Məhkəmə qərarları › İş №1(005)-137/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-137/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-137/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hal-hazırda barəsində “həbs" qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz, atəşə yararlı, kustar üsulu ilə hazırlanmış 5.6 mm kalibrli, revolver sistemli, yivsiz odlu silah hesab edilən 01 ədəd tapançanı, zavod üsulu ilə istehsal olunmuş, Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yaralı, döyüş sursatı hesab edilən 03 ədəd 5,6 mm kalibrli patronları qanunsuz olaraq əldə edib özündə saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığına qədər üzərində qanunsuz gəzdirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 avqust 2020-ci il tarixdə saat 10.00-da Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib Baş İdarədə xidməti otaqların birində həmin gün saat 11.31-dən etibarən üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının arxa tərəfində kəmər hissədə qanunsuz olaraq əldə etməklə gizlədib saxladığı 01 ədəd 5,6 mm kalibrli revolver sistemli odlu silah tapança və içərisində olan 03 ədəd döyüş sursatı hesab edilən 5,6 mm kalibrli patron aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, ailəlidir və iki azyaşlı uşağı var. “Meydanoğlu MMC"-də sürücü vəzifəsində çalışmışdır. 11 avqust 2020-ci il tarixdə səhər saat 10 radələrində 28 May metrostansiyasının qarşısında 5-6 nəfər mülki geyimli şəxs anidən ona fiziki zor tətbiq edərək əl-qolunu tutub idarə etdiyi maşına zorla əyləşdirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. İdarəyə gətirilməsinin səbəbini soruşduqda ona heç kəs cavab verməmişdir. Daha sonra İdarədə adını bilmədiyi əməkdaş tərəfindən döyülmüş və daha sonra silahı boynuna almağını bildirmişdir. O, onda heç bir silahın olmadığını deyərək əl çəkmələrini istəmişdir. Üzərindən aşkar olunmuş silahın ona heç bir aidiyyəti yoxdur. Qeyd etdiklərinə səbəb isə onunla Sumqayıt şəhərində qonşuluqda yaşayan Osmanov Termiranın polis orqanına şikayət etməsi olmuşdur. Belə ki, X3 ibadətlə məşğul olmağında onu günahlandırır. Lakin Vasifin ibadətlə məşğul olması ilə onun heç bir aidiyyəti yoxdur. 2020-ci ilin iyun ayında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə inspektoru onu bölməyə çağıraraq Termira Osmanovanı təhqir etməyi ilə bağlı şikayət olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, Termira onun oğlu Vasifi ibadətə cəlb etdiyindən də şikayətçidir. Bir müddət sonra tarixini xatırlamadığı vaxtda Termira onun yaşadığı binanın blokunda onun üzərinə hücum etmiş, oradan uzaqlaşdıqdan sonra isə 102 xidmətinə zəng edərək onun tərəfindən döyüldüyünü bildirmişdir. Daha sonra Termiranın döyülmə faktına görə barəsində cinayət işi açılmış və iş yekunlaşdırılaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 6 ay müddətinə həbs edilmişdir. Hazırda da tutulmasının səbəbkarı Termira Osmanovadır. Göstərilənlərin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azəıbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 11 avqust 2020-cu il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 18.04.1982-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla İdarənin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 11 avqust 2020-ci il tarixli qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 10:00 radələrində Bakı şəhəri. Nəsimi rayonu ərazisində yerləşən metronun ”28 May" stansiyasının qarşısında “Ford Transit” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsi təklif edilmiş, həmin şəxs özünü təqdim elədikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib üzərində saxlamaqla gəzdirməkdə şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək üzərində saxlamaqla gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini və üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə 11.08.2020-ci il tarixdə videoçəkilişlə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi, axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa tərəfində kəmər hissədən çıxardaraq bir ədəd tapançanı, şalvarının sol yan cibindən idarə etdiyi avtomobilə məxsus 01 ədəd və yaşadığı mənzilə məxsus 01 ədəd açarı, şalvarının sağ yan cibindən 1 manat pulu, şalvarının sağ arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sol arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi tapançaya oxşar dəmir predmet yoxlanılan zaman həmin predmetin üzərində olan sandıqçanın içindən 03 ədəd patron aşkar olunmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapançanı təxminən 5-6 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulan yerdən təsadüfən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin tapançanı götürüb özündə saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd tapança tipli odlu silaha oxşar predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş avtomobilə və mənzilə aid açarlar, həmçinin 1 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış. Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və “Redmi" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi ‘’Ford Transit" markalı avtomobilə baxış keçirilmiş lakin avtomobildən sübut əhəmiyyətinə malik ola biləcək hər-hansı əşya aşkar olunmamışdır. Baxışın keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 avqust 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaqının aparılması üçün icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 11 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 11 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa kəmər hissəsində olan bir ədəd tapançaya oxşar dəmirdən hazırlanmış predmeti təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi tapançaya oxşar dəmir predmet yoxlanılan zaman həmin predmetin üzərində olan sandıqçanın içindən 03 ədəd patron aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Baxış və götürmə aparılması haqqında 11 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Ford Transit” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 11 avqust 2020-ci il tarixli 20/393R nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş silah, kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, revolver sistemi, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. - Eksperimental atəşlər zamanı əldə olunmuş gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisə edilib. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Təqdim edilmiş 03 ədəd 5,6 mm kiçik kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 4(005)- 929/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 avqust 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 5(008)- 684/2020 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmimə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili Tural Yaqubovun tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 11 avqust 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Toğrul Arazlıya ünvanlandığı 02 sentyabr 2020-ci il tarixli 5500 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Toğrul Arazlıya ünvanlandığı 05 sentyabr 2020-ci il tarixli 19/51-8266 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmayıb. Maddi sübut hesab edilməsi haqqında 03 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 5,6 mm kalibrli revolver sistemli silah, eksperimental atəşlərdən sonra qalıq qalan 02 ədəd 5,6 mm kiçik kalibrli patronlar cinayət işi üzrə maddi sübut hesab edilsin və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2020-ci il tarixli, 4(005)- 1245/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 11 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 26.06.2020-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilib. Azərbaycan Respublikası Sumqayıt İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyi 8 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 1607 nömrəli, 02.10.2010-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı 1989-cu il təvəllüdlü X1, oğlu 2013-cü il təvəllüdlü X9 oğlundan və qızı 2018-ci il təvəllüdlü X2 ibarətdir. Sumqayıt Şəhər Məhkəməsinin 12.11.2020-ci il tarixli, 1(060)-348/2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 12 noyabr 2020-ci il tarixdən hesablanması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv olunması və hazırda barəsində CM-nin 228.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması hökm edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 4(005)- 7/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 11 mart 2021-ci il tarixədək uzadılmışdır. Sübutların qiymətləndirilməsi haqqında 12 yanvar 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununda dəyişiklik edilməklə ona yeni məzmunda ittiham elan edilməsi və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və sübutların götürülməsini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması qərara alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 13 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elən olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli, 1(105)-198/2021 nömrəli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-348/2020 saylı, 12 aprel 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs və müdafiəçisi X5 tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 11 avqust 2020-ci il tarixdə, yəni Sumqayıt Şəhər Məhkəməsinin 12.11.2020-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Sumqayıt Şəhər Məhkəməsinin hökmü çıxarılmamışdan əvvəl törətsə də, lakin onun barəsində cinayətlərin məcmusu üzrə cəza təyin edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 12.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəza çəkmə müddətinin əvvəlinin 12 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökm Sumqayıt Apellyasiya məhkəməsinin 04.06.2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 12 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Həmçinin göründüyü kimi, Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş cəza müddəti 12 may 2021-ci il tarixdə başa çatmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını hazırda çəkdiyindən onun barəsində cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 11 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs oğlundan götürülmüş bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 5,6 mm kalibrli revolver sistemli silah, eksperimental atəşlərdən sonra qalıq qalan 02 ədəd 5,6 mm kiçik kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 11 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 5,6 mm kalibrli revolver sistemli silah, eksperimental atəşlərdən sonra qalıq qalan 02 ədəd 5,6 mm kiçik kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar