Məhkəmə qərarları › İş №1(005)-136/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-136/2021

25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-136/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Ermənistan Respublikası, Mehri rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Veynəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxs halında, 27 noyabr 2020-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanda yerləşən 200 saylı orta məktəbin qarşısındakı yol kənarında, kənar şəxslərin gözü önündə heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü əlrafdakılara qarşı qoyub, Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etmiş, qrupun digər üzvüləri ilə birlikdə onun üzərinə hücum edərək, qəsdən sifət, baş və bədəninin digər nahiyələrinə yumruq və təpiklə zərblər vuraraq ona, sağ gözətrafının hemotoması, ağlı qişaya qansızına və sağ qaşüstü nahiyənin əzilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirərək qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə o, xalası oğlu Ruslandan ayda 12 faiz olmaqla 30.000 manat məbləğində borc pul götürmüş və hər ay ona 3600 manat faiz pulu ödəmişdir. Həmin borc pulun 6 ay faizlərini ödəmiş, lakin işində olan problemlər səbəbindən ziyana düşmüş, götürdüyü borc pulu və onun aylıq faizlərini ödəyə bilməmişdir. Ruslan ilk əvvəl borca görə aylıq faizləri saxlamayacağını və həmin faizləri də, borc kimi üstünə yazacağını desə də, sonrakı 1 il müddəti başa çatandan sonra faizlərin hesablanmasını dayandırdığını bildirmiş və faizləri sildiyini və hissə-hissə 30.000 manatı qaytarmasını demişdir. Uzun sözsöhbətdən sonra o, Ruslanla razılaşmış və hissə-hissə həmin 30.000 manat borc pulu qaytarmağa başlamışdır. Həmin puldan o, 7 il ərzində hissə-hissə olmaqla təxminən 15000-16000 manat pul qaytarmışdır. Əhliman onun qardaşı Ruslanla arasında olan pul məsələsinə qarışmayacığına dair söz vermiş, çünki onlar küsülü olmuşdur. 2020-ci ilin təxminən noyabr ayının 18-19-da Əhliman onunla telefon əlaqəsi saxlamış və “Ruslanla onun arasında olan pul məsələsinə qarışmasa da, zəng eləməkdə məqsədi, Ruslanın həyat yoldaşı əməliyyat olunmalı imiş, pula ehtiyacı olmuş, anasının çox narahat olduğunu, imkan varsa borcundan 2500 manat verməsini demişdir. O, isə Əhlimana o qədər pul verə bilməyəcəyini, gələn həftənin 6-cı gününə kimi ***-**** manat borcundan qaytarıb köməklik edə biləcəyini demişdir. Sonra Əhliman yenidən onunla telefon əlaqəsi yaratmış və anasına söz verdiyini, həftənin 6-cı günü-noyabrın 28-i günü ***-**** manat, nəyə gücü çatsa verməsini, Ruslan özü heç, anası yazıqdı demişdir. O da Əhlimanın bu sözü ilə razılaşmış və ayın 28-i yəni 6-cı gün onunla görüşəcəyini və söz verdiyi ***-**** manatdan nə düzəldə bilərsə verəcəyini demişdir. Noyabr ayının 27-si günü səhər saat təxminən 08:30-da o, həyat yoldaşı ilə birlikdə, avtomaşınla evdən işə gedərkən Əhliman telefonla onunla əlaqə saxlamış və ondan nə düzəldə bildiyini soruşmuş, o, isə ona görüşüb verəcəyini bildirmişdir. Təxminən saat yarım sonra Əhliman ona yenidən zəng vurmuş və “sən neyləmək istəyirsən ki, fikrin nədi sənin?”sualını vermiş, o, Əhlimana bir daha ayın 28-i günü ***-**** manatdan nə düzəldə bilsə həmin pulu verə biləcəyini demişdir. Əhliman ona təklif edərək, “əgər pul tapa bilmirsənsə 9-cu mikrorayonda bir qadın var, faizə pul verəndi, danışım onunla sənə qızıl girovu müqabilində 2500 manat borc pulu faizə versin” demişdir. O, isə ona etirazını bildirmiş və demişdir ki, girov qoyulası qızılı yoxdur. Bundan sonra Əhliman istədiyi 2500 manat pulu verməyəcəyi təqdirdə nalayiq sözlərlə onu söyüb təhqir etmişdir. O, da onun söyüşünə cavab olaraq ondan söyüş söyməməyi və ağlına gələni danışmamağı demiş, telefona “adboy” vemişdir. Bundan sonra, Əhliman daha da aqressivləşmiş və yenidən ona zəng vuraraq ona arvaduşaq, var-yox söyüşü söymüşdür. Belə olan halda, o Əhlimana “eybi yox, görüşüb söhbət edərik” cavabını vermişdir. Bundan sonra, Əhliman yenə də ona zəng vurmuş və “hardasan, de yerini gəlirəm səninlə söhbət etməyə” demiş, onun barəsində onun görüşünə gəlməyəni bir daha nalayiq söyüşlərlə söymüşdür. Belə olan halda, o, Əhlimandan harada olduğunu soruşmuş, onun və ailə üzvlərinin ünvanına söydüyü nalayiq söyüşlərinə görə onunla görüşmək istədiyini demişdir. Əhliman Sumqayıtdan şəhərə tərəf gəldiyini bildirdikdə, o, Əhlimana Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən qəbiristanlığa gəlməsini, özünün də yolda olduğunu və həmin qəbiristanlığa tərəf gəldiyini bildirmişdir. Bundan sonra, Əhliman yenidən onunla əlaqə saxlamış və qəbiristanlığa gələ bilmədiyini və onu görüş üçün Şamaxinka deyilən yerə dəvət etmişdir. O, Şamaxinka deyilən tərəfə gələrkən Əhliman yenidən ona zəng vurmuş və Binəqədidən şəhərə tərəf yolun üstündəki “qoşa zapravka”nın yanına gəlməsini demişdir. O, Əhlimanın dediyi yerə, yəni “qoşa zapravka”ya gəlmiş, lakin Əhliman yenə də özünün təklif etdiyi yerə gəlməkdən boyun qaçırmışdır. Bundan sonra o, öz iş yerinə qayıtmışdır. Metronun “Gənclik” stansiyası yaxınlığında olarkən Əhliman yenidən ona zəng vurmuş və bir daha onu nalayiq söyüşlərlə söyüb təhqir etdikdən sonra iş yerinə tərəf gəldiyini və Gənclikdə onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt yaxınlıqda dayanmış, keçiddən tanıdığı 3 nəfər oğlan ona yaxınlaşmış və telefonda onu söyüşlə hədələyən şəxsin kim olduğunu soruşmuşlar. O, həmin şəxsləri üzdən tanıyıb demək olar ki, hər gün keçiddən keçəndə salamlaşsa da, onların konkret olaraq adlarını, telefon nömrələrini və yaşadıqları ünvanları bilməmişdir. O, həmin 3 oğlana telefonda onu söyən və hədələyən şəxsin doğma xalası oğlu Əhliman olduğunu bildirmiş və onlardan Əhlimanla görüşən zaman onun yanında olmasını bildirmişdir. Təxminən 10 il bundan öncə Əhliman 2 nəfər şəxslə onu 3-cü mikrorayon bazarının yaxınlığında döymüş, həmin vaxt o, qohumçuluğu nəzərə alıb Əhlimandan şikayətçi olmamışdır. O, Əhlimanın görüşə tək gəlməyəcəyini, idmançı olduğu üçün mütləq yanında idmançı dostlarını da gətirəcəyini ehtimal etmişdir. Buna görə də 3 oğlanın yanında olmağını istəmişdir ki, Əhliman və onunla birlikdə gələcəklərini ehtimal etdiyi idmançılar yanında əlavə adamlar olduğunu görüb çəkinsinlər. Az sonra, Əhliman yenidən onunla əlaqə saxlamış və iş yerində keçidə düşən pilləkənlərdə dayanıb onu gözlədiyini bildirmişdir, o, isə Əhlimana iş yerində görüşmək istəmədiyini dedikdə o, özü bir qədər aralıda 200 saylı orta məktəbin qarşısına gəlməsini bildirmişdir. Bundan sonra o, həmin 3 oğlanla birlikdə idarə etdiyi avtomaşınla 200 saylı orta məktəbin yanına gəlmiş, 3 oğlan maşından düşmüş, o, avtomaşını rahat bir yerdə saxlayaraq Əhlimanın onu gözlədiyi yerə tərəf getmişdir. Əhlimanın görüşə tək gəldiyini və məktəbin qarşısında ara küçədə dayanıb qayınatası Şahid2la söhbət etdiyini görmüş, onlara tərəf getmiş və 3 oğlana kənarda dayanıb gözləmələrini bildirmişdir. O, Əhlimana yaxınlaşanda qaynatası Məhərrəm kişiyə çıxıb getməsini bildirmiş və qaynatası da onun sözü ilə oradan uzaqlaşıb getmişdir. Əhliman söhbətə onunla gələn 3 oğlanı göstərərək arvadının ünvanına nalayiq ifadə işlətmiş, üstünə adamlar gətirdiyini demiş, o, da Əhlimanı söyərək söydüyü söyüşü özünə qaytarmışdır. Üz-üzə dayandığı halda Əhliman ona tərəf təpik atmış, yer yaş olduğundan sürüşərək yıxılmış və o, yaranmış vəziyyətdən istifadə edərək yumruq və təpikləri ilə Əhlimanın sifət və baş nahiyələrindən dayanmadan zərbələr endirmiş, Əhliman ona heç bir müqavimət göstərə bilməyərək əlləri ilə sifətini və başını qorumuşdur. O, əlavə olaraq bir-iki təpikdə Əhlimanın belinə və başına vurandan sonra ondan aralanmış və ətrafda dayanıb onlara tamaşa edən 3 oğlanı da maşına dəvət edib avtomaşınla oradan uzaqlaşdığını, həmin 3 oğlanı “Gənclik” metrosunun yaxınlığında düşürüb yaşadığı evə getmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anasının xalası oğlu Təqsirləndirilən şəxs qardaşına 60.000 manat pul borclu olduğu üçün o, Sədaya zəng edərək qardaşı Ruslana olan borcunu qaytarmasını xahiş etmişdir. Bu zaman Səday onunla görüşmək istədiyini bildirmiş və onu Xırdalan şəhərində yerləşən qəbirstanlığa çağırmışdır. Belə ki, 27.11.2020-ci il tarixdə saat təxminən 10:30 radələrində sözü gedən qəbirstanlığa getmiş, Sədayı orada xeyli gözləsə də, gəlmədiyini görüb təkrar Sədaya zəng etmiş və onun işlədiyi yerə gələcəyini bildirmişdir. Səday ona 200 nömrəli məktəbin yanına gəlməsini istəmişdir. O, saat təxminən 11:10 radələrində Nərimanov rayonunda yerləşən 200 nömrəli məktəbin yanına tək gəldiyi zaman Sədayın qayınatası Məhhərrəm adlı şəxs ona yaxınlaşmış, onunla söhbət etməyə başlamışdır. O, Məhərrəmə Səday qardaşından borc pul götürdüyünü, lakin bu günə kimi qaytarmadığını bildirmişdir. Səday da onu bura çağırmışdır. Həmin vaxt oraya Səday yaxınlaşmış və qayınatasına getməsini bildirmişdir. Sonra Səday onun orada olan ara küçə tərəfə gəlməsini istəmişdir. O, oraya yaxınlaşan zaman, orada olan tanımadığı 20-25 yaşlarında idman cüssəli 4 nəfər şəxs üzərinə hücum çəkərək onu nalayıq söyüşlərlə söyərək yumruq təpiklə vurmağa başlamışlar. Bu zaman həmin şəxslərdən saqqallı biri onun ciyər nahiyəsindən təpiklə qəfil zərbə vurmuş və o, sancılanaraq dizi üstə çökmüşdür. Bundan istifadə edən Səday yumruq zərbəsi ilə baş nahiyəsinə və gözünə, qaş nahiyyəsinə ardıcıl bir neçə zərbələr endirməyə başlamışdır və yanındakı tanımadığı digər 2 nəfər şəxs isə bədəninə yumruqla, təpiklə bel, kürək nahiyələrinə zərbələr vurmağa başlamışlar. O, halsız vəziyyətdə olduğundan onlara müqavimət göstərə bilməmişdir. Almış olduğu xəsarətlərlə əlaqədar olaraq hansısa bir tibb müəssəsinə müraciət etməmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisənin şahidləri həmin vaxt oradan keçən tanımadığı şəxslər olmuşdur. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anasının xalası oğlu Səday ondan 60.000 manat borca pul almışdır. O, dəfələrlə Sədaydan ona olan borcunu qaytarmasını xahiş etmişdir. Lakin uzun müddət keçinəsinə baxmayaraq Səday ona olan borcunu qaytarmaqdan müxtəlif bəhanələr gətirərək yayınmışdır. Sədayın ona borclu olmasını bütün ailə üzvüləri və qardaşı Əhlimanda bilmişdir. Sonradan bilmişdir ki, hadisə günü Səday qardaşı ilə 200 nömrəli məktəbin yanında görüşmüşlər. Səday qardaşı Əhlimanın üzərinə özü ilə birlikdə əlavə 3 nəfər tanımadığı adamlarla gəlmiş, qardaşını orada təhqir edib, yumruq təpiklə döyüb xəsarət yetirmişlər. Səday ona qarşı dələduzluq edərək onun etibarından sui-istifadə etməklə külli miqdarda pulunu mənimsədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Səday onun qızının əridir, Əhliman isə Sədayın xalası oğludur. 27 noyabr 2020-ci il tarixdə təxminən saat 11 radələrində Nərimanov rayonu, F.X.Xoyski küçəsinin yaxınlığında kürəkəninin iş yerinə yaxın yerdə o, Əhlimanı görmüşdür. Əhliman Sədayın ünvanına söyüş söyə-söyə gedirdi. Keçidin baş tərəfində o, Əhlimana yaxınlaşmış və demişdir ki, niyə söyüş söyür, yaxşı deyil, axı xala oğludular, aralarında nə baş verib bilmir, amma qohum kimi söhbət etsinlər, münasibətlərini aydınlaşdırsınlar. Lakin Əhliman onun sözlərinə əhəmiyyət verməmiş və ondan aralanıb çıxıb getmişdir. Sonra ona məlum olmuşdur ki, 200 saylı məktəbin yaxınlığında Səday ilə Əhliman görüşmüşlər və dalaşmışlar. O, hadisəni görməmişdir, buna görə də orada kimlərin olduğunu bilmir. Cinayət işinin 12-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 27 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov PPİ-nin 16-cı PB-nin təhqiqatçısı X4 Azərbaycan Respublikası CPM-in 236-cı maddəsinin tələblərini rəhbər tutaraq, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri Nərimanov rayonu, X10 küçəsi 85 saylı ünvandır. Sözü gedən ünvan 200 nömrəli məktəb ilə futbol meydançasının arasında olan piyada yoludur. Piyada yolu asfalt örtüklüdür. Hadisə piyada yolunun üzərində baş vermişdir. Hadisə yerinin yaxınlığında 200 nömrəli orta məktəb, 5 mərtəbəli yaşayış binası və avtomaşınların dayanması üçün meydança vardır. Həmçinin 5 mərtəbəli yaşayış binasının qarşısında “Caspian” ticarət mərkəzi, yaşayış binasının 1-ci mərtəbəsində isə ictimai və iaşə obyektləri vardır. Hadisə yerinə baxış gündüz və təbii işıq şəraitində keçirildi. Baxış zamanı foto çəkilişdən istifadə olundu. Hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyətli hər hansı əşya, predmet götürülmədi. Cinayət işinin 21-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Hüquqi Şəxsin 28 noyabr 2020-ci il tarixli, 892 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sağ gözətrafının hematoması və ağlı qişaya qansızma, sağ qaşüstü nahiyənin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdr, müddəti qərarın təsvuru hissəsində qeyd olunan 27.11.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həm ayrı-ayrılıqda və eləcə də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Cinayət işinin 89-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Telekommunikasiya İdarəsindən daxil olmuş mobil telefon zənglərinə dair CD diskindən edilmiş çıxarşlara dair tərtib edilmiş “Baxış keçirilməsi haqqında” 24 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, 27 noyabr 2020-ci il tarixdə saat 10-42 dəqiqədə, saat 10-47 dəqiqədə, saat 10-48 dəqiqədə, saat 11-08 dəqiqədə, saat 11-14 dəqiqədə, saat 11-25 dəqiqədə, saat 11-49 dəqiqədə ardıcıl olaraq Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə danışıqlarının aparılması, sonuncu dəfə isə onların hər ikisinin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 85 ünvanında 200 saylı orta məktəbin yaxınlığında olmaları müəyyən edilmişdir. 1 ədəd video-disk və mobil telefon danışıqlarına dair çıxarışlar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 102-ci vərəqində olan “Cinayət törətməkdə şübhə olan şəxsin tutulması haqqında” 06 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 117-ci vərəqində olan “CD diskinə köçürülmüş video görüntüyə baxış keçiriməsi haqqında” 07 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Mehman Ələsgərov Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə TŞ-video müşahidə kamerası vasitəsi ilə hadisənin CD diskinə köçürülmüş görüntülərə baxış keçirilmişdir. Video görüntüdən görsənir ki, hadisə 27 noyabr 2020-ci il tarixdə gündüz saat 12-də qeydə alınmışdır, həmin yerdə bir ədəd ağ rəngli markası görünməyən avtomobil hadisə yerinə gələrək dayanır, avtomobildən sürücü Təqsirləndirilən şəxs düşür və küçə ilə addımlayır. Həmin küçə ilə kənar insanların hərəkəti müşahidə edilir. Təxminən həmin yerdən 50 metr qabağa əlavə 3 nəfər kişi çinsli qara rəngli paltarla geyinmiş şəxslər irəlləyir və qarşıda bir yerə yığışaraq dayanırlar. Bundan sonra, bir az keçmiş həmin yerə Zərərçəkmiş şəxs gəldiyi görünür və bundan sonra Təqsirləndirilən şəxs və 3 nəfər şəxs onun üzərinə hücum etdilkəri və yumruq, təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmaları görünür. Zərərçəkmiş şəxs aldığı zərbədən çömbəlir və həmin şəxslər onu döyməkdə davam edirlər. Bundan sonra, Təqsirləndirilən şəxs və onunla hadisə yerində olmuş 3 nəfər şəxsin Əhlimandan aralaşaraq ağ rəngli avtomobilə tərəf iti addımlarla yaxınlaşdıqları və sükan arxasına Səday, digər üç nəfər isə avtomobilin salonunun oturacağına əyləşib hadisə yerində getdikləri görünür. Çəkiliş 27 noyabr 2020-ci il tarixdə olmuşdur. Beləliklə də, video görüntülərdən 4 nəfər şəxsin Zərərçəkmiş şəxs necə döymələri müəyyən olunur. Görüntülərə baxdıqdan sonra, Təqsirləndirilən şəxs döymədə iştirak etmiş 3 nələr şəxsi tanımadığını bildirmişdir. Cinayət işinin 149-153-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-20/2021 saylı, 08.01.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və onun dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. Cinayət işinin 154-155-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 172-173-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi 13.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmuşdur. O, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.10.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 310, 228.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 185-ci vərəqində olan AZE seriyalı 12688156 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 25.11.2006-cı il təvəllüdlü Həsənzadə Məcidin atası Təqsirləndirilən şəxs, anası Həsənova Səadətdir; AA0777198 saylı, 7LT2UPQ FİN nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 27.05.2003-cü il tarixdə anadan olmuşdur. Cinayət işinin 186-cı vərəqində olan Zəngilan Rayon İHB-nin X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 43 saylı, 08.01.2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 189-196-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 yanvar 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisə yerində xuliqanlıq hadisəsinin görüntülərini özündə əks etdirən TŞ video müşahidə kamerasının görüntülərinin köçürüldüyü bir ədəd video diskin mühüm əhəmiyyət kəsb etdiyindən və hadisəsinin görüntülərini özündə əks etdirdiyini nəzərə alaraq, maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış telefon danışıqlarına dair çıxarışlar və həmin zənglərə dair bir ədəd CD diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi ranınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törətmələri məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmadığını, baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (06-08 yanvar 2021-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi tanınmış, cinayət işi üzrə hadisə yerində xuliqanlıq hadisəsinin görüntülərini özündə əks etdirən TŞ video müşahidə kamerasının görüntülərinin köçürüldüyü bir ədəd video disk və cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış telefon danışıqlarına dair çıxarışlar və həmin zənglərə dair bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, cinayət işi üzrə hadisə yerində xuliqanlıq hadisəsinin görüntülərini özündə əks etdirən TŞ video müşahidə kamerasının görüntülərinin köçürüldüyü bir ədəd video disk və cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış telefon danışıqlarına dair çıxarışlar və həmin zənglərə dair bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar