Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-127/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4, tərcüməçi X1 iştirakları ilə, xx xxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tələbə, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi-8, inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanı qəsəbəsi fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Belə ki, o, 08 sentyabr 2020-ci il tarixdə saat 22:45-də ünvan 1 ünvanda yerləşən “Hyundai Servis”in qarşısına düşən yolun hərəkət hissəsində 11 saylı marşrut xətti üzrə hərəkət edən "xxxx"a məxsus “İveco” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun içərisində Əfqanıstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxsun üz nahiyəsindən əli ilə 2 dəfə qəsdən vuraraq ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sıyrığı, burun sümüyünün qəlpəli yerdəyişən qapalı sınığı, sağ və sol gözaltı nahiyələrinin qançırları kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri bir dəqiqə ərzində davam etdirərək avtobusda olan şəxslərin rahatlıq və dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08.09.2020-ci il tarixdə 22:00 radələrində Şərq bazarının yaxınlığında 11 nömrəli avtobusa daxil olmuşdur. Həmin avtobus Z.Bünyadov prospekti ilə hərəkətdə olan zaman o, qulaqcıqla musiqiyə qulaq asmışdır. Bu zaman səs-küy eşitsə də, ilk əvvəl buna məhəl qoymamışdır. Səs-küy təxminən 10 dəqiqə davam etmişdir. Daha sonra o, qulağından qulaqcığı çıxararaq ətrafa baxmış və bir qızın iki oğlanla mübahisə etdiyini görmüşdür. Eyni zamanda eşitmişdir ki, avtobusdakı sərnişinlər digər 2 şəxsə irad bildirərək nə üçün qıza sataşmalarını deyirlər. Qız oğlanların yanından ona tərəf hərəkət etmiş, həmin şəxslər də qızın dalınca gəlmişlər. Həmin şəxslərdən biri qızın üstünə qışqırmağa başlamış, bu zaman o, qızın qorxduğunu gördükdə onu müdafiə edərək həmin şəxsləri sakitləşməyə dəvət etmişdir. Bu zaman sonradan adının Armin olduğunu öyrəndiyi şəxs onun üzərinə gəlib onun şəxsiyyətinə toxunaraq “sən kimsən, əgər belə kişisənsə, gəl düşək aşağıda söhbət edək göstərim sənə kim kişidir” demişdir. O, bu sözləri təhqir kimi qəbul etdiyindən əsəbləşib həmin vaxt sağ əlinin yumruğu ilə ona qıcanmış və həmin şəxs başını geri tərəf çəkdiyi üçün yumruğu onun sifətinə yüngül toxunmuşdur. Ətrafda adamlar çox olduğundan yumruğunun həmin şəxsin sifətinə səthi dəydiyini güman etmişdir. Bu zaman həmin şəxs yerə yıxılmışdır. Bu hadisədən sonra avtobusda səs-küy artmış və qarışıqlıq yaranmışdır. Aranı sakitləşdirmək məqsədi ilə avtobusun sürücüsü maşını saxlayıb arxa qapıdan onların yanına gəlmişdir. O, ilk öncə həmin şəxsin burnundan qan axmasını görməmiş, sadəcə olaraq sürücü həmin şəxsləri düşürdərkən onun qarşısından keçdiyi üçün həmin şəxsin burnunun qanamasını görmüşdür. Daha sonra o, avtobusda yoluna davam etmiş və Əhmədli metrostansiyasının yanında avtobusdan düşmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, hadisəni özündə əks etdirən görüntülərdə olan balaca boylu şəxsə, yəni Zərərçəkmiş şəxs yumruq atan şəxs odur. Zərərçəkmiş şəxs onun üstünə gəlməsəydi və onu təhqir etməsəydi, hadisə bu yöndə baş verməzdi. İşin bu həddə çatmasına görə çox peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2011-ci ildən ailəsi ilə birlikdə Azərbaycan Respublikasında yaşayır. 08 sentyabr 2020-ci il tarixdə saat təxminən 22-23 radələrində dostu Fərşidlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Mado” restoranının yanında yaşadığı ünvana getmək üçün "xxxx"a məxsus 11 nömrəli avtobusa minmişdir. Həmin vaxt avtobusda sıxlıq olduğu üçün o, sürücünün arxasındakı dəmir tutacaqdan tutub ayaq üstə dayanmışdır. Avtobus Z.Bünyadov prospekti ilə hərəkət edən zaman bir nəfər qadın dostu Fərşidə arxaya keçməsini demiş, Fərşid Azərbaycan dilində tam sərbəst danışa bilmədiyi üçün o, qadına sakit şəkildə “sıxlıq var, çox narahatdırsa keçə bilirsə gəlib keçsin” demişdir. Bundan sonra avtobusda olan şəxslərlə dostu arasında sözlü mübahisə baş vermişdir. O, hər kəsi sakitləşdirməyə çalışmış və onlara dostunun Azərbaycan dilində danışa bilməməsini izah etmişdir. Bu zaman avtobusun orta qapısına yaxın dayanmış bir şəxs onlara sakit olmağı demişdir. O isə həmin şəxsə tərəf çevrilərək ona “camaatın arasında yox, kişisənsə düş aşağıda söhbət edək” demişdir. Fikri həqiqətən də həmin şəxslə aralarındakı məsələni avtobusdan kənarda həll etmək olmuşdur. Bu zaman həmin şəxs onun üz tərəfinə yumruq atmışdır. O, həmin zərbənin təsirindən yerə yıxılmış və burnundan qan gəlmişdir. Bu zaman avtobus sürücüsü onlara yaxınlaşaraq onu və dostunu avtobusdan düşürtmüşdür. Onu vuran, sonradan adının Riad olduğunu öyrəndiyi şəxs isə avtobusda qalmışdır. O, yaşadığı ünvana gəlmiş və ev şəraitində iki gün müalicə aldıqdan sonra burnunda şişkinliyin həddindən artıq olduğunu görüb xəstəxanaya müraciət etmiş və müayinə olunduqdan sonra burnunda sınıq olması məlum olmuşdur. Sonda Təqsirləndirilən şəxs ilə barışmasına, ona qarşı heç bir şikayət və tələbinin olmamasına dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci ildən etibarən ailəsi ilə birlikdə Azərbaycan Respublikasında yaşayır. 08 sentyabr 2020-ci il tarixdə saat təxminən 22-23 radələrində dostu Arminlə birlikdə yaşadıqları evə getmək üçün “Mado” restoranının yanında 11 nömrəli avtobusa minmişdir. Həmin vaxt avtobusda sıxlıq olduğu üçün onlar sürücünün arxasındakı dəmir tutacaqdan tutub ayaq üstə dayanmışlar. Avtobus Z.Bünyadov prospekti ilə hərəkətdə olan zaman bir nəfər qadın ondan arxaya keçməsini istəmişdir. O, Azərbaycan dilində tam sətbəst danışa bilmədiyi üçün Armin qıza sakit şəkildə demişdir ki, sıxlıq var, çox narahatdırsa, keçə bilirsə, gəlib arxaya keçsin. Bundan sonra avtobusda olan şəxslərlə onun arasında sözlü mübahisə baş vermişdir. Avtobusda olan şəxslərdən biri əlini ona uzatsa da, əli ona dəyməmişdir. Bu zaman avtobusun orta qapısının yanında dayanmış bir şəxs onlara sakit olmağı demişdir. Bu zaman dostu Armin həmin şəxsə tərəf getmiş, məsələni camaatın arasında yox, aşağıda həll etməyi təklif etmiş və Armin həmin şəxsə “kişisənsə düş aşağıda söhbət edək” demişdir. Buna baxmayaraq həmin şəxs Arminin üzünə yumruq atmışdır. Armin həmin zərbənin təsirindən yerə yıxılmış və burnu qanamışdır. Bu zaman avtobus sürücüsü onlara yaxınlaşaraq onu və dostu Armini avtobusdan düşürtmüşdür. Armini vuran şəxs isə avtobusda qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, "xxxx" şirkətində sürücü vəzifəsində işləyir. 08 sentyabr 2020-ci il tarixdə saat təxminən 22-23 radələrində marşrut xətti üzrə xidmətdə olarkən avtobus Z.Bünyadov prospekti ilə üzü “Koroğlu” metrosu istiqamətində hərəkət edən zaman avtobus dayanacağına çatmağa az qalmış avtobusda səs-küy olmasını eşitmiş, güzgüdən baxdıqda orta hissədə sıxlıq olmasını görmüşdür. O, bir neçə dəfə ictimai nəqliyyatda sakitçiliyə riayət etmələrinə dair xəbərdarlıq etmişdir. Buna baxmayaraq sakitçilik yaranmadığından və səs-küy artdığından dayanacaqdan kənarda avtobusu saxlayaraq avtobusun orta qapısına daxil olmuş, lakin kimin dalaşdığını görməmişdir. O, avtobusda iki nəfərin üst-başının dağınıq olmasını görmüş və həmin şəxslərin səs-küy saldığını zənn edərək onları avtobusdan düşürtmüşdür. Verilmiş suala cavab olaraq bildirmişdir ki, avtobusdan düşürtdüyü şəxslərin üzərində qan olub-olmamasına fikir verməmişdir. Həmçinin, dava-dalaş olan zaman o, sürücü üçün nəzərdə tutulmuş yerdə olduğundan və avtobusda adam sayı çox olduğundan konkret olaraq dalaşan şəxslərin şəxsiyyətlərini bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 12 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş təhqiqatçısı Fariz Məmmədov, PŞ-nin əməliyyat qrupu, Zərərçəkmiş şəxs Shirzad oğlu və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən olundu ki, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2043 ünvanda fəaliyyət göstərən “Hyundai” səkiyə çatmamış yolun kənarındakı ərazidir. Müəyyən olunmuşdur ki, 08 sentyabr 2020-ci il tarixdə saat 22-23 radələrində naməlum şəxs 11 saylı xətt üzrə hərəkət edən "xxxx" şirkətinə məxsus sərnişin avtobusunda Əfqanıstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Shirzad oğlunu döyərək ona bədən xəsarəti yetirmişdir. Baxış zamanı avtobus olmadığı üçün ona baxış keçirtmək mümkün olmamışdır. Baxış günorta saatlarında keçirilmişdir. Ətrafda müşahidə və ya TŞ kameraları yoxdur. Fotoşəkillər çəkilərək materiallara əlavə edilmişdir. Protokol ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 24 sentyabr 2020-ci il tarixli, 675 nömrəli rəyindən görünür ki, Shirzad Armində aşkar edilmiş xəsarətlər - burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sıyrığı, burun sümüyünün qəlpəli yerdəyişən qapalı sınığı, sağ və sol gözaltı nahiyələrinin qançırları - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsvir hissəsində qeyd olunan 08.09.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. Shirzad Armində aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Fotoşəkillərlə şəxsin tanınmasının aparılması haqqında” 14 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X9, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə tanıyan zərərçəkmiş şəxs - X5 və tərcüməçi - X2 iştirakları ilə fotoşəkillərlə şəxsin tanınmasını aparmışdır. CM-in 127.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərurət yarandığından 13 oktyabr 2020-ci il tarixdə, saat 17:30 dəqiqədə fotoşəkillərlə şəxsin tanınması aparılmağa başlanmışdır. Tanınmalı olan fotoşəkil Təqsirləndirilən şəxs məxsus olmaqla, şərti olaraq rəqəmi altında Təqsirləndirilən şəxs soyadlı, adlı, ata adlı eyni növdən olan və şərti olaraq 1, 2 və 4 rəqəmi ilə nömrələnmiş vəziyyətdə fotoşəkillər arasında tanıyan Zərərçəkmiş şəxs təqdim edilərək, ona fotoşəkillərdəki şəxslərdən tanıya bildiyi şəxsi göstərmək və həmin şəxsi məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olundu. Tanıyan Zərərçəkmiş şəxs ona təqdim edilən fotoşəkilləri nəzərdən keçirəndən sonra sol əli ilə 3 rəqəmi ilə nömrələnmiş fotoşəkildəki şəxsi tanıyaraq bildirdi ki, həmin şəxsi 08.09.2020-ci il tarixdə saat 22 radələrində "xxxx"a məxsus 11 saylı xətt avtobusunda onunla üzbəüz dayanaraq mübahisə etməsi, ona xəsarət yetirməsi səbəbindən tanıyır və məhz həmin şəxs onu vuraraq xəsarət yetirmişdir. Bununla da, Zərərçəkmiş şəxs dindirmə zamanı bu barədə ifadələrində göstərdiklərini fotoşəkillərlə şəxsin tanınması aparılarkən bir daha təsdiq etdi və ona xəsarət yetirən Təqsirləndirilən şəxs tanıdı. Tanınma zamanı fotoşəkillər çəkilməsindən başqa digər hər hansı texniki vasitələrdən istifadə olunmadı və çəkilmiş fotoşəkillər çıxarıldıqdan sonra hazırkı protokola əlavə ediləcəkdir. Fotoşəkillərlə şəxsin tanınması gündüz vaxtı, otaq şəraitində, təbii və süni işıq altında aparılmaqla saat 17:45 dəqiqədə başa çatdı. Fotoşəkillərlə şəxsin tanınması prosesində Zərərçəkmiş şəxs təqdim edilmiş fotocədvəl hazırkı protokola əlavə olundu. İstintaq hərəkətinin aparılmasına dair tərtib edilmiş protokol ucadan oxundu, tanınmanın aparılması qaydası və bu barədə tərtib edilmiş protokolun məzmununa dair əlavələr, düzəlişlər və ya etirazlar daxil olmadı; “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 15 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstinaq Şöbəsinin müstəntiqi, polis kapitanı X9, icraatında olan ********* nömrəli cinayət işində olan 01 ədəd diskə Nərimanov RPİ-nin inzibati binasının xidməti otağında Əfqanıstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs və onun tərcüməçisi X6 iştirakı ilə personal kompyuter vasitəsi ilə baxış keçirtmişdir. Həmin 01 ədəd diskdə "xxxx" MMC-nin 11 saylı marşurut xətti üzrə hərəkətdə olan **-JX- *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun müşahidə kameraları ilə çəkilmiş 02 ədəd görüntü vardır. Həmin görüntülərdən birincisi 00000000YOLCU-200908-223143- 224643-**********00 adla, digəri isə 000000KAT2YOLC-200908-224643-230143- **********00 adla qeyd olunmuşdur. Birinci 00000000YOLCU-200908-223143-224643- **********00 adlı görüntüyə daxil olduqda yuxarı sol küncdə 08/09/2020-ci il tarixi və 22:31:39 saatı qeyd olunmuşdur. Həmin vaxtda avtobus hərəkətdədir. Saat 22:42:02-də başında papaq olan Zərərçəkmiş şəxs və dostu Fərshid görünür və Fərshid tanımadığı xanımla söhbət edir, Armin həmin qıza əli ilə arxanı işarə edir və bu zaman avtobusda Fərshidlə mübahisə baş verir, bir nəfər uzaqda Fərshidə əlini uzadır, 22-45:27-də bir nəfər şəxs gələrək ilk öncə Fərshidlə mübahisə edir, sonra Arminə əli ilə vurur və onun üstünə getmək istədikdə yenidən onu vurur, avtobusda olan şəxslər onları aralaşdırmaq istəyir və Armin bu zaman yerdən qalxır, Fəshid başqa şəxslərlə söhbət edir, sürücü formasında bir nəfər şəxs Armin və dostunu avtobusdan çıxarır. Videogörüntü 22:46:42-də başa çatır. İkinci 000000KAT2YOLC-200908-224643-230143-**********00 adlı görüntüdə yuxarı sol küncdə 08/09/2020 tarixi və 22:46:41 saat yazısı vardır. Video görüntü həmin saatda başlayır. Həmin görüntünü çəkən müşahidə kamerası avtobusun sağ hissəsindən arxa yan hissəsini qeydə alır. Həmin saatda Armin və dostu Fərshid avtobusun orta yan qapısından çıxır, Armin həmin an burnunu əli ilə tutaraq dayanacağın yanında gözləyir, dostu isə tanımadığı şəxslə söhbət edir. Avtobus yoluna davam edir. Videogörüntü 23:01:41-də başa çatır. Diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs videogörüntüdə onunla mübahisə edib, onu vurub xəsarət yetirən şəxsin şəkli tanınma zamanı göstərdiyi və üzləşdirmə zamanı ifadəsini üzünə qarşı dediyi Təqsirləndirilən şəxs olmasını bildirdi; “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 15 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 17 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad olunmuş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; “İfadənin yerində yoxlanılması haqqında” 17 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X9, ********* saylı cinayət işi üzrə istintaq gedişində Təqsirləndirilən şəxs ifadəsini, müdafiəçi X10 və tərcüməçi X7 işitrakı ilə yerində yoxlamışdır. Təqsirləndirilən şəxs təklif olundu ki, istintaq gedişində ifadəsində dediklərini yerində göstərsin. Təqsirləndirilən şəxs ifadəsində dediklərini yerində göstərərək bildirmişdir ki, 08.09.2020-ci il tarixdə saat 22 radələrində əvvəldən mindiyi 11 saylı xətt üzrə hərəkət edən "xxxx"a məxsus avtobus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində hərəkətdə olan zaman, bir nəfər tanımadığı şəxsin qadın sərnişinə əxlaqsız hərəkət etməsi səbəbindən aralarında mübahisə baş vermiş, mübahisə nəticəsində həmin şəxsin yanında olan dostunu ona qarşı təhqir edici sözlərdən istifadə etməsi səbəbindən yumruqla yüngül vurmuşdur. İfadənin yerində yoxlanılması zamanı ərizə, şikayət və vəsatət daxil olmadı; “Maddi sübut kimi tanımaq haqqında” 17 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş "xxxx" MMC-nin 11 saylı marşrut xətti üzrə hərəkətdə olan **-JX-*** dövlət qeydiyyat nişanlı sənişin avtobusunun müşahidə kameraları ilə çəkilmiş içində 00000000YOLCU-200908-223143-224643- **********00 adla, digəri isə 000000KAT2YOLC-200908-224643-230143-**********0002 adla qeyd olunmuş 02 ədəd görüntü olan 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin cinayət işinə əlavə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 28 dekabr 2020-ci il tarixli, 32/675 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sıyrığı, burun sümüyünün qəlpəli yerdəyişən qapalı sınığı, sağ və sol gözaltı nahiyələrinin qançırları - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsvir hissəsində qeyd olunan 08.09.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. Shirzad Armində aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına əsaslanaraq demək olar ki, yuxarda qeyd olunan xəsarətlər şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər hadisə yerində çəkilmiş görüntü şəraitində əmələ gələ bilərdi, yəni kənar şəxs tərəfindən yetirilmişdir; Hadisə yerinin görüntülərini özündə əks etdirək diskə məhkəmə tərəfindən keçirilən baxış zamanı müəyyən edilir ki, avtobus hərəkətdədir. Saat 22:42:02-də başında papaq olan Zərərçəkmiş şəxs və dostu Fərshid görünür və Fərshid tanımadığı xanımla mübahisə edir, Armin həmin qıza əli ilə arxanı işarə edir və bu zaman avtobusda Fərshidlə mübahisə baş verir, bir nəfər uzaqdan Fərshidə əlini uzadır, 22-45:27-də bir nəfər şəxs gələrək ilk öncə Fərshidlə mübahisə edir, sonra Arminə əli ilə vurur və Armin onun üstünə getmək istədikdə yenidən onu vurur, qarışıqlıq yaranır, avtobusda olan şəxslər onları aralaşdırmaq istəyir və bu zaman Armin yerdən qalxır, Fəshid başqa şəxslərlə söhbət edir, sürücü Armin və dostunu avtobusdan çıxarır. Həmçinin, Təqsirləndirilən şəxs bildirdi ki, Arminə yumruq atan şəxs odur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirmişdir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş xuliqanlıq əməlinə dair həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun onun üzərinə gəlməsi, onun şəxsiyyətinə toxunması səbəbindən vurduğunu bildirsə də, sonradan Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanı pozmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik olunmuş, ictimai nəqliyyatın iş fəaliyyəti pozulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq əməlinin, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsi, həmçinin zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət vurulması sübuta yetirilsə də, istintaq orqanı onun əməlini CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, təqsirləndirilən şəxsin törətmiş olduğu həmin əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətin xuliqanlıq niyyəti ilə yetirilməsi barədə nəticəyə gələrkən səhvə yol verilmişdir. CM-in 127.2.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, göstərilən maddənin tərkibinin yaranması üçün bu Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədilməlidir. Məhkəmə ilk əvvəl onu qeyd edir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə heç də səbəbsiz yaranmamış, hər iki şəxsin olduğu ictimai nəqliyyatda, yəni hadisə yerində zərərçəkmiş şəxsin dostu, hazırki iş üzrə Şahid1 bir qızla mübahisəsinin baş verməsindən və zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsin təhqir edilməsindən qaynaqlanmışdır. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma isə əksinə, heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə şəxsin sağlamlığına xəsarət yetirmədə ifadə olunur. Həmçinin, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsi müəyyən olunmur. Belə ki, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə səbəbsiz mübahisə etməmişdir. Hadisə yerinin görüntülərindən də aydın olduğu kimi, ictimai nəqliyyatda olan şəxslər arasında mübahisə Təqsirləndirilən şəxs həmin mübahisəyə qarışmasına qədər başlamış, yəni hadisə yerində olan qızla Arminin dostu Fərşhid mübahisə etmiş, qız sonuncunun yanından çıxıb avtobusun arxa tərəfinə keçməyə çalışır. Mübahisəyə qarışan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edir və onu vurur. Bundan başqa Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə gəlməsi, sonuncuya “sən kimsən, əgər belə kişisənsə, gəl düşək aşağıda söhbət edək göstərim sənə kim kişidir” sözlərini işlətməsi Təqsirləndirilən şəxs Armin Shirzada yumruq atması ilə nəticələnmişdir. Qeyd edilənlər isə Təqsirləndirilən şəxs mübahisə edərkən xuliqanlıq niyyətinin olmamasını, zərərçəkmiş şəxsə xəsarət yetirərkən onun tərəfindən özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlərə yol verilmədiyini təsdiq edir. Proses iştirakçılarının məhkəmə iclasında bildirdikləri kimi, ictimai nəqliyyatda baş verən həmin mübahisə məhz Zərərçəkmiş şəxs və onun dostu Şahid1 tərəfindən başlamışdır. Zərərçəkmiş şəxs qızı müdafiə edən təqsirləndirilən şəxslə kobud danışmış, sonunda mübahisə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi yumruqla vurması ilə nəticələnmişdir. Göstərilən xüsusatlar Təqsirləndirilən şəxs niyyətinin xuliqanlıq kimi qiymətləndirilməsini, yəni zərərçəkmiş şəxsə bu niyyətlə xəsarət yetirməsini istisna edir. Belə ki, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs ictimai nəqliyyatda onun qarışmasına qədər digər şəxslər arasında yaranmış mübahisə zəminində zərərçəkmiş şəxsə az ağır bədən xəsarəti yetirmiş, onun davranışında ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma kimi hərəkətlər olmamış, həmçinin onun cinayət qəsdinin obyekti konkret şəxs - Zərərçəkmiş şəxs olmuş, onun tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan və yuxarıda təsvir olunan hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri əsassız olaraq xuliqanlıq niyyəti qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilərək CM-in 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə hadisənin baş verdiyi ünvanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən baş vermiş mübahisə zəminində yumruqla vurması xuliqanlıq niyyəti ilə az ağır bədən xəsarəti yetirmə kimi qiymətləndirilə bilməz. Hadisə iştirakçıları olmuş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid məhkəmə iclasında verdikləri ifadələrində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirməsinin məhz sonuncunun kobud danışığından sonra baş verdiyini göstərmişlər. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə xuliqanlıq niyyəti ilə sağlamlığa xəsarət yetirilməsi ilə bağlı verilmiş ittiham məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə bağlı məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. CPM-in: 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.1-ci maddələrinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur; CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə az ağır bədən xəsarətinin xüliqanlıq niyyəti ilə yetirməsi barədə verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapmaması nəticəsinə gəlir. İstintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs az ağır bədən xəsarəti yetirməsini əsassız olaraq xuliqanlıq niyyəti ilə törətməsi barədə səhv nəticəyə gələrək ona CM-in 127.2.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür ki, həmin ittiham əsasında Təqsirləndirilən şəxs göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb olunması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə az ağır bədən xəsarəti yetirmişdir. CPM-in: 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və CPM-in 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini qanuni və əsaslı hesab edir. CPM-in: 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, CM-in 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-in: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 73.2-ci maddəsi tətbiq olunmalı, o, CM-in 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilməlidir. Həmçinin, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 221.1-ci maddəsi ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; törətdiyi əməli qismən etiraf edib peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, onun istintaq zamanı tutma altında saxlanıldığı iki gün (15-17 oktyabr 2020-ci il) müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli (CM-in 69.4-cü maddəsi), həmçinin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - "xxxx" MMC-dən daxil olmuş "xxxx" MMC-nin 11 saylı marşrut xətti üzrə hərəkətdə olan **-JX-*** dövlət qeydiyyat nişanlı sənişin avtobusunun müşahidə kameraları ilə çəkilmiş, içində 00000000YOLCU- 200908-223143-224643-**********00 adla, digəri isə 000000KAT2YOLC-200908-224643- 230143-**********0002 adla qeyd olunmuş 02 ədəd görüntü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrindən həmin Məcəllənin 127.1 və 221.1-ci maddələrinə tövsif edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1200 (min iki yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 (iki) gün tutma altında saxlanılması nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1000 (min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - "xxxx" MMC-dən daxil olmuş "xxxx" MMC-nin 11 saylı marşrut xətti üzrə hərəkətdə olan **-JX-*** dövlət qeydiyyat nişanlı sənişin avtobusunun müşahidə kameraları ilə çəkilmiş, içində 00000000YOLCU-200908-223143-224643-**********00 adla, digəri isə 000000KAT2YOLC-200908-224643-230143-**********0002 adla qeyd olunmuş 02 ədəd görüntü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-127/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-127/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver