Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-136/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 4, mənzi 29-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, 26 avqust 2024-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 4 saylı evin 60 saylı mənzilin dəhlizində anası Zərərçəkmiş şəxs ilə arasında ailədə birgəyaşayış normalarına riayət etməməsi səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla qəsdən R,Şaliyevanın sifət nahiyəsinə və təpiklə kürək nahiyəsinə vurub ona sol bazunun fluktasiya ilə müşayiət olunan hemotoması, sağ bazunun qançırı, sol əlin İİ barmağının şişkinliyi və qançırı, sağ budun qançırı ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətdə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2019-cu ilin dekabr ayından 2024-cü ilin mart ayının əvvəlinə kimi arvadı İlahə və azyaşlı qızı xx.xx.2015-ci ildə anadan olmuş Aynurla birlikdə Masallı rayonu, Səmidxan kəndində yerləşən həyət evində yaşamışdır. Həmin vaxt anası Ruqiyyə tək Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ünvanını dəqiq bilmədiyi mənzildə yaşamış və arabir Masallı rayonuna yaşadıqları evə gəlib-getmişdir. 2024-cü ilin mart ayında anası Ruqiyyə Masallı rayonuna gəldikdə təklif etmişdir ki, o, ailəsi ilə Bakı şəhərinə köçüb Nərimanov rayonu ərazisində yerləşən mənzildə yaşasın, anası Ruqiyyə isə Masallı rayonu, Səmidxan kəndinə yerləşən həyət evlərinə köçüb orada tək yaşayacaqdır. O, anasının bu təklifinə razılıq verdikdən sonra arvadı İlahə və qızı Aynurə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mənzilə köçərək orada yaşamağa başlamışdır. Həmin ərəfədə isə anası Masallı rayonu, Səmidxan kəndində yerləşən evlərinə köçərək orada yaşamış və arabir Bakı şəhərinə yaşadıqları evə gəlib baş çəkmişdir. Anası Ruqiyyə yaşadıqları evə gəldikdə evdə olan əşyaların onun və ailə üzvləri tərəfindən qırılmasını və ya evə natəmiz baxmaqlarını irad tutub ona ailə üzvləri ilə həmin evdən çıxıb kirayə evinə köçməyini demiş və bu səbəbdən aralarında bir-neçə dəfə qeyd olunan narazılıqla bağlı mübahisələri olmuşdur. Anasının yaşadıqları evə gələrək əsassız mübahisələr yaradaraq onu evdən çıxarmaq niyyətini başa düşüb, növbəti dəfə anası Ruqiyyə yenidən mənzilə gəldikdə o, qapını açmayaraq sonuncunun mənzilə daxil olmasına icazə verməmişdir. Düşünmüşdür ki, iş yeri tapıb, sonra kirayə ev tapıb ailəsi ilə həmin evə köçdükdən sonra mənzili boş vəziyyətdə anasına təhvil versin. Lakin uzun müddət iş tapa bilmədiyi üçün həmin mənzildən kirayə evə çıxa bilməmiş və bu səbəbdən evi anasına təhvil verə bilməmişdir. Sonuncu dəfə 26 avqust 2024-cü il tarixdə anası Ruqiyyə mənzilə gəlib qapını döyərək yenidən evə girmək istədikdə o, mənzilin qapısını açıb onun içəri daxil olmasına icarə verməmiş, qapının arxasından danışaraq sonuncudan nə üçün gəldiyini soruşmuşdur. Anası Ruqiyyə qapını təpiklə vuraraq açmağını və evə buraxmağını tələb etmişdir. O isə çıxıb getməyini bildirməklə evə girməsinə icazə verməmişdir. Düşünmüşdür ki, mənzilə gəlməkdə niyyəti evdə sözsöhbət salıb onu evdən çıxarmaqdır. Həmin vaxt evdə arvadı İlahə və azyaşlı qızı Aynur olmuşdur. Bundan sonra anası Ruqiyyə çıxıb getmiş və bir müddət sonra Polis şöbəsindən ona zəng edib şöbəyə gəlməyini təklif etmişlər. O, Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə gəldikdə məlum olmuşdur ki, anası Ruqiyyə həmin gün qeyd olunan şöbəyə gələrək guya bir az əvvəl yaşadıqları evə gəldikdə onun təpik və yumruqla döyərək xəsarət yetirməyi barədə şikayət ərizəsi yazmışdır. O, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, qeyd olunan tarixdə anası mənzilə gəldikdə evin qapısını açıb sonuncunun içəri daxil olmasına imkan verməmişdir. Hazırda da qeyd edir ki, anasının məqsədi onun ailəsinə nifaq salmaq, onları evdən çıxarmaqdır. Anasının döyülmə barədə şikayəti şər və böhtandır. Anasının bədəni üzərində aşkar olunan xəsarətləri özü-özünə yetirmişdir. Ekspertiza rəyinə əsasən bu xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsinin mümkünlüyünün istisna olunması barədə qeyd edir ki, ola bilsin ekspert düzgün rəy verməmişdir. Çünki anasının elə bir xasiyyəti var, çox vaxt özünə xəsarət yetirib onun barəsində şikayət etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs arvadı İlahə və azyaşlı qızı Aynurla birlikdə Masallı rayonu, Zəlimxan kəndində yerləşən həyət evində yaşayırdılar. Həmin ərəfədə o tək Nərimanov rayonu ərazisində yerləşən qeyd olunan evdə yaşamışdır. Oğlu Elnur heç bir yerdə işləmədiyindən və narkotik vasitələrinin aludəçisi olduğundan Masallı rayonunda kənddə yaşadığı müddətdə özbaşına evin əşyalarını, giriş darvazasını və hasarını söküb satmışdır. Bununla yanaşı hərəkətləri ilə kənddə olan qonşuların narazılığına səbəb olmuşdur. 2024-cü ilin mart ayında Elnur ondan xahiş etmişdir ki, o, ailəsi ilə müvəqqəti Bakı şəhərinə gəlib onun yaşadığı evdə yaşasınlar və sonra kirayə ev tapıb həmin evə köçəcəkdir. O Elnurun müvəqqəti kirayə ev tapana kimi ailəsi ilə özünün yaşadığı evdə qalmalarına razılıq vermiş və 2024-cü ilin mart ayından oğlu Elnur arvadı İlahə və azyaşlı qızı Aynurla birlikdə Bakı şəhərinə gəlib yaşadığı evdə qalmağa başlamışlar. Bir neçə ay keçməsinə baxmayaraq görmüşdür ki, oğlu Elnur vəd verdiyi kimi kirayə ev tapıb onun yaşadığı evdən çıxaraq kirayə tutduğu evə köçməsi üçün heç bir addım atmır. Bu səbəbdən oğlu Elnurla aralarında narazılıqlar yaranmış və o sonuncudan ailəsi ilə birlikdə yaşadığı evdən çıxmasını tələb etmişdir. Buna baxmayaraq Elnur onun tələbinə əhəmiyyət verməyərək onun yaşadığı evdən çıxmamışdır. Şəxsi işləri ilə bağlı o, Masallı rayonuna getmiş və Bakı şəhərinə qayıtdıqda Elnur onun yaşadığı evə girməyinə imkan verməmişdir. Sonuncu dəfə 26 avqust 2024-cü il tarixdə saat 16 radələrində evinə daxil olmaq üçün Nərimanov rayonu ərazisində yerləşən qeyd etdiyi mənzilə gəldikdə oğlu Elnur qapını açıb dəhlizdə ünvanına söyüşlər söyüb evə buraxmayacağını və onun çıxıb başqa yerə getməyini demişdir. O sonuncuya demişdir ki, həmin ev özünə məxsusdur və onu evə buraxmamasına ixtiyarı yoxdur. Bundan sonra Elnur əsəbiləşərək bir neçə dəfə təpiklə onun ayaqlarından və yumruqla kürəyindən, sifətindən vurmuşdur. Elnurun onu vurması nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Buna görə o istifadəsində olan mobil nömrə ilə DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə 18-ci Polis şöbəsinin əməkdaşları və təcili tibbi yardım maşını gəlmiş, tibb işçiləri ona aldığı xəsarətlə bağlı tibbi yardım göstərmiş və sonra polis əməkdaşları hadisə ilə bağlı ondan ərizə almışlar. Bədəni üzərində olan xəsarətləri oğlu Elnur 26 avqust 2024cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, ünvan 4, 29 saylı mənzilin dəhlizində təpik və yumruqla bədəninin müxtəlif yerlərinə vuraraq yetirmişdir. Hadisə zamanı ətrafda yaşayan qonşular və ya kənardan kimsə hadisə yerinə gəlməmiş, baş vermiş hadisəni kimsə görməmişdir. Hazırda Elnur öz ifadəsində təqsirini etiraf etməsə də, onun övladıdır, ona görə Elnurla barışmışdır, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-in sahə rəisi Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:04 radələrində işlədiyi polis şöbəsinə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətindən məlumat daxil olmuş, məlumat verən şəxs Zərərçəkmiş şəxs oğlu tərəfindən döyüldüyünü bildirmişdir. Hadisə onun xidməti ərazisində baş verdiyi üçün o, Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlayıb Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 41, 29 saylı mənzilə gəldikdə Ruqiyyə xanım oğlu Elnur adlı şəxsin onu evə qoymayaraq döydüyünü və söydüyünü demişdir. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər olduğunu özü də görmüşdür. Zərərçəkmiş şəxs həmin xəsarətləri oğlu Elnurun onu döyərək yetirdiyini bir daha bildirmişdir. Bundan sonra təhqiqatçı şikayətçi Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı ərizə və izahatını almışdır. Həmin vaxt hadisənin törədilməsində şübhəli olan Elnur adlı şəxsi hadisə ilə bağlı işlədikləri şöbəyə dəvət etmək üçün olduğu mənzilin qapısını döymüşlər. Mənzildə olan Təqsirləndirilən şəxs mənzilin qapısını açmadan onlara cavab verib nə istədiklərini soruşmuşdur. Onlar nə üçün anasını döydüyünü soruşduqda Təqsirləndirilən şəxs qapının arxasından cavab verərək: “Əcəb edib döymüşəm, anamla özümüz bilərik” demişdir. Onlar həmin şəxsə Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs bir azdan özünün polis şöbəsinə gələcəyini bildirmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş tibb işçiləri Zərərçəkmiş şəxs xəsarətləri ilə bağlı tibbi yardım göstərmişlər. Zərərçəkmiş şəxs hadisə yerində ona və digər polis işçilərinə bədəni üzərində olan xəsarətləri oğlu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı evə gəldikdə döyərək yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onun ibtidai istintaq dövründə verdiyi, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadəsi elan edilmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. İfadədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə 2011-ci ildən rəsmi ailə nikahına girmiş və həmin vaxtdan ər-arvad kimi birlikdə yaşamışdır. Birgə nikahlarından bir azyaşlı uşaqları vardır. 2012-ci ildə ailə qurduqdan sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. 2019-cu ilin dekabr ayından 2024-cü ilin mart ayının əvvəlinə kimi ailəsi ilə birlikdə əri Elnurun ailəsinə məxsus olan Masallı rayonu, Səmidxan kəndində yerləşən həyət evində yaşamışlar. Həmin vaxt qaynanası Ruqiyyə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ünvanını dəqiq bilmədiyi mənzildə tək yaşamış və arabir Masallı rayonuna yaşadıqları evə gəlib- getmişdir. 2024-cü ilin mart ayında qaynanası Ruqiyyə Masallı rayonuna gəldikdə əri Elnura təklif etmişdir ki, ailəsi ilə Bakı şəhərinə köçüb Nərimanov rayonu ərazisində yerləşən mənzildə yaşasın, qayınanası Ruqiyyə isə Masallı rayonu, Səmidxan kəndində yerləşən həyət evlərinə köçüb orada tək yaşayacağına qərar vermişdir. Əri Elnur anasının bu təklifinə razılıq verdikdən sonra onlar birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mənzilə köçərək orada yaşamağa başlamış, həmin ərəfədə isə qaynanası Masallı rayonu, Səmidxan kəndində yerləşən evlərinə köçərək orada yaşamış və arabir Bakı şəhərinə yaşadıqları evə gəlib baş çəkmişdir. Qaynanası Ruqiyyə yaşadıqları evə gəldikdə evdə olan əşyaların onun və ailə üzvləri tərəfindən qırılmasını və ya evə natəmiz baxmaqlarını irad tutub əri Elnura həmin evdən çıxıb kirayə evinə köçmələrini demiş və bu səbəbdən əri Elnurun anası Ruqiyyə ilə aralarında bir neçə dəfə qeyd olunan narazılıqla bağlı mübahisələri olmuşdur. Qaynanasının yaşadıqları evə gələrək əsassız mübahisələr yaradaraq onları evdən çıxarmaq niyyətini başa düşüb, əri Elnur qərara almışdır ki, növbəti dəfə qaynanası Ruqiyyə yenidən mənzilə gəldikdə sonuncunun mənzilə daxil olmasına icazə verməsin. Düşünmüşdür ki, əri Elnur iş yeri tapıb sonra kirayə ev tutaraq ailəliklə həmin evə köçdükdən sonra mənzili boş vəziyyətdə qayınanasına təhvil verəcəkdir. Lakin əri Elnur uzun müddət iş tapa bilmədiyi üçün həmin mənzildən kirayə evə çıxa bilməmiş və bu səbəbdən evi qayınanasına təhvil verə bilməmişlər. Sonuncu dəfə 26 avqust 2024-cü il tarixdə qayınanası Ruqiyyə mənzilə gəlib qapını döyərək evə girmək istədikdə əri Elnur giriş qapısını açıb onun mənzilə daxil olmasına imkan vermədiyi üçün onlar mənzilin dəhlizində söhbət etmişlər. Həmin vaxt qaynanası Ruqiyyə əri Elnura ailəsi ilə birlikdə evdən çıxmasını demiş, Elnur isə demişdir ki, ev atasının evidir və çıxası deyildir. Bu səbəbdən onların arasında mənzilin dəhlizində mübahisə olmuş və sonunda əri Elnur onu itələyib özündən aralaşdırdıqdan sonra mənzilə daxil olub giriş qapısını bağlamış və anasının mənzilə daxil olmasına imkan verməmişdir. Bundan sonra qayınanası Ruqiyyə çıxıb getmiş və bir müddət sonra oraya Nərimanov RPİ-nin 18-ci Polis şöbəsindən əri Elnura zəng vurub şöbəyə gəlməyini demişlər. Əri Elnur qeyd olunan polis şöbəsinə getdikdə orada məlum olmuşdur ki, anası Ruqiyyə həmin gün qeyd olunan şöbəyə gedərək bir az əvvəl yaşadıqları evə gəldikdə əri Elnurun onu təpik və yumuruqla döyərək xəsarət yetirməsi barədə şikayət ərizəsi yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən yeni tikili binanın 10-cu mərtəbəsində yerləşən 29 saylı mənzilin qarşısıdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v 12-13) Məhkəmə-tibbi ekspertizanın 29 avqust 2024-cü il tarixli 1007 saylı rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bazunun fluktasiya ilə müşayiət olunan hemotoması, sağ bazunun qançırı, sol əlin İİ barmağının şişkinliyi və qançırı, sağ budun qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. (i.v 15-17) xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, (i.v 33-34) Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2009cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək CM-nin 62-ci maddəsi tətbiq olunaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 7 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Nərimanov RPİ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən bəraətverici əsas olmadan xitam verilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün icraatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. (i.v 76- 77) Qətimkan tədbirinin seçilməsi haqqında 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v 90-91) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməklə həbs qətimkan tədbiri seçilmiş və axtarış elan olunmuşdur. (i.v 143- 144) Axtarışda olan şəxsin tutulması haqqında 8 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:30 radələrində tutulmuş və bu tarixdən etibarən həbsdədir. (i.v 151) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam ödənilmişdir və ona qarşı şikayət və tələbi yoxdur. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nəticələri əsaslandıran hallar: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin əvvəllər Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən bir dəfə cinayət məsuliyyətindən azad olunduğuna görə hazırda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs ona ittiham elan olunmuş əməl üzrə özünü təqsirli bilməməsi barədə məhkəmə icraatı zamanı verdiyi ifadələrini öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirməklə bu xüsusatlara münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs özünü məhkəməyədək icraat zamanı, eyni zamanda məhkəmə baxış iclasında Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilməmiş, anası Zərərçəkmiş şəxs döymədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən də görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bazunun fluktasiya ilə müşayiət olunan hemotoması, sağ bazunun qançırı, sol əlin İİ barmağının şişkinliyi və qançırı, sağ budun qançırı xəsarətləri aşkar olunmuş və bu xəsarətlərin xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi müəyyən edilmişdir. Habelə, ekspertiza ilə xəsarətlərin xarakteri və lokalizasiyası nəzərə alaraq onların şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsinin inandırıcı olması istisna olunmuşdur. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadəsini təkzib etmişdir. Eyni zamanda Şahid2 bu faktı məhkəmə iclasında verdiyi ifadəsi ilə təsdiq etmiş, Zərərçəkmiş şəxs ona oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bildirməsini, habelə bu barədə Təqsirləndirilən şəxs soruşduqda sonuncu şəxsin ona: “Əcəb edib döymüşəm” - deməsini qeyd etmişdir. Habelə, Şahid3 da ibtidai istintaq orqanı tərəfindən dindirilərkən bu xüsusatları təsdiq etmişdir. Bundan başqa qeyd edilməlidir ki, bu hadisədən əvvəl də bu şəxslər arasında oxşar hadisələr baş vermiş, bir dəfə Nərimanov RPİ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən bəraətverici əsas olmadan xitam verilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə təqsirli bilinərək ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Bundan başqa qeyd edilməlidir ki, Şahid1 Təqsirləndirilən şəxs arvadıdır və ibtidai istintaq zamanı verdiyi ifadəsində əri və Zərərçəkmiş şəxs hadisə vaxtı yalnız mübahisə etdiklərini və ərinin Zərərçəkmiş şəxs itələdiyini göstərməsi özüyündə bu şəxslər arasında hadisənin baş verdiyini qismən təsdiq edir. Təbii ki, Şahid1 Təqsirləndirilən şəxs yaxın qohumudur və ona görə maraqlarına uyğun ifadə vermişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə məhkəmə icraatı zamanı verdiyi ifadəsini öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirir və əsassız hesab olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi iki cinayət əməlinə görə məhkum olunmasını və bir cinayət əməli üzrə bəraətverici əsas olmadan cinayət məsuliyyətindən azad olunmasını, yenidən cinayət əməli törətməsini, xüsusilə sonuncu cinayət əməllərini anasına qarşı törətməsini onunun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Habelə, bu şəxsin sonuncu dəfə Masallı Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən sağlamlıq əleyhinə törətdiyi cinayət əməlinə görə təqsirləndirilməsi onu deməyə əsas verir ki, cəzanın məqsədinə nail olmaq üçün azadlığın məhdudlaşdırılması cəzasından daha ciddi cəzanın təyin olunmasına zərurət vardır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə mülki iddianın olmamasını və vurulmuş ziyanın ödənilməsini, habelə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 4 iş saatına görə 6 manat, 10 iş saatına görə isə 11 manat hesablanmaqla, ümumilikdə 134 (yüz otuz dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək hər iş saatına görə 6 (altı) manat hesablanmaqla 4 iş saatına görə 24 (iyirmi dörd) manat, xx.xx.2025-ci il tarixdən sonra hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla 10 iş saatına görə 110 (yüz on) manat olmaqla ümumilikdə 134 (yüz otuz dörd) manat məbləğində vəsait dövlət büdcəsindən “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 8 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək hər iş saatına görə 6 (altı) manat hesablanmaqla 4 iş saatına görə 24 (iyirmi dörd) manat, xx.xx.2025-ci il tarixdən sonra hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla 10 iş saatına görə 110 (yüz on) manat olmaqla ümumilikdə 134 (yüz otuz dörd) manat məbləğində vəsait dövlət büdcəsindən “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №1(005)-136/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-136/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver