Məhkəmə qərarları › İş №1(005)-129/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-129/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-129/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1 və 243.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmiş, həmçinin tamah niyyəti və gəlir əldə etmək məqsədi ilə qadını fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının əvvəllərində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 100 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 300 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2023-cü ilin yanvar ayının əvvəllərindən 2023-cü ilin fevral ayının sonlarınadək olan müddət ərzində Zərərçəkmiş şəxs2 təxminən 4-5 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin yanvar ayının ortalarında ünvan 3 ünvanında yaşayan xx.xx.2006-cı il təvəllüdlü, həmin vaxt yetkinlik yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs1 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 100 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 300 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2023-cü ilin yanvar ayının ortalarından 2023-cü ilin fevral ayının sonlarınadək olan müddət ərzində yetkinlik yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs1 təxminən 5-6 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1 və 243.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşadığı müddət ərzində hazırda adlarını xatırlamadığı müxtəlif rəfiqələri olmuşdur. Həmin qadınlarla Bakı şəhəri ərazisində müxtəlif restoranlarda kişi dostları ilə oturmuşlar. Restoranlarda olan zaman onun rəfiqələri müxtəlif kişilərlə tanış olmuşdular. Daha sonra isə həmin şəxslər bir-biriləri ilə əlaqə saxlayıblar. 2022-ci ilin sonlarından etibarən onun maddi cəhətdən sıxıntıları yaranmağa başlamış, məhz buna görə tanışı olan bəzi qadınları tanıdığı kişilərlə pul müqabilində cinsi əlaqədə olması üçün fahişəliyə cəlb etməyə qərar vermiş, bu məqsədlə Emilya, Səadət və adlarını xatırlamadığı müxtəlif qadınları pul müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərə təqdim etmişdir. Belə ki, əvvəldən tanıdığı müxtəlif kişi müştərilər ona məxsus mobil nömrəyə zəng vurub cinsi əlaqədə olmaqları üçün qız təşkil etməyini ona bildirdikdə o mobil telefonunda olan qadınların şəkillərini “Whatsapp" vasitəsilə həmin şəxslərə göndərmişdir. Müştəri bəyəndiyi qadının şəklini ona atdıqdan sonra o həmin qadınla əlaqə saxlayıb uyğun olduğu təqdirdə həmin qadını müştərinin olduğu ünvana göndərmişdir. Emilyanı və Səadəti, həmçinin hazırda adlarını xatırlamadığı tanışı olan qadınları 300 manat pul müqabilində kişi müştərilərə cinsi əlaqədə olması üçün təqdim etmişdir. Qadın müştəridən pulu aldıqdan sonra hər dəfə ona 100 manat pul vermiş, 02 mart 2023-cü il tarixdə o sevgilisi Ariflə birlikdə İstanbul şəhərinə getmiş, həmin vaxtdan etibarən o hər hansı bir şəxsi fahişəliyə cəlb etməmişdir. 2023-cü ilin mart ayında İstanbul şəhərinə getdikdən sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən ona zəng edilmiş, zəng edən şəxs özünü həmin İdarənin əməkdaşı kimi təqdim edərək onu oraya dəvət etmiş, lakin o qorxduğundan geri qayıtmamış, bundan sonra müxtəlif vaxtlarda polis əməkdaşları ona zəng vuraraq barəsində qadınları fahişəliyə cəlb etmə ilə bağlı cinayət işi olması və axtarışa elan olunmağı barədə məlumat vermişlər. Daha sonra o mobil nömrəsini dəyişmiş və hər hansı bir şəxslə əlaqə saxlamamışdır. Emilyanın neçə yaşının olması barədə hər hansı məlumatı olmamışdır. Belə ki, o Emilyaya bu barədə sual verdiyini xatırlamır. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Səkinə ilə 2023-cü ilin yanvar ayının əvvəllərində restoranların birində tanış olmuşdur, Səkinə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Səkinə ona pul qazanacağı iş tapa biləcəyini demiş, o Səkinədən həmin işin nə olduğunu soruşduqda Səkinə, müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini demişdir. 2023-cü ilin yanvar ayının əvvələrində Səkinə “Whatsapp" vasitəsilə onunla əlaqə saxlamış, Səkinə yenidən ona müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini dedikdə o məcburiyyət qarşısında qalıb maddi vəziyyətinin düzəlməsi üçün Səkinə ilə razılaşmış, 2023-cü ilin təxminən yanvar ayının əvvələrindən başlayaraq Səkinə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, Səkinə ilə aralarında olan razılaşmaya əsasən Səkinə onu 300 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, o isə pulu müştəridən aldıqdan sonra hər dəfə Səkinəyə 100 manat pul verməli olmuşdur. Bundan sonra bir neçə dəfə Səkinə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamış, o Səkinə ilə danışdıqdan sonra Səkinə onu müştərilərin olduğu məkana göndərmişdir. Hər dəfə müştərilərlə görüşdükdən sonra Səkinəyə 100 manat pul göndərmiş, bəzi vaxtlarda isə Səkinəyə çatmalı olan pulu müştəridən Səkinənin özü almışdır. Getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamır. Sonuncu dəfə isə Səkinə onu 2023-ci ilin fevral ayının sonlarında fahişəliyə cəlb edib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin yanvar ayının əvvəllərindən tanıyır. Səkinəni 2023-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri ərazisində hazırda adını xatırlamadığı restoranların birində tanımış, vaxt keçdikcə onların arasında yaxın münasibət yaranmış, onlar bir-birilərindən mobil telefon nömrələrini götürmüş, Səkinə ona istifadəsində olan mobil telefon nömrəsini vermişdir. O da öz növbəsində hazırda istifadəsində olan mobil telefon nömrəsini Səkinəyə vermişdir. Səkinə ilə ancaq “Whatsapp" vasitəsilə əlaqə saxlamışdır. Səkinə ilə söhbət əsnasında Səkinə onun pul qarşılığında müştərilərlə görüşüb cinsi əlaqədə olduğunu bilmiş, belə olan halda Səkinə, ona yaxşı, imkanlı müştərilərinin olduğunu, onu həmin şəxslərlə pul qarşılığında görüşdürə biləcəyini bildirmişdir. Həmçinin Səkinə müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini qeyd etmişdir. Həmin vaxt o Səkinəyə 18 yaşının tamam olmadığını dedikdə Səkinə, problem olmadığını bildirmiş, 2023-cü ilin yanvar ayının ortalarında Səkinə “Whatsapp” vasitəsilə onunla əlaqə saxlamış, Səkinə yenidən ona müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təklif etdikdə o maddi vəziyyətinin düzəlməsi üçün Səkinə ilə razılaşmış, 2023-cü ilin təxminən yanvar ayının ortalarından başlayaraq Səkinə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, Səkinə ilə aralarında olan razılaşmaya əsasən Səkinə onu 300 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, o isə pulu müştəridən aldıqdan sonra hər dəfə Səkinəyə 100 manat pul verməli olmuşdur. Bundan sonra bir neçə dəfə Səkinə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamış, o Səkinə ilə danışdıqdan sonra Səkinə, onu müştərilərin olduğu məkana göndərir, o da hər dəfə müştərilərlə görüşdükdən sonra Səkinəyə 100 manat pul vermişdir. Getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamır. Sonuncu dəfə isə Səkinə onu 2023-cü ilin fevral ayının sonlarında fahişəliyə cəlb edib. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhərində yaşamaqla yol tikintisində işləyir. Təqsirləndirilən şəxs təxminən 5-6 aydır ki, tanıyır. Səkinə ilə hazırda adını xatırlamadığı tanışı vasitəsilə tanış olmuş, belə ki, həmin şəxs Səkinənin mobil nömrəsini ona verərək Səkinənin fahişəliklə məşğul olduğunu demiş, bundan sonra o Səkinənin istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng vuraraq Səkinə ilə Bakı şəhərində yerləşən hotellərin birində görüşmüş və Səkinə ilə 150 manat pul müqabilində cinsi əlaqədə olmuşdur. Həmin vaxtdan etibarən Səkinə ilə münasibəti yaranmış, belə ki, Səkinə istədiyi təqdirdə ona pul müqabilində cinsi əlaqədə olmaq üçün qadın təşkil edə biləcəyini demiş, təxminən 2023-ci ilin yanvar ayının əvvəllərində Səkinə ilə anket məlumatlarında qeyd edilən +**********67 mobil telefon nömrəsi ilə danışmış və Səkinəyə bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. Səkinə qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 220 manat olduğunu bildirmiş, o da razılıq vermiş və Səkinə ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qız şəkilləri göndərmiş, daha sonra isə Bakı şəhərində yerləşən adını hazırda xatırlamadığı hotellərin birinə göndərməsini bildirmişdir. Bundan sonra bir nəfər adını xatırlamadığı qadın onun olduğu yerə gələrək onunla cinsi əlaqədə olmuş, sonradan eyni qaydada Səkmədən ona qadın şəkilləri göndəməsini xahiş etmiş, Səkinə də, həmin qaydada ona qadın şəkilləri göndərmişdir. Sonradan bir dəfə o Səkinənin göndərdiyi adını xatırlamadığı qadınla 220 manat pul müqabilində cinsi əlaqədə olmuşdur. Səkinə onunla cinsi əlaqədə olmağı üçün ona qadın təşkil etmişdir. Təqsirləndirilən şəxs ona cinsi əlaqədə olmaq üçün təşkil etdiyi qadınları o tanımamış, həmin qadınların kim olduğunu xatırlamır. O, qeyd etdiyi qadınları bir dəfə görmüşdür. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ***-***-**-** rəqəmli mobil nömrə onun adına qeydiyyatdadır və uzun müddətdir ki, həmin mobil nömrədən istifadə edir. Təxminən Səkinə adlı qadını təxminən 3-4 ildir ki, tanıyır. Səkinə ilə Facebook sosial şəbəkəsində tanış olmuş, daha sonra mobil nömrələrini bir-birilərinə verib əlaqə saxlamışlar. Səkinənin əvvəllər yalnız fahişəliklə məşğul olmasını bildirmişdir. Səkinə ilə təxminən 3 dəfə görüşüb cinsi əlaqədə olmuş, daha sonra Səkinə ilə görüşmək istədikdə rəfiqəsi olduğunu və rəfiqəsini də yanında gətirə biləcəyini bildirmişdir. O da Səkinə ilə razılaşmış, bundan sonra Səkinə rəfiqəsini özü ilə birlikdə hazırda xatırlamadığı ünvana gətirmişdir. O, qadınlarla cinsi əlaqədə olduqdan sonra Səkinəyə ümumilikdə 400 manat pul vermiş, daha sonra Səkinə ona bildirmişdir ki, rəfiqələrinə pul lazımdır, əgər istəsə həmin qadınlarla görüşüb cinsi əlaqədə ola bilər. O da həmin zaman dostu ilə birlikdə olmuş, Səkinə ilə razılaşmış və Səkinə ona rəfiqələrinin fotoşəkillərini göndərmiş, onlar həmin qadınları onlar bəyənmiş, o hazırda xatırlamadığı hotellərin birinə yer danışmış və həmin qadınların oraya getməsini Səkinəyə bildirmişdir. Səkinə də onunla razılaşmış, lakin o dostu ilə yubandığı üçün artıq hotelə getdikdə həmin qadınlar getmişdirlər. O bu barədə Səkinəyə bildirdikdə Səkinə başqa qadın göndərə biləcəyini demiş, lakin bu dəfə onlar razılaşmamış, daha sonra isə Facebook sosial şəbəkəsində Səkinənin Türkiyə Respublikasında olduğunu görmüş, o, Səkinənin cinsi əlaqədə olmaq üçün təşkil etdiyi rəfiqəsinin adını hazırda xatırlamır. İkinci dəfə isə göndərdiyi qadınları görmədiyi üçün bu barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1448/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclasının zalından dərhal buraxılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 171.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni 17 fevral 2025-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır. DİN-in Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqdim etdikləri ərizələrdən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, onunla barışmışlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanı fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən fahişəliyə cəlb etmə, yəni gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CMnin 171.1 və 243.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərəçəkmiş şəxlərlə barışmasını və onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət əməlini tamah məqsədilə təkrar törətməsi (CM-nin 61.1.1 və 61.1.6) onun cəzasını ağırlaşdıran hallardır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş təhsil, tərbiyə və tibb müəssisələrində müəllimə, tərbiyəçi və tibb işçisi kimi fəaliyyət göstərmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 243.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilən əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmçinin, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 dekabr 2024-cü il tarixdən 04 aprel 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 03 ay 29 gün müddət cəza müddətinə hesablanmalıdır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli tam etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1 və 243.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə 01 il müddətə təhsil, tərbiyə və tibb müəssisələrində müəllimə, tərbiyəçi və tibb işçisi kimi fəaliyyət göstərmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş əsas və əlavə cəzalar ayrı-ayrılıqda qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 il müddətə təhsil, tərbiyə və tibb müəssisələrində müəllimə, tərbiyəçi və tibb işçisi kimi fəaliyyət göstərmək hüququndan məhrum edilməklə 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar