şahid1 evdə hamam otağında yuyunduğu üçün qapının açarla bağlamamışdır. Atası hamam otağından çıxan zaman mənzilin içərisində tanımadığı bir qadınla rastlaşmış və həmin qadından evə nə üçün icazəsiz daxil olduğunu soruşmuşdur. Bu zaman həmin qadın atası Nərmin adlı şəxsi axtardığını bildirmişdir. Atası bu mənzildə Nərmin adlı şəxsin yaşamadığını bildirdikdən sonra isə həmin qadın üzürxahlıq edərək mənzildən çıxıb getmişdir. Arvadı Şahid2 evə gələn zaman atası Şahid1 baş vermiş hadisə barədə arvadına danışdıqda arvadı həmin şəxsin evdən oğurluq edə biləcəyindən şübhələnib yataq otaqlarına keçərək güzgülü dolabın çəkməcəsinə qoyduqları qızıl zinyət əşyalarının yerində olub-olmamasını yoxlamış və bu zaman orada olan 01 ədəd 1000 manat dəyərində briliant qaşlı ağ qızıl materialdan hazırlanmış 750 əyyarlı qadın üzüyünün və 01 ədəd 250 manat dəyərində sadə sarı qızıl materialdan hazırlanmış 750 əyyarlı qızıl qadın üzüyünün oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1250 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı ünvandan çıxıb işə getmişdir. Həmin vaxt evdə arvadı, iki övladı və valideynləri olmuşdur. Ondan 1 saat sonra da arvadı övladları ilə birlikdə evdən çıxıb baldızıgilə bağa getmişlər. Evdən çıxan zaman anasıyla və atası evdə qaldıqlarından arvadı Şahid4 qapını kilidləməmiş, atasıgildə qapını kilidləməyi unutmuşlar. Həmin günü Bakı şəhəri, Yasamal rayonu ərazisində işdə olan zaman anası Şahid3 onun mobil nömrəsinə zəng vuraraq evdə otaqda olan zaman yataq otağından səs gəldiyini eşidib evin dəhlizinə çıxan zaman onun yataq otağının qarşısında tanımadığı qadının olmasını və ona kim olmasını soruşduğu zaman həmin qadının da “Aysel hardadır” deyərək o biri otağa göz gəzdirməsini gördükdə atasını qışqıraraq çağırdığı zaman həmin qadının onu itələyərək evdən qaçıb getdiyini demişdir. Sonradan onun yataq otağına nəzər yetirdikdə otaqda dolabın içərisində olan əvvəlcədən qoyduğu 15.000 ABŞ dolları nağd pul, 6500 manat nağd pul, 01 ədəd 585 və 750 əyyarlı ümumi dəyəri 1300 ABŞ dolları olan briliyyant qaşlı qadın qızıl üzüyü, 01 ədəd 750 əyyarlı ümumi dəyəri 500 ABŞ dolları olan ağ qadın qızıl boyunbağısı, 01 ədəd 585 əyyarlı ümumi dəyəri 300 manat olan qadın qızıl boyunbağısı və Z hərf formasında olan qaşlı klon və 01 cüt 585 və 750 əyyarlı ümumi dəyəri 550 manat olan sadə qızıl sırğanın yerində olmadığını və həmin qadın tərəfindən oğurlandığını aşkar etmişdir. O da dərhal zəngdən sonra evə getmişdir. Evə çatdıqda yataq otağına nəzər yetirdikdə anasının dediyi kimi, qızıl-zinət əşyalarının yerində olmadığını aşkar etmişdir. Sonradan aparılan araşdırma zamanı yaşadığı evdən qızıl-zinət əşyalarını oğurlayan şəxsin X11 olduğu müəyyən edilmişdir. Hətta, anası Fəridəni görərkən onu tanıyıb, yaşadığı evdən oğurluq edən şəxsin Fəridə olduğunu bildirmişdir. Həmin şəxs onun yaşadığı ünvan 5 ünvanındakı yataq otağındakı dolabın 2-ci siyirməsindən 585 əyyarlı Rusiya istehsalı və 750 əyyarlı İtaliya istehsalı olan 6 qram çəkidə qızıldan hazırlanmış ümumi dəyəri 1300 ABŞ dolları təşkil edən üzərində 5 ədəd briliyant qaşları olan 01 ədəd qadın qızıl üzüyü, 750 əyyarlı İtaliya istehsalı olan 12 qram çəkidə ağ qızıldan hazırlanmış, ümumi dəyəri 500 ABŞ dolları təşkil edən 01 ədəd “zəncir” şəkilli qadın qızıl boyunbağısını, 585 əyyarlı Rusiya istehsalı olan 2 qram çəkidə qızıldan hazırlanmış üzərində “Z” hərf formasında qızıl klonu olan ümumi dəyəri 300 manat təşkil edən 01 “zəncir” şəkilli qadın qızıl boyunbağısını həmin klonla birlikdə və 585 əyyarlı Rusiya istehsalı və 750 əyyarlı İtaliya istehsalı olan 6 qram çəkidə qızıldan hazırlanmış ümumi dəyəri 550 manat təşkil edən 01 cüt qadın qızıl sırğasını, həmin siyirmədən 15000 ABŞ dolları və 6500 manat nağd pulu oğurlamaqla ona ümumilikdə 16800 ABŞ dolları və 7350 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurluq olan zaman o evdə olmamışdır. Anasının dediyinə görə anasının Fəridənin oğurluq etməsindən şübhələnməsinə səbəb onun qeyri-standart şəkildə əl çantasını saxlaması olmuşdur. Anası Fəridə tərəfindən çantasının barsetka kimi saxlandığını bildirmişdir. Anası Fəridəni görəndə qorxusundan qışqırıb, atasını çağırmışdır və zərər çəkmiş şəxsə bu günədək dəymiş ziyandan ödəniş olunmamışdır. Bəzi qızıl-zinət əşyalarının qablarının olmadığını, bəzilərinin isə olduğunu və qabları ilə birlikdə oğurlandığını bildirmişdir və oğurlanmış əşyaları geri qayıtmayacağına görə mülki iddia ilə müraciət etməmişdir. Anası dediyinə görə o Fəridə ilə yataq otağından çıxakən üz-üzə gəlmişdir və zərər çəkmiş şəxs bildirmişdir ki, həyat yoldaşına avtomobil almaq üçün pul yığırmış və ondan pul vəsaiti və qızıllar oğurlanmışdır. Anası əvvəl elə bilmişdir ki, pişiklərdir, sonra isə qəfildən Fəridə ilə qarşılaşmışdır. Hadisəni birbaşa görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs1 Elburus oğlu, gəlini Şahid2, arvadı X7 və azyaşlı nəvəsi X8 ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə arvadı X7 bacısıgilə qonaq getmiş, oğlu Zərərçəkmiş şəxs1 Elburus oğlu işdə olmuşdur. Gəlini Şahid2 ilə azyaşlı nəvəsi X8 ilə birlikdə alış-veriş etmək üçün evdən çıxmışdır. O da həmin günü xx.xx.2023-cü il tarixdə, saat 16:10 radələrində yaşadığı evin hamam otağında yuyunurmuş. Hamam otağından çıxdıqda evdə bir nəfər qadının olduğunu görmüşdür. Həmin qadını əvvəllər heç vaxt görməmişdir. Həmin qadından yaşadığı evə nə üçün daxil olduğunu soruşmuşdur. Bu zaman həmin şəxs ondan Nərmin adlı şəxsin bu mənzildə yaşayıb-yaşamadığını soruşmuşdur. O da həmin qadına mənzildə Nərmin adlı şəxsin yaşamadığını bildirmişdir. Bundan sonra həmin şəxs üzr istəyib evdən çıxıb getmişdir. Heç nədən şübhələnməmişdir. Gəlini Şahid2 evə gəldikdə ona baş verən hadisə barədə danışmışdır. Bu zaman gəlini Alagöz həmin şəxsdən şübhələnmiş və öz yataq otağında güzgülü dolabın çəkməcəsində olan qızılzinyət əşyalarının orada olub-olmamasını yoxlamaq üçün yataq otağına getmişdir. Şahid2 yataq otağında olan güzgülü dolabın çəkməcəsinə baxan zaman orada olan Zərərçəkmiş şəxs1 Elburus oğlunun aldığı 01 ədəd 1000 manat dəyərində 750 əyyarlı brilliant qaşlı ağ qızıl materialdan hazırlanmış qadın üzüyünün və 01 ədəd 250 manat dəyərində 585 əyyarlı ağ qızıl materialdan hazırlanmış sadə qadın üzüyünün oğurlandığını aşkar etmişdir. Bundan sonra hadisə barədə DİN-nin 102 xidmətinə və ərizə ilə Yasamal RPİ-nin 28-ci PŞ-nə müraciət etmişlər. Hadisə nəticəsində oğlu Zərərçəkmiş şəxs1 Elburus oğluna 1250 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq etmiş həmin şəxsi mənzilində görən zaman heç nədən şübhələnməmişdir. Elə düşünmüşdür ki, qadın həqiqətən də səhvən mənzilə daxil olub. Qadın getdikdən sonra gəlininə əhvalatı danışdıqdan və evi yoxladıqdan sonra həmin şəxsin evdən oğurluq etdiyini başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində oğlu Zərərçəkmiş şəxs2 yaşadıqları ünvandan çıxıb işə getmişdir. Həmin vaxt evdə gəlini, iki nəvəsi və əri olmuşdur. 1 saat sonra da gəlini nəvələri ilə birlikdə evdən çıxıb bacısıgilə bağa getmişlər. Evdə o və əri qalmışdır. Əri nəvələrinin otağında, o da qonaq otağında olan zaman giriş qapısı tərəfdən oğlunun yataq otağından səs gəldiyini eşidib ayağa durmuşdur. Bu zaman evin giriş qapısının kilitlənməməsindən istifadə edən bir nəfər tanımadığı qadının evə daxil olmasını oğlunun yataq otağının qarşısında olmasını və ona kim olmasını soruşduğu zaman həmin qadının da “Aysel hardadır” deyərək o biri otağa göz gəzdirməsini gördükdə qışqıraraq əri X5 çağırdığı zaman qadın onu itələyərək evdən qaçıb getmişdir. Əri ancaq həmin qadını arxa hissəsindən görmüşdür. Yataq otağında qızıl qablarının açıq formada dolabın üzərində olduğunu görüb bu barədə birinci gəlininə sonra isə oğluna yığaraq olanlara demişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, O, Fəridəni itələməmiş və yataq otağına da daxil olmamışdır. Həmin vaxtı o, Fəridənin üzərinə baxış keçirməmişdir, lakin o evdən çıxan kimi uşaqların yataq otağına baxmışdır. Fəridənin qızılları və pulları götürdüyünü görməmişdir. Fəridənin əlində balaca çantası var idi. Qızıl qutuları boş idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində övladları ilə birlikdə evdən çıxıb bacısıgilə qonaq getmişdir. Həmin vaxt əri Sergey işdə olmuş, qaynatası ilə qaynanası evdə qalmışlar. Evdən çıxan zaman qaynatasıyla qaynanası evdə qaldıqlarından qapını kilidləməmiş, qaynatasıgildə qapını kilidləməyi unutmuşlar. Həmin günü bacısıgildə olarkən qaynanası Şahid3 onun mobil nömrəsin zəng vuraraq evdə otaqda olan zaman yataq otağından səs gəldiyini eşidib evin dəhlizinə çıxan zaman yataq otağının qarşısında tanımadığı qadının olmasını və ona kim olmasını soruşduğu zaman həmin qadının da “Aysel hardadır” deyərək o biri otağa göz gəzdirməsini gördükdə qaynatasını qışqıraraq çağırdığı zaman həmin qadının onu itələyərək evdən qaçıb getdiyini demişdir. Sonradan yataq otaqlarına nəzər yetirdikdə otaqda dolabın içərisində olan Sergeyin əvvəlcədən qoyduğu 15.000 ABŞ dolları nağd pul, 6500 manat nağd pul, 01 ədəd 585 və 750 əyyarlı ümumi dəyəri 1300 ABŞ dolları olan briliyyant qaşlı qadın qızıl üzüyü, 01 ədəd 750 əyyarlı ümumi dəyəri 500 ABŞ dolları olan ağ qadın qızıl boyunbağısı, 01 ədəd 585 əyyarlı ümumi dəyəri 300 manat olan qadın qızıl boyunbağısı və Z hərf formasında olan qaşlı klon və 01 cüt 585 və 750 əyyarlı ümumi dəyəri 550 manat olan sadə qızıl sırğanın yerində olmadığını və həmin qadın tərəfindən oğurlandığını aşkar etmişdir. Sonradan əri Sergeylə danışmış, Sergey də evə getdiyini bildirib qeyd olunan əşyaların və pulun oğurlandığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, bütün qızıllar hamısı dolabın ikinci çəkməcəsində idi. Orada olan zərf isə ümumiyyətlə olmamışdır. Hadisəni birbaşa görməmişdir. Dollar və manatla olan pullar hamısı bir zərfdə idi. Həmin qızıllardan gündəlik istifadə etməmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailə üzvləri, yəni qaynatası, qaynanası, əri və azyaşlı oğlu ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 16:10 radələrində evin qapısını örtərək həyətdəki mağazaya düşmüşdür. Həmin vaxtı əri Elbrus işdə olmuş, qaynanası bacısıgilə qonaq getmiş, azyaşlı oğlu da bağçadaymış. Mağazaya gedərkən mənzilin qapısını örtsə də qaynatası Şahid1 evdə hamam otağında yuyunduğu üçün qapının açarla bağlamamışdır.Təxminən 30-40 dəqiqə sonra evə qayıdanda qaynatası Elbrus bildirmişdir ki, hamam otağından çıxan zaman mənzilin içərisində tanımadığı bir qadınla rastlaşmış və həmin qadından evə nə üçün icazəsiz daxil olduğunu soruşmuşdur. Bu zaman həmin qadın Nərmin adlı şəxsi axtardığını bildirmişdir. Qaynatası bu mənzildə Nərmin adlı şəxsin yaşamadığını bildirdikdən sonra isə həmin qadın üzürxahlıq edərək mənzildən çıxıb getmişdir. Həmin şəxsin evdən oğurluq edə biləcəyindən şübhələnib yataq otaqlarına keçərək güzgülü dolabın çəkməcəsinə qoyduqları əri Fəqanın almış olduğu qızıl zinət əşyalarının yerində olub-olmamasını yoxlamış və bu zaman orada olan 01 ədəd 1000 manat dəyərində briliant qaşlı ağ qızıl materialdan hazırlanmış 750 əyyarlı qadın üzüyünün və 01 ədəd 250 manat dəyərində sadə sarı qızıl materialdan hazırlanmış 750 əyyarlı qızıl qadın üzüyünün oğurlandığını aşkar etmişdir. Bu barədə zəng edib əri Fəqana da məlumat vermişdir. Hadisə baş verdiyi zaman evdə heç bir dağınıqlıq olmamışdır. Sonradan aparılan araşdırma zamanı yaşadığı evdən qızıl-zinət əşyalarını oğurlayan şəxsin X11 olduğu müəyyən edilmişdir. Hətta, Təqsirləndirilən şəxs yaşadıqları evə polis əməkdaşları ilə birlikdə gələrək evdən necə oğurluq etdiyini də göstərmiş, eləcə də qaynatası Fəridəni görərkən onu tanıyıb, yaşadıqları evdən oğurluq edən şəxsin Fəridə olduğunu bildirmişdir. Oğurlanmış qızıl-zinət əşyaları əri Fəqana məxsusdur. Belə ki, Fəqan pulunu yığa bilmədiyindən qızıl-zinət əşyaları alıb saxlayırmış. Oğurlanmış qızılzinət əşyaları da Fəqana məxsusdur. Lakin, həmin qızıl-zinət əşyalarından bəzi hallarda o da müvəqqəti istifadə etmişdir. Odur ki, oğurlanmış qızıl-zinət əşyaları Fəqana məxsus olduğundan ona 1250 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanıdır. Baxış zamanı mənzilin yataq otağında qızıl zinyət əşyalarının dolabın üzərində açıq şəkildə olması müəyyən edilmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır. Baxış zamanı mənzilin 2 yataq və 1 qonaq otağından ibarət olması müəyyən edilmişdir. Həmçinin hadisənin baş verdiyi yataq otağına baxış zamanı zərər çəkmiş şəxs bildirmişdir ki, dolabın çəkməcəsindən naməlum qadın ona məxsus ümumilikdə 39510 manat dəyərində əmlak oğurlamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 17 avqust 2023-cü il tarixli “Tanınma protokolu”ndan görünür ki, Şahid3 mənzilə daxil olan şəxsi tanımış və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu göstərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1253/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 180.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə Qobustan Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 07 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, X3 mənzilə daxil olan şəxsi tanımış və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu göstərmişdir. “İfadənin yerində yoxlanması haqqında” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Miriyeva X4 oğluna məxsus mənzilin yerini göstərərək ora daxil olduğunu bildirmiş və mənzildən iki ədəd ağ qızıldan hazırlanmış üzük oğurladığını bildirmişdir. Mənzildən çıxan zaman Şahid1 görmüş və üzr istəyərək yanlış girdiyini bildirib çıxıb getmişdir. İfadə yerində yoxlanılarkən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9351/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 4 adda qızıl zinət əşyalarının 2023-cü il avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2660 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs “19 iyul 2023-cü il tarixdə saat 16:10 radələrində Zərərçəkmiş şəxs1 Elburus oğlunun yaşadığı ünvan 3 ünvanındakı mənzilin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında yerləşən güzgülü dolabın çəkməcəsindən sonuncuya məxsus 1000 manat dəyərində, 750 əyyarlı ağ qızıl materialdan hazırlanmış, briliant qaşlı 01 ədəd qadın üzüyünü və 250 manat dəyərində, 585 əyyarlı ağ qızıl materialdan hazırlanmış 01 ədəd sadə qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 Elburus oğluna ümumilikdə 1250 (min iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etməsi” epizodu üzrə onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə tövsif edilsə də, lakin onun “05 avqust 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanındakı mənzilin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında yerləşən güzgülü dolabın çəkməcəsindən sonuncuya məxsus həmin dövrün məzənnəsi ilə 25500 manat təşkil edən 15000 X9 dolları və 6500 manat nağd pul vəsaiti, həmin dövrün məzənnəsi ilə 2210 manat təşkil edən 1300 X9 dolları dəyərində, ümümilikdə 6 qram çəkidə Rusiya istehsal olan 585 əyyarlı və İtaliya istehsalı olan 750 əyyarlı qızıl materiallardan hazırlanmış, üzərində 5 ədəd briliyant qaşları olan, 01 ədəd qadın üzüyü, həmin dövrün məzənnəsi ilə 850 manat təşkil edən 500 X9 dolları dəyərində, 12 qram çəkidə İtaliya istehsalı olan 750 əyyarlı ağ qızıl materialdan hazırlanmış, “zəncir” şəkilli, 01 ədəd qadın boyunbağısı, ümumilikdə 300 manat dəyərində, 2 qram çəkidə Rusiya istehsal olan 585 əyyarlı qızıl materialdan hazırlanmış, üzərində “Z” hərf formasında qızıl klonu olan “zəncir” şəkilli, 01 ədəd qadın boyunbağısı və 550 manat dəyərində, ümümilikdə 6 qram çəkidə Rusiya istehsal olan 585 əyyarlı və İtaliya istehsalı olan 750 əyyarlı qızıl materiallardan hazırlanmış, 01 cüt qadın sırğasını gizli olaraq talayaraq mənzildən çıxmaq istədikdə Zərərçəkmiş şəxs2 anası Larisa Biryukuva ilə dəhlizdə rastlaşmaqla özgə əmlakının qanunsuz götürülməsindən ibarət hərəkətlərinin aşkar edildiyini dərk etməsinə baxmayaraq bu kimi hərəkətlərini davam etdirib sonuncunu itələməklə talamış olduğu əmlakları özündə saxlamağa nail olaraq götürüb qaçmaqla oradan uzaqlaşaraq açıq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 35910 (otuz beş min doqquz yüz on) manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq soyğunçuluq etməsi” epizodu üzrə əməlləri Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.5-ci madələri ilə düzgün tövsif edilməmişdir. Onun həmin epizod üzrə törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. X14 4-5-ci bəndlərinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını açıq yolla təkrar talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq cinayətini törətməsi ilə bağlı məhkəməyə hər-hansı bir sübüt təqdim edə bilməmişdir. İş üzrə dindirilmiş Zərərçəkmiş şəxs2 hadisəni birbaşa görmədiyindən, yalnız hadisədən sonra anası Şahid3 onun mobil nömrəsinə zəng vuraraq evdə otaqda olan zaman yataq otağından səs gəldiyini eşidib evin dəhlizinə çıxan zaman onun yataq otağının qarşısında tanımadığı qadının olmasını və ona kim olmasını soruşduğu zaman həmin qadının da “Aysel hardadır” deyərək o biri otağa göz gəzdirməsini gördükdə atasını qışqıraraq çağırdığı zaman həmin qadının onu itələyərək evdən qaçıb getdiyini bildirmişdir. Sonradan anası onların yataq otağına nəzər yetirdikdə otaqda dolabın içərisində pulun və qızılların olmadığını görmüşdür. İş üzrə dindirilmiş Şahid4 hadisəni birbaşa görmədiyindən, yalnız hadisədən sonra qaynanası Şahid3 onun mobil nömrəsin zəng vuraraq evdə otaqda olan zaman yataq otağından səs gəldiyini eşidib evin dəhlizinə çıxan zaman yataq otağının qarşısında tanımadığı qadının olmasını və ona kim olmasını soruşduğu zaman həmin qadının da “Aysel hardadır” deyərək o biri otağa göz gəzdirməsini gördükdə qaynatasını qışqıraraq çağırdığı zaman həmin qadının onu itələyərək evdən qaçıb getdiyini bildirmişdir. Sonradan qaynanası onların yataq otağına nəzər yetirdikdə otaqda dolabın içərisində pulun və qızılların olmadığını görmüşdür. İş üzrə dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə oğlunun yataq otağının qarşısında rastlaşmış, Təqsirləndirilən şəxs qızılları və pulları götürməsini görməmişdir. Yalnız Təqsirləndirilən şəxs getdikdən sonra yataq otağına daxil olaraq qızılların oğurlandığını görmüşdür. Məhkəmə qeyd edir ki, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq etməklə müşayiət olunur. Bütün bunlar talamanın digər formalarına nisbətən soyğunçuluğun ictimai təhlükəliliyini artırmış olur. Hüquq ədəbiyyatında qeyd edilmişdir ki, talamanın açıq olmasını müəyyən etmək üçün obyektiv və subyektiv meyarlardan istifadə edilir. Obyektiv meyarın mahiyyəti ondan ibarətdir ki, özgənin əmlakını talama mülkiyyətçinin və ya kənar şəxslərin gözü qarşısında baş verir və onlar bu hərəkətin cinayət olduğunu dərk edirlər. Subyektiv meyarın mahiyyəti ondan ibarətdir ki, təqsirkar onun hərəkətlərinin mülkiyyətçi və ya kənar şəxslər tərəfindən müşahidə edildiyini, yəni özgənin əmlakını açıq taladığını dərk edir. Bu meyarların olması əməlin soyğunçuluq kimi tövsif edilməsinə əsas yaradır. Burada üstünlük subyektiv meyara verilir. Ona görə də təqsirkar özünün özgənin əmlakını talamadan ibarət cinayətkar hərəkətinin kənar şəxslər tərəfindən müşahidə edildiyini hesab edirsə, lakin həmin şəxslər təqsirkarın hərəkətinin mahiyyətinin dərk etmirlərsə, əməl yenə də soyğunçuluq kimi tövsif ediləcəkdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 8 ünvanından etdiyi oğurluq cinayətini açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törətməmiş, həmçinin Təqsirləndirilən şəxs onun hərəkətlərinin mülkiyyətçi və ya kənar şəxslər tərəfindən müşahidə edildiyini görməmişdir. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs ikinci epizod üzrə zərərçəkmiş şəxsə qarşı yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını açıq yolla talayaraq zərərçəkmiş şəxə xeyli ziyan vurmaqla soyğunçuluq etməsi barədə verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapmaması nəticəsinə gəlir. İstintaq orqanı Təqsirləndirilən şəxs özgənin əmlakını talaması barədə əsassız olaraq açıq talama, yəni soyğunçuluq kimi törətməsi barədə səhv nəticəyə gələrək ona CM-in 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə ittiham irəli sürmüşdür ki, həmin ittiham əsasında Təqsirləndirilən şəxs göstərilən maddələr ilə cinayət məsuliyyətinə cəlb olunması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaşadığı mənzildən oğurluq etməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə saat 16:10 radələrində Zərərçəkmiş şəxs1 Elburus oğlunun yaşadığı ünvan 9 ünvanındakı mənzilin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 əmlakını gizli olaraq talayaraq ona ümumilikdə 1250 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanındakı mənzilin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 əmlakını gizli olaraq talayaraq ona ümumilikdə 35910 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə olan halda Təqsirləndirilən şəxs əvvəllər törətdiyi az ağır cinayətlərə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə talama cinayətləri törədərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və yenidən analoji cinayətlər törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 16 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatının ümumi dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 iş saatı üçün cəmi 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar