Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-141/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - X2 qızının və onun nümayəndəsi və vəkili “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1, müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, İ/B-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı yolu, fərdi tikili evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə saat 12:54 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanının qarşısında hərəkət edib avtomobilini park elmək istədikdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz, şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı olduğu halda bu qaydaya riayət etməmiş, binanın qarşısında onun avtomobilinin hərəkətini görüb sağa çəkilərək dayanmış piyada X2 qızını avtomobilin ön qabaq sağ hissəsi ilə vurmuş, nəticədə piyada X2 qızı «sol pəncənin kubabənzər sümüyünün qapalı sınığı» ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özünə məxsus “Hyundai Sonata” markalı avtomobili ilə 12 iyun 2021-ci il tarixdə saat 10:05 radələrində ünvan 2 ünvanın qarşısında fəaliyyət göstərən «Aura Su» şirkətinə getmək üçün qeyd olunan binanın qarşısına daxil olub hərəkətini bir neçə metr davam etdirdikdən sonra park etmək üçün yer olmadığından binanın qarşısında yolun orta hissəsində avtomobilini dayandırmışdır. Bundan sonra, avtomobilin qarşısında bir nəfər qadının qışqırıq səsini eşitmiş və dərhal avtomobildən enmişdir. Bu zaman həmin qadının avtomobilinin ön hissəsində asfalt örtüyün üzərində üzü avtomobilin ön hissəsinə tərəf yıxıldığını görüb ona yaxınlaşmışdır. Sonradan adının Gülsənəm olduğunu bildiyi həmin qadın onu idarə etdiyi avtomobillə vurduğunu bildirmişdir. O, qadına onun heç kimi vurmadığını, avtomobilin ümumiyyətlə hərəkətdə olmadığını bildirmişdir. Həmin vaxtı ətrafda olan əvvəllər tanımadığı, adının sonradan Yusif olduğunu bildiyi şəxs onlara yaxınlaşaraq həmin qadını ayağa qaldırmaqda köməklik etmiş, sonra isə Yusifin köməkliyi ilə qadını yaşadığı ünvana qaldırmışlar. Yusif adlı şəxs həmin qadına onu həkimə aparmasını təklif etsə də, qadın Yusiflə razılaşmamış, qohumlarını çağıracağını bildirmişdir. Gülsənəm xanım evdə soyuducudan buz götürüb ayağına qoymuş və bint ilə ayağını sarımışdır. Bir qədər sonra Gülsənəm xanımın evinə bir nəfər tanımadığı kişi və bir nəfər qadın gəlmiş, bundan sonra isə o, öz avtomobili ilə, Gülsənəm xanım isə qohumlarının avtomobili ilə Travmatalogiya institutuna getmişlər. Sadəcə yaşlı qadın olduğu üçün o da onlarla birlikdə Travmatalogiya institutuna getmişdir. Gülsənəm xanım tibbi müayinədən keçirilmişdir, daha sonra həkim Gülsənəm xanıma ayağında yüngül çat olduğunu, heç nəyə ehtiyac olmadığını, istəyərlərsə gips qoya biləcəyini bildirmişdir. Yusifin təkidi ilə həkimlər tərəfindən Gülsənəm xanımın ayağına gipsdən langet qoyulmuşdur. Onlar xəstəxanadan çıxdıqdan sonra Yusif həkimin yazdığı dərmanları alaraq Gülsənəm xanıma vermişdir. O, Yusifə etiraz edərək bildirmişdir ki, o, həmin qadına heç bir xəsarət yetirməyib, ona görə də hər hansı xərc çəkməyə ehtiyac yoxdur. Yusif isə cavabında bildirmişdir ki, onun rəhmətlik nənəsi bir anlıq gözü qabağına gəldiyi üçün köməklik etmək istəyir. O, heç bir xərc çəkməmiş, ümumiyyətlə, kənarda qalmağa çalışmışdır. Əsasən Yusif köməklik göstərmişdir. Buna baxmayaraq Gülsənəm xanım evdə tək olduğu üçün mobil nömrəsini ona verərək lazım olduğu təqdirdə onunla əlaqə saxlamasını bildirmişdir. Ertəsi gün isə, yəni 13 iyun 2021-ci il tarixdə özünü Gülsənəm xanımın həyat yoldaşı kimi təqdim etmiş şəxs xanımın səhhəti ilə maraqlanmamağının səbəbini soruşaraq, ona “maşını ağırlığında” pul ödətdirəcəyini bildirmiş, həmçinin yoldaşının Naxçıvana uçuş etməsi üçün aldığı biletin batdığını, bundan əlavə Gülsənəm xanıma baxması üçün adam tutmalı olduğunu bildirmişdir. Bu səbəbdən də həmin şəxsdən onu təhdid etməməyi xahiş edib dəstəyi asmışdır. 14 iyun 2021-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin təhqiqatçısı ona zəng vuraraq onu idarəyə çağırmışdır. Məhkəmə iclasında ittiham tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, o, maşını yolun orta hissəsində saxladıqdan sonra avtomobilin önündə heç kimi görməmişdir. Əgər Gülsənəm xanım avtomobilin ön hissəsindən yaxınlaşsaydı onu görərdi. Həmçinin bildirmişdir ki, o, Yusifi adlı şəxsi əvvəllər tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Bundan əlavə, Travmatologiya İnstitutunda da Yusif özü Gülsənəm xanımın qohumuna demişdir ki, onun yıxılaraq xəsarət almasını həkimə desinlər. O, Yusifə də bildirmişdir ki, onun heç bir təqsiri olmayıb. Həmçinin bildirmişdir ki, Gülsənəm xanım hadisədən sonra xəsarət aldığını bildirdiyi ayağından da istifadə edərək özü pilləkənləri çıxmış, özü soyuducudan buz götürərək ayağının üzərinə qoymuşdur. Həmçinin, ayağında krem rəngli hündürdabanlı ayaqqabı olmuşdur. Qadının yıxıldığı yerdə bir neçə kanalizasiya lyuku olmuş və həmin hissədə yol nahamar olmuşdur. Sonda Təqsirləndirilən şəxs zərərçəkmişə qarşı heç bir cinayət törətmədiyini və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 qızı ifadəsində göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə saat 09:40-da bazarıq etmək üçün yaşadığı evdən çıxmış, sonra binanın blokundan çıxıb sağ tərəfə dönüb asta yerişlə binanın qarşısı ilə piyada hərəkət etmişdir. Həmin vaxt arxadan avtomobil səsi eşidib geriyə baxmış və görmüşdür ki, iri qabaritli, qara rəngli “Cip” markalı avtomobil ona doğru hərəkət edir və sükanın arxasında xanım əyləşib. Diqqət yetirmişdir ki, xanım avtomobildə təkdir, avtomobilin salonunda ondan başqa kimsə yoxdur. O, ehtiyat üçün divara doğru çəkilmişdir ki, avtomobil onun olduğu yeri ötüb keçsin. Avtomobil aşağı sürətlə və onun sol tərəfindən hərəkət edirdi. Sonradan adını bildiyi Aygün adlı qadın idarə etdiyi avtomobilin qabaq hissəsi ilə onu bel hissəsindən vurmuş və o, zərbədən yerə yıxılmışdır. Həmin vaxt Aygün idarə etdiyi avtomobili dərhal saxlayıb ona yaxınlaşmış və demişdir ki, “bağışlayın, bilmədim”. O da demişdir ki, “nəyi bilmədim ay xanım, Siz məni avtomobillə vurduz”. Elə bu zaman onlara həmçinin adını sonradan Yusif kimi bildiyi şəxs yaxınlaşmışdır. Yusif ona təklif etmişdir ki, onun tanıdığı travmotoloq həkim vardır və hadisə zamanı aldığı xəsarətlə bağlı onu tibbi müayinə olunmaq üçün həmin həkimin yanma apara bilər. O, Yusifin təklifinə etiraz etmiş və sonra şəhərdə həkim işləyən bacısı qızı Elanaya zəng vurub ona hadisə barədə bildirərək gəlməsini xahiş etmişdir. Bir az keçmiş bacısı qızı Elana atası Məhəddinlə birlikdə yaşadığı evə gəlmiş və sonra birlikdə məsləhətləşdikdən sonra Aygün, tanışı Yusif, bacısı qızı Elana və atası Məhəddin ona kömək edib maşına əyləşdirmiş və tibbi müayinə olunmaq üçün Travmatologiya İnstitutuna aparmışlar. Hadisənin baş verməsi nəticəsində onun ayağına gips qoymuşlar. Xəstəxanada tibbi müayinə olunduqdan sonra adları qeyd olunan şəxslərlə birlikdə xəstəxanadan çıxıb yaşadığı evə qayıtmış, həmin günün sabahısı Aygünün ona qarşı laqeyd münasibətini görüb DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında ittiham tərəfinin sualına cavab olaraq bildirmişdir ki, o, avtomobil səsi eşidib arxaya dönərkən maşının çox aşağı sürətlə və onun sol tərəfindən ona yaxınlaşdığını görmüşdür. O, bunu görüb avtomobilin keçməsi üçün divara tərəf sıxılmışdır. Avtomobil onu bel nahiyəsindən vurmuşdur. O, belində xəsarətin olacağını düşünüb MRT etdirmiş, lakin onurğa sütununda heç bir problem aşkarlanmamışdır. Dövlət ittihamçısının “bəs ayağınız necə sınmışdır?” sualına cavab olaraq bildirmişdir ki, dəqiq bilmir, ola bilsin yıxılanda burxulub. Müdafiə tərəfinin “siz divara tərəf sıxıldığınızı bildirirsiniz, iş materiallarında müstəntiq tərəfindən tərtib olunmuş sxemdə isə piyadının vurulduğu yerlə binanın divarı arasında 2 metr məsafənin olduğu göstərilib, bununla bağlı nə deyə bilərsiz” sualına cavab olaraq bildirmişdir ki, onun vurulduğu yerlə divar arasında 2 metr məsafənin olması mümkün deyil. O, divara yaxın olmuşdur. Təhqiqatçı həmin sxemi tərtib edərkən məlumatları ondan yox, həyat yoldaşı Arifdən soruşmuşdur. Ümumiyyətlə, onun ayağında xəsarət olduğu üçün çəliklə gəzmiş və həmin vaxt həyətə düşməmişdir. Həmçinin ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, 09:40-da evdən çıxmış, 09:46-da isə qohumu Elanaya zəng vurmuşdur. Hadisə vaxtı ayağında ağ rəngli ev başmağı olmuşdur. Sonda zərərçəkmiş şəxs X2 qızı ona vurulmuş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu və istintaq zamanı verdiyi mülki iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onu ilk dəfə hadisə günü görmüşdür. 12 iyun 2021-ci il tarixdə saat 10:00 radələrində Nərimanov rayonu, N.Nərimanov küçəsi 5D ünvanında yerləşən iş yerinin yanında dayanmış, anidən küçədə bir qadının qışqırıq səsini eşitmiş və səs gələn tərəfə doğru getmişdir. Həmin vaxtı bir nəfər adının sonradan Gülsənəm Mirzəyeva olduğunu bildiyi qadının yerdə oturduğunu və həmin qadının yanında saxlanılmış “Hyundai Sonata” markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Aygün adlı qadının isə maşınından düşüb həmin Gülsənəm Mirzəyevaya yaxınlaşdığını görmüşdür. Gülsənəm xanımın yerdə oturduğunu görüb ona yaxınlaşaraq Aygün adlı qadının köməkliyi ilə evinə aparmışlar. Bir qədər sonra mənzilə Gülsənəm xanımın qohumları da gəlmiş və onu tibbi yardım göstərilməsi üçün onun təklifi ilə Bakı şəhər Travmatalogiya İnstitutuna gətirmişlər. Travmatalogiya institutunda Gülsənəm xanım tibbi müayinədən keçirilmiş və məlum olmuşdur ki, sonuncu sol ayağında yüngül xəsarət almışdır. Gülsənəm xanımın sol ayağına gips qoyulmuş və sonra xanım evinə buraxılmış, onlar da köməkləşib sonuncunu yaşadığı ünvana gətirmişlər. Onun işlədiyi ofis həmin həyətdə yerləşdiyindən və qadının evdə tək yaşadığını düşündüyündən öz nömrəsini ona vermişdir ki, nəsə alıb evə qldırmaq lazım olsa deyə bilər. Səhəri günü Gülsənəm xanımın həyat yoldaşı kimi özünü təqdim edən şəxs ona zəng vuraraq ona bildirmişdir ki, yoldaşına vurduqları xəsarətə görə pul ödəməlidirlər. O həmin şəxsə baş vermiş hadisənin onunla heç bir əlaqəsinin olmadığını qeyd edib, kənardan görən şəxs kimi yaxınlaşıb köməklik etdiyini bildirmişdir. Həmin qadın yaşlı olduğundan ona köməklik etmişdir. Əlavə olaraq göstərmişdir ki, o, baş vermiş hadisənin şahidi olmamış, yalnız Gülsənəm Mirzəyevanın səsini eşidib onun yıxıldığı istiqamətə yaxınlaşaraq köməklik etmişdir. Hadisə zamanı Aygünün idarə etdiyi maşının Gülsənəm Mirzayevaya dəyib-dəymədiyini görməmişdir. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı orada olan avtomobil qara rəngli “Hyundai Sonata” markalı avtomobil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X7 onun həyat yoldaşıdır. Hadisə baş verən vaxt müalicəsi ilə bağlı Naxçıvan Muxtar Respublikası ərazisində Duz mədənində müalicədə olmuş və hadisə baş verdiyi tarixdə axşamçağı yaşadığı ünvana qayıtmışdır. Evinə qayıtdıqda məlum olmuşdur ki, həyat yoldaşı Gülsənəm xanım yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Daha sonra həyat yoldaşı olan hadisəni ona danışmışdır. Lakin hadisə gününün səhərisi Aygünün yoldaşına qarşı laqeyd münasibəti olduğu üçün və gecələr yoldaşı ağrıdığı üçün narahat olmuş və bu səbəbdən də sürücü Aygün xanımla telefon əlaqəsi saxlayıb ona «sən gecələr rahat yatırsan, amma yoldaşım ağrılarından gecəni yata bilmir» sözlərini demiş, həmin şəxsə başqa heç bir söz deməmiş, lakin Aygün Mirzəyeva isə telefonda «sən mənə nə hədə qorxu gəlirsən» sözlərini demişdir. Məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, həyat yoldaşı ona bildirmişdir ki, hadisədən öncə o, dönüb maşına baxmış, onu böyük ölçülü maşın vurmuşdur. Yoldaşı ona demişdir ki, o, maşının ona dəyməməsi üçün divara tərəf çəkilsə də, yenə də maşın onu vurmuşdur. Yoldaşı avtomobilin onun belindən vurduğunu demiş, daha sonra belinin ağrısından onu tomoqrafiyaya aparmağa məcbur olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X7 onun xalasıdır. 12 iyun 2021-ci il tarixdə təxminən saat 10 radələrində xalası Gülsənəm Mirzəyeva ona zəng vurmuş və yol nəqliyyat qəzasına düşdüyünü və xəsarət aldığını bildirmişdir. Ona köməklik lazım olduğu üçün atası Məhəddinlə birlikdə xalasının yaşadığı ünvana gəlmiş və məlum olmuşdur ki, xalası Gülsənəm xanım yaşadığı binanın qarşısı ilə piyada gedərkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla onu vurmuşdur. Aygün xanım həmin vaxt şokda idi və bildirirdi ki, o, hadisənin necə olduğunu bilmir, 14 ildir avtomobil idarə edir və ilk dəfədir başına belə hadisə gəlir. Həmin vaxtı orada sonradan adının Yusif olduğunu bildiyi şəxs də olmuşdur. O, Gülsənəm xanımı xəstəxanaya apararkən ona şəxsən bildirmişdir ki, xanımın özünün pilləkəndən yıxılaraq xəsarət almasını bildirsinlər. Onlarda razılaşaraq həkimə belə məlumat vermişlər. Onlara köməkliyi əsasən Yusif göstərmiş, həkimə pul vermiş, dərmanları almış və atasına öz telefon nömrəsini vermişdir. Həmçinin bildirmişdir ki, xalası onu böyük ölçülü maşının vurduğunu onlara demişdir. Cinayət işinin 6-11-ci vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X13, 14 iyun 2021-ci il tarixdə, saat 10:20-də Nərimanov RPİ-nin Məsul Növbətçisindən məlumat alıb Bakı şəhəri, ünvan 2 binanın qarşısına gəlmiş, hal şahidlərinin və X2 qızının iştirakları ilə yol nəqliyyat hadisəsi yerinə baxış keçirmişdir. Müəyyən edilmişdir ki, hadisə yerində yol nişanları zonası müəyyən olunmamış, nəqliyyat vasitəsi hadisə yerindən götürülmüş, şin izləri, tormoz izləri, nəqliyyat vasitəsinin sınmış və düşmüş hissələrinin mövcudluğu və digər izlər aşkar olunmamışdır. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, 5 saylı binanın həyətidir. Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt beton, yol örtüyünün vəziyyəti quru, yol örtüyünün hər iki istiqamət üçün eni 5 metr, işlək hissəsinin eni 5 metrdir. İşlək hissəyə sağdan N.Nərimanov küçəsi, 5 saylı yaşayış binası, soldan ağaclar əkilmiş sahə birləşir. Hadisə yerinin koordinatları X2 qızı tərəfindən göstərilmişdir. Həmin sahədə hərəkət nizamlanmır. Cinayət işinin 21-23-cü vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə” 15 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X13 Bakı şəhəri, ünvan 2 binanın qarşısına gələrək Təqsirləndirilən şəxs iştirakı ilə “Hyundai Sonata” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirmişdir. Baxış zamanı avtomobildə xarici zədələr, nəqliyyat vasitəsi üzərində izlər və digər maddi sübutlar aşkar edilməmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X21 tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli, 139-M saylı rəydən görünür ki, vət. X2 qızının adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət – sol pəncənin kubabənzər sümüyünün qapalı sınığı – küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən 12.06.2021-ci il tarixdə yol-nəqliyyat qəzası şəraitində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa Az Ağır zərər vurmaya aiddir Cinayət işinin 81-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 14 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X14 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 12.10.2021-ci il tarixdə saat 09:53:00-dan saat 09:54:10-dək olan müddət ərzində Nərimanov rayonu, N.Nərimanov küçəsi 5D saylı yaşayış binasının qarşı tərəfində quraşdırılmış kameranın 01:10 saniyəlik görüntü anının fiksə edildiyi və köçürülərək istintaqa təqdim edilmiş bir ədəd CD disdə baxış keçirmişdir.Təqdim edilmiş bir ədəd CD diskdə 1 ədəd qovluq vardır. CD diskinə köçürülmüş görüntü saat 09:53:00-dan saat 09:54:10-dək olan anı fiksə etmişdir. Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı müəyyən olundu ki, kameranın müşahidə zonasının qarşısında yerləşən ağaclıq sahənin sağ tərəfində yerləşən görüntü sahəsində fiksə edilmiş görüntünün 00:54 saniyəsində, yəni kameranın görüntü monitorunda qeydə alınmış 09:53:13 saniyəsində ağ rəngli avtomobilin binanın qarşısına hərəkət edərək daxil olduğu və həmin anda da binanın qarşısında yolu sağdan sola keçmək istəyən piyada qadının avtomobilin dayanan anda ona toxunaraq yerə oturduğu müəyyən edilmişdir. Cinayət işinin 84-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 86-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli, 8/2964 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Sonata” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisəinin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 138-144-cü vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Nərimanov rayonu, N.Nərimanov küçəsi, 5D saylı yaşayış binasının qarşı tərəfində quraşdırılmış kameranın 01:10 saniyəlik görüntü anının fiksə edildiyi və köçürülərək istintaqa təqdim edildiyi bir ədəd CD diskin sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 160-161-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 04 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əvvəla, məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsi yerinə baxış, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin istintaqı zamanı sübut mənbəyi ola biləcək maddi obyektlərin, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi üçün zəruri əhəmiyyət kəsb edən istintaq hərəkətidir. Qanunvericilik sübutların sübut mənbələri ilə müəyyən edilməsini qeyd edərkən həmin sübutların rəsmiləşdirilməsini də nəzərdə tutur. Hər hansı mənbədən alınan faktik məlumatlar qanunla müəyyən edilmiş qaydada rəsmiyyətə salındıqdan sonra iş üzrə sübut əhəmiyyəti kəsb edə bilər. İstintaq hərəkətlərinin protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və cinayət-prosessual qanunvericiliyə uyğun yazılı formada tərtib edilmiş sənəddir. Cinayət-prosessual qanunvericilik məhz müəyyən faktlar və faktiki halları özündə əks etdirən istintaq hərəkəti protokollarını sübut mənbələrinin bir növü kimi nəzərdə tutur. Cinayət işi üzrə sübut bilavasitə protokolun özü deyil, onda əks olunan faktiki məlumatlardır. Başqa sübutlarda olduğu kimi, istintaq və məhkəmə hərəkəti protokolları ilə müəyyən edilən məlumatlar da işdə olan digər sübutların məcmusu ilə yoxlanılır və qiymətləndirilir. Buna görə də məhkəmə, qeyd edilənləri nəzərə alaraq cinayət işinin materiallarında olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 14 iyun 2021-ci il tarixli protokolu ayrılıqda və digər sübutlarla məcmu halda qiymətləndirərək qeyd edir ki, həmin protokolda təhqiqatçının, 2 nəfər hal şahidinin və X2 qızının iştirakları ilə tərtib edilməsi qeyd edilmişdir. Lakin iş üzrə zərərçəkmiş şəxs X2 qızı məhkəməyə verdiyi ifadəsində göstərir: “təhqiqatçı həmin sxemi tərtib edərkən məlumatları ondan yox, həyat yoldaşı Arifdən soruşmuşdur. Ümumiyyətlə, onun ayağında xəsarət olduğu üçün çəliklə gəzmiş və həmin vaxt həyətə düşməmişdir.”. Belə olan halda təhqiqatçı tərəfindən həmin protokolun və ona əlavə edilmiş sxemin X2 qızının iştirakı ilə tərtib edilməsi və ya onun iştirakı olmadan tərtib edilib ona imza etdirilməsi, həmin protokolda və əlavə edilmiş sxemdə göstərilən məlumatların bilavasitə mənbəyinin X2 qızının olması ciddi şübhə doğurur. Bundan başqa, müdafiə tərəfindən zərərçəkmiş şəxsə ünvanlanmış “siz ifadənizdə divara tərəf sıxıldığınızı bildirirsiniz, iş materiallarında müstəntiq tərəfindən tərtib olunmuş sxemdə isə piyadının vurulduğu yerlə binanın divarı arasında 2 metr məsafənin olduğu göstərilib, bununla bağlı nə deyə bilərsiz” sualına cavab olaraq bildirmişdir ki, “onun vurulduğu yerlə divar arasında 2 metr məsafənin olması mümkün deyil. O, divara yaxın olmuşdur...”. Məhkəmə iclasında tədqiq edilən yol-nəqliyyat hadisəsi yerinin sxemindən görünür ki, həqiqətən də həmin sxemdə piyadanın vurulduğu yerlə yaşayış binası arasında 2 metr məsafə olduğu göstərilmişdir. Halbuki, zərərçəkmiş şəxsin həm istintaqa verdiyi izahatında, həm də məhkəmə iclasında verdiyi ifadəsində hadisədən öncə arxaya baxaraq avtomobili gördüyünü və bunun üçün divara tərəf çəkildiyini bildirmişdir. Belə olan halda, zərərçəkmiş şəxsin ifadəsi ilə hadisə yerinə baxış protokolu və ona əlavə edilmiş sxem arasında ziddiyətli məqamlar mövcuddur ki, bu ziddiyyətlər nəinki həmin protokol və sxemin, həm də onlar əsasında toplanmış digər sübutların (məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair rəy və s.) mötəbərliyini şübhə altına qoyur. Belə olan halda “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 14 iyun 2021ci il tarixli protokolda göstərilən məlumatların mötəbərliyi və həqiqiliyi məhkəmədə ciddi şübhə doğurur, həmçinin zərərçəkmiş şəxs X2 qızının həmin protokol tərtib edilərkən bilavasitə iştirak etməsi, onun izahatında göstərdiyi xüsusatları nəzərə alaraq inandırıcı hesab edilmir. Göründüyü kimi, həmin protokolda və ona əlavə edilmiş sxemdə göstərilənlərin mötəbərliyi və həqiqəti nə dərəcədə əks etdirməsinə dair ziddiyyətlər və şübhəli məqamlar mövcud olduğundan onlar iş üzrə sübut kimi əhəmiyyət kəsb edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X17 30.06.2021-ci il tarixli, 139-M nömrəli rəyində xəsarətin 12.06.2021-ci il tarixdə yol-nəqliyyat qəzası şəraitində əmələ gələ bilməsi göstərilsə də, ilk növbədə göstərilən şəraitin, yəni Təqsirləndirilən şəxs 12.06.2021-ci il tarixdə idarə etdiyi avtomobillə X2 qızına xəsarət yetirməsi, hadisəsinin baş verib-verməməsi aydınlaşdırılmalıdır. Çünki, “məhkəmə tibb ekspertizasının təyin edilməsi haqqında” 16.06.2021-ci il tarixli qərarın heç bir preyudisial əhəmiyyəti yoxdur, əgər həmin hadisənin baş verməsi təsdiq edilərsə, onda qeyd edilən tibbi ekspertin rəyi ittihamın əsasını təşkil edə bilər. Bundan əlavə, ümumiyyətlə, ibtidai araşdırma zamanı ekspertiza təyin edilməsi barədə qərarda cinayət təqibi orqanı xəsarətlərin məhz zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi şəraitdə, yəni “avtomobilin qabaq sağ hissəsi ilə arxadan sol ayağından vurması” şəraitində əmələ gələ bilməsini müəyyən etmək əvəzinə, həmin qərarda xəsarətlərin yalnız yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi təsvir edilmişdir. Eyni zamanda, məhkəmə xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X17 30.06.2021-ci il tarixli, 139-M nömrəli rəyinin tədqiqindən məlum olur ki, həmin ekspertiza X2 qızının bilavasitə müayinəsi əsasında aparılmamışdır. Həmin ekspert rəyinin nəticə hissəsində göstərilir ki, vətəndaş X2 qızının adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət – sol pəncənin kubabənzər sümüyünün qapalı sınığı – küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən 12.06.2021-ci il tarixdə yol-nəqliyyat qəzası şəraitində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. Başqa sözlə, aydın olur ki, iş üzrə yeganə məhkəmə-tibbi ekspertiza rəyi zərərçəkmiş şəxsin bilavasitə müayinəsi əsasında deyil, təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilmiş tibbi sənədlər əsasında tərtib edilmişdir. Bununla bağlı məhkəmə, bir məqamı da xüsusilə vurğulayır ki, “məhkəmə tibb ekspertizasının təyin edilməsi haqqında” 16.06.2021-ci il tarixli qərarda ekspert qarşısına qoyulmuş suallardan biri kimi X2 qızının bədəni üzərində hansı xəsarətlərin olmasının müəyyən edilməsi barədə sual verilsə də, həmin qərarda və qərarın ekspertiza idarəsinə göndərilməsinə dair məktubda həmin qərarın və X2 qızının adına tərtib olunmuş tibbi sənədlərin icra olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X10 göndərilməsi göstərilmişdir. X2 qızı ümumiyyətlə ekspertə təqdim edilməmişdir. Beləliklə, şəxsin sağlamlığına zərər vurulması faktının müəyyən edilməsi, vurulmuş zərərin ağırlıq dərəcəsi kimi hallar hazırki cinayət işi üzrə mühüm tövsifedici əhəmiyyət kəsb etməsinə, iş üzrə sübutetmə predmetinə daxil olan ən əsas məsələlərdən biri olmasına baxmayaraq bu hal məhkəmə üçün qeyri-müəyyən olan, iş materiallarına əlavə edilməmiş tibbi sənədlər əsasında “müəyyən edilmişdir”. Azərbaycan Respublikası Səhiyyə Naziliyinin 10.01.2001-ci il tarixli, 07 saylı əmri ilə təsdiq edilmiş “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nda qeyd edilir ki, məhkəmə-tibbi eksperti sağlamlığa zərər vurmanın dərəcəsini təyin etmək məqsədilə məhkəmə-tibbi ekspertizası keçirdikdə zərərçəkmişin özünü müayinə edir. Bu ekspertizanın ancaq tibbi sənədlər (stasionar xəstənin tibbi kartası, ambulator xəstənin tibbi kartası və s.) əsasında keçirilməsinə müstəsna hallarda yol verilir. Bu zaman təqdim edilmiş tibbi sənədlərdə xəsarətlərin xarakteri, klinik gedişi və digər hallar barədə müfəssəl məlumatlar olmalıdır. Məhkəmə-tibbi ekspertiza aparıldıqda ekspert tibbi sənədlərin əslindən istifadə etməlidir. Məhkəmə-tibb eksperti tibbi sənədlərdəki məlumatlara tənqidi yanaşmalı, ekspertizanın gedişində müəyyən edilmiş obyektiv tibbi məlumatlara əsaslanmalıdır. Göründüyü kimi, hazırki iş üzrə məhkəmə-tibbi ekspertizası zərərçəkmiş şəxs olmadan, tibbi sənədlər əsasında keçirilmiş, həmçinin, şəxsin ekpertizaya təqdim edilməməsinə hansı müstəsna halın (halların) səbəb olduğu göstərilməmişdir. Başqa sözlə, zərərçəkmiş şəxs X2 qızının ekspert müayinəsinə təqdim edilməsini mümkünsüz edən müstəsna hal olmadan ekspertiza yalnız tibbi sənədlər əsasında aparılmışdır. Bununla da, ekspertizanın aparılması mərkəzi icra hakimiyyətinin normativ hüquqi aktı ilə müəyyən edilmiş qaydaların pozulması ilə aparılmışdır ki, bu da bütövlükdə həmin ekspert rəyinin sübut qismində qəbul edilməsini mümkünsüz edir. Qeyd edildiyi kimi, məhkəmətibbi ekspertizanın aparılmasında əsas olmuş tibbi sənədlər cinayət işinin materiallarına əlavə edilmədiyindən həmin sənədlərin yuxarıda qeyd edilən Qaydalarla müəyyən olunmuş tələblərə cavab verib-vermədiyi müəyyən edilmir. Bundan başqa, məhkəmə, ekspert rəyində göstərilən xüsusatlara tənqidi yanaşır və hesab edir ki, həmin xüsusatlar cinayətin törədilmə qanunauyğunluqları ilə ziddiyyət təşkil edir və həmin xüsusatları təsdiq edən iş üzrə hər hansı sübut yoxdur. Məhkəmə bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır: həmin ekspert rəyində X2 qızının adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət-sol pəncənin kubabənzər sümüyünün qapalı sınığı – küt əşyanın təsirindən törənmişdir. İttiham aktında isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön qabaq sağ hissəsi ilə X2 qızını arxadan sol ayağından vurduğu göstərilir. Belə olan təqdirdə, hazırda hər hansı avtomobilin yerin səthindən olan hündürlüyü nəzərə alınarsa, həmin avtomobilin təkərləri istisna olmaqla, hər hansı hissəsinin ittiham aktında göstərilən şəraitdə zərərçəkmiş şəxs X2 qızının pəncəsi ilə təmas etməsi qeyri-mümkündür. Başqa sözlə, avtomobilin qabaq sağ hissəsinin hərəkətdə olan piyadanın ayağının pəncə hissəsinə nisbətdə olan hündürlüyü piyadaya rəydə göstərilən xəsarətlərin yerinə yetirilməsini mümkünsüz edir. Məhkəmə qeyd edir ki, tezis həqiqiliyi şübhə doğurmayan arqumentlərlə əsaslandırılarsa sübut olunmuş hesab edilir. Belə olan halda, ekspertiza rəyində göstərilən xəsarət əgər şərti olaraq qəbul edilərsə, onda həmin xəsarətlərin məhz ittiham aktında göstərilən şəraitdə əmələ gəlməsi mümkün deyil. Əksinə, əgər xəsarətin ittiham aktında göstərilən şəraitdə yetirilməsi şərti olaraq qəbul edilərsə, onda ekspertiza rəyində göstərilən xəsarətlərin yetirilməsi mümkün deyil. İstənilən predmetdə eyni vaxtda bir əlamətin olduğunu və həm də olmadığını söyləmək mümkün deyil. Belə ki, formal məntiqi baxımdan fikrin ziddiyətliliyi yolverilməzdir. Əqli mühakimədə ziddiyətsizlik qanunu onu ifadə edir ki, iki bir-birinə əks mühakimənin hər ikisi eyni zamanda həqiqi ola bilməz, onlardan biri yalandır. Həmçinin, məhkəmə-tibbi ekspertizasının ittiham aktında hadisənin baş verdiyi göstərilən vaxtdan 13 gün sonra (25.06.2021-ci il tarixdə başlayıb, 30.06.2021-ci il tarixdə başa çatıb) keçirilməsi də nəzərə alınmalıdır. Beləliklə, hazırkı ittiham üzrə zərərçəkmiş X2 qızında olan xəsarətlərin hadisə ilə səbəbli əlaqəsi, onların ağırlıq dərəcəsi, xəsarətlərin kim tərəfindən, hansı şəraitdə yetirilməsi mübahisə doğuran haldır. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, yəni onun vəziyyətini hər hansı formada ağırlaşdıran şəkildə qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”na dair 25 noyabr 2021-ci il tarixli, 8/2964 nömrəli rəyinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə və istintaq praktikasından məlumdur ki, sözügedən ekspertizaların aparılması zamanı rəyi vermiş ekspert bir qayda olaraq hadisənin baş vermə mexanizmini “məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası təyin etmək haqqında” qərarda göstərilən qaydada müəyyən edərək həmin qərarda əks olunmuş parametrlərə uyğun rəy verirlər. “Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin etmək haqqında” 15.11.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində “sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə park etmək istəyən zaman avtomobilin qabaq ön sağ hissəsi ilə piyada X2 qızını vurması” kimi qeyd edilməklə hadisənin mexanizmi həmin şəkildə verilmiş, zərərçəkmiş şəxsin hərəkətləri ilə bağlı qərarda hər hansı bir hal göstərilməmiş, təhlükə anı, avtomobilin hərəkət sürəti, piyadanın hərəkət tempi (yavaş yeriş, sakit yeriş, iti yeriş və s), müəyyən edilməmiş, ekspert müstəntiqin həmin qərarında göstərdiyi mexanizmi olduğu kimi rəyinə köçürərək həmin mexanizmə uyğun formal olaraq «Yol hərəkəti haqqında» Qanunun müddəasını sadalamaqla rəy vermişdir. Halbuki, yuxarıda sadalanan və müstəntiqin öz qərarında göstərmədiyi parametrlər şəxsin əməlində cinayət tərkibinin mövcudluğunu, şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün zəruridir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair metodik vəsait”in (Bakı, 2017) 24-25-ci səhifələrində qeyd edilir: “yolnəqliyyat hadisəsinin növündən və həlli xüsusi texniki bilik tələb edən sualların məzmunundan asılı olmayaraq, yol nəqliyyat hadisələri ekspertizası təyin edilərkən işlə birlikdə ekspertizaya göndərilməli olan zəruri sənədlərdə (qərarda, qərardadda, yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda və onun sxemində, nəqliyyat vasitələrinə baxış keçirilməsi və onların texniki vəziyyətinin yoxlanması haqqında protokolda və s.) aşağıdakı ümumi məlumatlar göstərilməlidir: ...hadisə baş verən yerdə hadisə vaxtı maneənin və yolun görünüş məsafəsi; təhlükənin yaranma anı; nəqliyyat vasitəsinin hərəkət sürəti...”. Lakin, nəinki məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin etmək haqqında” 15.11.2021-ci il tarixli qərarda ümumiyyətlə, məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında həmin parametrlər müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 25 noyabr 2021-ci il tarixli, 8/2964 nömrəli rəy yol-nəqliyyat hadisəsi yerinə baxış haqqında 14 iyun 2021-ci il tarixli protokol və ona əlavə edilmiş sxem əsasında aparıldığından və həmin protokol və sxem zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə tədqiq edilmiş digər sübutlarla ziddiyət təşkil etdiyindən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair rəyin də mötəbərliyi şübhə altına düşür. Belə olan halda, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 25 noyabr 2021-ci il tarixli, 8/2964 nömrəli rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Çünkü, formal məntiqi baxımından “əsasın yalan olması, onun nəticəsinin də yalan olması deməkdir” və ya “zəhərli ağacın meyvələri də zəhərlidir” formulu sübut qaydasıdır. Belə olan halda, qeyri-mötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında və zəruri parametrlər müəyyən edilmədən aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Ümumiyyətlə məhkəmə hesab edir ki, məhkəmə yol-nəqliyyat ekspertizası ilə əlaqədar istintaq təcrübəsində yanlış bir mövqe formalaşmışdır. Həmin ekspertizanı təyin edən müstəntiqlərin əksəriyyəti ekspertiza qarşısında ənənəvi olaraq sürücü tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmamasına dair (sürücünün hərəkətinə «Yol hərəkəti haqqında» Qanunun tələbləri baxımından qiymət verilməsinə dair) sual qoyurlar (hətta bəzi hallarda bu ekspertizanı təyin etməyin yeganə məqsədi həmin suala cavab almaq olur), ekspertlər isə bu suala cavab verirlər. Lakin, həmin sualın qoyulması və ona verilən cavab CPM-in 97-ci maddəsinin tələblərinin kobud surətdə pozulması deməkdir, çünki bu sual sırf hüquqi məsələdir və ekspert qarşısında hüquqi məsələlərə dair sual qoyula bilməz. Sürücünün hərəkətinin «Yol hərəkəti haqqında» Qanunun hər hansı müddəasını pozub-pozmadığını müstəntiq və hakim müəyyən etməlidir. Bu zaman onlar belə hüquqi qiymətləndirmə üçün ekspert rəyində göstərilən və xüsusi biliklər tələb edən tədqiqat nəticəsində əldə olunan məlumatlardan istifadə edə bilərlər. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 20-ci bəndində deyilir ki, CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Yuxarıda sadalananlara əsasən, məhkəmə, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 25 noyabr 2021-ci il tarixli, 8/2964 nömrəli rəyi mötəbər hesab etmir. Növbəti olaraq məhkəmə, təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsinə dair mövqeyini onunla əsaslandırır ki, ittiham tərəfindən təqdim edilmiş sübutlar həm birbirilə, həm də məhkəmə istintaqı zamanı toplanmış sübutlarla uyğunsuzluq təşkil edir və işin əhəmiyyət kəsb edən hallarını müəyyən etməyə imkan vermir. Belə ki, ittiham aktının nəticəvi hissəsində göstərilir: “binanın qarşısında onun avtomobilinin hərəkətini görüb sağa çəkilərək dayanmış piyada X2 qızını avtomobilin ön qabaq sağ hissəsi ilə vurmuş” (i.v.187). Zərərçəkmiş şəxs X2 qızının ibtidai istintaq zamanı verdiyi izahatında göstərilir: “...Həmin vaxt Aygün idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə onu arxadan sol ayağından vurdu və zərbədən mən yerə yıxıldım.”(i.v.49). Zərərçəkmiş şəxs X2 qızı məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir: “Avtomobil onu bel nahiyəsindən vurmuşdur. O, belində xəsarətin olacağını düşünüb MRT etdirmiş, lakin onurğa sütununda heç bir problem aşkarlanmamışdır. Dövlət ittihamçısının “bəs ayağınız necə sınmışdır?” sualına cavab olaraq bildirmişdir ki, dəqiq bilmir, ola bilsin yıxılanda burxulub”. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi izahatında göstərilir: “...həmin vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yoldaşımı arxadan sol ayağından vurduğu üçün zərbədən yerə yıxıldığını...bildirdi.”(i.v.54). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd edir: “Yoldaşı avtomobilin onun belindən vurduğunu demiş, daha sonra belinin ağrısından onu tomoqrafiyaya aparmağa məcbur olmuşlar”. 16.06.2021-ci il tarixli, 139-M nömrəli ekspert rəyində isə “X2 qızının adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarətin – sol pəncənin kubabənzər sümüyünün qapalı sınığı – küt əşyanın təsirindən törənmişdir.” göstərilir. Belə olan halda, iş üzrə əhəmiyyət kəsb edən və əmələ düzgün hüquqi qiymət verilməsi üçün əsas olan məsələlərə dair şübhə doğuran hallar, təqdim edilmiş mötəbər sübutlarla aradan qaldırılmayan ziddiyətlər mövcuddur. Bundan başqa, zərərçəkmiş şəxs X2 qızı məhkəmə iclasında verdiyi ifadəsində bildirir: “...sonra binanın blokundan çıxıb sağ tərəfə dönüb asta yerişlə binanın qarşısı ilə piyada hərəkət etmişdir. Həmin vaxt arxadan avtomobil səsi eşidib geriyə baxmış və görmüşdür ki, iri qabaritli, qara rəngli “Cip” markalı avtomobil ona doğru hərəkət edir və sükanın arxasında xanım əyləşib. Diqqət yetirmişdir ki, xanım avtomobildə təkdir, avtomobilin salonunda ondan başqa kimsə yoxdur”. Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə” 15 iyun 2021-ci il tarixli protokolda isə nəqliyyat vasitəsinin “Hyundai Sonata” minik markalı avtomaşın olduğu göstərilir. Məhkəmə iclasında dindirilərkən zərərçəkmiş şəxs X2 qızı hadisədən öncə arxaya dönərək nəqliyyat vasitəsinə baxdığını, həmin nəqliyyat vasitəsinin iri qabaritli, qara rəngli “Cip” olduğunu və avtomobilin onu bel nahiyəsindən vurduğunu bildirmişdir. Belə olan halda, iş üzrə ittiham tərəfinin təqdim etdiyi sübutlar arasında ziddiyətin olması cinayət hadisəsi mövcud olduğu halda, həmin hadisənin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsini şübhə altına alır. Bundan başqa, məhkəmə qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər üçün sübutedici əhəmiyyət kəsb etməsinə və hazırki iş üzrə mübahisə doğuran hal olmasına baxmayaraq, toplanmış materiallarda, o cümlədən, nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə protokolda, müstəntiq tərəfindən alınmış izahatlarda, həmçinin verilmiş ittihamın təsvirində nəqliyyat vasitəsinin rənginə dair hər hansı qeyd mövcud deyil. Bununla yanaşı, “Diskə baxış keçirilməsi haqqında” 14 noyabr 2021-ci il tarixli protokolda qeyd edilir: “...kameranın müşahidə zonasının qarşısında yerləşən ağaclıq sahənin sağ tərəfində yerləşən görüntü sahəsində fiksə edilmiş görüntünün 00:54 saniyəsində, yəni kameranın görüntü monitorunda qeydə alınmış 09:53:13 saniyəsində ağ rəngli avtomobilin binanın qarşısına hərəkət edərək daxil olduğu və həmin anda da binanın qarşısında yolu sağdan sola keçmək istəyən piyada qadının avtomobilin dayanan anda ona toxunaraq yerə oturduğu müəyyən edilmişdir.”(i.v.81). Məhkəmə, ilk növbədə qeyd edir ki, verilmiş ittihamdan və zərərçəkmiş şəxsin istintaq və məhkəmə dövründə verdiyi ifadələrindən aydın olur ki, o, yolu keçmək istəməmiş, ümumiyyətlə belə bir niyyəti də olmamışdır. İfadəsində də bildirdiyi kimi, yaşadığı binanın blokundan çıxıb sağ tərəfə dönmüş, asta yerişlə binanın qarşısı ilə hərəkət etmiş, səs eşitdiyi üçün arxaya dönüb baxmış, arxadan iri qabaritli “Cip” markalı avtomobilin gəldiyini görüb kənara çəkilərək binanın divarına doğru yaxınlaşıb dayanmışdır. Göründüyü kimi, bu hissədə də qeyd edilən protokolla digər sübutlar arasında ziddiyətlər mövcuddur. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərir: “hadisə vaxtı orada olan avtomobil qara rəngli “Hyundai Sonata” markalı avtomobil olmuşdur.”. Eyni zamanda, iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrində göstərmişlər ki, zərərçəkmiş şəxs X2 qızı, onu iri qabaritli, qara rəngli “Cip” markalı avtomobilin vurduğunu onlara bildirmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Belə olan halda, zərərçəkmiş şəxs G.İ.İsmayılova-Mirzəyevanın ziddiyyətli ifadələri ittihamın əsasını təşkil edə bilməz və bu ifadələr digər sübutlarla təsdiq edilmir. Məhkəmə, zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələri qiymətləndirərək qeyd edir ki, zərərçəkmiş şəxsin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları mövcuddur. Belə ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelər toqquşmasının olması, verdiyi ifadənin qərəzsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməl barədə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə də, zərərçəkmiş şəxsin ifadəsi artıq mövcud olan digər sübutlarla uzlaşmadığı üçün həqiqətdən uzaq hesab edilməlidir. Məhkəmə, həmçinin iş üzrə şahidlər Şahid2 və Şahid1 ifadələrinə münasibətdə bildirir ki, onların ifadəsinin məhkəmə istintaqında araşdırılan digər sübutlarla edilən müqayisəsi həmin ifadənin həqiqiliyini şübhə altına alır. Məhkəmə, şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadəsini mötəbərliyi baxımından və öz daxili inamına əsasən qiymətləndirərək hesab edir ki, Şahid2 və Şahid1 ifadələrinin həqiqiliyinə dair şübhələr mövcuddur. Məhkəmə, hesab edir ki, şahidlərin həmin ifadələrinə qiymət verilməsi və həmin ifadələrin təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq etməsi üçün ilk növbədə həmin ifadəni verən şəxsin iş üzrə tərəflərə olan münasibəti, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlil edilərək aydınlaşdırılmalıdır. Məhkəmə, şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrində göstərdiyi xüsusatların iş üzrə tədqiq edilmiş digər sübutlarla zidiyyət təşkil etməsini, habelə Şahid2 və Şahid1 ilə X2 qızı arasında yaxın qohumluq (Şahid2 zərərçəkmiş şəxsin əri, Şahid1 isə zərərçəkmiş şəxsin bacısı qızıdır) münasibətinin olmasını nəzərə alaraq hesab edir ki, onların ifadələri iş üzrə həqiqəti əks etdirmir. Həmçinin, məhkəmə xüsusilə qeyd edir ki, Şahid2 və Şahid1 cinayət hadisəsinin bilavasitə şahidi olmamış, hadisə haqqında onlarda olan informasiya yalnız X2 qızının verdiyi məlumatlar əsasında formalaşmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, şahid işin nəticəsində marağı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri – xidməti asılılıq, qohumluq, dostluq və s. münasibətləri ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmasa da, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Məhkəmə qeyd edir ki, Şahid2 və Şahid1 işin nəticəsində birbaşa maraqları olduğundan onların ifadəsinin mötəbərliyi və iş üzrə həqiqəti əks etdirməsi şübhə altına düşür. Şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrində göstərdikləri xüsusatlar tədqiq edilmiş digər sübutlarla ziddiyət təşkil edir. Növbəti olaraq məhkəmə, iş üzrə Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi, iş üzrə toplanmış sübutların kifayət etməməsinə dair mövqeyini onunla əsaslandırır ki, yol-nəqliyyat hadisələri zamanı videogörüntülər mühüm sübutedici əhəmiyyətə malik olmaqla özünün obyektivliyi və cinayət hadisəsinin mövcudluğu, habelə şəxsin təqsirinin olub-olmaması barədə konkret nəticəyə gəlməyə imkan verdiyindən xüsusi önəm kəsb edir. “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamında göstərilir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altındadırsa, həmin hadisədən dərhal sonra müvafiq görüntülərin elektron daşıyıcıda təhqiqat və ya istintaq materiallarına əlavə edilməsi təmin edilsin (3.4-cü bənd); yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi təmin edilsin (5.5-ci bənd). Buna baxmayaraq ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Nərimanov rayonu, N.Nərimanov küçəsi 5D saylı yaşayış binasının qarşı tərəfində quraşdırılmış kameranın qeydə aldığı 01:10 saniyəlik videogörüntünün olduğu 01 ədəd CD disk məhkəmə tərəfindən tədqiq edilərkən həmin videogörüntülərdən iş üzrə nəinki sübutedici əhəmiyyət kəsb edən, ümumiyyətlə, iş üzrə hər hansı halı aşkar etmək mümkün olmamışdır. Bununla belə, “Diskə baxış keçirilməsi haqqında” 14 noyabr 2021-ci il tarixli protokolda müstəntiqin nəqliyyat vasitəsinin ağ rəngdə olması, piyadanın yol keçmək istəyərkən vurulması və s. kimi xüsusatları qeyd etməsi ibtidai istintaq orqanı tərəfindən sübutetmə prosesinə, yəni sübutların toplanması və qiymətləndirilməsinə dair cinayətprosessual qanunvericiliyin tələblərinə nə dərəcədə riayət olunduğunu müəyyən etməyə imkan verir. Bundan başqa, məhkəmə, iş üzrə Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutların kifayət etməməsinə münasibətdə onu da qeyd edir ki, cinayət təqibi orqanı tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilərkən həmin nəqliyyat vasitəsində hər hansı xarici zədə, iz və digər maddi sübut aşkar edilməmişdir. Halbuki, məhkəmə vurğulayır ki, ittihamda göstərilən hadisənin baş verməsi halında, piyadaya az ağır xəsarət yetirmiş nəqliyyat vasitəsinin üzərində hər hansı zədə və ya izin qalmaması, izlərin və xarici zədələrin yaranmasının kriminalistik-trasoloji qanunauyğunluqlarına ziddir. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə” 15 iyun 2021-ci il tarixli protokolda iş üzrə belə izlərin və digər maddi sübutların aşkar edilmədiyi göstərilmişdir. Həmçinin, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin istintaqı zamanı sübutetmə predmetinə daxil olan hallardan biri kimi nəqliyyat vasitəsinin rəngi (hazırki iş üzrə ziddiyətli haldır) həmin protokolda qeyd edilməmiş, hətda nəqliyyat vasitəsinin foto şəkilləri çəkilərək protokola əlavə olunmamışdır. Məhkəmə, hazırki iş üzrə toplanmış sübutların şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan verməməsinə dair həmçinin qeyd edir: Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013cü il tarixli 5 №-li qərarının 12-ci bəndi). Lakin, hazırki cinayət işinin tədqiqi zamanı toplanmış sübutlar nəinki Təqsirləndirilən şəxs təqsirliliyi üçün kifayət etmir, ümumiyyətlə həmin sübutların mötəbərliyi, həqiqəti əks etdirməsi məhkəmədə əsaslı şübhə doğurur. Cinayət-prosessual qanununvericiliyi isə işin mötəbər sübutlarla tam şəkildə aydınlaşdırılmayan, şübhəli olan məqamlarına əsaslanaraq ittihamedici hökm çıxarılmasını qadağan edir. Bundan əlavə, məhkəmə xüsusilə qeyd edir ki, cinayət-prosessual qanunvericilik növündən və xarakterindən asılı olmayaraq bütün cinayət işləri üzrə mütləq sübuta yetirilməli olan halların dairəsini müəyyən edir (CPM-in 139-cu mad.). Cinayət hadisəsinin baş vermə faktı və hallarının (cinayətin törədilmə vaxtı, yeri, üsulu və digər halların) iş üzrə toplanmış mötəbər, şəxsin təqsirliliyi barədə qəti nəticəyə gəlməyə imkan verən sübutlarla müəyyən edilməsi cinayət-prosessual qanunvericiliyin imperativ tələbidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda cinayətin törədilmə vaxtı iş üzrə tədqiq edilmiş digər sübutlarla ziddiyət təşkil edir. Belə ki, verilmiş ittihamda Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə saat 12:54 radələrində idarə etdiyi avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyək yol hərəkəti qaydalarını pozduğu göstərilmişdir. Halbuki, iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlər həm istintaqa verdiyi izahatlarında, həm də məhkəmə iclasındakı ifadələrində hadisənin 12 iyun 2021-ci il tarixdə saat 9-10 aralığında baş verdiyini göstərmişlər. Belə olan halda, təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən cinayətin törədilmə vaxtı iş üzrə sübutlarla ziddiyət təşkil edir. Bundan başqa məhkəmə, iş üzrə sübutların mötəbərliyinin şübhə doğurmasına dair həmçinin qeyd edir ki, cinayət işinin 77-80-ci vərəqələrində olan 14.11.2021-ci il tarixli “Üzləşdirmə” protokolu cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud pozuntusu ilə tərtib edilmişdir. Belə ki, məhkəmə baxışında sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, cinayət işinin 77-ci vərəqində olan “Üzləşdirmə” protokolunun tarix hissəsinə xüsusi vasitələrlə düzəlişlər edilmişdir. Cinayət-Prosessual Məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə, 14.11.2021-ci il tarixli “Üzləşdirmə” protokolunu mötəbər hesab etmir. Məhkəmə, iş üzrə əhəmiyyətli olan digər bir məqamı vurğulayaraq qeyd edir ki, təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li Qərarı). Məhkəmə, iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi xüsusilə zəruri hesab edir: Sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda toplanmış sübutlar sübutetmə predmetinə daxil olan halları müəyyən etmədiyindən, həmin sübutların mötəbərliyi şübhə doğurduğundan cinayət işi üzrə sübutetmə həddi tamamlanmır. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların birbiri ilə müqayisəsi şəklində, onların məcmusuna cəm halında qiymət verərək, məhkəmətibbi ekspertizanın zərərçəkmiş şəxsin bilavasitə iştirakı olmadan, məhkəmə üçün qeyrimüəyyən “tibbi sənədlər” əsasında aparıldığını, həmin ekspert rəyinin özlüyündə məhz təqsirləndirilən şəxs tərəfindən xəsarətlərin yetirilməsi istiqamətində sübutedici əhəmiyyət kəsb etməməsini, xəsarətlərin məhz zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı ifadəsində göstərdiyi şəraitdə (avtomobilin qabaq sağ hissəsi ilə onu arxadan sol ayağından vurması şəraitində) əmələ gələ bilməsinin ekspertiza zamanı müəyyən edilməməsini, zərərçəkmiş şəxsin ifadələri arasında, zərərçəkmiş şəxsin ifadəsi ilə yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, ona əlavə edilmiş sxemdə göstərilən piyadanın vurulma yeri ilə zərərçəkmiş şəxsin yaşayış binasının divarına yaxın hissədə vurulmasına dair izahatında göstərdiyi xüsusat və iş üzrə digər sübutlar arasında ziddiyətlərin olmasını, zərərçəkmiş şəxsin hadisə yerinə baxış zamanı iştirak etməməsinə dair izahatında göstərdiyi xüsusatı, zərərçəkmiş şəxsin avtomobilin onu bel nahiyəsindən vurması və ayağında olan xəsarətin burxulma nəticəsində əmələ gələ biləcəyini bildirməsinə dair izahatında göstərdiyi xüsusatı, həmin halın tibbi ekspertiza rəyi ilə ziddiyət təşkil etməsini, tibbi ekspertiza rəyində göstərilən xəsarətin, yəni sol ayağın pəncə hissəsi ilə nəqliyyat vasitəsinin sağ qabaq hissəsinin təmas etməsinin mümkünlüyünə dair iş üzrə hər hansı sübutun (istintaq eksperimenti protokolu və s.) olmamasını, zərərçəkmiş şəxsin onu iri qabaritli, “Cip” markalı avtomaşının vurmasına dair izahatında göstərdiyi xüsusatı, avtomobilin tipi və qabariti barədə təəssüratın zərərçəkmiş şəxsdə hadisədən öncə yaranmasını, zərərçəkmiş şəxsin izahatında göstərdiyi digər xüsusatlarla sübutlar arasında olan ziddiyətləri, iş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid1 hadisənin bilavasitə şahidi olmamalarını, Şahid2 və Şahid1 zərərçəkmiş şəxslə yaxın qohumluq əlaqələrinin və işin nəticəsində maraqlarının olmasını, məhkəmə yol-nəqliyyat hadisələrinə dair ekspert rəyinin özlüyündə hadisənin mövcudluğu barədə heç bir sübutedici əhəmiyyətinin olmamasını, habelə həmin rəyin hadisənin real mexanizmi deyil, müstəntiqin müəyyən etdiyi parametrlər əsasında aparılmasını, müstəntiq tərəfindən təhlükənin yaranma anı, nəqliyyat vasitəsinin surəti, piyadanın surəti kimi zəruri parametrlərin müəyyən edilməməsini, nəqliyyat vasitəsinə baxış zamanı hər hansı iz, zədə və digər halların aşkar edilməməsini, diskə baxış keçirilməsinə dair protokolda nəqliyyat vasitəsinin rəngi və piyadanın hərəkətinə dair hissədə işin halları ilə ziddiyət təşkil etməsini, ittihamda cinayətin törədilmə vaxtı ilə ifadələr arasında ziddiyətin olmasını və yuxarıda göstərilən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq piyada X2 qızını avtomobilin ön qabaq sağ hissəsi ilə vurması, nəticədə piyada İsmayılova-X1 pəncənin kubabənzər sümüyünün qapalı sınığı ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsini təsdiq edən sübutlar kifayət etmir və irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcud deyildir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; X15 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM-nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub- olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər; 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər; 28.1 və 28.5-ci maddələrinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100,00 (yüz) manat məbləğində pul dövlət büdcəsi hesabına ödənilməlidir. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs X2 qızı istintaq zamanı cinayət təqibi orqanına mülki iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs onun xeyrinə 990 manat 90 qəpik maddi ziyan, 5.000 manat mənəvi ziyan olmaqla, cəmi 5.990 manat 90 qəpik məbləğində pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Cinayət işinin materiallarından görünür ki, X2 qızının Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, mülki iddia qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir və bu səbəbdən də həmin ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. X2 qızı tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat məbləğində ekspertiza xərci dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-141/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-141/2022
13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver