Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-130/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 604 ünvanda kirayədə yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 09 iyul 2021-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanda yerləşən «Bazarstore» marketin arxa tərəfində dayanmış Zərərçəkmiş şəxs məxsus «Ford Transit» markalı, CC-086-MM dövlət qeydiyyat nişanlı avtomobilin içərisində sürücü əyləşən oturacaqda Zərərçəkmiş şəxs yatılı vəziyyətdə olduğundan istifadə edərək, sonuncunun yatmazdan əvvəl bədəni üzərinə qoyduğu 1470 manat dəyərində «Samsung Galaxy S20» markalı mobil telefonu, həmçinin telefonun üzərində olan 12 manat dəyərində ***-***-**-** və 7 manat dəyərində ***-***-**-** GSM nömrələri gizli olaraq talayıb zərərçəkmişə ümumilikdə 1489 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 15 radələrində A.Nemətulla küçəsində yerləşən “Bazarstore”un arxasında gəzinərkən görmüşdür ki, marketin arxasında, yolun kənarında dayanmış “Ford Transit” markalı avtomobilin yan şüşələri açıqdır və içəridə sürücü oturacağında bir nəfər yatıb. Bir qədər aralıdan maşının içərisinə baxdıqda yatan şəxsin qarnının üstündə telefon olduğunu görmüşdür. Maddi durumu pis olduğundan telefonu oğurlamağı qərarlaşdırmışdır. Bundan sonra səs gəlməsin deyə asta hərəkətlərlə avtomobilə yaxınlaşıb əlini şüşədən içəri salmış və telefonu sürücünün qarnının üstündən götürüb cəld hərəkətlərlə oradan kənarlaşmışdır. Oradan kənarlaşdıqdan sonra telefona baxmış və telefonun “Samsung” markalı olduğunu görmüş, həmin telefonun üstündəki iki ədəd sim kartları telefonun üzərindən tez açıb tullamışdır. Bundan sonra dərhal telefonu aparıb Nərimanov metrosunun yanında yerləşən lombarda girov qismində təhvil verib lombarddan 200 manat pul götürmüşdür. Lombardda girov qəbul edən şəxsi inandırmışdır ki, həmin telefon özünündür. Lombarddan götürdüyü 200 manata evə bazarlıq etmiş və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin gün saat 16 radələrində yaşadığı evə tərəf yol ilə piyada gedərkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu 17-ci polis şöbəsinə gətirmişlər. Şöbədə etiraf etmişdir ki, telefonu oğurlamış və lombarda qoyub 200 manat pul götürmüşdür. Bir neçə dəqiqədən sonra telefonun sahibi də gəlmiş və həmin şəxsin Elmar İbrahimov adlı şəxs olduğunu bilmişdir. O, Elmara da olanları danışmış, Elmar isə bildirmişdir ki, ona ziyan vurmuşdur və ondan şikayətçidir. Həmin telefonu girov qoymağına dair lombard tərəfindən verilmiş girov biletini də könüllü təqdim etmişdir. Oğurluqda tək olmuş, kimsə onunla iştirak etməmişdir. Polis əməkdaşları həmin sənəd əsasında qeyd edilən telefonu lombarddan götürərək sahibi Elmar İbrahimova qaytarmışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə “Kontakt Home” mağazasından kreditlə 1470 manata “Samsung Galaxy S20“ markalı telefon almışdır. xx.xx.2021-ci il tarixdə A.Nemətulla küçəsi 26-da yerləşən “Bazarstore” marketin arxasında özünə məxsus “Ford Transit” markalı, CC-086-MM dövlət qeydiyyat nişanlı avtomobilin içərisində sürücü oturacağında yatmış, yatarkən avtomobilin şüşələrini açıq qoymuşdur. Özünə məxsus “Samsung Galaxy S20“ markalı telefonu isə qarnının üstünə qoymuş, saat təxminən 15.30 radələrində yuxudan oyandıqda aşkar etmişdir ki, telefonu naməlum şəxs tərəfindən oğurlanmışdır. Telefonun oğurlanmasını aşkar etdikdə 102 xidmətinə məlumat vermiş, təxminən 10 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişilər. Onlar hadisənin necə baş verdiyini öyrəndikdən sonra ətrafda cinayəti törədən şəxsin axtarışına başlamışlar. Təhqiqatçı hadisə yerinə baxış keçirmiş və təxminən bir saatdan sonra onu 17-ci PŞ-nə dəvət etmişdir. Polis şöbəsinə gəldikdə məlum olmuşdur ki, polis əməkdaşları isti izlərlə mobil telefonunu oğurlayan şəxsi müəyyən edərək şöbəyə gətirmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmiş və Feruz bildirmişdir ki, saat 15 radələrində onun yatmağından istifadə edərək telefonu oğurlamış və dərhal sonra yaxınlıqda yerləşən lombarda girov qoyaraq 200 manat pul götürmüşdür. Bundan sonra şifahi ərizə protokolu əsasında şöbəyə müraciət etmiş və hadisə barədə izahat vermişdir. Telefonun alınmasına dair kredit sənədinin surətini də təqdim etmişdi. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs göstərdiyi lombarddan həmin telefon götürülərək 4 ədəd oxşar telefonla birlikdə ona tanınmaya təqdim edilmiş və həmin telefonlar içərisində özünə məxsus telefonu tanıyaraq göstərmiş və bu barədə protokol tərtib olunmuşdur. Ekspertiza tədqiqatından sonra ərizəsi əsasında ona məxsus telefon özünə qaytarılmışdır. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 12-14-cü vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən “Bazarstore” marketin arxa tərəfidir. Cinayət işinin 19-cu vərəqində olan “Könüllü olaraq təqdim edilmiş sənədlərin götürülməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, X2 məxsus “Samsung Galaxy S20” markalı mobil telefonun alış qiyməti və İMEİ kodları əks olunmuş, Elmar İbrahimovun könüllü təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 22124882 nömrəli kredit müqaviləsinin əlavəsinin 01 ədəd surəti əhəmiyyət kəsb etdiyindən götürüldü. Cinayət işinin 26-cı vərəqində olan “Könüllü olaraq təqdim edilmiş sənədlərin götürülməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy S20” markalı mobil telefonu lombarda 200 manat müqabilində girov qoyması ilə bağlı lombarddan ona təqdim edilmiş ĞJV № 035551 nömrəli girov biletinin 01 ədəd surətini könüllü təqdim etmişdir və sənədələr əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Cinayət işinin 61-63-cü vərəqələrində olan “Könüllü təqdim edilmiş əşyanın və sənədin götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs X2 məxsus “Samsung Galaxy S20” markalı telefonu oğurlayaraq girov qismində təqdim etdiyi yer ünvan 5 ünvanında yerləşən lombarddır. Arxa hissədə Nərimanov adına park yerləşir. Lombardın yerləşdiyi obyekt telefon satışı mağazasıdır və istifadə olunur. Şahid təqdim etdiyi mobil telefon və şəxsiyyət vəsiqəsinin surəti götürülərək iş materiallarına əlavə olundu. Cinayət işinin 67-ci vərəqində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X4 ona təqdim edilmiş telefonları nəzərdən keçirdikdən sonra “2” sıra nömrəsi ilə nömrələnmiş telefonu göstərərək özünə məxsus “Samsung” telefonunun olmasını bildirdi və həmin telefonu ölçüsünə, formasına, rənginə görə tanıdığını qeyd etmişdir. Cinayət işinin 76-77-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 79-cu vərəqində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 9/4929 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd göy rəngli, Samsung Galaxy markalı S20 FE (SM-G780F/DS) model mobil telefonun satış üçün komplektləşdirilməsinə dair edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxmminən 600,00 (altı yüz) manat müəyyən edilir. Cinayət işinin 146-147-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 152-156-cı vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndiirlməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “Samsung Galaxy S20” markalı telefonunun maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxs Elmar İbrahimova qaytarılmasının nəzərə alınması, cinayət işinin istintaq sənədlərində zərərçəkmiş şəxsin soyadının X1 yazılmış hissələri, Zərərçəkmiş şəxs kimi oxunması qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-130/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polsiin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar (cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə maddi sübut olan - «Samsung Galaxy S20» markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (01 ay 12 gün) çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 18 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan - «Samsung Galaxy S20» markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-130/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-130/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver