Məhkəmə qərarları › İş №1(005)-130/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-130/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-130/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İtiihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1979-cu il tarixdə Erməntistan Respublikası, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, işsiz, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi ev 8, mənzil 82-də qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi ev 59, mənzil 185-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il saat 13 radələrində ünvan 1 ünvanında yerləşən «Gənclik MALL» ticarət mərkəzinin yaxınlığında hərəkətdə olan 3 saylı marşurut avtobusunun içində Zərərçəkmiş şəxs məxsus üzərində 5 manat danışıq vaxtı olan 5 manat dəyərində ***-***-**-** mobil nömrəsi və 15 manat dəyərində telefon üzlüyü olan 2300 manat dəyərində 1 ədəd «İphone 11» markalı mobil telefonu sərnişin Şahid1 əynindəki paltonun sol yan cibindən çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2325 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq ailəli olsa da şəxsiyyət vəsiqəsində subay yazılmışdır. O, 2000ci ildən 2005-ci ilədək hüquq mühafizə orqanlarında xidmət etmişdir. Belə ki, Xəzər rayon Polis Şöbəsinin Post-Patrul Xidmətində, daha sonra isə həmin PŞ-nin X6 işləmiş, rütbəsi isə polis serjantı olmuşdur. 2005-ci ildə isə öz ərizəsilə DİO-dan xaric olunmuşdur. X3 jurnalında kuryer işləyir. Adətən hər gün yaşadığı Xətai rayonu ərazisindən «Nizami» metrostansiyasına, yəni iş yerinə gəlib müəyyən sənədləri və jurnalları götürdükdən sonra həmin sənədləri və jurnalları Bakı şəhərində yerləşən müxtəlif təşkilatlara və dövlət orqanlarına paylayır və buna görə demək olar ki, Bakı şəhərində müxtəlif marşurut avtobuslarından istifadə edir. xx xxxxxx 2019-cu ildə təxminən saat 13:05-də Nərimanov rayonu, Ayna Sultanov heykəlinin yaxınlığındakı dayanacaqdan 3 saylı «Baku Bus»-a məxsus avtobusa minmişdir. Həmin avtobus Nərimanov rayonu, «Gənclik Mall» istiqamətində hərəkət edirmiş. Həmin vaxtı o, ön qapının yaxınlığında ayaqüstə dayanmış və avtobusda sıxlıq olmuşdur. Avtobus «Gənclik Mall» ticarət mərkəzinin qarşısındakı dayanacağa çatmağına təxminən 50 metr qalmış o, avtobusda qarşısında dayanmış bir nəfər qızın əynindəki paltonun sol yan cibində telefon olduğunu görmüşdür. Belə ki, telefonun bir hissəsi qızın cibindən bir az çıxmışdır. Bu onun diqqətini çəkmiş və həmin an telefonu oğurlamaq qərarına gəlmişdir. Buna görə adamların sıxlığından istifadə edib qarşısındakı qızın paltosunun cibindən sol əlilə telefonu götürüb əynində olan qara rəngli parça gödəkçənin sol iç cibinə qoymuş və avtobus dayanacaqda dayanan kimi dərhal avtobusdan düşüb iti addımlarla «Gənclik» metrostansiyasına düşmüşdür. Metronun tunelinə girən kimi dərhal telefonu söndürmüş və yerdən tapdığı sancaqla telefondan nömrəsini çıxardıb cibinə qoymuş və sonra həmin nömrəni «İçəri Şəhər» metrosunun yaxınlığında hazırda xatırlamadığı yerdə tullamışdır. Oğurladığı telefon «İphone 11» markalı arxası ağ rəngli mobil telefon olmuşdur. Lakin, telefonun üzərində çəhrayı rəngli üzlük olmuşdur. Həmin üzlüyü də nömrə ilə birlikdə «İçəri Şəhər» metrosunun yaxınlığında hazırda xatırlamadığı yerdə tullamışdır. Telefonu satmamış, çünki oğurluqdan sonra etdiyi əməldən peşiman olmuş, lakin qorxduğundan aparıb polisə təhvil verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə ona «Nizami» metrosunun içində mülki geyimdə polis əməkdaşı yaxınlaşıb özünü təqdim etdikdən sonra sənədini istəmişdir. O, sənədini həmin polis əməkdaşına təqdim etdikdən sonra onu Nərimanov rayonu 18-ci PŞ-nə dəvət etmişlər. O da polis şöbəsinə gəlmiş və orada səmimi olaraq etdiyi əməli etiraf etmişdir. Həmin mobil telefonu da istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda əməlindən peşiman olmasını bildirdi və ona yüngül, həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs mülki iddianı qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin dekabr ayının əvvəlində qızı Şahid1 2300 manat dəyərində «İphone 11» markalı mobil telefon almışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 13 radələrində yoldaşı Fəridə Nuriyeva ona zəng edərək məlumat vermişdir ki, qızı Nigarın istifadəsində olan mobil telefon avtobusda cibindən oğurlanmışdır. O, da həmin vaxtı işlərilə əlaqədar çıxa bilmədiyi üçün yoldaşına qızı ilə birlikdə aidiyyəti polis şöbəsinə müraciət etməyini bildirmişdir. Ona sonradan məlum olmuşdur ki, qızı Nigar xx.xx.2019-cu ildə saat 13:15-də Nərimanov rayonu, Atatürk prospektində yerləşən «Mother Care» uşaq geyim mağazasının qarşısından «Baku Bus»-a məxsus 3 saylı sərnişin avtobusuna minmiş və Nərimanov rayonu «Gənclik Mall» ticarət mərkəzinin qarşısında avtobusda cibinə baxan zaman paltonun sol yan cibinə qoyduğu mobil telefonun yerində olmadığını görmüşdür. PŞdə olan polis əməkdaşları qızı Nigara mindiyi avtobusda quraşdırılmış videomüşahidə kamerasının qeydə aldığı görüntüləri göstərmişlər və həmin görüntüdə qızı Nigarın arxasında dayanmış təxminən 40-45 yaşlarında, keçəl baş, başında papaq olan bir nəfər kişinin hərəkətləri şübhəli olmuş və həmin şəxs avtobusdan «Gənclik Mall» ticarət mərkəzinin qarşısındakı dayanacaqda düşərək papağını başından çıxardıb iti addımlarla oradan uzaqlaşmışdır. Oğurlanmış mobil telefon «İphone 11» markalı olmuş, həmin telefonun dəyəri 2300 manatdır. Telefonda 5 manat dəyərində ***-***-**-** nömrəsi istifadə edilmiş, həmin nömrədə isə 5 manat dəyərində danışıq vaxtı olmuşdur. Bundan başqa telefonun üzərində 15 manat dəyərində çəhrayı rəngli üzlük olmuşdur. Telefon arxası ağ rəngdə olmuşdur. Qeyd edilən telefonu, danışıq vaxtını, mobil nömrəni və üzlüyü o, qızına alıb vermişdir. Telefon ona geri qaytarılmışdır. O, məhəkəmə əmtəəşünaslıq ekspertzasının rəyində telefonun dəyərinin 1100 manat göstərilməsi ilə bağlı rəylə razı olmamış, çünki həmin telefonu 2300 manata aldığını bildirmişdir. Ekspertiza telefonun məbləğini az göstərməsinin səbəbi ola bilsin ki, telefonun istifadə edilməsi olmuşdur. Bu səbəbdən o, məhkəməyə mülki iddia vermiş və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 2000 (iki min) manat maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddiasının təmin edilməsini və məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 13-14 radələrində qızı Nigar tanımadığı nömrədən ona zəng vuraraq «İphone 11» markalı mobil telefonun naməlum şəraitdə və şəxs tərəfindən avtobusda oğurlandığını bildirmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Həmin günü yoldaşı Rəşada zəng vurub hadisə barədə məlumat versə də, həmin vaxt işlərilə əlaqədar çıxa bilmədiyi üçün ona qızı ilə birlikdə aidiyyəti polis şöbəsinə müraciət etməyini bildirmişdir. O, da sonradan qızı Nigarla birlikdə 18-ci Polis Şöbəsinə getmiş və orada qızı ərizə yazaraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Qızı Nigarla danışıqda ona məlum olmuşdur ki, qızı xx.xx.2019-cu ildə saat 13:15-də Nərimanov rayonu, Atatürk prospektində yerləşən «Mother Care» uşaq geyim mağazasının qarşısından «Baku Bus»-a məxsus 3 saylı sərnişin avtobusuna minmiş və Nərimanov rayonu «Gənclik Mall» ticarət mərkəzinin qarşısında avtobusda cibinə baxan zaman paltonun sol yan cibinə qoyduğu mobil telefonun yerində olmadığını görmüşdür. Sonradan PŞ-də olan polis əməkdaşları qızı Nigara, ona və həyat yoldaşı Rəşada mindiyi avtobusda quraşdırılmış videomüşahidə kamerasının qeydə aldığı görüntüləri göstərmişlər və həmin görüntüdə qızı Nigarın arxasında dayanmış təxminən 40-45 yaşlarında, keçəl baş bir nəfər kişinin hərəkətləri şübhəli olmuş və həmin şəxs avtobusdan «Gənclik Mall» ticarət mərkəzinin qarşısındakı dayanacaqda düşərək iti addımlarla oradan uzaqlaşmışdır. Həmin telefonu qızı Nigara yoldaşı Zərərçəkmiş şəxs 2019-cu ilin dekabr ayının əvvəllərində 2300 manata alıb istifadəsinə vermişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, anası Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Beləliklə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıda qeyd edilənlərlə sübuta yetirilir. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd videogörüntüyə məhkəmədə baxış keçirərkən, görüntünün 13:14:10-cu saniyəsində avtobusda olan sərnişinlərin avtobusun arxa qapısından enməsi, əyninidə qırmızı rəngli palto olan qızın görüntünün 13:14:29-cu saniyəsində çantasında və paltosunda nəsə axtarması, həmin qızın görüntünün 13:14:41-ci saniyəsində avtobusdan düşməsi, 1 nömrəli fayldakı görüntünün 13:14:37-də isə Təqsirləndirilən şəxs avtobusdan düşməsi müəyyən olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1666 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “İphone” markalı “11” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, orta bazar qiyməti təxminən 1100,00 manat müəyyən olunur. (iş vər.: 104-106) Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən telefonunu gizli olaraq talamaqla oğurluq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və digər sübutlarla tam təsdiqini tapır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli qanunla xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs gizli talama yolu ilə ələ keçirmiş olduğu əmlakın dəyəri 1100 manat təşkil etmiş və o, həmin oğurluq cinayətini zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla törətmişdir ki, bu da onun hərəkətlərində CM-nın 177.2.5-ci maddəsinin tərkibini yaratmış olur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (iş vər.: 97). Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 98 saylı MKİS-nin rəisi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi ev 8, mənzil 82-də qeydiyyatdadır. (iş vər.: 99). Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 98 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 98 saylı MKİS-nə heç bir məlumat daxil olmamışdır. (iş vər.: 100). AZ-İ 162705 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Abbasov X2 Rita Sadiq qızı ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. (iş vər.: 82). AZE 11891669 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü X5 adlı bir övladı vardır. (iş vər.: 83). xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq” haqqında qərara əsasən mobil telefon maddi sübut qismində tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Həmçinin bi ədə CD iş üzrə maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilməsi qərara alınmışdır (iş vər.: 110-117). Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşimançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakteriztika edilməsini, oğurlanmış əşyanın könüllü olaraq təqdim etməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirici hallar kimi nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə xx xxxxxx 2020-ci il saat 19:30-dan hesablanmışdır. xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Təqsirləndirilən şəxs ittiham elan edilmiş və həbs qətimkan tədbirinin seçilməsi üçün Nərimanov rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin rayon prokuroru tərəfindən vəsatət təmin edilməyərək Təqsirləndirilən şəxs Nərimanov RPİnin MSY-dən azad edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinə, həbsdə saxlanılma müddətinin azadlığın məhdudlaşdırılması cəzanın müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza təyin edilməli, eyni zamanda barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 2000 (iki min) manat maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs cinayətkar hərəkəti nəticəsində ona dəymiş 2000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə mülki iddiaçı iddianın təmin edilməsini, mülki cavabdeh isə rədd edilməsini xahiş etdi. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasında təqsirləndirilən şəxs tərəfindən ona maddi və mənəvi ziyan vurulduğunu bildirsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ərizə təqdim edərək oğurlanmış mobil telefonunun qaytarıldığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, gələcəkdədə ona qarşı şikayət və tələbinin olmayacağı bildirmişdir. (iş vər:. 65). Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı ona dəymiş maddi zərərələ bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsi tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Bundan başqa, mülki iddiaçı təqsirləndirilən şəxs tərəfindən ona mənəvi zərər yetirildiyini bildirir və bu zərərin əvəzi olaraq cavabdehdən pul vəsaitinin tutulmasını tələb edir. Lakin mülki iddiaçı cəmi tələb etdiyi 2000 manat zərərin əvəzinin hansı hissəsinin maddi, hansının isə mənəvi zərərə aid etdiyini izah etmir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X9 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X9 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə hesab edir ki, mülki iddiaçı mülki cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Məhkəmə yuxarıda qeyd olunanları, həmçinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, mülki iddia baxılmamış saxlanılmalı və mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ Zərərçəkmiş şəxs izah olunmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut bir ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut 1 ədəd “İphone” markalı “11” modelli mobil telefon aparatının zərərəçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında olduğu 02 gün – azadlıqdan məhrumetmənin 01 gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi, həmçinin epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd CD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd “İphone” markalı “11” modelli mobil telefon aparatının zərərəçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın və mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ Zərərçəkmiş şəxs izah olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB**********1100204111, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar