Məhkəmə qərarları › İş №1(005)-140/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-140/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-140/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Xüsusi ittihamçının nümayəndəsi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs X1, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 17 iyul 1973-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1ənzil ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə onun cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmü çıxarılmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. X9 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “Qafqazinfo.az” xəbər portalının yazarı Nizam Rza xx.xx.2023-cü il tarixdə “Bakının Binəqədi rayon sakini A.Ağayev tanınmış tikinti şirkəti tərəfindən dələduzluqla üzləşdiyini iddia edir" başlıqlı yazı və “Oxu.az” xəbər portalının yazarı Nəzrin Vahid xx.xx.2023-cü il tarixdə “Bakıda vətəndaş tam ödəniş edərək aldığı üç mənzilin şirkət rəhbərliyi tərəfindən mənimsənildiyini iddia edir” başlıqlı yazı ilə X2 xəbər saytında “Evrostroy-S.S" MMC-nin təsisçisi X9 barəsində böhtan xarakterli məlumatlar yazaraq (https://oxu.az/sociely/736977) hər iki xəbər portalının öz səhifəsində paylaşmışdır. "Qafqazinfo.az" və “Oxu.az" xəbər portalında A.X4 barəsində təhqir xarakterli, yalan və həqiqətə uyğun olmayan, təhqiramiz, xarakterli, şərəf və ləyaqətinə toxunan, ictimaiyyət də işgüzar nüfuzunu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol vermişdir. Şəxsin əməlində CM-in 147.2 və 148-ci maddələrinin tərkibini yaradan hallar mövcuddur. Göründüyü kimi, barəsində şikayət verilən şəxs A.Ağayev xüsusi ittiham qaydasında şikayət verən barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları KİV-si sayılan xəbər portalında yayaraq ona böhtan ataraq və təqsirsizlik prezumpsiyasını pozaraq onu bir sıra cinayətlərdə, o cümlədən ağır cinayətlər törətməkdə (dələduzluq, mənimsəmə) ittiham etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. “Qafqazinfo.az” və “Oxu.az” xəbər portallarında X9 barəsində yaymış olduğu böhtan və təhqir xarakterli məlumatlarla bağlı X5 barəsində CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onun barəsində ittiham hökmü çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X5 özünü Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilməyərək göstərmişdir ki, o, 2018-ci ildə Taleh Abbasovdan 3 ədəd mənzil almışdır. Sonradan həmin mənzillərdən birinin satıldığını öyrənmişdir. Bununla bağlı o, Nərimanov RPİ-yə və Nərimanov rayon prokurorluğuna müraciət etmişdir. Lakin bu məsələ baxılmamış qalmışdır. 2023-cü ilin iyun ayında digər bir mənzil ilə bağlı yaxınlaşmışdır və MTK-da o, Talehlə rastlaşmışdır. Taleh ona mənzillərin sənədlərin saxta olduğunu və onun tərəfindən təqdim olunmadığını bildirmişdir. Bundan sonra o, Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etmişdir. Ondan sonra Taleh Abbasov barəsində cinayət işi başlanılmışdır. Talehin barəsində ondan başqa onlarla şikayətçi şəxslər var. X11 barəsində Azərbaycan Respublikasının Bakı Şəhər Baş Polis İdarəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi icraatdadır. Bir neçə gün öncə o, Taleh Abbasovla üzləşdirmə istintaq hərəkətinin həyata keçirilməsində iştirak etmişdir. O, ev almış, avtomobil vermişdir. Xüsusi ittihamçı məhkəmə iclaslarına gəlməkdən yayınır. O, dəfələrlə xüsusi ittihamçının məhkəmə iclaslarına gəlməsini təkid etmişdir. O, evini, avtomobilini geri tələb edir. Göstərilənlərin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, nə “oxu.az” da, nə də ki, “Qafqaz.info”da onun şəxsən çıxışı olmamışdır. Həmin çıxışlar onun vəkili tərəfindən olmuşdur. O, evini və avtomobilini tələb edir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi1 xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onlar şikayət ərizəsində öz fikirlərini kifayət qədər geniş əsaslandırmışlar. Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan xüsusi ittihamçını dələduz adlandırmış və onu törətmədiyi cinayətlə ittiham edir. Göstərilənlərin nəzərə alınaraq X1 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsini və ona maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Oxu.Az” saytında xx.xx.2023-cü il tarixdə Ağayev Allahverən tərəfindən aşağıdakı mətndə şikayət ünvanlanmışdır: "xxxx" MMC (“Sipark”) şirkətinin rəhbəri Taleh Abbasov və şəriki Seymur İsayevdan 2018-ci ildə mənzil aldım. Onu təmir etmək istədikdə məlum oldu ki, mənzil başqasına satılıb. Lakin rəhbərlik satmadığını iddia edir. Üstəlik, mənzil alarkən bağlanan müqavilə sənədlərinin saxta olduğunu bildirir. Halbuki, o sənədləri özü verib. Həmin şirkətin rəhbərindən başqa şikayətlər də var. Mənzilin birini 19 mart 2018-ci ildə yoldaşım Nərmin Ağayevanın adına almışam. Nərimanov rayonu, Mövsüm Sənani küçəsindəki “Sipark” yaşayış kompleksında inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, dördüncü mərtəbəsində ümumi sahəsi 313 kvadratmetr olan beşotaqlı, 209 saylı mənzili aldım. Tam müqavilə ilə aldım. Həmin mənzili 2023-cü ilin əvvəllərində təmir etmək üçün yaxınlaşanda şirkət əməkdaşları mən oraya buraxmayıb, başqasına satıldığını dedilər. 23 yanvar 2019cu ildə Nərimanov rayonu, Təbriz, F.Məmmədov, K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 16 mərtəbəli yaşayış binasının “D” girişi, altıncı mərtəbəsində 93,75 kvadratmetr sahəsi olan 203 saylı mənzili öz adıma aldım. Daha sonra həmin ilin aprel ayının 2-də eyni binanın “D” girişi, beşinci mərtəbəsində 93,75 kvadratmetr ümumi sahəsi olan 199 saylı mənzili öz adıma aldım. Bir il öncə bu mənzillərin başqasına satılması ilə bağlı məlumat aldım. Baş Prokurorluğa, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etdim. Bizim şikayətimizə baxılmır. Müqavilə əlimdədir, amma heç nə edə bilmirəm. Bizi mənzillərə buraxmırlar. Taleh Abbasov özu deyir ki, “mənzillər satılmayıb”. Lakin sənədlər saxtadır. Öz verdiyi sənədləri saxta adlandırır. Yəqin, özü saxtalaşdırıb. Haqq-ədalətin bərpa olunmasını istəyirəm.” “Qafqazinfo.az” saytında Ağayev Allahverən tərəfindən aşağıdakı mətndə şikayət ünvanlanmışdır: “Taleh tikdiyi binaların yaxşı yerlərdə olmasını, qısa müddətə tikintini qutaracağını, bu binalardaki mənzillərin qiymətinin daha da bahalaşacağını deyərək məni şirnikləndirdi. Onun təkliflərindən sonra xx.xx.2018-ci il tarixdə müqavilə ilə həyat yoldaşım N.Ağayevanın adına "xxxx" MMC-nın Nərimanov rayonu, M.Sənani küçəsində tikdiyi binadan 313 kv.m sahəli 5 otaqlı, xx.xx.2019-cu il tarixdə isə Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən binadan 93,75 kv.m sahəli 2 otaqlı mənzili öz adıma aldım, dəyərini tam ödəməklə aldım. Bundan sonra, yəni xx.xx.2019-cu il tarixdə isə həmin binadan daha bir mənzili tam ödənişlə aldım. Mən 2020-ci ildə X9 və onun şəriki X10 ilə görüşərək onlara Təbriz küçəsində tikilməli olan binanın inşasının dayandığına görə irad bildirdim. Dedilər ki, Yasamal rayonu, H.Cavid prospektində yerləşən "xxxx" MMC-də hazır mənzillər var. Oraya gedib birgə mənzillərə baxdıq və onlarla razılaşdım. Razılaşmamıza görə, mən Təbriz küçəsindəki iki evi və əlavə 73 min dollar ödəniş edərək Yasamal rayonunda H.Cavid prospektində yerləşən "xxxx" MMC-nin balansında olan binadan mənzil götürməli idim. Bundan sonra Talehə 38 min dollar verdim. Xaricdən gətizdirdiyim və 35 min dollar dəyəri olan “Toyota” markalı avtomobili də onlara verdim. Lakin sonradan mənzllərin dəyişdirilməsi prosesini müxtəlif bəhanələrlə gecikdirməyə başladılar, hazırda mənə nə yeni, nə də köhnə mənzillər verilib. Binanın həyətində Talehlə görüşdüm, ona müqavilələrimin əslini göstərdim. Lakin o, etiraz edərək digər binadaki iki mənzilin verilməməsinə görə verdiyim şikayəti xatırlatdı və həmin məsələyə görə 150 min manat xərcinin çıxdığını dedi. Mənə bildirdi ki, şikayətimə görə xərclədiyi 150 min manatı ona verim, əks halda M.Sənani küçəsindəki binadan aldığım 5 otaqlı mənzilimi mənə vermiyəcək. Mən bundan sonra ondan şikayət edəcəyimi bildirdim və mənzillərimi yenidən tələb etdim. Taleh isə mənə bildirdi ki, onun adamları var, “hara istəyirsən, şikayət et, dedi.” “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Abdulla Cəlilli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi və material üzrə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanılmış və ibtidai istintaqı aparılır. Cinayət işinə ********* nömrəsi verilmişdir. “Zərər çəkmiş şəxs qismində tanımaq haqqında” 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi və Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrə ilə davam etdirilmişdir. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı aparılır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun əməlində Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkibi mövcud deyil. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, X1 “Qafqazinfo.az” və “Oxu.az” internet saytlarına ünvanlandığı şikayətlərində Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, həmin şikayətlərdə təhqir və böhtan cinayətlərinin tərkibinin olmasından söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, X6ndə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin dispozisiyasından da göründüyü kimi böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün dörd hal müəyyən edilməlidir: şəxsin həmin məlumatların yalan olduğunu bilməsi: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; Şəxsin həmin məlumatların yalan olduğunu bilə-bilə yayması dedikdə, yəni məlumatları yayan şəxs yaydığı məlumatların yalan dolduğunu bilir, dərk edir və buna baxmayaraq başqa şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yayır.Təqsirkarın qəsdi məhz başqa şəxsin şərəf və ləyaqətini ləkələməyə və ya nüfuzdan salmağa yönəlir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, X6ndə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Məhkəmə qeyd edir ki, yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Məlum olduğu kimi, AR CM-nin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Yəni, təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan yalan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya X6ndə yaydığını dərk edir və bunu arzu edir. Məhkəmə qanunvericiliyin tələblərini, AR CM-nin 147-ci maddəsinin dispozitiv şərtlərini və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin birbaşa qəsdlə törədilməli olmasını nəzərə alaraq xüsusilə vurğulayır ki, əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa və ya hələ doğru olması öz təsdiqini tapmamışdırsa, belə halda əməldə cinayət tərkibinin subyektiv əlaməti olmadığından AR CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində istinad edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli “Qafqazinfo.az” və “Oxu.az” internet səhifələrinə ünvanlamış şikayət ərizələrindən görünür ki, həmin ərizələrdə qeyd edilən hər bir məsələ ilə bağlı X5 hüquq-mühafizə orqanlarına müraciət etmiş, şikayətlərində istinad etdiyi hər bir halı prokurorluq orqanlarına ünvanladığı ərizələrdə də, hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə də göstərmişdir. Həmçinin, iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, X1 və qeyrilərinin şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. Həmin cinayət işi üzrə X5 zərərçəkmiş şəxs qismində tanınmışdır. X1 internet saytlarına ünvanlandığı şikayətlərin məzmunundan görünür ki, o, qısa şəkildə baş vermiş cinayətdən daşınaşaraq bu barədə hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirmiş, onun həmin müsahibəni verməkdə məqsədi cinayət işinin araşdırılması və ona dəymiş ziyanın ödənilməsi olmuşdur. Həmin şikayətlərdə “bizim şikayətimizə baxılmır və Baş Prokurorluğa müraciət etdim. Müqavilə əlimdədir, heç nə edə bilmirəm” məzmunlu ifadələr işlətməsi özü də Allahverən Ağayevin həmin şikayətlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını ictimai qaydada tələb etməsinə, müvafiq dövlət orqanlarının diqqətini bu işin araşdırılmasına cəlb etmək istəməsinə dəlalət edir. Məhkəmə istintaqı zamanı da verilmiş suallara cavab olaraq Ağayev Allahverənin sosial şəbəkələrə şikayətlər ünvanlamaqda məqsədinin dövlət orqanlarının diqqətini bu işə cəlb etmək, ona dəymiş zərərin ödənilməsinin təmin edilməsi olduğunu bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Taleh Abbasov barəsində ünvanlandığı şikayətlərdə onun şərəf və ləyaqətini ləkələnməsi, hər hansısa bir ifadə ilə onun nüfuzdan düşməsi və yaxud doğru hesab edilməyən məlumatın yayılması, həmçinin məqalənin məzmununda Taleh Abbasova təhqir hesab edilən, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan sözlərlə təhqir edilməsi, şəxsin ünvanına qarşı mənəvi-əxlaq dəyərlərinə və birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olmayan heç bir ifadə işlədilməmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində göstərilmişdir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Avropa Məhkəməsinin presedent hüququna və yanaşmasına əsasən ifadə azadlığı Konvensiya ilə qorunan digər hüquqlarla, məsələn, ədalətli məhkəmə araşdırması hüququ ilə, şəxsi həyata hörmət hüququ ilə, vicdan və din azadlığı ilə ziddiyyətə girə bilər. Belə ziddiyyət baş verdikdə, məhkəmə bu hüquqlardan hansının digərinə nisbətən daha üstün olduğunu müəyyən etmək üçün balanslı yanaşma nümayiş etdirir. Digər hüquqların maraqları ilə onlarla ziddiyyətə girən ifadə azadlığının maraqları arasında balans axtarılarkən sonuncunun mühüm əhəmiyyət daşıması nəzərə alınır. Məhkəmə iş materiallarını tədqiq edərək, məhkəmə iclasında iştirak edən şəxslərin ifadələrini dinləyərək belə qənaətə gəlir ki, X1 niyyəti X7 şərəf və ləyaqətini ləkələmək və ya nüfuzdan salmaq deyil, uzun illərdi həqiqət olduğuna inandığı və araşdırılmasını qanuni yollarla tələb etdiyi məsələnin həllini tapması, aidiyyəti dövlət orqanlarını iş üzrə araşdırma aparılaraq obyektiv həqiqətin üzə çıxarılmasına çağırışlar etmək, səsinin müvafiq dövlət orqanları tərəfindən duyulması olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 57-ci bəndində göstərilmişdir ki, bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Həmin qərarın 58-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutların məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 42.1.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan və təhqir cinayətlərinin tərkibi olmadığından təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar