Məhkəmə qərarları › İş №1(005)-139/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-139/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-139/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim xxxxxxxxxxxxxxxxx sədrliyi, xxxxxxxxxxxxxxxxxxxxxxxxxx katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq yeni yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olunmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:10 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs kimi saxlanılıb, üzərinə keçirilən baxış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 4,737 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tədqiq edilmiş, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan hallar, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə protokolları, ekspertiza rəyləri və digər sənədlər sübut növü kimi aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, son bir neçə ay ərzində narkotik maddələri iyləmək üsulu ilə qəbul edir. Bədənində ağrılar olduğu üçün xx xxxxxxxx 2020-ci il tarixdə, saat 2000 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla və F.Xoyski küçələrinin kəsişməsində yerləşən “Nənəmin təndiri”-nin yaxınlığında, tanımadığı “Nicat” adlı şəxsdən 100 manata, özünün istifadəsi üçün 1 büküm narkotik vasitə olan heroin almışdır. Növbəti gün, xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:20 radələrində ünvan 2 ünvanın qarşısında mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş və onu Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə dəvət etmişlər. Orada ona təqdim olunmuş müdafiəçi X2 iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı əynindəki cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “Pallmal” markalı siqaret qutusu, 1 ədəd bənövşəyi rəngli alışqan, 189 manat pul, özünə məxsus 1 ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon, 1 ədəd ictimai nəqliyyat üçün “Bakıkart” və 1 ədəd sellofan bükümdə narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və o, bu barədə tərtib edilmiş protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatı yoxlamaq məqsədi ilə polis şöbəsində əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ünvan 2 ünvanın qarşısında xarici əlamətləri barəsində məlumat verilən Orxan adlı şəxsə yaxınlaşaraq Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə dəvət etmişlər. Orada müdafiəçi X2 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən əynindəki cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümün içərisində heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Baxış zamanı videoyazıdan istifadə olunmuşdur. Narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində ifadəsi alınmış Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə əhəmiyyət kəsb edən bir sıra, o cümlədən aşağıdakı sənədlər araşdırılmışdır. Belə ki, iş materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, B Abbasov küçəsi, ev 75-də qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq yeni yaşayış massivi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra müdafiəçi X2, əməliyyat müvəkilləri Şahid1 və Şahid2 iştirakları ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:25-də başlamış şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış və saat 21:10-da qurtarmışdır. Bu zaman Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, bükümdə narkotik maddə olan heroin olduğunu bildirib, bir gün əvvəl 100 manata aldığını qeyd etmişdir. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (iş vər.27-28). Məhkəmə baxışı zamanı hadisənin videogörüntüsünü əks etdirən və iş üzrə maddi sübut olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərək müəyyən edilmişdir ki, görüntüdə Təqsirləndirilən şəxs tam sərbəst şəkildə, müdafiəçinin iştirakı ilə şalvarının sol yan cibindən şəffaf polietilen bükümdə olan kütləni təqdim edir və həmin polietilen bükülünün içində narkotik vasitə olduğunu, “Nicat” adlı tanımadığı şəxsdən 100 manata aldığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirir. Videoçəkiliş xx xxxxxx 2021-ci il tarixdə saat 10:00-da başlamış, 10:45-də başa çatmışdır (iş vər. 106). İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, ekspertizanın 1/1750 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,737 qr. olan qəhvəyi rəngli tozşəkilli maddə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxil olan heroin aşkar edilmişdir (iş vər. 38-41). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2843 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər. 94-95). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon prokurorunun xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.72-75). İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi çəkisi 4,737 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin heroin aparılmış tədqiqatlardan sonra qalıq qalmış çəkisi 4,637 qram hissəsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (iş vər.80-81). İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi, xx xxxxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “diskə baxış keçirilməsi haqqında” protokol, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1750 saylı rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2843 saylı rəyi və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir (iş vər.107-115). Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik maddə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin xalis çəkisi 4,737 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1. maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqda təqsirli olması onun özünün etirafı, şahid ifadələri, ekspert rəyləri, iş materiallarında olan maddi sübüt, üzərinə axtarış keçirilməsinə dair videoyazı və s. sənədlərlə tam sübuta yetirilir. Məhkəmədə hər iki ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1. maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1. maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən CM-nin 58.1-ci maddəsinin tələblərindən görünür ki, «cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir». İş üzrə maddi sübut hesab edilən və Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 4,637 qram olan narkotik vasitə olan heroin məhv edilməli, 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş - məhkəmə kimyəvi ekspertizasının dəyəri 114,00 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2. maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1. maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsinin həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1. maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Həmçinin, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin olunmuş vəkilə ödəniləcək pul vəsaiti ilə bağlı məsələni həll edərkən, məhkəmə təqdim olunmuş hesabatı, habelə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, dövlət büdcəsindən hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat Bakı şəhəri 14 saylı Vəkil Bürosu vasitəsilə vəkil X3 ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3. maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablansın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxx 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 4,637 qram olan narkotik vasitə - heroin məhv edilsin, 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının dəyəri 114,00 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X3 Bakı şəhəri 14 saylı Vəkil Bürosu vasitəsilə 120 (yüz iyirmi) manat ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim xxxxxxxxxxxxxxxxxxxxx

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar