Məhkəmə qərarları › İş №1(005)-128/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-128/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-128/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq binaya daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi bina hesab edilən ünvan 3 ünvanında yerləşən “X5” mağazasının giriş qapısı üzərində olan şüşə çərçivəni yerdən götürdüyü daş parçası ilə sındıraraq qanunsuz daxil olub oradan 350 manat dəyərində 1 ədəd Çin istehsalı olan “Asus” markalı, “D540” modelli noutbuk, 200 manat dəyərində 1 ədəd Çin istehsalı olan “Asus” markalı, “K50AF” modelli noutbuk, 120 manat dəyərində 1 ədəd “Toshiba” markalı, “İntel Pentium” xüsusiyyətli noutbuk, 100 manat dəyərində 1 ədəd “Fujitsu” markalı, “A530” modelli “İntel Pentium” xüsusiyyətli noutbuk və 250 manat dəyərində 1 ədəd “HP” markalı noutbukları gizli olaraq talayıb Zərərçəkmiş şəxs manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər CM-in 181.2.5-ci maddəsi ilə məhkum olunmuşdur. Azadlığa çıxandan sonra tüfeyli həyat tərzi keçirir. Hərdən yaşlı nənəsinin yaşadığı, Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki evdə qalır. Şahid3 cəzaçəkmə müəssisəsindən tanıyır. Həbsdən çıxandan sonra bir-iki dəfə onunla görüşmüşdür. xx.xx.2020-ci il tarixdə təxminən saat 05 radələrində Nərimanov rayonu, A.M.Cümə küçəsində “Jasmin” marketin qarşısından keçən zaman gözü yaxınlıqdakı kompyuter mağazasına sataşmış və pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə ətrafa baxıb kiminsə olmadığını görüb oğurluq etmək məqsədi ilə yerdən götürdüyü daşla həmin mağazanın qapısının şüşədən olan çərçivəsini sındırıb içəri daxil olmuşdur. Mağazanın içərisində vitrinə qoyulmuş 2 ədəd “Asus” markalı, 1 ədəd “Fujitsu” markalı, 1 ədəd “HP” markalı və 1 ədəd “Toshiba” markalı noutbukları oğurlayaraq həmin mağazadan çıxıb yolun kənarı ilə getməyə başlamışdır. Nərimanov metro stansiyasının yanında yerləşən “Mc.Donalds” restoranının yanında yerdən sellofan torba tapmış və oğurladığı beş ədəd noutbuku sellofan torbaya bükərək evə getmişdir. Həmin gecəni evdə yatmış və səhəri gün oğurladığı kompyuterlərdən iki ədədini götürüb evdən çıxmışdır. Həmin kompyuterləri satıb pul əldə etmək istəmişdir. Daha sonra əvvəllər bir yerdə cəza çəkdiyi Rəşadın yaşadığı məhəlləyə getmişdir. Rəşada onda noutbuk olduğunu və həmin noutbukları satmaq istədiyini və bunun üçün ona şəxsiyyət vəsiqəsi lazım olduğunu demişdir. Rəşad ondan həmin noutbukları kimdən və haradan aldığını soruşanda o, Rəşada həmin noutbukları bir nəfər şəxsdən satıb borcunu ödəmək üçün götürdüyünü demişdir. Onlar birlikdə hazırda xatırlamadığı avtobusla Neftçilər metrostansiyasının yanına getmişlər. Orada telefon və kompyuter satılan mağazaya yaxınlaşmışlar. Rəşad kənarda dayanmış, o, isə satıcı ilə danışmışdır. Noutbuklardan birini 50, digərini isə 30 manata satmaq barədə razılaşmışlar. Satıcı Rəşadın şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və həmin kompyuterləri onlardan almışdır. Mağazadan çıxandan sonra Rəşadla sağollaşmışlar. Rəşad öz evlərinə, o isə öz yaşadığı evə gəlmişdir. Bundan sonra həmin gün əldə etdiyi 80 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir neçə saatdan sonra yenidən evdən bir ədəd də noutbuk götürüb səhər saatlarında Rəşadla getdiyi Neftçilər metrostansiyasının yanındakı mağazaya qayıtmışdır. Bu dəfə Rəşadın iştirakı olmadan həmin satıcıya bir ədəd noutbuku 70 manata satmışdır. Beləliklə, o, həmin günü oğurladığı beş ədəd noutbukdan üçünü satmışdır. xx xxxxxx 2020-ci il tarixdə evdə qalan iki ədəd noutbukdan birini də götürüb Neftçilər metrostansiyasının yanına getmişdir. Həmin ərazidə yolda rastlaşdığı bir nəfərlə söhbət etmişdir. Söhbət zamanı həmin şəxsin lombardda işlədiyini bilmişdir. Həmin kompyuteri də 80 manata satmış, satarkən özünə məxsus olduğunu demişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə o, yenə də Rəşadla görüşüb onda qalan axırıncı bir ədəd boz rəngli “Asus” markalı noutbuku aparıb satmaq qərarına gəlmişdir. Onlar birlikdə Neftçilər metrostansiyasının yanındakı mağazaya getmişlər. O, satıcıya bir ədəd də noutbuk olmasını demiş, həmin satıcı noutbuku ondan götürərək yoxlamaq lazım olduğunu demişdir. Satıcı onlara bir qədər gözləməyi bildirmişdir. Təxminən 20 dəqiqə gözlədikdən sonra polis əməkdaşları gəlib Rəşadla onu Nərimanov RPİ-yə gətirmişlər. Polis şöbəsində olarkən oğurluq etdiyi mağazanın Zərərçəkmiş şəxs icarə əsasında işlətməsini və oğurladığı beş ədəd noutbukun da ona məxsus olmasını bilmişdir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Satdığı kompyuterlərin pulundan Şahid3 verməmişdir. Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən “X5” mərkəzini icarə əsasında işlədir. Həmin mağazada kompyuterlərin təmiri və işlənmiş kompyuterlərin satışını həyata keçirir. xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində mağazanı bağlayıb evə getmiş və xx.xx.2020-ci il tarixdə saat 08:10 radələrində mağazaya yaxınlaşanda görmüşdür ki, mağazanın qapısının şüşədən olan çərçivəsi naməlum şəxs tərəfindən sındırılmışdır. O, mağazaya daxil olub vitrinə göz gəzdirdikdə əvvəlcə 1 ədəd “Asus” markalı noutbukun oğurlandığını görüb bu barədə polisə məlumat vermişdir. Lakin sonradan mağazada hesabat apararaq bilmişdir ki, naməlum şəxs mağazadan 2 ədəd “Asus” markalı, 1 ədəd “Fujitsu” markalı, 1 ədəd “Toshiba” markalı və 1 ədəd “HP” markalı noutbukları oğurlamışdır. O, bu barədə mobil telefon və noutbuk satışı ilə məşğul olan və onun da daxil oduğu şəxslərin “Whatsapp” qrupuna yazıb məlumat vermişdir ki, onun mağazasından oğurlanan noutbuklar harasa satılmağa gətirilərsə, ona məlumat versinlər. Oğurluqdan bir-iki gün sonra ona bir nəfər əvvəllər tanımadığı, “Whatsapp” qrupunda olan Şahid1 zəng edərək Nizami rayonu ərazisində Neftçilər metrostansiyasının yanında “Azercell Trio” mağazasında satıcı işlədiyini və ona məxsus oğurlanmış noutbukların iki nəfər şəxs tərəfindən həmin mağazaya gətirilib satıldığını demişdir. Kamran ona noutbukların şəklini telefon vasitəsilə göndərən kimi həmin əşyaların ona aid olmasını demişdir. Bu barədə onun işlədiyi mağazanın ərazisində xidmət aparan mühafizə polisinin əməkdaşı Şahid2 demişdir. Vüqar da sahə inspektoru Şahid4la gedib həmin iki nəfər şəxsi Neftçilər metrostansiyasının yanında “Azercell Trio” mağazasında saxlayıb 18-ci PŞ-yə gətirmişlər. Polis şöbəsində onun dükanından oğurlanan beş ədəd noutbukdan üç ədədi mağazanın satıcısı Şahid1, bir ədəd boz rəngli “Asus” markalı noutbuk isə sonradan polis bölməsində adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsdən götürülmüşdür. İlkin ifadəsində cəmi dəymiş maddi ziyanı 1600 manat göstərsə də, ona məxsus kompyuterlərin qiymətinin məhkəmə-əmtəəşünaslıq ekspertizasında fərqli göstərilməsi ilə bağlı hər hansı bir narazılığı yoxdur. İstintaq zamanı aşkar edilməyən ona məxsus “HP” markalı noutbukun qiymətinin 250 manat olmasını və ekspertiza tərəfindən 770 manat qiymətləndirilən 4 (dörd) ədəd noutbukun qiymətlərini nəzərə aldıqda ona cəmi 1020 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə rəisi Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Nərimanov rayon mühafizə şöbəsinin serjantı Şahid2 ona zəng edərək Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən “X5” mağazasından oğurlanan noutbukların Bakı şəhəri, Neftçilər metrostansiyasının yanında yerləşən “Azercell Trio” mağazasına satılması barədə məlumat vermişdir. O, Şahid2la həmin ünvana yollanmış, mağazanın içərisində iki nəfər şəxsin olmasını görmüşlər. Mağazada işləyən satıcı Şahid1 bir gün əvvəl də həmin şəxslərin onun işlədiyi mağazaya gəlib noutbuk satdığını demişdir. Onlarla şifahi sorğu-sual edərkən məlum olmuşdur ki, onlardan biri Təqsirləndirilən şəxs, digəri isə Şahid3dur. Hər iki şəxs tərəflərindən 18-ci polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “X6” mağazasının giriş qapısı üzərində olan şüşə çərçivəni yerdən götürdüyü daş parçası ilə sındıraraq oradan beş ədəd noutbuk oğurladığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 və Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum oldu ki, o, Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsindən tanıyır. 2018-ci ildə həbsdən azad edilmişdir. Zaur sonradan 15 saylı CÇM-ə göndərildiyindən ondan xəbəri olmamışdır. Həbsxanadan sonra Təqsirləndirilən şəxslə bir-iki dəfə görüşmüşdür. xx xxxxxx 2020-ci il tarixdə Zaur onun yaşadığı Bülbülə qəsəbəsinə gəlib söhbət zamanı bildirmişdir ki, əlində iki ədəd kompyuter var, həmin əşyaları satmaq lazımdır. O, həmin kompyuterləri haradan əldə etməsini soruşanda Zaur onları bir nəfər tanışından götürdüyünü və satıb borclarını ödəyəcəyini bildirmişdir. O da Zaura inanmışdır. Onunla birlikdə avtobusa minib Neftçilər metrostansiyasının yanına getmişlər. Onun anlayışı olmadığı üçün həmin kompyuterlərin hansı markaya aid olmasından xəbəri olmamışdır. Onlar Neftçilər metrostansiyasının yanında mobil telefon və kompyuter satılan mağazaya yaxınlaşmışlar. Orada Zaur satıcı ilə danışaraq kompyuter satdığını demişdir. Bundan sonra Zaurun sənədi olmadığı üçün ondan şəxsiyyət vəsiqəsini almış və onun sənədi ilə həmin iki ədəd noutbuku mağazada satmışdır. Bundan sonra onlar oradan çıxıb hərəsi öz evlərinə getmişlər. Bundan iki gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə Zaur onun yaşadığı ünvana gəlmişdir. Yenə də bir ədəd kompyuter olduğunu və satmaq üçün onun şəxsiyyət vəsiqəsinin lazım olmasını deyərək onunla birgə Neftçilər metrostansiyasının yanına getməyini xahiş etmişdir. O da etiraz etmədən Zaurla birlikdə Neftçilər metrostansiyasının yanına, iki gün əvvəl iki ədəd kompyuter satdıqları yerə getmişlər. Mağazaya daxil olduqdan sonra Zaur adını bilmədiyi satıcıya yaxınlaşıb bir ədəd noutbuk satmaq istədiyini demişdir. O, kənarda dayanıb gözləmişdir. Satıcı kompyuteri yoxlamaq lazım olmasını demiş, buna görə də onlar bir qədər gözləmişlər. Təxminən 15-20 dəqiqədən sonra polis əməkdaşları gəlib Zauru və onu Nərimanov RPİnin 18-ci PŞ-nə gətirmişlıər. O, polis şöbəsində tanışı Təqsirləndirilən şəxs satdığı kompyuterlərin oğurluq olmasını bilmişdir. Orada ona məlum olmuşdur ki, Zaur xx xxxxxx 2020-ci il tarixdə Nərimanov rayonu, A.M.Cümə küçəsində, “X8” mağazasından bir neçə ədəd noutbuk oğurlamışdır. Zaur onunla əvvəlcə iki ədəd kompyuter satmış, ikinci dəfə isə xx xxxxxx 2020-ci il tarixdə əlavə olaraq bir ədəd kompyuteri satmağa gedəndə polis əməkdaşları onları saxlamışlar. Zaurun həmin noutbukları oğurlamasından xəbəri olmamışdır. Zaurun şəxsiyyət vəsiqəsi olmadığı üçün onunla birgə mağazaya getmişdir. Ona həmin noutbukların satılmasından əldə edilən puldan heç nə verilməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum oldu ki, Nizami rayonu Neftçilər metrostansiyasının yanında “Azercell Trio” mağazasında satıcı işləyir. Həmin mağazada noutbuklar və digər kompyuter avadanlıqları da satılır. xx xxxxxx 2020-ci il tarixdə mağazada olduğu zaman əvvəllər tanımadığı iki nəfər şəxs mağazaya gəlmişdir. Həmin şəxslərdən birinin adının sonradan Zaur olmasını bilmişdir. Zaur ona noutbuk satdığını demişdir. O, həmin noutbuklara baxanda birinin “Fujitsu”, digərinin isə “Asus” markalı noutbuk olmasını görmüşdür. Noutbuklar işlənmiş vəziyyətdə olduğuna görə qiymətindən aşağı alacağını demişdir. Həmin noutbuklardan birini 30 manata, digərini isə 80 manata almışdır. Noutbukları almağı ilə bağlı mağazaya gələn iki nəfərdən birinin şəxsiyyət vəsiqəsinin surətini çıxartmışdır. Həmin şəxs Şahid3 olmuşdur. Bir gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə günün ikinci yarısı həmin şəxslər yenə də onun işlədiyi mağazaya gəlmişlər. Yenə də əvvəllər gələn Şahid3 şəxsiyyət vəsiqəsi ilə bir ədəd də kompyuter satmaq istədiklərini demişlər. Bu dəfə gətirdikləri noutbuk “Toshiba” markalı olmuşdur. O, həmin noutbukun da işlənmiş halda olduğunu görüb 70 manata alacağını demişdir. Onlar razılaşmışlar və o, 70 manatı noutbuku ona satan Təqsirləndirilən şəxs ödəmişdir. Həmin şəxslər gedəndən sonra o, mobil telefonunda olan telefon və kompyuter satanların “Whatsapp” qrupunda Nərimanov rayonu ərazisində kompyuter dükanından noutbukların oğurlanması və həmin noutbukların markası, xüsusiyyətləri qeyd olunmuşdur. O da görmüşdür ki “Whatsapp” qrupunda oğurlanmış kimi yazılan noutbukların modeli onun Zaur və Rəşad adlı şəxslərdən aldığı noutbuklarla eynidir. Buna görə də qrupa yazıb oğurlanan noutbukların onun işlədiyi dükana satılmasını demişdir. xx xxxxxx 2020-ci il tarixdə əvvəl üç ədəd noutbuk aldığı Zaur və Şahid3 onun işlədiyi dükana gəlib bir ədəd də “Asus” markalı noutbuk olduğunu və satmaq istədiklərini bildirmişlər. Noutbuklar Şahid3 şəxsiyyət vəsiqəsi ilə satılsa da, həmin əşyaların qiymətini onunla Zaur danışmışdır. Zaur noutbukların ona məxsus olmasını demişdir. O, Zaur və Rəşad üçünçü dəfə dükana gəldikdə əmin olmuşdur ki, bu noutbuklar oğurlanmışdır. Bu barədə “Whatsapp” qrupunda noutbukları oğurlanan Zərərçəkmiş şəxs məlumat vermişdir. Zabil ona aidiyyəti üzrə polisə məlumat verdiyini, bir neçə dəqiqədən sonra polis əməkdaşlarının onun dükanına gələcəklərini demişdir. O, Zabillə telefonla danışandan bir qədər sonra polis əməkdaşları gəlmişlər. Onlar Zauru və Rəşadı onun dükanında saxlayıb Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmışlar. O da əvvəl aldığı bir ədəd “Asus”, bir ədəd “Fujitsu” və bir ədəd “Toshiba” markalı noutbukları polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Üzeyirbəy Quliyev hal şahidlərinin, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus kompyuter mağazasından baş vermiş oğurluq faktı əsasında hadisə yerinə gəlmişlər. Hadisə yeri ünvan 4 ünvanında fəaliyyət göstərən “X5” mağazasıdır. Baxışda məlum oldu ki, mağazanın giriş qapısı şüşədəndir və qapının şüşəsinin sındırıldığı məlum oldu. Zərərçəkmiş şəxs mağazadan 01 ədəd yararsız vəziyyətdə olan “Asus” markalı kompyuterin oğurlandığını bildirdi. Həmin mağaza hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşir, sağ tərəfdə “Jasmin” ərzaq mağazası, solunda isə xırda dükanlar fəaliyyət göstərir. Mağazada müşahidə kamerası vardır. Baxış zamanı iş üzrə maddi maraq əhəmiyyətli əşya və predmet aşkar edilmədi; “Könüllü təqdim etmə haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X2, həmin şöbənin sahə rəisi, polis mayoru Şahid4, Nərimanov MP-nin manqa komandiri, polis serjantı Şahid2 və hal şahidlərinin iştirakı ilə protokol tərtib etmişdir. ünvan 5 ünvanında qeydiyyatda olan və Əliyar Əliyev küçəsi 53, mənzil 36 ünvanında yaşayan Musayev X9 rayonu, A.M.Cümə küçəsi 19B ünvanında yerləşən “X5” mağazasından oğurladığı, özündə olan 1 ədəd boz rəngdə “Asus” markalı kompyuteri könüllü olaraq təhvil verdi; “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1248/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ifadənin yerində yoxlanması istintaq hərəkətini keçirmişdir. Təqsirləndirilən şəxs istintaq hərəkətinin həyata keçirilməsində fotoşəkillərin çəkilməsinə etiraz etmədiyini bildirdi. Bundan sonra müstəntiq tərəfindən “Təqsirləndirilən şəxs! Siz istintaq zamanı verdiyiniz ifadənizdə xx xxxxxx 2020ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində “X8” mağazasına daxil olaraq oradan noutbuk oğurladığınızı göstərmisiniz. Bu barədə nə göstərə bilərsiniz? ” sualına təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs göstərdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 05 radələrində Nərimanov rayonu, A.M.Cümə küçəsində “Jasmin” marketin qarşısından keçən zaman gözü yaxınlıqdakı “X8” mağazasına sataşmış və pula ehtiyacı olduğundan oğurluq etmək etmək qərarına gəlmişdir. Əvvəlcə ətrafa baxmış və kiminsə olmadığını görüb oğurluq etmək məqsədi ilə yerdən götürdüyü daşla həmin mağazanın qapısının şüşədən olan çərçivəsini sındırıb içəri daxil olmuşdur. Mağazanın içərisində vitrinə qoyulmuş 2 ədəd “Asus” markalı, 1 ədəd “Fujitsu” markalı, 1 ədəd “HP” markalı və 1 ədəd “Toshiba” markalı kompyuter noutbukları oğurlayaraq həmin mağazadan çıxıb yolun kənarı ilə getməyə başlamışdır. Nərimanov metrostansiyasının yanında yerləşən “Mc-Donalds” restoranının yanında yerdən sellofan torba tapmış və oğurladığı beş ədəd noutbuku selofan torbaya bükərək evə getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs söylədiklərini əyani şəkildə göstərə biləcəyini soruşduqda sonuncu bildirdi ki, hadisənin baş verdiyi yeri əyani səkildə göstərə bilər. Bundan sonra Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri, yəni Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən “X8” mağazasını, həmin mağazanın şüşə çərçivəsini yerdən götürdüyü daşla sındırıb içəriyə daxil olmasını və vitrindən beş ədəd noutbuk oğurlamasını göstərdi; “Əşyanın tanınmaya təqdim edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 icraatında olan ********* nömrəli cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Kompyuter Evalution Service” mağazasından beş ədəd noutbukun oğurlanması ilə bağlı iş üzrə götürülmüş dörd ədəd noutbuku zərərçəkmiş Zərərçəkmiş şəxs Nərimanov RPİ-nin İŞ-də, xidməti otağında tanınmaya təqdim etmişdir. Tanınmalı olan dörd ədəd noutbuk tanınmada istifadə edilən masa üzərinə düzülmüş oxşar digər noutbuklar arasında qoyuldu. Daha sonra tanıyan Zərərçəkmiş şəxs otağa dəvət olundu. Daha sonra tanıyan şəxs Zərərçəkmiş şəxs əvvəlcədən ifadəsində göstərdiyi noutbukları təqdim olunan cihazların arasından tanıması təklif olundu. Tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim olunan noutbukları nəzərdən keçirib, masa üzərində qoyulmuş kompyuterlər arasından 2 ədəd “Asus” markalı, 1 ədəd “Toshiba” markalı, 1 ədəd “Fujitsu” markalı noutbukları tanıyaraq göstərib bildirdi ki, həmin noutbuklar ona məxsusdur, xx xxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “X5” mağazasından oğurlanmışdır. Həmin noutbukları rənglərinə, markalarına və işlənmiş vəziyyətdə olduqları üçün ümumi görünüşünə görə tanıdığını bildirdi; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə CM-in 181.2.5-ci maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə CM-in 67.1, 317- 2.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək əmlakı müsadirə edilməməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilimişdir; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-237/2017 nömrəli, xx xxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 09 (doqquz) il azalıqdan məhrumetmə cəzasının xx xxxxx 2017-ci il tarixədək çəkilməmiş qalan 2 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün hissəsi ona təyin edilmiş hazırki cəza ilə CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5348 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 ədəd noutbukların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 770 manat müəyyən olunur. O cümlədən 1 ədəd Çin istehsalı olan “Asus” markalı, “D540” modelli noutbuk 350 manat, 1 ədəd Çin istehsalı olan “Asus” markalı, “K50AF” modelli noutbuk 200 manat, 1 ədəd Çin istehsalı olan “Toshiba” markalı, “İntel Pentium” xüsusiyyətli noutbuk 120 manat, 1 ədəd “Fujitsu” markalı “A530” modelli “İntel Pentium” xüsusiyyətli noutbuk 100 manat. Digər bir ədəd ekspertiza tədqiqatına təqdim edilməyən istifadədə olmuş “HP” markalı noutbuk haqqında kifayət qədər məlumat (istehsal yeri, modeli və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır; “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə götürülmüş 1 ədəd Çin istehsalı olan “Asus” markalı, “D540” modelli noutbuk, 1 ədəd Çin istehsalı olan “Asus” markalı, “K50AF” modelli noutbuk, 1 ədəd Çin istehsalı olan “Toshiba” markalı, “İntel Pentium” xüsusiyyətli noutbuk, 1 ədəd “Fujitsu” markalı “A530” modelli “İntel Pentium” xüsusiyyətli noutbuk maddi sübut kimi tanınmışdır. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmaqla bağlamada qablaşdırılmış 1 ədəd Çin istehsalı olan “Asus” markalı, “D540” modelli noutbuk, 1 ədəd Çin istehsalı olan “Asus” markalı, “K50AF” modelli noutbuk, 1 ədəd Çin istehsalı olan “Toshiba” markalı, “İntel Pentium” xüsusiyyətli noutbuk, 1 ədəd “Fujitsu” markalı “A530” modelli “İntel Pentium” xüsusiyyətli noutbuk məhkəmənin yekun qərarınadək Zərərçəkmiş şəxs saxlanışa verilmişdir; Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Hüseynovun tərtib etdiyi və Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, Paşayev X4 RPİ-nin İŞ-nin icraatında olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi 1 ədəd “Asus” markalı “D540” modelli, 1 ədəd “Asus” markalı “K50AF” modelli, 1 ədəd Toshiba markalı “İntel Pentium” xüsusiyyətli, 1 ədəd “Fijitsu” markalı, “A530” modelli “İntel Pentium” xüsusiyyətli noutbukları təhvil almışdır; “Sənədin baxışının aparılması və götürülməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3, istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə Şahid1 könüllü təqdim etdiyi 1 ədəd şəxsiyyət vəsiqəsinin surətinin baxışını və götürülməsini aparmışdır. CM-in 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 bir ədəd şəxsiyyət vəsiqəsinin iki nüsxədə çıxarılmış surətini könüllü təqdim etmək arzusunda olduğunu bildirmiş, həmin sənədin ondan götürülməsini xahiş etmişdir. Şahid1 təqdim etdiyi şəxsiyyət vəsiqəsinin iki nüsxəsinin baxışı aparılmışdır. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin surəti iki nüsxədə olmaqla xx.xx.1981-ci il təvəllüdlü Şahid3 məxsusdur. Nömrəsi: AA*******, xx.xx.2028-ci ilədək etibarlı olması göstərilir. Şəxsiyyət vəsiqəsinin bir nüsxəsinin üzərində tarix kimi xx.xx.2020-ci il “ASUS”, ikinci nüsxəsinin üzərində isə xx.xx.2020-ci il qeyd olunaraq “Toshiba” və “Fujitsu” markalarının adı yazılmışdır. Şəxsiyyət vəsiqəsinin hər iki nüsxəsində mobil telefon nömrələri qeyd edilmişdir. Şahid1 bildirdi ki, şəxsiyyət vəsiqəsi Şahid3 məxsus olsa da, noutbukları ona Təqsirləndirilən şəxs satmışdır. Sənədin surətinin üzərindəki əlyazısı da ona məxsusdur. Həmin şəxsiyyət vəsiqəsi maddi sübut kimi tanıma, digər istintaq və ya prosessual hərəkətlərin icra edilməsi məqsədi ilə götürüldü, hal şahidlərinin və digər iştirakçının iştirakları ilə cinayət işinə əlavə edildi; “Foto şəklin tanınmaya təqdim edilməsi barədə” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 iştirakı ilə Nərimanov RPİ-nin İŞ-də, xidməti otağında iş üzrə Təqsirləndirilən şəxs fotoşəkillər üzrə tanınmaya təqdim etmişdir. Tanınmalı olan Təqsirləndirilən şəxs fotoşəkli tanınmada istifadə edilən masa üzərinə düzülmüş oxşar digər üç nəfər şəxsin fotoşəkilləri arasında 1ci yerə qoyuldu. Daha sonra tanıyan şəxs Şahid1 otağa dəvət olundu. Daha sonra tanıyan şəxs Şahid1 əvvəlcədən ifadəsində göstərdiyi şəxsin fotoşəklini təqdim olunan şəkillərin arasından tanıması təklif olundu. Tanıyan şəxs Şahid1 təqdim olunan şəxslərin fotoşəkillərini nəzərdən keçirib, masa üzərində qoyulmuş şəkillər arasından Təqsirləndirilən şəxs tanıyaraq “1” nömrəli fotoşəkili göstərib bildirdi ki, 2020-ci ilin noyabr ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində, Neftçilər metrostansiyasının yanında onun işlədiyi “Azercell Trio” mağazasına gəlib üç ədəd noutbuk satan şəxsdir. Qasımov X7 Zaur Vaqif oğlunu sifət quruluşuna, üzünün tüklü olmasına, saç düzümünə və ümumi görünüşünə görə tanıdığını bildirdi. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; Zərərçəkmiş şəxs oğurlamış 5 noutbukdan 4-nün ona qaytarılmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, həmçinin şikayət və tələbinin olmamasını. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-237/2017 nömrəli, xx xxx 2017-ci il tarixli hökmü ilə həmin cəzanın çəkilməmiş hissəsi CM-in 67.1-ci maddəsinə əsasən birləşdirilərək ona qəti cəza təyin edilmiş və o, həmin cəzadan xx.xx.2020-ci il tarixdə azad olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, CM-in 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə ona təyin olunmuş qəti cəzanı xx xxxxx 2020-ci il tarixdə çəkib qurtarmışdır. Ağır cinayət törətdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 1 ədəd Çin istehsalı olan “Asus” markalı, “D540” modelli noutbukun, 1 ədəd Çin istehsalı olan “Asus” markalı, “K50AF” modelli noutbukun, 1 ədəd Çin istehsalı olan “Toshiba” markalı, “İntel Pentium” xüsusiyyətli noutbukun, 1 ədəd “Fujitsu” markalı “A530” modelli “İntel Pentium” xüsusiyyətli noutbukun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə edən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 1 ədəd Çin istehsalı olan “Asus” markalı, “D540” modelli noutbukun, 1 ədəd Çin istehsalı olan “Asus” markalı, “K50AF” modelli noutbukun, 1 ədəd Çin istehsalı olan “Toshiba” markalı, “İntel Pentium” xüsusiyyətli noutbukun, 1 ədəd “Fujitsu” markalı “A530” modelli “İntel Pentium” xüsusiyyətli noutbukun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, X1, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar