Məhkəmə qərarları › İş №1(005)-133/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-133/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-133/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1993-cü məhəllədə yerləşən “50 qəpik” adlı restoranın icarəçisi kimi, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№03-2002) 1.7, 1.9, 1.10 və 1.11-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi tədbirləri haqqında təlimatların işlənib hazırlanaraq restoranda gözə çarpan yerdə asılması və işçilərin təlimatlandırılaraq biliklərinin yoxlanmasını təmin etmədiyi səbəbindən 06 aprel 2023-cü il tarixdə saat 19 radələrində restoranın dönər-çörək hissəsində yerləşən, sobanın içərisinə yerləşdirilmiş forsunkanın işçi kranının açıq vəziyyətində qalaraq forsunkalardan çıxan təbii qazın sobanın daxilinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının yandırılmış kağız alovunun təsirindən alışması nəticəsində partlayış baş vermiş, nəticədə 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs başın tüklü hissəsinin, sifətin, hər iki yuxarı ətrafın, gövdənin ön səthinin, ümumilikdə bədən səthinin 20-22 faiz təşkil edən ll-lll dərəcəli termiki yanıq yaraları ilə müşayiət olunan sağlamlığına Ağır zərər vurmaya aid xəsarətlər almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 aprel 2023-cü il tarixdə Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1993-cü məhəllədə yerləşən qeyri-yaşayış sahəsini, “50 qəpik” adlı restoranı icarə müqaviləsi əsasında Şahid1 icarəyə götürmüşdür. İcarə müqaviləsi əsasında restoran bütün avadanlığı və sənədləri ilə ona təhvil verilmişdir. 06 aprel 2023-cü il tarixdə saat 19 radələrində “50 qəpik” adlı restoranın dönər-çörək hissəsində yerləşən fırında partlayış baş vermiş və Zərərçəkmiş şəxs yanıq xəsarətləri almışdır. Zərərçəkmiş şəxs şəxsən tanımır, onu işə götürməmiş və yanğın təhlükəsizlik qaydalarına, eləcə də qaz təsərrüfatında təhlükəsizlik qaydalarına və qazdan istifadə qaydalarına əsasən təlimatlandırmamışdır. Yanğın təhlükəsizliyi tədbirləri haqqında təlimatların işlənib hazırlanmasını, restoranda gözə çarpan yerdə asılmasını və işçilərin təlimatlandıraraq biliklərin yoxlanılmasını təmin etməmişdir. Partlayış, sobanın içərisinə yerləşdirilmiş forsunkanın işçi kranının açıq vəziyyətində qalmasından sızan təbii qazın fırına dolması və həmin hava-qaz qarışığının kağız yandırarkən alovun təsirindən alışması nəticəsində baş vermişdir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə “50 qəpik” adlı restoranın faktiki icarəçisi Təqsirləndirilən şəxs onu fırınçı işinə qəbul etmiş, lakin onunla əmək müqaviləsi bağlamamışdır. Yanğın təhlükəsizlik qaydalarına, qaz təsərrüfatında təhlükəsizlik qaydalarına və qazdan istifadə qaydalarına dair təlimatlandırılmamışdır. Restoranın rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi tədbirləri haqqında təlimatları hazırlanmamış, gözə çarpan yerdə asılmasını və işçilərin təlimatlandırılaraq biliklərin yoxlanılması təmin edilməmişdir. 06 aprel 2023-cü il tarixdə saat 09 radələrində işə getmiş, kağız parçasını yandırıb fırının içinə atmış, sonra isə fırının üzərində olan iki ədəd kranı açmış, lakin qaz olmadığına görə fırını işə sala bilməmişdir. İşçilərdən soruşduqda bilmişdir ki, restorana qazın verilişi dayandırılmışdır. Gün ərzində qazın verilişini gözləmiş və təqribən saat 19 radələrində restorana qazın verilişi bərpa olunduqdan sonra fırına yaxınlaşaraq kağız parçasını yandırmış və fırının içinə atmışdır. Kağız parçasını fırının içinə atanda partlayış baş vermiş və hadisə nəticəsində yanıq xəsarətləri almışdır. Qısa müddət ərzində təcili tibbi yardım əməkdaşları hadisə yerinə gəlmiş və onu X3 yanıq şöbəsinə yerləşdirmişlər. Səhər saatlarında fırını yandırmaq istədikdən sonra fırına çəkilmiş qaz xəttinin üzərindəki sol kran tam bağlı, sağ kran isə yarımaçıq vəziyyətdə qalmışdır. Partlayış, sobanın içərisinə yerləşdirilmiş forsunkanın işçi kranının açıq vəziyyətində qalmasından sızan təbii qazın fırına dolması və həmin hava-qaz qarışığının kağız yandırarkən alovun təsirindən alışması nəticəsində baş vermişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdən "xxxx" Şəxsi firmasının direktoru vəzifəsində işləyir. 05 aprel 2023-cü il tarixdə "xxxx" firmasına məxsus, “50 qəpik” adlı restoranı icarə müqaviləsi əsasında Təqsirləndirilən şəxs icarəyə vermişdir. İcarə müqaviləsi bağladığı gün restoranın daxilində olan bütün sənədlər, avadanlıq, mebel və sair əşyalar icarəçi Təqsirləndirilən şəxs təhvil verilmişdir. İcarə müqaviləsi bağladıqdan sonra restoranın heç bir işinə qarışmamış, heç bir məsələ ilə əlaqədar sərəncam verməmiş, yanğın təhlükəsizlik qaydalarına, eləcə də qaz təsərrüfatında təhlükəsizlik qaydalarına və qazdan istifadə qaydalarına əsasən əməkdaşları təlimatlandırmamış və heç bir işlə əlaqədar məsuliyyəti üzərinə götürməmişdir. 06 aprel 2023-cü il tarixdə saat 19 radələrində “50 qəpik” adlı restoranda partlayış baş vermiş və nəticədə restoranın işçisi Zərərçəkmiş şəxs yanıq xəsarətləri almışdır. Hadisə vaxtı yaşadığı evdə olmuş və hadisə barədə məlumatı Təqsirləndirilən şəxs almışdır. Partlayış, sobanın içərisinə yerləşdirilmiş forsunkanın işçi kranının açıq vəziyyətində qalmasından sızan təbii qazın fırına dolması və həmin havaqaz qarışığının kağız yandırarkən alovun təsirindən alışması nəticəsində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, 2023-cü ilin aprel ayından Təqsirləndirilən şəxs icarə götürdüyü “50 qəpik” adlı restoranın dönər və çörək hissəsinin, yəni fırın ocağı yerləşən sahənin inzibatçısı vəzifəsində işləyir. Restoranın və onun bir hissəsi olan dönər və fırın ocağı yerləşən sahənin qaz təsərrüfatı barədə heç bir xəbəri olmamış, yanğın təhlükəsizlik qaydalarına əsasən əməkdaşları təlimatlandırmamışdır. 06 aprel 2023-cü il tarixdə saat 19 radələrində dönər və fırın ocağı yerləşən sahədə partlayış baş vermiş və nəticədə restoranın işçisi Zərərçəkmiş şəxs yanıq xəsarətləri almışdır. Yanğın təhlükəsizliyi tədbirləri haqqında təlimatların işlənib hazırlanması, restoranda gözə çarpan yerdə asılması və işçilərin təlimatlandırılaraq biliklərin yoxlanılması Təqsirləndirilən şəxs tərəfindən təmin olunmamışdır. Zərərçəkmiş şəxs dönər və fırın ocağı yerləşən sahənin təchizatçısı kimi tanımış, onu fırınçı kimi işə götürməmiş, yanğın təhlükəsizlik qaydalarına əsasən təlimatlandırmamış və onunla gündəlik məvacib danışmamışdır. Hadisəyə səbəb, Zərərçəkmiş şəxs ehtiyatsızlığı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci il sentyabr ayında “50 qəpik” adlı restorana qutab hazırlayan kimi işə düzəlmiş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. Yanğın təhlükəsizlik qaydalarına, qaz təsərrüfatında təhlükəsizlik qaydalarına və qazdan istifadə qaydalarına dair təlimatlandırılmamışdır. 31 mart 2023-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs “50 qəpik” adlı restoranın faktiki icarəçisi Təqsirləndirilən şəxs işə qəbul etmişdir. 06 aprel 2023-cü il tarixdə saat 19 radələrində, yaşadığları ünvanda olduğu zaman oğlu Qalib istifadəsində olan mobil telefon vasitəsi ilə restoranda baş vermiş partlayış və aldığı yanıq xəsarətlərlə bağlı məlumat vermişdir. Hadisə yerinə çatanda Qalibin xəsarət aldığını görmüş və təcili tibbi yardımla X3 yanıq şöbəsinə yerləşdirmişdir. Partlayış, sobanın içərisinə yerləşdirilmiş forsunkanın işçi kranının açıq vəziyyətində qalmasından sızan təbii qazın fırına dolması və həmin hava-qaz qarışığının kağız yandırarkən alovun təsirindən alışması nəticəsində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonunda yerləşən “50 qəpik” adlı restorana fırınçı-çörək bişirən düzəlmiş, lakin onunla heç bir müqavilə bağlanmamışdır. Yanğın təhlükəsizlik qaydalarına, qaz təsərrüfatında təhlükəsizlik qaydalarına və qazdan istifadə qaydalarına dair təlimatlandırılmamışdır. 06 aprel 2023-cü il tarixdə səhər saatlarından axşama qədər heç bir qeyri-adi hadisə olmamış, restorana təbii qazın verilişi dayandırıldığına görə yemək hazırlanmamış, lakin saat 19 radələrində restoranın dönər-çörək hissəsində baş vermiş partlayış nəticəsində restoranın dönər-çörək hissəsində fırınçı kimi işləyən Zərərçəkmiş şəxs yanıq xəsarəti almışdır. 31 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs fırınçı qismində işə “50 qəpik” adlı restoranın faktiki icarəçisi Təqsirləndirilən şəxs qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından 20 sentyabr 2023-cü il tarixədək "xxxx"MMC-də mühasib vəzifəsində işləmişdir. 2022-ci il sentyabr ayında Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru vəzifəsini rəsmi icra eləməyə başlamış, lakin həmin tarixə qədər də, MMC-nin faktiki direktoru olmuşdur. Onu işə məhz Təqsirləndirilən şəxs qəbul etmiş və onunla əmək müqaviləsi bağlamışdır. 05 aprel 2023-cü il tarixdə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə "xxxx" Şəxsi Firmasının direktoru Şahid1 arasında bağlanmış icarə müqaviləsinə əsasən, “50 qəpik” (köhnə “Çənlibel”) adı ilə fəaliyyət göstərən restoran Təqsirləndirilən şəxs icarəyə verilmişdir. Onun əsas vəzifəsi yeni işə götürülmüş işçilərin işə qəbul ərizələri və şəxsiyyət vəsiqələri əsasında işçiləri qeydiyyata almaqla onlarla əmək müqaviləsinin bağlanmasını təşkil etməkdən ibarət olmuşdur. “50 qəpik” adlı restoranının işçilərinə tam ştat üzrə 350 manat nağd şəkildə, yarımştat işçilərə 175 manat nağd, "xxxx" MMC-nin əməkdaşlarına isə nağd şəkildə vəzifələrə uyğun olaraq müxtəlif məbləğdə maaş verilmişdir. Maaş Təqsirləndirilən şəxs tərəfindən verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Azəriqaz” İB Bakı Regional Qazın Satış Departamenti Qazın balansı və Satışı şöbəsinin mühəndisi Şahid9 ifadəsində göstərmişdir ki, 2012-ci il may ayı tarixdən “Azəriqaz” İB Bakı Regional Qazın Satış Departamenti Qazın balansı və Satışı şöbəsinin mühəndisi vəzifəsində işləyir. Onun əsas vəzifəsi təbii qazın qəbulu, nəqli, qrup istehlakçılarına satışı və təhlili üzrə əməliyyatların həyata keçirilməsini təmin etməkdən, qazın qəbulu və satışı prosesində qaz itkisinin və sərfinin azaldılması istiqamətində təkliflər planı hazırlamaqdan, yeni alınmış sənaye sayğaclarının və digər ölçü vasitələrinin metroloji qaydalarına riayət etməkdən və sair vəzifələri həyata keçirməkdən ibarətdir. Ona təhkim olunmuş ərazi Nərimanov rayonudur. 06 aprel 2023-cü il tarixdə saat 19 radələrində partlayış baş vermiş Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “50 qəpik” adlı restoranı istehlak etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmədiyi üçün 31 mart 2023-cü il tarixdə qaz təchizatı plomb vasitəsi ilə dayandırılmış, yəni rəsmi olaraq həmin restoran təbii qazla təchiz olunmamalı idi. Partlayış baş vermiş “50 qəpik” adlı restoranın dönər-çörək hazırlanan hissəsinin mərkəzində yerləşən fırına gedən qaz xətti restoranın əməkdaşları tərəfindən özbaşına açılmış, fırın işə salınmış və nəticədə hadisə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azəriqaz” İB Bakı Regional Qazın Satış Departamenti Qazın balansı və Satışı şöbəsinin mühəndisi Şahid10 digər Şahid9 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4, Şahid7 və Şahid11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, 3-38-2/33-1380/24 nömrəli məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Şahid4 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında “Tarix – xx.xx.2023; İstiqamət – Çıxış” qeydə alınmışdır. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid4, Şahid7 və Şahid11 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 7-14-cü vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində Keşlə bazarında girişdən sol tərəfdə yerləşən “50 qəpik” adlı restoranıdır. Cinayət işinin İ cildinin 63-cü vərəqində olan 05 aprel 2023-cü il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, icarəyə verən "xxxx" şəxsi firması Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1993-cü məhəllədə yerləşən 346.2 kv.m qeyri-yaşayış sahəsini icarəçi "xxxx" MMC-yə icarəyə vermişdir. Cinayət işinin İ cildinin 106-109-cu vərəqələrində olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli 1/3521 nömrəli Müqavilədən görünür ki, Paylayıcı “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış və istismar üzrə müavini X4 ilə İstehlakçı "xxxx" Şəxsi Firması arasında bağlanmış müqaviləyə əsasən Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Cinayət işinin İ cildin 148-ci vərəqində olan “xx.xx.2023-cü il tarixli Nərimanov rayonunun Əliyar Əliyev küçəsi “50 qəpik” restoranının dönər-çörək hissəsində baş vermiş partlayışa dair” 13 aprel 2023-cü il tarixli Aktdan görünür ki, hadisəyə səbəb kimi obyektin daxilində çörək bişirilən təndirin girişinin açılıb bağlanması zamanı qazın sovrulması ehtimal edilir. Cinayət işinin İ cildinin 152-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2023-cü il tarixli, 10/2408 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “50 qəpik” adlı restoranının çörəkbişirmə bölməsində baş vermiş partlayışın mənbəyi, həmin sahədə olan sobanın (fırının) daxilində olmuşdur. Partlayış, sobanın içərisinə yerləşdirilmiş forsunkanın işçi kranının açıq vəziyyətində qalaraq forsunkalardan çıxan təbii qazın sobanın daxilinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin (konkret halda yandırılmış kağız alovunun) təsirindən alışması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№03-2002) 1.7, 1.9, 1.10 və 1.11-ci bəndlərinin, “Qazdan istifadə qaydaları”nın 3.26cı bəndinin və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.237-ci bəndinin tələbləri pozulmuşdur. “Qazdan istifadə qaydaları”nın 3.26-cı bəndinin və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.237-ci bəndinin tələbləri sobanın forsunkasının üzərində olan qaz kranını açan şəxs tərəfindən pozulmuşdur. Yanğın təhlükəsizliyi tədbirləri haqqında təlimatların işlənilib hazırlanaraq restoranda gözə çarpan yerdə asılması və işçilərin təlimatlandırılaraq biliklərinin yoxlanılması təmin olunmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№03-2002) 1.7, 1.9, 1.10 və 1.11-ci bəndlərinin tələbləri “50 qəpik” restoranın sahibi və ya icarədarı (sonradan rəhbərləri) tərəfindən pozulmuşdur. Cinayət işinin İ cildinin 156-157-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X5 xx.xx.2023-cü il tarixli, 421 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsinin, sifətin, hər iki yuxarı ətrafın, gövdənin ön səthinin, ümumilikdə bədən səthinin 20-22% təşkil edən İİ-İİİ dərəcəli texniki yanıq yaraları, yüksək hərarətin (alovun) təsirindən törənmişdir, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixdə baş vermiş qaz partlayışı nəticəsindən yaranmış alovun yerli təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəsli olan, sağlamlığına Ağır zərər vurmaya aiddir. Cinayət işinin İİ cildinin 39-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019cu il tarixdə cərimə məbləğini tamamilə ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin İİ cildinin 105-117-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 1(001)-192/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2000 (iki min) manat miqdarda cərimə cəzasının təyin edilməsi hökm edilmişdir. Cinayət işinin İİ cildinin 133-cü vərəqində olan 92 saylı MKİS tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 218-219-cu vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizamn qətimkan tədbirinin seçilməsi barədə” 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış və imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 102 (yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar