Məhkəmə qərarları › İş №1(005)-137/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-137/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-137/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:20 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Wolt şirkətində kuryer işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 25 sentyabr 2023-ci il tarixdə saat 17 radələrində idarə etdiyi 99-F-526 dövlət qeydiyyat nişanlı motosikletinə yanacaq vurmaq üçün Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti 881/884 ünvanında yerləşən "Azpetrol" yanacaq doldurma məntəqəsində olarkən, həmin vaxt qarşısında Zərərçəkmiş şəxsn idarə etdiyi "Dodge Calibr" markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya verərkən, yanacaq doldurma məntəqəsinin dəmir məhəccərinə toxunduğunu görüb heç bir əsaslı səbəb olmadan sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədərək, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, Zərərçəkmiş şəxs üzərində zor ətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib sonuncunun sol və sağ sifət ahiyələrindən yumruqla bir dəfə vuraraq ona, sol və sağ yanaq nahiyələrinin iç səthində bir ədər qanayan cərrahi tikişə ehtiyacı olan əzilmiş yaraları, üst çənədə mərkəzdən sola 27, alt ənədə mərkəzdən sağa 4 dişlərin diş yuvalarında travmatik laxlamaları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid ədilən xəsarətləri yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində özünə məxsus 99-F-526 dövlət qeydiyyat nişanlı motosikletə yanacaq doldurmaq üçün Nərimanov rayonu Vaqif prospekti 881/884 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə getmiş, həmin vaxt əvvəllər tanımadığı yaşlı bir şəxs “Dodge Calibr” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa-arxaya verib yanacaq doldurma yerinə yaxınlaşmaq istəyərkən, avtomobilin içərisindən ondan kənara çəkilməyini işarə etmişdir. Həmin zaman İlyas adlı şəxsə avtomobilini səhv idarə etdiyini, sükanı əks tərəfə çevirməli olduğunu bildirmişdir. Bu zaman həmin şəxs avtomobilin arxa hissəsini yanacaq doldurma məntəqəsinin dəmir məhəccərinə vurmuşdur. Daha sonra İlyas adlı şəxs avtomobilini qabağa verib ona “sənə demədim çəkil” deyərək qışqırmışdır. Təqsirləndirilən şəxs həmin vaxt sonuncuya “Dəlisən, maşın sürə bilmirsən, harasa vurursan acığını məndən çıxırsan?!” demiş və idarə etdiyi motosikletlə oradan uzaqlaşmaq istəmişdir. İlyas adlı şəxs isə “indi mən sənə göstərəcəm!” deyərək avtomobildən düşüb üzərinə gəlmiş və ona “Boynu yoğun sənin atandı! Tərbiyə verənindi!” deyərək qışqırmağa başladıqda ondan danışığına fikir verməsini tələb etmişdir. Lakin, İlyas adlı şəxs yenə də dediyi sözləri təkrar edərək üzərinə gəldikdə əsəblərinə hakim ola bilməyib özünü müdafiə etmək məqsədi ilə İlyas adlı şəxsə bir dəfə yumruqla vurmuşdur. Bundan sonra, orada işləyən əməkdaşlar onlara yaxınlaşıb ayırmışlar. Həmin vaxt İlyas da onun sifət nahiyəsindən vurmuşdur. Lakin, İlyasın onu vurması nəticəsində heç bir xəsarət almadığı üçün heç bir tibb müəssisəsinə müraciət etməmiş, eləcə də məhkəmə-tibbi ekspertizasından keçməmişdir. Hazırda da heç bir xəsarəti yoxdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onun dalaşmaq, kiməsə zərər yetirərək, xuliqanlıq etmək niyyəti olmamış, o, zərərçəkmiş şəxsin onu nalayiq ifadələrlə təhqir etdiyini düşünüb hər kəsin içində üzərinə gəlməsi və yüksək səslə onu və onun ailəsini təhqir etməsi nəticəsində əsəblərini cilovlaya bilməyərək onu susdurmaq məqsədi ilə vurmuşdur. Heç bir halda xuliqanlıq niyyətinin olmadığını bildirmişdir. Son olaraq o, əməlindən peşman olmasını, ilk dəfədir cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində idarə etdiyi “Dodge Caliber” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq vurmaq üçün Nərimanov rayonu, Vaqif prospekti 881/884 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə getmiş, həmin vaxt idarə etdiyi avtomobili yanacaq doldurma aparatının qarşısında saxlamaq üçün arxa-arxa idarə etməli olmuşdur. Bu vaxt ondan arxada 99-F- 526 dövlət qeydiyyat nişanlı motosikletli kuryer motosikletini saxlamışdır. Avtomobilini arxaya verərkən motosiklet sürücüsünə çəkilməsini demişdir, bu zaman avtomobilinin arxa tərəfi yanacaq doldurma məntəqəsinin dəmir məhəccərinə dəymiş, bu vaxt ondan sağ tərəfədə olan həmin motosikletin sürücüsü ona “boynu yoğun çön arxaya bax!” deyə bildirmişdir. Bu vaxt avtomobildən düşüb ona “Boynu yoğun sənin Atandı, tərbiyə verənindir!” deyə bildirmiş, bundan sonra həmin kuryer mübahisə zamanı onun sifət nahiyəsindən bir dəfə vurmuşdur. Daha sonra özü də Şamilin yaxasından tutmuş, lakin onu vurmamış və orada olan şəxslər onları ayırmışlar. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, göstərilənləri nəzərə alıb müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən etibarən Nərimanov rayonu Vaqif prospekti 881/884 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində kassir-operator işləyir. xx.xx.2023cü il tarixdə təxminən saat 17 radələrində işdə olarkən, onun istirahət vaxtı idi. Hadisəni tam görməsə də daha sonradan yanacaq doldurma məntəqəsinin qabaq tərəfindən səsküy eşitmiş, bundan sonra görmüşdür ki, kuriyer ilə “Dodge” markalı avtomobilin sürücüsü mübahisə edir. Onların nə üstündə mübahisə etdiyini bilməmiş, lakin yaşlı kişinin aqresiv olduğunu, kuryerin isə daha sakit olduğunu müşahidə etmişdir. Mübahisənin növbə üstündə baş veridyini fikirləşmiş və bir-iki dəqiqə çəkən mübahisə zamanı oradakı işçilər tərəfindən şəxslər sakitləşdirilmişdir. Məhkəmənin sualına cavab olaraq kimin kimi vurmasını görməsə də yaşlı kişinin aqresiv olmasını və əl-qol atmasını müşahidə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti 881/884 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində kassir oparator işləyir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində yanacaq doldurma məntəqəsinə gələn müştərilərə xidmət edən zaman dayandığı yerdən yanacaq doldurma məntəqəsinin çıxış hissəsində səs-küy olduğunu eşitmiş, baxanda görmüşdür ki, motosiklet sürücüsü ilə “Doodge” markalı avtomobilin sürücüsü dalaşır. Həmin vaxt dəqiq olaraq kimin-kimi vurduğunu görməsə də, “Doodge” markalı avtomobilin sürücüsünün üzü qanamışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti 881/884 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində kassir oparator işləyir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində kassanın yanında dayanan zaman yanacaq doldurma məntəqəsinin çıxış hissəsində səs-küy eşitmiş, YDM-də olan hər kəs həmin yerə tərəf yaxınlaşıb nə baş verdiyinə baxdığı üçün özü də digər şəxslər kimi oraya yaxınlaşmışdır. Həmin vaxt motosiklet sürücüsü ilə “Doodge” markalı avtomobilin sürücüsünün mübahisə etdiyini görmüşdür. Tam olaraq hadisənin nəyin üstündə başlaması, kimin kimə vurmasını görməmişdir. Eşitdiyinə görə ağsaqqal kişi kuriyerə qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” 25 sentyabr 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti 881/884 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma mərkəzində baş vermişdir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X4” X9 29 sentyabr 2023-cü il tarixli, 1235 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs Bəhram oğlunda aşkar edilmiş xəsarətlər- sol və sağ yanaq nahiyələrinin iç səthində bir qədər qanayan cərrahi tikişə ehtiyacı olan əzilmiş yaralar üst çənədə mərkəzdən sola 27, alt çənədə mərkəzdən sağa 4 dişlərin diş yuvalarında travmatik laxlamaları-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə istintaqında tədqiq edilmiş Diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixirli protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs motosikletində əyləşmişdir, Zərərçəkmiş şəxs avtomobilini arxa-arxaya verərək yanacaq doldurma məntəqəsinin dəmir məhəccərinə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs avtomobildən enərək Şamiq Qasımovun yanına gələrək nəsə danışır, daha sonra şəxslər bir-birləri ilə mübahisə edir və bir-birlərinə əl-qol atır, bu zamanda yanacaq doldurma məntəqəsinin əməkdaşları onları ayırmağa çalışır. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X5 Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd edilən xəstəxanada Təqsirləndirilən şəxs müalicə almamışdır. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd edilən xəstəxanada Təqsirləndirilən şəxs müalicə almamışdır. Məhkəmə istintaqında tədqiq edilmiş “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Məzil Tikinti Kooperativinin İdarə Heyəti tərəfindən təqdim edilən arayış və xasiyyətnamadən görünür ki, Təqsirləndirilən şəxs atası, bacısı və qarşadı ilə birlikdə Biləcəri qəsəbəsi, Xaqani küçəsi 2 nömrəli evin 68-ci mənzilində yaşayır və yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirlən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, hadisənin baş verməsinə dair video görüntülər olan 01 ədəd CD disk və həmin diskə baxış protokolu və ekspert rəyi sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs Bəhmən oğlunun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqında tədqiq edilmiş AZ-İ № 939602 nörməli Azərbaycan Respublikası Ölüm Haqqında Şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs anası X7 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmiş, Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 25 sentyabr 2023-cü il tarixdə baş vermiş hadisənin iştirakçıları, səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 25 sentyabr 2023-cü il tarixdə Şamil və İlyasın arasında ilkin olaraq sözlü mübahisə başlamış, İlyas avtomobilindən enərək Şamilə yaxınlaşmış yüksək səslə təhqir edici ifadələr işlətmiş bu hal Şamili əsəbləşməsinə və özünü cilovlaya bilməyərək İlyasa əli ilə vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə gətirib çıxartmışdır. Cinayət işinin hallarından görünür ki, hadisə ani vaxtda baş vermiş və tamamlanmış, davam etməmişdir. Hadisənin əks etdirən videogörüntü ilə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs motosikletin üzərində əyləşmiş vəziyyətdədir, İlyas adlı şəxs isə avtomobilinə arxa-arxaya verərkən yanacaq doldurma məntəqəsinin dəmir məhəccərinə avtomobilini vurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs motosikletin üzərindən enməmiş, ifadələrdən aydın olur ki, Təqsirləndirilən şəxs avtomobilini düzgün idarə etməyini irad bildirməsi ilə Zərərçəkmiş şəxs aqresiv halda avtomobildən enərək, Təqsirləndirilən şəxs tərəf gəlmiş, özünün bildirdiyi kimi Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmişdir, daha sonra mübahisə yaranmış bu səbəbdən, Şamil əli ilə İlyası itələyərək yumruqla zərbə endirmişdir. Hadisə 2-3 dəqiqə içərisində baş vermişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxsin onun ünvanına mübahisənin yaranmasına səbəb olan nalayiq formada ailəsini təhqir etməsinə görə formalaşmış intiqam hissinin nəticəsində baş vermişdir. Təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəmnində başlamış çərçivədən çıxmamışdır. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, aralarında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində baş verdiyindən, əməlində CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı xuliqanlıq cinayətinin formal tərkibli olmasına lazımi səviyyədə yanaşmayaraq əməlin xuliqanlıq hərəkətləri kimi tövsifini yalnız hadisənin baş verdiyi yerə görə qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, hadisənin Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti 881/884 ünvanında yerləşən Azpetrol yanacaq doldurma mərkəzində baş verməsi, yəni ictimai hesab edilən yerdə baş verməsi, əməlin xuliqanlıq kimi tövsif edilməsinə kifayət etmir. Həmçinin mübahisə qısa müddətdə davam etmiş və bu mübahisə nəticəsində müəssisə işçiləri üçün heç bir həyat və fəaliyyəti üçün təhlükə yaradılası, qorxu və narahatçılıq hissinə səbəb olası hərəkətlər baş verməmişdir. Bundan başqa təqsirləndirilən şəxs bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meylli olan hərəkətlər etmək niyyətində olmamış, zərəçəkmiş şəxsin ona əsəbi şəkildə yaxınlaşaraq ailəsini təhqir etməsi səbəbilə əsəblərini cilovlaya bilmədiyindən ona düşünmədən susması üçün yumruqla zərbə endirmişdir. Xuliqanlıq üçün ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin də mövcudluğu tələb olunur. Hazırki işdə əməlin ictimai qayda əleyhinə, ictimai qaydanı pozmağa yönəldiyi, qəsdin həmin istiqaməti görünmür. Ona görə də əməlin xuliqanlıq olmasını demək mümkün deyildir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək, onun əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə və yaxud dalaşma zamanı şəxsin əməlində ictimai qaydanın pozulması, cəmiyyətə açıq hörmətsizliyin nümayiş etdirilməsi müəyyən edilmədən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlər müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti 881/884 ünvanında yerləşən “Azpetrol” yanğın doldurma mərkəzində zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs iş materiallarında olan ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi” haqqında 20 oktyabr 2017-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, sonuncu heç bir şikayət və tələbinin olmamasını təsdiq edən ərizə ilə məhkəməyə müraciət etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.8, 43.1.2, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş materiallarında olan 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanılsın. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar