Məhkəmə qərarları › İş №1(005)-134/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-134/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-134/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1960-cı ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədilə özünü hüquq- mühafizə orqanlarında və məhkəmələrdə geniş əlaqələrə malik şəxs kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onun övladı, etibarnamə əsasında nümayəndəsi qismində təmsil etdiyi Şahid5 barəsində Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və Təhqiqat idarəsində aparılan araşdırma materialı üzrə şikayətçi Şahid2 Məmmədhüseyn oğlunun ümumilikdə 27000 manat pul tələbindən 12000 manat hissəsini ödəyəcəyi təqdirdə, qalan maddi ziyanın 6 aydan sonra ödənilməsi şərti ilə bağlı razılığını aldığını bildirib qısa müddətə Şahid2 çatdıracağına dair yalan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının ortalarında ünvan 3 ünvanında yerləşən “Nənəmin Təndiri" qeyri-yaşayış obyektinin yaxınlığında Zərərçəkmiş şəxs 12000 manat pulunu alıb ələ keçirərək etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 12000 manat yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, uzun müddət hüquq mühafizə orqanlarında işləmişdir.Təqaüdə çıxandan sonra 2010-cu ildə ünvan 4 ünvanında icariyə yer götürüb hüquqşünas kimi fəaliyyət göstərmiş və 22 iyul 2013-cü ildə fiziki şəxs kimi Vergilər Nazirliyində qeydiyyatan keçmişdir. O, əsasən vergi işlərində nümayəndə qismində iştirak etmişdir. Zərərçəkənin oğlu sahibkarlıq fəaliyyəti ilə məşgul olmuş və vergi borcu yaranmışdır. Taleh onun qonşusudur.Taleh Poladla birgə onun yanına gəlmişdir ki, Bakı Şəhər Baş Polis idarəsində araşdırma aparıldığını, onun işi üzrə gedib gəlmək müdafiə etmək lazım olmasını ona bildirmişdir. Ona gedib maraqlananda öyrənmişdir ki, verdi borcu ilə əlaqədar işdir, alqı-satqı ediblər, mal veriblər və s. Həmin işin hüquqi yardımı üçün ona 2.000 manat zəhmət haqqı verilmişdir. Zərərçəkənin oğlunu şəxsən tanımamışdır. Polad və Talehi tanımışdır. O həmin iş üzrə gedib gəlib sübut etmişdir ki, bu alverlə bağlı işdir, biznesdir və cinayət işinin başlanmasının rədd olunmasına nail olmuşdur. Sonradan zərərçəkənin oğlundan bir də şikayət olunmuş, öyrənmişdir ki, məsələyə DİN-nin istintaq idarəsi baxacaq şikayətə. Həmin idarədə cinayət işi başlanmış və zərərçəkəni həmin vaxt tanımışdır. Sonra o, Polad Taleh və zərərçəkən Bayılda olan kafedə görüşmüşlər və bilmişdir ki, zərərçəkənin oğlunun işinin istintaqı aparılır. Ondan zərərçəkən işi üzrə gedib gəlmək müdafiə etmək lazım olmasını ona bildirmişdir. O isə bildirmişdir ki, nümayəndəlik institutu ləğv olunub o gedib-gələ bilməz. Zərərçəkən demişdir ki, 10.000 manat pul verib bəs məsələ necə olacaq. O bundan sonra evə gəlmişdir. Bir neçə ay sonra öyrənmişdir ki, zərərçəkən oğlunun işə üzrə vəkil tutub, vəkil özü məsələ ilə məşgul olub. Bir neçə ay keçmiş rəhmətlik Taleh onu çağırmışdır ki, "gedək zərərçəkən əl çəkmir onunla görüşək". Onlar birlikdə çayxanaya gəlmişlər, orada 8-9 nəfər tanımadığı şəxslər və zərərçəkən var idi. Zərərçəkən ona 10.000 manatı qaytarmasını, oğlunun işini həll etməməsini bildirmiş, orada onlar arasında sözlə mübahisə olmuşdur. O da orada olan şəxslərə zərərçəkəndən bir manat almamasını bildirmişdir. Oradan evinə qayıtmışdır. Zərərçəkəndən pul almamışdır, kimə də verilməsini görməyib bilmir. Sonradan öyrənmişdir ki, zərərçəkənin oğlu tutulmuşdur. Sonradan aralarında söz-söhbətlər, mübahisələr şikayətlər başlamışdır. Öz adı-sanı olduğuna görə həm də ona cinayət işi başlandığından, həbs olunacağından qorxduğundan qəbz yazıb vermişdir ki, zərərçəkənə 12.000 manat ödəyəcəkdir. Sonra istintaq ona möhlər vermişdir ki, pulu ödəsin. Hazırda zərərçəkənə dəymiş zərəri tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış və dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, oğlu Şahid5 və tanışı X4 "xxxx" tikinti firmasının rəhbəri Şahid2 Məmmədhüseyn oğlu şikayət edib pul tələb etməsini 2019-cu ilin aprel ayında Bakı Şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin müstəntiqi Raciv Almazov ona zəng edib oğlunu istintaqa dəvət edəndə bilmişdir. Ona məlum olmuşdur ki, oğlu Vilayətdən Şahid2 27.000 manat pul tələb edir. O, oğlu Vilayətlə birlikdə Bakı şəhərinə gəlib Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» ticarət mərkəzində qaynı Şahid1 və bacanağı X5 ilə görüşüb müstəntiqin Vilayəti çağırdığını demişdir. Polad və Taleh məsləhət bilmişlər ki, onlar Mingəçevir şəhərindən tez-tez gəlib-gedə bilməyəcəklər və Vilayətin qanundan başı çıxmır tanış bir vəkil var onununla Vilayət müqavilə bağlasın vəkil özü bu işlə məşğul olub Vilayətlə birlikdə müstəntiqin yanına gedər, ona hüquqi yardım göstərər. Onlar razılaşandan sonra Polad zəng edib Təqsirləndirilən şəxs həmin yerə çağıraraq onları tanış etmişdir. Polad və Taleh Natiqi nəyə görə çağırdıqlarını deyəndən sonra Vilayət haqqında olan material barədə Təqsirləndirilən şəxs danışmışdır. Təqsirləndirilən şəxs özünü vəkil kimi təqdim edib bildirmişdir ki, ona bir gün vaxt verilsin müstəntiqlə görüşüb söhbət edib işlə tanış olandan sonra fikrini deyəcəkdir.Növbəti gün yenə onlar «Meyvəli» TM-də görüşəndə Natiq demişdir ki, müstəntiqlə görüşüb danışıbdır 2.000 manat ona zəhmət haqqı versələr bu işlə məşğul olacaqdır. O, ilkin olaraq 500 manat verəcəyini, işi həll edəndən sonra da, 1500 manatı verəcəyini demişdir. Natiq razılaşandan sonra həmin gün Natiqin avtomobilində o Poladın vasitəsi ilə Natiqə 500 manat pul vermişdir. Bundan sonra oğlu Vilayət Natiqlə birlikdə Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına müstəntiq Raciv Almazovun yanına getmişdir və müstəntiq Natiqin aqaşdırmada iştirak etməsi üçün etibarnamə tələb etmişdir. Müstəntiqin yanından çıxandan sonra Natiq onlara demişdir ki, qayıdıb Mingəçevir şəhərinə gedib zərərin ödənilməsi üçün pul düzəltsinlər özü onlarla əlaqə saxlayacaqdır. Aradan bir neçə gün keçmiş Natiq ona zəng edərək Mirzəbala ilə müstəntiqin yanında danışdığını, Mirzəbala ona əvvəldən 12.000 manat pul verilərsə yerdə qalan pulun ödənilməsi üçün 6 ay gözləyəcəyinə söz vermişdir. Natiq demişdir ki, həmin pulu düzəldib gətirsinlər ki, o da həmin pulu Mirzəbalaya çatdırsın. Həmin vaxt onun 12.000 manat nağd pulu olmadığına görə Natiqdən xahiş etmişdir ki, müstəntiqdən bir ay vaxt alsın dediyi məbləğdə pulu toplayandan sonra özü xəbər verəcəkdir. O, «Mercedes» markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilini Sumqayıt şəhərinə gətirib tanışının anasının adına girov qoyub 8000 manat borca pul götürmüş və qohumlardan 4.000 manat da, toplayıb ümumilikdə 12.000 manat pul düzəldib təxminən 2019-cu ilin iyun ayının ilk on günlüyündə Bakı şəhərinə gələrək qohumu Talehlə birlikdə Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən «Nənəmin Təndiri»nin yanında Natiqlə görüşüb ona vermişdir. Natiq ona söz vermişdir ki, 12.000 manat pulu müstəntiqin yanında Mirzəbalaya verəcək, qalan 15000 manat pulu isə 6 aydan sonra ödəyəcəyini demişdir. Eyni zamanda Natiq demişdir ki, Vilayət Bakı şəhərinə gəlib ona etibarnamə verməlidir. O, evinə qayıdıb oğlunu Bakı şəhərinə göndərmişdir ki, gedib Natiqə etibarnamə versin və Vilayət Bakı şəhərinə gəlib 13 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs 1 illik etibanamə vermişdir. O, Natiqin sözlərinə inanıb gözləmişdir ki, verdiyi 12000 manat pulu aparıb Mirzəbalaya çatdırıbdır, qalan pulu isə 6 ay müddətində toplayıb Natiqin vasitəsi ilə Mirzəbalaya çatdırar. Ona görə də, Təqsirləndirilən şəxsla sonra əlaqə yaratmamışdır. 2020-ci ilin əvəllərində Daxili işlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Orxan Yaqublu ona zəng edib oğlu Vilayətin barəsində onun icraatında cinayət işi olduğunu Bakı şəhərinə gəlmələrini demişdir. O, oğlu Vilayətlə birlikdə Bakı şəhərinə gəlib özü tək müstəntiq Orxan müəllimin yanına getmişdir. Orxan müəllim nəyə görə çağırdığını deyəndən sonra məlum olmuşdur ki, Mirzəbalanın şikayəti əsasında başlanmış cinayət işi Orxan müəllimin icraatındadır və Təqsirləndirilən şəxs Mirzəbalaya heç bir ödəniş etməyibdir. O, müstəndiqə demişdir ki, material Bakı Şəhər Baş Polis İdarəsində araşdırılarkən Mirzəbalaya vəkil Təqsirləndirilən şəxs vasitəsi ilə 12.000 manat pul ödəmişdir. Orxan müəllim isə zərərçəkmiş şəxsə heç bir ödəniş olunmadığını demişdir. O, Orxan müəllimin yanından çıxdıqdan sonra onu gözləyən Vilayətlə və qohumu Talehlə görüşüb Natiqə verdiyi 12000 manat pulu Mirzəbalaya çatdırmadığını demişdir. O, Talehdən Natiqin telefon nömrəsini alıb ona zəng edərək nə üçün ona verdiyi pulu zərərçəkmiş Mirzəbalaya çatdırmadığını, həmin material üzrə Daxili İşlər Nazirliyində cinayət işi başlandığını müstəntiq Orxan müəlimin yanında oldunugunu, onun verdiyi 12.000 manat pulun Mirzəbalaya ödənilmədiyini demişdir.Natiq isə elə şey ola bilməz deyib onu Nərimanov rayonu ərazisində yerləşən «Nənəmin Təndiri» nin yanına dəvət etmişdir. O, oğlu Vilayət və qohumu Taleh birlikdə həmin ünvana gedib Natiqlə görüşüb çay evində söhbət etmişlər. Taleh Natiqlə mübahisə etmişdir ki, nə üçün tanış etdiyi qohumunu aldadıbdır. Natiq isə söz vermişdir ki, özü müstəntiqin yanına gedib işi qaydasına qoyacaqdır. Növbəti gün oğlu Vilayət DİN-nə müstəntiqin yanına gedib ifadəsini vermişdir. Müstəntiq Vilayətə zərərçəkmişin pulunun ödənilməsini bildirmişdir. Bundan sonra o, hər gün Təqsirləndirilən şəxsla görüşüb ona verdiyi 12000 manat pulu qaytarmasını desə də, Natiq gündə bir bəhanə ilə pulu qaytarmamışdır. Vilayət 2-3 ay müddətində müstəntiq Orxan müəllimin yanına gedib-gəlsə də, Natiq onun verdiyi pulu qaytarmadığından Mirzəbalaya heç bir ödəniş edə bilməmişdir. O, məcbur olub Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. 17-ci PB-nin təhqiqatçı Asif Qubadov onun ərizəsini araşdırıb izahatını alaraq toplanmış material üzrə cinayət işinin başlanmasını rədd etmişdir. O, qərardan Nərimanov rayon prokurorluğuna şikayət etmiş və prokuror rədd qərarını ləğv etmişdir. Bundan sonra Natiq onu Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən «Nənəmin təndiri»nin yanına çağırmışdır. O, qohumu Taleh və tanış Şahid3 ilə birlikdə həmin yerə getmişdir. O, Natiqə demişdir ki, ondan prokurorluq orqanına şikayət edibdir onun verdiyi 12000 manatı qaytarsın ki, o da, oğlunun zərərindən ödəsin. Natiq isə ondan aldığı pulu 6 ay müddətində hissə-hissə ödəyəcəyinə söz vermişdir. O, Natiqin təklifi ilə razılaşaraq ona demişdir ki, onda pulunu 6 ay müddətində geri qaytaracağı barədə yazılı sənəd versin. Natiq onları bir ofisə aparıb özünün, onun, Poladın və Elvinin iştirakı ilə akt yazdırmışdır ki, Şahid5 Manafov X2 borclu olduğu pulu ödəmək adı ilə Zərərçəkmiş şəxs 12000 manat pul alıbdır. Həmin pulu zərərçəkmiş şəxsə çatdırmadan özü xərcləyibdir və 16 noyabr 2020-ci il tarixədək həmin pulu ödəyəcəkdir. Həmin aktla adları qeyd olunanlar tanış olub adlarının qarşısında imza etmişlər. Hansı ki, həmin aktı istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs onun 12000 manat pulunu qaytarmamış, buna görə də, o, oğlu Vilayətin barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxsə ödəniş etməmişdir. 01 noyabr 2020-ci il tarixdə müstəntiq Vilayəti şübhəli şəxs qismində tutmuşdur. O, yaxınlarından pul toplayıb 7000 manat zərərçəkmiş şəxsə ödəniş etdikdən sonra müstəntiq Vilayətin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçmişdir. Sonra istintaq müddətində hissə-hissə puldan 18.000 manat pul ödəmişdir və müstəntiq işi yekunlaşdırıb məhkəməyə vermişdir. Məhkəmə prosesində zərərçəkmiş şəxsə qalan 2000 manatı ödəmişdir və oğlu məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə maddi ziyana görə 10.000 manat və mənəvi zərər üçün 10000 manat tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, həmin məbləğdən 12000 hissə-hissə olsa da, ona manat ödənilmişdir. Zərərçəkmiş şəxs daha sonra məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Mülki iddiadan imtina etmişdir. O, mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bitirmişdir və hazırda Nəsimi rayonu, Dilarə Əliyeva 190 ünvanında «Ədalətli hüquq» şirkəti açıb həmin şirkətin direktorudur. O, əvvəl Nərmanov rayonu ərazisində otaq icarəyə götürüb ofis kimi işlətmişdir. Zərərçəkmiş şəxs və Şahid1 o bir bölgənin adamları kimi tanımışdır. Bir hüquqşünas kimi lazım olanda onlara köməklik göstərmişdir. Dəqiq tarixini bilmir 2020-ci ilin oktyabr ayının son günlərində Zərərçəkmiş şəxs və Şahid1 onun yanına gəlib demişlər ki, Manafov X1 şikayəti əsasında Eldarın oğlu Vilayətin barəsində Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılarkən onlar Təqsirləndirilən şəxs vəkil kimi tutmuşlar ki, Vilayətə hüquqşünas kimi yardım göstərsin. Natiq isə zərərçəkmiş şəxsə ödəniş etmək adı ilə Zərərçəkmiş şəxs 12.000 manat pul alıb həmin pulu ödəniş etməyərək özünə götürmüş, nəticədə oğlu Vilayətin barəsində Daxili İşlər Nazirliyi Baş istintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Orxan Yaqublu cinayət işi başlayıb Vilayəti şübhəli şəxs qismində 01 noyabr 2020-ci ildə tutub saxladığını demişdir. Bundan sonra o, müstəntiq Orxan müəllimlə telefon əlaqəsi saxlayıb, özünü bir hüquqşünas kimi təqdim edərək Vilayətə köməklik göstərməsini xahiş etmişdir. Orxan müəllim isə zərərçəkmişin zərərindən ilkin olaraq 7.000 manat ödənilsə Vilayətin həbs etmədən istintaq müddətində barəsində başqa qətimkan tədbirinin seçilməsinin mümkün olduğunu demişdir. O, bu haqda Zərərçəkmiş şəxs və onun qohumu Vilayətə deyəndən sonra onlar cəmi 5.000 manat pul toplaya bilmişlər. O, Vilayətin azadlığa çıxması üçün 2.000 manat da, həmin gün qardaşından pul alıb Eldara vermişdir. Eldar isə ümumilikdə 7000 manat pulu zərərçəkmişə ödəyib Vilayəti zaminliyə çıxartmışdır. Həmin gün Eldar Mingəçevir şəhərinə qayıtmış və onun qardaşından alıb Eldara borca verdiyi 2000 manat pulu taksi ilə ona göndərmişdir. Növbəti günlərin birində Eldar, Polad, Şahid3 və 12.000 manat pulu alan onun tanımadığı Təqsirləndirilən şəxs birlikdə onun ofisinə gəlmişlər. Eldar ondan xahiş etmişdir ki, bir hüququqşünas kimi onun adından Natiqdən şikayət ərizəsi yazsın, çünki Natiq onu aldadıb ələ keçirdiyi 12.000 manat pulu qaytarmır gündə bir bəhanə gətirir. O, demişdir ki, lazım deyil Natiq də hüquqşünasdır razılaşsınlar Natiq pulu qaytarar. Natiq isə Eldara demişdir ki, bir neçə günə onun 12.000 manat pulunu ödəyəcəkdir. Eldar isə Natiqə iradını bildirmişdir ki, dəfələrlə söz verib onu aldadıbdır onun sözlərinə inanmır. Natiq isə Eldardan aldığı pulun məbləği və ödəyəcəyi tarix barədə akt və ya qəbz yazıb verə bilər. Əgər söz verdiyi vaxt pulu ödəməzsə onda şikayət edər. Eldar razılaşaraq ondan xahiş etmişdir ki, bir akt tərtib etsin. O, qız işçisinə demişdir ki, həmin adamların iştirakları ilə şəxsiyyət vəsiqələrini alıb akt tərtib etsin. Həmin 4 nəfər özlərinin şəxsiyyət vəsiqəsini təqdim etmiş və Natiq özü aktın məzmununu demiş, işçisi isə aktı tərtib etmişdir. Natiq etiraf edərək Zərərçəkmiş şəxs oğlu Şahid5 Manafov X2 borclu olduğu və cinayət işi başlandığı üçün özünü vəkil kimi təqdim edib oğlunun işini qurtaracağına və zərərçəkmişə həmin pulu ödəyəcəyinnə söz verərək 12.000 manat pul alıb həmin pulu özünə xərclədiyini, 16 noyabr 2020-ci il tarixdə həmin pulu tam geri qaytaracağını göstərmişdir. Həmin aktla 4 nəfər tanış olub doğruluğunu imzaları ilə təsdiq etmişlər. Eldar təşəkkürünü bildirib aktı götürüb çıxıb getmişlər. Sonra Eldar onunla görüşəndə deyirmiş ki, Natiq söz versə də, onun pulundan ödəniş etməmişdir. Eldarın şikayəti əsasında Natiqin barəsində cinayət işi başlanmışdır.Onun ofisində Təqsirləndirilən şəxs heç bir təzyiq olmamış, həmin aktın tərtib olunmasını Natiq özü istəmişdir və akt Natiqin sözləri əsasında tərtib olunmuşdur. Təqsirləndirilən şəxs yalan deyir o, Zərərçəkmiş şəxs həmin aktın tərtib edilməsindən əvvəl 2.000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs 10.000 manat borca pul verməmişdir. Həmin akt Eldarın oğlu Vilayət azadlığa çıxandan sonra tərtib edilmişdir. Aktın məzmununu Natiq özü demiş, onun işçisi də, tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində istintaq zamanl verdiyi ifadəsini tam təsdiq etmiş və göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CMin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 2 müddətinə şərti olaraq azadlıqdan məhrum olunmuşdur.O, 2016-cı ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X6 ilə Şahid2 Məmmədhüseyn oğlunu tanış etmişdir. Sahib Şərifov qara bazardan çəpərləmə lentlərini topdan satış qiymətinə alıb pərakəndə satışı ilə məşğul olurmuş. Mirzəbala isə şirkətlərin qarşısının yaşıllaşdırması ilə məşğul olurmuş. Onun da, özünün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. O, Sahibdən çəpərləmə lenti alıb üstünə də, müəyyən qədər faiz qoyub Şahid2 satırmış. Mirzəbala onun vasitəsi ilə Sahibin rəhbəri olduğu "xxxx" MMC-in bank hesabına 76.000 manat pul köçürəndən sonra Sahib ona ümumilikdə 6000 manat dəyərində lent vermiş, o həmin lentləri Mirzəbalaya təhvil vermişdir. Yerdə qalan pulların 27000 manatını o, özünə xərcləmiş 35000 manatını isə Sahib xərcləmişdir. Onlar Mirzəbalanın pulunu qaytara bilməmişlər və Mirzəbala onlardan 2019-cu ildə Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişdir. Həmin şikayət ərizəsi Bakı Şəhər Baş Polis İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Raciv Almazov araşdırmışdır. O, atası ilə birlikdə Bakı şəhərinə gəlib Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» Ticarət Mərkəzində dayısı Şahid1 və xalasının əri X5 ilə görüşüb müstəntiqin onu çağırdığını demişlər. Polad və Taleh məsləhət görmüşlər ki, Mingəçevir şəhərindən tez-tez gəlib-gedə bilməyəcəklər, qanundan da, başı çıxmır tanış bir vəkil var onunla danışıb müqavilə bağlasınlar ki, həmin vəkil lazım olanda onunla müstəntiqin yanına getsin və araşdırma ilə yaxından məşğul olsun. O və atası razılaşandan sonra Polad bir nəfərə zəng edib həmin yerə çağıraraq onlarla tanış edib həmin şəxsin onların tanışı olan vəkil Təqsirləndirilən şəxs olduğunu demişdir. O, barəsində aparılan araşdırma barədə Təqsirləndirilən şəxs ətraflı danışandan sonra Natiq özünü onlara vəkil kimi təqdim edərək bildirmişdir ki, ona bir gün vaxt lazımdır ki, müstəntiqlə görüşüb söhbət edib işlə tanış olsun sonra təkrar görüşərlər və Natiq çıxıb getmişdir.Natiq növbəti gün yenə «Meyvəli» TM-də onlarla görüşüb demişdir ki, gedib müstəntiqlə danışıbdır ona 2000 manat zəhmət haqqı verilsə bu işlə məşğul olar. Atası Eldar isə demişdir ki, ilkin olaraq 500 manat verə bilər işi oğlu Vilayətin xeyrinə həll etsə ona yerdə qalan 1500 manatı pulu da, verəcəkdir. Natiq razılaşmış və həmin gün Polad onun atasından 500 manat alıb Natiqə vermişdir. Sonra o Natiqlə birlikdə Bakı Şəhər Baş Polis idarəsinin inzibati binasına müstəntiq Raciv Almazovun yanına getmişlər. Raciv Natiqə demişdir ki, Vilayət ona etibarnamə verdikdən sonra araşdırmada iştirak edə bilər. Natiq isə söz vermişdir ki, onunla notariat kontoruna gedib etibarnamə alıb gətirib ona verəcəkdir. Müstəntiqin yanından çıxandan sonra Natiq ona və atası Eldara demişdir ki, Mingəçevir şəhərinə qayıdıb zərərçəkmişin zərərindən ödəmək üçün pul toplasınlar özü onlarla əlaqə saxlayacaqdır. Aradan bir neçə gün keçmiş Natiq onun atası Eldara zəng edib demişdir ki, Mirzəbala ilə müstəntiqin yanında danışıbdır Mirzəbala razıdır ki, ona Vilayət əvvəldən 12.000 manat pul ödəsə yerdə qalan 15000 manatı 6 aydan sonra ödəməyə başlayar. Atası da 12.000 manatı birtəhər düzəldib Natiqə vermişdir ki, zərərçəkənə ödəsin. Lakin sonradan bilmişlər ki, həmin pul ödənilməyib zərərçəkənə. İbtidai istintaq şahid qismində dindirilmiş X7 məhkəməyə teleqram göndərərək ifadəsini təsdiq etməsini və məhkəmə iclasında səhhətində yaranmış problemlər ilə əlaqədar iştirak edə bilməməsini qeyd etmişdir. İbtidai istintaq şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ərizə verərək məhkəmə iclasında əlaqədar iştirak edə bilməməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq şahid qismində dindirilmiş Şahid1, Şahid2 Məmmədhüseyn oğlu, Şahid3, Şahid5, X7 məhkəmə iclasına gəlməmişdirlər. Cinayət prosesi iştirakçılarının razılığı ilə onların məhkəmə istintaqında ibtidai istintaqda vermiş olduqları ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş 13 iyun 2019-cu il tarixli AR-İ № 806976 nömrəli etibarnamədən görünür ki, Abbasov X3 Natiq Rəşid oğluna onun adından hüquqlarının təmsili ilə bağlı 1 illik etibarnamə vermişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 03 noyabr 2020-ci ildə ölmüşdür. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan zərərin ödənilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkən Zərərçəkmiş şəxs maddi zərər 12.000 manat pulu tam şəkildə qaytarmış oldu. “Təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi” barədə xx.xx.2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən 18 oktyabr 2022-ci il tarixli 21103 nömrəli məktubla alınmış 01 ədəd CD disk və "xxxx" MMC-dən 04 aprel 2023-cü il tarixli AZF/LGL-6222/23 nömrəli məktubla alınmış 01 ədəd CD diskində olan məlumatlar sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-134/2024 saylı, 27 fevral tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmış və Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Mülki iddiadan imtina etmişdir. O, mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü tərəfindən etiraf edilməsədə, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə onun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, zərərçəkmişə dəymiş zərəri tam ödəməsini və zərərçəkənin ona qarşı iddia və şikayətinin olmamasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut – "xxxx" MMC-dən 18 oktyabr 2022-ci il tarixli 21103 nömrəli məktubla alınmış 01 ədəd CD disk və "xxxx" MMC-dən 04 aprel 2023-cü il tarixli AZF/LGL-6222/23 nömrəli məktubla alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-132). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Mülki iddiadan imtina etmişdir. Ona görə də Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı zərər tələbinə dair mülki iddiası üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut – "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar