Məhkəmə qərarları › İş №1(005)-127/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-127/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-127/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:20 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, K.Marks prospekti 3-cü keçid ev 40-da qeydiyyatda olmaqla yaşamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-1587/2022 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 05(beş) ay, 12(on iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 15:30 radələrində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı kağıza bükülmüş təmiz çəkisi 0,273 qram olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 ildir narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə 2 nəfər polis əməkdaşları tərərfindən ünvan 3 ünvanının qarşısında saxlanılmış və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinə aparılmışdır. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Orada polis əməkdaşları ona narkotik vasitəsi təqdim edərək video çəkliş zamanı özününmüş kimi təqdim etməsini tələb etmişlər, o isə bundan imtina etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış və ona təqdim olunmuş bir ədəd içərisində narkotik vasitə olan bükümü özününmüş kimi təqdim etmişdir. Dəvət edilmiş müdafiəçi ona təqdim olunduqdan sonra o, şübhəli şəxs qismində tutulmuş, daha sonra şübhəli şəxs qismində hüquq və vəzifələri ona izah edilmiş, polis əməkdaşlarının və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı ondan üzərində qanunsuz əşya olub-olmadığını soruşmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etməsini təklif etmiş, o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən qızılı kağıza bükülmüş 01 ədəd bükümü çıxarıb onlara təqdim etmiş, sorğu zamanı həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını və həmin heroini öz şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Xutor qəsəbəsində adını bilmədiyi şəxsdən 10 manata almasını bildirmiş, təqdim etdiyi içərisində narkotik maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri o, və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanaraq möhürlənmiş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Polis idarəsindən azad edilmişdir. 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində Nəsimi Rayon Məhkəmənin hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Yekun olaraq məkəmənin sualına cavab olaraq bildirmişdir ki, özü uzun müddət narkotik istifadə etsədə həmin günü üzərində heç bir narkotik vasitəsi olmamışdır. Ağır işgəncə və təzyiqə məruz qalmadığı üçün şikayət etməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərilmişdir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinin inzibati ərazisi olan ünvan 5 ünvanın qarşısında xidmətdə olarkən bir nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü təqdim etmək istəməyərək suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışmış, onun rabitəsiz danışığından narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olmasından və üzərində narktoik vasitə və ya psixotrop maddə saxlamasından şübhələnmişlər. Buna görə də həmin şəxsi saxlayaraq Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirmiş, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zərurəti yarandığından onun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmiş, dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri ona izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən qızılı rəngli kağız bükümünü çıxardaraq təhqiqatçıya təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi qızılı rəngli kağız bükümünün içərisinə təhqiqatçı tərəfindən baxış keçirilərkən həmin bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddənin olması aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olmasını, həmin maddəni 28 sentyabr 2022-ci il tarixdə “Xutor” qəsəbəsində “Ququş” kimi tanıdığı şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanaraq möhürlənmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Şahid1 daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, eləcə də Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid2 ifadəsi məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaqi zamanı veridiyi ifadəsindən görünür ki digər şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunli ifadə verərək qeyd olunan fakları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 28 sentybar 2022-ci tarixli protokoldan və DVD diskdən görünür ki, 28 sentyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 15:50 radələrində şübhəli şəxs qismində 16-cı PB-nə gətirilmişdir. Rayon Polis İdarəsinin 16-cı- Polis Bölməsində ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunduqda Ələkbərov X5 RPİ 16-cı PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, əməliyyat müvəkkili polis leytenantı Şahid2 və «Yusifbəyli və Partnyorları» vəkil bürosundan dəvət olunmuş vəkili X3 iştirakları ilə əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə qızılı rəngli siqaret kağızına bükülmüş 01 (bir) ədəd büküm könüllü olaraq təqdim etdi və üzərinə baxış keçirildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan «kakos» adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 28 sentyabr 2022-ci il tarixdə Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsi, «Xutor» adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını, həmin narkotik maddəni əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən öz istifadəsi üçün saxladığını, 28 sentyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Nərimanov rayonu, 2-ci Şimal Şitilli küçəsində narkotik vasitəni aldığı ərazidə polis əməkdaşları təfindən saxlanıldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürtə möhürləndi. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2022-ci il tarixli, 6/5576 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 6” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aşkar..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2022-ci il tarixli, 7532 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılıllıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı şəhəri narkoloji Mərkəzi” Publik hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci i tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci i tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. Məhkəmədə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ci ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkdar edilərk götürülmş, tədiqatdan sonra qalıq qalmış 0,223 qram narkotk vasitə heroin və bir ədəd DVD disk maddi sübut kimi tanınmış və Nərimanov PRİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:50 radələrimdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş 30 sentyabr 2022-ci il tarixli qərardan aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkmədə tədqiq edilən 25 oktyabr 2022-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqdan gizləndiriyindən barəsində axtarış elan olunmuşdur. Məhkmədə tədqiq edilən 07 dekabr 2022-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir və barəsində aparılan cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, əvvəllər məhkum olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 04 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2015-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 1(006)-263/2022 saylı hökmündən görünür ki, Ələkbərov X4 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qəti olaraq 01(bir) il, 10(on) ay, 24(iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-1587/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərərifdən verilmiş apellyasiya protesti təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-263/2022 saylı hökmü ilə təyin edilmiş 01 il, 10 ay, 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 05(beş) ay, 12(on iki) gün müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cəzasının əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablanmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ibtidai isintaqdan veridiyi ifadəsində fərqli olaraq məhkəmə istintaqında “narkotik istifadəçisi olsada polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitəsinin olmamasını, polis əməkdaşları tərəfindən şiddətə məruz qaldığından narkotik vasitənin özünmüş kimi təqdim etməsi” ifadəsində tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Belə ki, şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında yaranmış ziddiyyətlər araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq yenidən eyni məzmunlu cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 05(beş) ay, 12(on iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2(iki) gün (28-30 sentyabr) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 12 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,223 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 55 manat Təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 37 (otuz yeddi) iş saatına görə 222(iki yüz iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il 8(səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-1587/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05(beş) ay, 12(on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il, 10(on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2(iki) gün (28-30 sentyabr) müddət ona təyin edilmiş azadlıqdan məhrum cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il, 09(doqquz) ay, 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 noyabr 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,223 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 55 manat Təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 37(otuz yeddi) iş saatına görə 222( iki yüz iyirmi iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar