Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-133/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Şəki şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri Yasamal rayonu, “Yasamal bazarı"’ adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan “Siqan” adı ilə tanıdığı şəxsdən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-bir ədəd bükümdə olan narkotik vasitə heroini 20 manata əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 4 saylı ünvanın qarşısına daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 4 saylı ünvanın qarşısında yerləşən piyadalar üçün nəzərdə tutulmuş səkidə halsız vəziyyətdə hərəkətdə olduğundan Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmış, o, danışan zaman polis əməkdaşlarının suallarından yayınmış, rabitəsiz danışmış və öz hərəkətləri ilə polis əməkdaşlarında şübhə yaratdığından saxlanılaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə olmaqla adi kağıza bükülmüş təmiz çəkisi 0,900 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Yasamal rayonu, “Yasamal bazarı” adlanan yerdən gəzərkən bədənində ağrılar olduğu üçün üzdən tanıdığı “Siqan” adı ilə tanıdığı şəxsdən öz istifadəsi üçün 20 manata 1 bükümdə narkotik vasitə olan heroin almışdır. xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində ünvan 3 saylı ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Nərimanov RPl-nin 17-ci Polis Şöbəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə getmişdir. Şöbəyə getdikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. O da əynindəki qara rəngli gödəkçəsinin cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Son olaraq əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2lə xidməti zərurətlə əlaqədar olaraq ünvan 3 saylı ünvanın qarşısında olduqları zaman, bir nəfər şəxsin piyadalar üçün nəzərdə tutulmuş səkidə halsız vəziyyətdə hərəkətdə olduğunu görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edərək Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib nə üçün halsız vəziyyətdə olduğunu soruşmuşlar. Lakin, həmin şəxsin hərəkətlərində özünü şübhəli apardığını görmüşlər və həmin şəxsə özünü təqdim etməsini təklif edən zaman həmin şəxs danışarkən suallardan yayınmağa, həmçinin rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olduğundan və üzərində narkotik vasitə olmasından şübhələnib Nərimanov RPİnin 17-ci PŞ-nə dəvət etmişlər. Daha sonra həmin şəxsi xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirmişlər və həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bu barədə raportla şöbənin rəisinə məruzə etdikdən sonra, raportun icrası Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Seymur Poladova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zaman təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman başqa çıxış yolunun olmadığını görərək əynindəki gödəkçəsinin cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli «Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etdi. Bundan başqa o, gödəkçəsinin sağ yan cibində olan 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim etdi. Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Yasamal rayonu, “Yasamal bazarı” adlanan yerdən keçərkən bədənində ağrılar olduğu üçün üzdən tanıdığı, lakin hər hansı anket məlumatını bilmədiyi Siqan adı ilə tanıdığı şəxsdən 20 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 219 nömrəli möhürlə möhürlənmişdir. Axtarış aparılan zamanı ‘'Panasonic HC-V770” modelli videokamera vasitəsilə çəkiliş aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2673 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,900 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi - 0,900 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,850 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81.82 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(005)- 1367/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay həddində həbs qismində qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0.900 qram çəkidə narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.850 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2020-ci il tarixli 3/526 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, 01 ədəd DCD-R formatlı diskin sübut növü kimi qiymətləndirilməsi və sə qərara alınmışdır. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı məktubdan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki vaxta çəkilmiş cəzası 14 gün, çəkilməmiş cəzası isə 02 il 05 ay 12 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs hazırki cinayəti cəza çəkdiyi dövrdə törətsə də, onun tərəfindən əvvəllər törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə hazırki cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzaya baxmayaraq sonuncunun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə cəza təyin olunmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayəti Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(075)-61/2020 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə törətmiş, onun əvvəlki cəzasından hökm çıxan tarixə 02 il 05 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi nəzərə alınmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirərək qəti cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM- 93.1.2), cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0.850 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, (CPM-132), cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 81,82 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(075)-61/2020 nömrəli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 05 (beş) ay 12 (on iki) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsi nəzərə alınmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı - 0.850 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-133/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-133/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver