Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-131/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – X1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki şəhəri, X4 prospekti, giriş 641, mərtəbə 1, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə saat 23 radələrində birgə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 105, mənzil 25 ünvanında arvadı Zərərçəkmiş şəxs ona məxsus mobil telefonda mövcud olan «Leobank» mobil tətbiqi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan başqa bir qadına 15 (on beş) manat məbləğində pul vəsaitinin köçürülməsini aşkar etməsi səbəbindən şəxsi münasibətlər və qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı yumruqla qəsdən bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs sağ bazunun hematoması və qançırı, boyunun arxa səthinin qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 07 iyul 2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2024-cü ildə övladları Tunar Hüseynli dünyaya gəlmişdir. 2022-ci ilin iyul ayından 2024-cü ilin iyul ayına kimi arvadı Günel və azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 105, mənzil 25-də kirayədə yaşamışlar. 05 mart 2024-cü ildən 03 dekabr 2024-cü ilədək «Tamstore» marketlər şəbəkəsinin Neftçilər filialında anbardar vəzifəsində işləmişdir. 19 iyun 2024- cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Tamstore» marketlər şəbəkəsinin Neftçilər filialında iş vaxtı bitdiyi üçün işdən çıxaraq Nərimanov rayonu, X5 küçəsi, ev 105 ünvanında yerləşən yaşadığı mənzilə getmişdir. Bir qədər gəzişdikdən sonra saat 22 radələrində evə çatıb yorğun olduğu üçün yataq otağına keçib yatmışdır. Yatmazdan qabaq öz mobil telefonunu yastığın yanına qoymuşdur. Saat 23 radələrində yorğun halda yatarkən arvadı Günel onu yuxudan oyadıb mobil telefonundakı «Leobank» mobil tətbiqinə baxarkən hazırda adını xatırlamadığı bir qadına öz hesabından 15 (on beş) manat məbləğində pul vəsaitinin köçürüldüyünü aşkar etdiyini bildirib ondan həmin qadınla nə kimi əlaqə və münasibətinin olduğunu soruşmuşdur. Əsəbiləşərək Günelə izah etməyə çalışmışdır ki, iş prosesində alış-verişlə bağlı ola bilsin ki, hansısa bir qadının adına olan bank kartına pul köçürmüşdür. Kartın sahibi olan həmin qadını tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını desə də, Günel inanmayaraq onunla mübahisə etmişdir. Mübahisə zamanı Günel yataq otağında uzandığı yerdə hər iki əli ilə boğazından tutaraq onu boğmağa çalışmışdır. O, özünü müdafiə etmək məqsədilə həmin vaxt yumruqla Günelin sağ qoluna və boyun nahiyəsinə bir neçə zərbə vurub otaqdan çıxmasını tələb etmişdir. Sonra birlikdə qonaq otağına keçmişlər. Qonaq otağında Günel onunla mübahisəyə davam edərək əlləri ilə onun sinəsinə, sağ və sol qoluna, həmçinin ayağına vuraraq ona xəsarətlər yetirmişdir. Günel onu əli ilə vurarkən Günelin boyun nahiyəsindən tutub özündən kənara itələmişdir ki, sakitləşsin və mübahisəyə son qoysunlar. Nəhayət Günel sakitləşdikdən sonra o, yataq otağına keçib yatmışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəki şəhəri, Şəhriyar küçəsi, ev 19-da qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 105, mənzil 25 ünvanında xx.xx.2024-cü il təvəllüdlü oğlu Tunar Hüseynli ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs ilə 07 iyul 2022-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahdan xx.xx.2024-cü ildə övladları Tunar Hüseynli doğulmuşdur. Aralarında baş vermiş sonuncu dalaşma hadisəsinə kimi Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, bina 105, mənzil 25 ünvanında birlikdə yaşamışlar. Həmin hadisədən sonra Təqsirləndirilən şəxs birgə yaşadıqları mənzili tərk etmişdir və hazırda Şəki şəhərində valideynləri ilə birlikdə yaşayır. Ülvi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Tamstore» mağazasında anbardar vəzifəsində işləmişdir. 19 iyun 2024-cü il tarixdə saat 20 radələrində Ülvinin işdən evə gəlmədiyini görüb narahat olmuş və onun hazırda adını xatırlamadığı iş yoldaşlarından birinə zəng vuraraq Ülvinin saat neçədə işdən çıxması barədə maraqlanmışdır. Ona məlum olmuşdur ki, Ülvi işdən saat 19:00-da çıxmışdır. Ülvi adətən işdən çıxdıqdan 20-30 dəqiqə sonra evə qayıtdığı üçün onun gecikdiyini görüb narahat olmuşdur. Həmin gün Ülvi axşam saat təxminən 22 radələrində birgə yaşadıqları evə gəlmiş və yalandan demişdir ki, guya işdən gec çıxdığı üçün evə gecikmişdir. Ülvi əvvəllər də onu dəfələrlə aladadaraq yalan danışdığı üçün və onu başqa qadınlarla aldatdığına görə onun mobil telefonuna baxmaq qərarına gəlmiş və bu məqsədlə yatmasını gözləmişdir. Saat 23 radələrində Ülvinin yatdığını görüb yataq otağından onun mobil telefonunu götürüb baxrakən görmüşdür ki, Ülvi tanımadığı qadına sevgi mövzusunda sms yazmış, həmçinin mobil telefonunda olan «Leobank» mobil tətbiqi vasitəsilə özünə məxsus bank kartından xx.xx.2024-cü il tarixdə, saat 13:05 də «Əfsanə.F» adlı tanımadığı şəxsə məxsus «Leobank» kartına 15 manat məbləğində pul köçürmüşdür. Bunu aşkar etdikdən sonra yataq otağına keçib Ülvini yuxudan oyatmışdır. Həmin kart sahibinin kim olduğunu soruşduqda, Ülvi müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bu səbəbdən aralarında mübahisə olmuş, mübahisə zamanı Ülvi əli ilə onun başına bir neçə dəfə yumuruq vurmuşdur. Özünü müdafiə etmək üçün həmin vaxt əlləri ilə Ülvinin sinə və qol nahiyələrindən tutub sıxaraq onu özündən kənarlaşdırmağa çalışarkən, Ülvi sağ qolunun çiyin ətrafına bir neçə dəfə yumuruq zərbəsi vurmuş, daha sonra isə onun sağ qolunu dişləmişdir. Qolunda şiddətli ağrı olduğundan yerə əyilib sol əli ilə sağ çiyinini tutarkən, Ülvi əli ilə boyununun arxa hissəsinə bir neçə dəfə yumuruq zərbəsi vuraraq onu yerə yıxmışdır. Döşəmənin üzərində yıxılmış vəziyyətdə olarkən Ülvi ayağı ilə sağ diz nahiyəsinə təpik zərbəsi vurmuşdur. Nəticədə o, müxtəlif xəsarətlər almışdır. Növbəti gün aralarında mübahisələrə son qoymaq məqsədilə qayınatası X2 təklifi və dəvəti ilə 22 iyun 2024-cü il tarixdə Ülvi ilə birlikdə taksi ilə Şəki şəhərinə getmişlər. Şəkiyə getdikdən sonra ona məlum olmuşdur ki, qayınatası İlqar Hüseynlinin əsas məqsədi onları barışdırmaq deyil, polisə şikayət edəcəyindən ehtiyat edərək, xəsarətlərinin sağalması üçün vaxt qazanmaqdır. Şəki şəhərində Ülvigilin evində bir neçə gün qaldıqdan sonra ailəlikcə ona qarşı kobud davranaraq evdən qovduqları üçün 19 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi bağlı 01 iyul 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 781 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ bazunun hematoması və qançırı, boyunun arxa səthinin qançırı, küt əşyanın təsirindən törənib, müddəti xx.xx.2024-cü il tarixdə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya aiddir. Aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasını və hadisə haqqında olan ilkin məlumatları nəzrə alaraq demək olar ki, həmin xəsarətlərin özü-özünə yetirmə və yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam olaraq ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və dəymiş ziyanın tam ödənilməsinə dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-131/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-131/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver